25 iyun tarixində Böyük Britaniya yazıçısı Corc Oruelin anadan olmasının 110 ili tamam oldu.
Yazıçının əsl adı Erik Artur Blerdir. O Hindistanda Britaniya kolonial hökumətinin əməkdaşının ailəsində anadan olmuşdu. Yazıçı gəncliyində Birmada polis kimi xidmət göstərib. Görünür polis vaxtlarında onda yaranmış dəqiqlik və işlərini vaxtında yerinə yetirmək xüsusiyyəti sonralar yazıçıya jurnalistlik fəaliyyəti zamanı olduqca böyük kömək edib.
Əsərlərini Corc Oruel imzası ilə yazan yazıçı İspaniyada Vətəndaş müharibəsinin iştirakçısı olmuş, BBC-də veriliş aparmış, şeir, povest, roman yazmış, müxtəlif qəzet və jurnallarda məqalələri dərc olunmuşdu. Onun “1984” antiutopik romanı dünya ədəbiyyatının qızıl fonduna daxildir.
Corc Oruelin əsərlərində o dövr üçün fantastik görünən cihazlardan, texnologiyalardan bəhs olunur. Maraqlısı burasıdır ki, sonradan onun əsərlərində yazdıqlarının bir çoxu kəşf olundu, bəzi texnologiyalar aktiv şəkildə tətbiq olunmağa başladı. Külis.Az Corc Oruelin əsərlərində yer almış öncəgörmələri təqdim edir.
Total nəzarət
Hələ müasir videomüşahidə cihazlarının, telefon dinləmələrinin, hətta xüsusi xidmət orqanlarına istənilən an kimisə nəzarətdə saxlamaq, onun hər addımını izləmək, haqqında məlumat toplamaq imkanı verən internet texnologiyalarının kəşfindən çox əvvəl Oruel oxşar “total nəzarət” mexanizmlərindən “1984” romanında yazmışdı. Əsərdə bəşəriyyətin xilası “naminə” insanların səsvermə hüquqlarından, vətəndaşlıq təəssübkeşliklərindən məhrum olunduqları total dövlət quruluşundan bəhs edir. Oruel əsəri 1949 cu ildə İkinci Dünya Müharibəsindən sonra yazsa da indi də xüsusi xidmət orqanlarından söhbət düşəndə əsərdəki məşhur ifadə yada düşür: “Böyük qardaş səni izləyir”.
Yeni dil
Oruelin romanında totalitar sistemin sadə vətəndaşların istifadəsi üçün yaratdığı yeni dildən bəhs olunur. Məqsəd isə çox sadədir: İnsan nə qədər az söz bilsə o qədər az fikirləşər. Deməli düşünmə qabiliyyəti də azalacaq. Əsərdə lazımsız, sistemə zərərli sözlərin istifadəsi qadağan olunur, o sözləri işlədənlər isə qanunla cərimələnirdi. Dərslik və kitablar isə ancaq yeni dildə yazılırdı. Linqvistlər müasir gənclərin internetdə istifadə etdikləri qısalma və başqa dildən alınma sözlərlə dolu “internet dil”ini analiz etdikcə tez-tez “1984”-ün oxşar yeni dilini xatırladırlar.
KİV-lər vasitəsilə reallığın təhrifi
Oruelin yaratdığı dünyada iki təşkilat mövcud idi: Həqiqət və Bolluq Nazirlikləri. Birinci nazirliyin əsas vəzifəsi real tarixi faktları təhrif etmək, onları dövlətin maraqlarına uyğun təqdim etmək və bir də KİV-lər vasitəsilə əşyaların təhrif olunmuş variantlarını təqdim etməkdən ibarət idi.
Bolluq Nazirliyinin vəzifəsi isə Həqiqət Nazirliyinə kömək etməkdən ibarət idi. İkinci nazirlik bilərəkdən qəsdən ərzaq məhsullarını və məişət əşyalarının qıtlığını yaradırdı. KİV-lər vasitəsilə isə cəmiyyətə belə təqdim olunurdu ki, guya həyat səviyyəsi günbəgün artır. Bu gün bəzi KİV-lərdə bu vasitələrdən istifadə olunur.
Teleekran
Bu gün dünyanın bir çox televiziyalarında nümayiş olunan “realiti-şoular” faktiki olaraq bütün evlərdəki televizorlarda quraşdırılmış kameraların xələfi hesab olunur. Bu televizorlar söndürülə bilməzdi. Bunun vasitəsilə insanlara nəzarət olunurdu.
Soyuq müharibə
Oruel ilk dəfə bu ifadəni məqalələrindən birində işlətmişdi. Tezliklə “soyuq müharibə” ifadəsi İkinci Dünya Müharibəsindən sonra ABŞ və SSRİ münasibətlərini qiymətləndirmək üçün istifadə olunmağa başlandı. Ancaq belə bir fikir də var ki, guya yazıçı bu ifadəni özü yaratmayıb. Bu ifadəni hələ 1893-cü ildə işlətmiş alman publisisti Eduard Bernşteyndən götürüb.