Kulis.az “Cənab leytenant”, “İgid əsgər, möhkəm dayan” mahnılarının sözlərini yazan Şahin Musaoğlunun şeirlərini təqdim edir.
-1-
Vətən
Vətən-ünvanı zamanlar
və mövsümlər
üzərində dayanan
qos-qocaman yurd yeri.
- babamın ayaq səsləri
- nənəmin nağıl dünyası
- atamın həniri, nəfəsi
- anamın laylası...
Qoxusu neft dadır
- havasının yağışı,
yağmuru, günəşi, qarı
bir də sərt
rüzgarı vardır.
Rəsmini çək desələr
ay-ulduzlu bayrağımı
çəkərəm.
Tərifini sorsalar
-deyərəm: “ dünyaya gəldiyim, Vətən,
dərdindən öldüyüm - Vətən ”
-2-
Boyasız, qələmsiz, bəzəksiz...
Boyasız çəkilir dənizə
- günəşin şəfəqi
- boyasız.
üzlərə-təbəssüm,
çöhrələrə-nur,
aynalara sürəti gözəlliyin
- boyasız çəkilir.
Qələmsiz yazılır alına
- yazılan yazılar,
- qələmsiz
yaddaşa-xatirələr,
ürəyə-sevgi,
- gözlərə-sirli gizlinlərin,
- qələmsiz yazılır.
Bəzəksiz-düzəksiz yazılır həyat
kiminə qos-qoca bir roman,
kiminə suya yazılan şeir kimi
- yazılır həyat
bəzəksiz-düzəksiz yazılır həyat..
-3-
Payız
Yay getmiş... və
hər yan bitmiş
bir fəslin üzüntüsündə
təlaş və həyəcan
-asılıb havadan.
Keyfi çəkilən yayın
dadı damağında
-qızılı yarpaqların.
Bir azdan-
Quşların festivalı başlayacaq.
Amma qayğısız qumruların
Dimdiyi
Yemsiz günlərin gəlişindən
Xəbərsizdi-hələ
Küləklərin yarpaqlara
Tutacağı “divandan “
əsl “qətliamdan” –
xəbərsizdi ağaclar...
gedən günəş dönəcək
günə düzən verəcək
göy-yağan yağışları
yığacaq başına
qulaqlarda səs salacaq
damcılar:
-vida nəğməsi oxuya-oxuya...
Gün işığı yerini dəyişəcək
yavaş-yavaş və
köç başlayacaq!
Sərçələrdən savayı
Bir quş qalmayacaq
- buralarda...
Bu yerlərin sahibi
- olacaq sərçələr
sahib olduğunu anlamasalar da
uça-uça qanadlarını sevəcəklər
sevə-sevə adlarını...
“qanadlı olmaq gözəl,
quş olmaq yaşamaq üçün yetər”
- deyib atacaq özünü yarpaqlar
asıldıqları yerdən...
Təbil səsləri gələcək
- dəniz tərəfdən.
səhər...
- azan oxunan vaxtı
təslim olacaq Şəhər
Təslim olacaq Payıza
-4-
Elan - sahibindən, yaxud
“Без посредников”
Ötüb keçdi o günlər,
o toylar o düyünlər...
Savablarım heç oldu,
günahlarım iç oldu.
Paylaşdım nə vardısa,
üzülüşdüm bir təhər
Olan, oldu...
qalan qaldı geridə
Ümid də yox oduna
- qızınam istisində.
İndi bu yaşımda mən
axtarış həvəsində...
O vaxt ki, dostlar hanı ?!
heç olmasa birinin,
əlini sıxaydım kaş
“Tarqovı küçəsində...”
- köhnə görüş yerini
icarəyə verirəm...
-5-
Nə var,nə yox?!
“biri vardı, biri də... itmişdi”
3 yaşlı Ziyanın dediklərindən.
Həyatın rəngi sarıdı,
Ömür – ölümə sarıdır...
Hər “yox”-un, “yoxdan” varıdı
- nə var, nə yox ?!
Əlim əlinə çatacaq,
Adım dilinə yatacaq...
Yuxum gözünü tapacaq;
- nə ac, nə tox ?!
Yol gedib yolu gətirər,
Boz bulud – dolu gətirər
Verən əl dolu gətirər;
- nə az, nə çox ?!