Palçığın içində yaşayan adam – YENİ HEKAYƏ

Palçığın içində yaşayan adam – YENİ HEKAYƏ
25 aprel 2018
# 15:15

Kulis.az Mənsur Rəğbətoğlunun “Palçıq” hekayəsini təqdim edir.

Qırx doqquzuncu ildir ki, mən hər gün palçıqdan başqa heç nə yemirəm. Yəni arxada qalan yarıməsrlik həyatımda dilimə palçıqdan başqa heç nə dəyməyib. Mədəmlə də yaxşı yola gedirəm, məndən başqa yemək tələb etmir. İstəsə də bu həzzi ona yaşatmayacağımı ovcunun içi kimi yaxşı bilir. Buna görə də mənimlə məcburi sövdələşməyə gedib, kirimişcə yerində oturub və içəri ötürülən şeyləri ayırd edib lazımi məqamlara ötürməklə məşğuldur. Tez-tez acdığımı nəzərə alsaq, yəqin ki, başını qaşımağa vaxtı yoxdur. Bununla da yemək seçimi məsələsində üzərimə düşən ağır məsuliyyətin çəkisini də yüngülləşdirmişəm. Yeməyimi mıxlandığım yerdə tapıram, daha başqaları kimi əl-ayağa düşüb yemək üçün özümü oda-közə vurmuram. Sakit həyatımı qurub, özüm üçün yaşayıram.

Palçığa dadanmağımın səbəbinə gəlincə, mən bir bataqlığın içində yaşayan adamam. Bu, məcazi mənada yox, palçıqdan ibarət əsl bataqlıqdır. Bu bataqlığa düşməyimin səbəbləri barədə danışmaq istəmirəm. Çox güman ki, heç vaxt da danışmayacağam. Bir onu deyə bilərəm ki, məni bura özüm qovub salmışam. Bəlkə də bu, belə deyil. Baş vermiş hansısa bədbəxt hadisə nəticəsində bura düşmüşəm. Açığını desəm, özümü bura itələdiyimi düşünürəm. Bu barədə bir az ziddiyyətli fikirlərim var. Hər halda həqiqətlərin özü mənə nə vaxtsa məlum olub, amma indi bunu xatırlamıram. Yadıma salmağa çalışmıram da. Amma bu bataqlıqda palçıq yeyib yaşamaq mənim xoşuma gəlir. Hər şey qaydasındadır. Ən əsası sakitlikdir. Heç kəs mənim burada əldə etdiyim nüfuzlu posta iddialı deyil. Mən bu bataqlığın mütləq hakimiyyətinin yeganə sahibi və son varisiyəm. Dəqiq bilirəm ki, mən öldükdən sonra əyləşdiyim bu taxt boş qalacaq, heç kəs bura çıxmayacaq. Belə desək, çıxmaq istəməyəcək. Demək ki, mən saraydaxili çevriliş təhlükəsindən sığortalanmışam, mənim mütləq hakimiyyətimi yalnız özüm devirə bilərəm. Ölənədək məni öz yanımda hörmətli edən bu nüfuzlu imtiyazdan özümü məhrum etməyəcəyimə əminəm. Bu barədə özümü ciddi şəkildə tənbeh etmişəm, and içmişəm. Amma yenə də kimsə şübhə edə bilər, heç kəs inanmaya bilər, amma mən həqiqətən bu bataqlıqda yaşayıram. Mənim üzləşdiyim yeganə həqiqət budur. Bu, bədbəxt hadisədir, lakin buna kimisə inandırmaq haqqında düşünmürəm. Bu, mənə lazım deyil, özümü narahat edə bilmərəm. Həqiqət belədir: mən bataqlıqda yaşayıram və palçıq yeyirəm. Adi insanlar kimi yox, aclıq hiss etdikcə yeyirəm, mədəmi dibinədək bu palçıqla doldururam. Belə də yaxşıdır. Mən belə yaşamaqdan razıyam, vəssalam.

İndi məni ən çox düşündürən şey bu bataqlığın ortasına hansı formada düşməyimlə bağlıdır. Elə bil tuşlayıb məni bu bataqlığın ortasına atıblar. Yaydan çıxmış ox kimi bura mıxlanmışam. Əgər mən heç olmasa, bataqlığın kənarına yaxın yerdə olsaydım, razılaşardım ki, bura təsadüfən, ya da yıxılıb düşmüşəm. Amma hər tərəfdən ölçəndə mən tamamilə bataqlığın mərkəzində qalıram. Demək ki, bu hadisə əvvəldən ölçülüb-biçilmiş planın icrası nəticəsində baş verib. Çünki mənə kənara çıxmaq üçün bir addımlıq belə yer qoyulmayıb. Buna cəhd etsəydim belə, palçığın qatılığının ağırlığı ayaqlarımın üstünə düşüb və bu, mənim hərəkət etməyimə imkan vermir. Lakin burdan çıxmağa cəhd də etmirəm, çünki burada həyat sadədir. Hətta mən bu bataqlıqda xəyal qurub özümə əziyyət vermirəm. Bu işlə nə vaxtsa məşğul olanda həmişə əzab çəkirdim. Özümə işgəncə verirdim. Dərim dartılırdı, elə bilirdim, dərim tamamilə soyulacaq və mən dərisiz, lüm-lüt ortada qalacağam. İndi belə xəyallardan uzağam, ancaq yaşamaq haqqında fikirləşirəm. Bir də bir az fərqlilik olsun deyə, palçığı başqa-başqa formalarda yemək barədə məntiqli bir işlə məşğulam. Gah ovuclayıb ağzıma basıram, gah ayrı-ayrı barmaqlarımla qaşıqlayıb yeyirəm, gah başımı aşağı əyib dilimlə yalayıram, gah da dodaqlarımı uzadıb sovururam. Lakin təkcə başımı yeməyə qatıb özümü tamamilə xəyalpərəstlikdən də uzaqlaşdırmamışam.

Ara-sıra içinə palçıq doldurduqdan sonra ağzımı yumub hülqumum haqqında fikirləşirəm. Deyim ki, batmamışdan əvvəl ən çox hülqumumu sevirdim. Bunu da cəmi iki dəfə: bir, özümə həyati təhlükə hiss edəndə boğazımın görünməyən yerində ilişib aşağı düşmək üçün çapalayanda, bir də ağzıma doldurduğum pivəni dartıb mədəmə ötürəndə.... Hər iki məsələdə insanı həyata fərqli çərçivədən baxmağa məcbur edən eyni şey var. Ölüm qorxusu və içkinin oyatdığı şüuraltını birləşdirən eyni xüsusiyyət nə ola bilər? Əlbəttə, dəhşətli fikir burulğanı içində həyat eşqini gücləndirən ehtiraslı axtarışlar. Lakin yarım əsrdir içindən çıxa bilmədiyim bu bataqlığın ortasında özündənrazı şəkildə fəlsəfə yaratmağın əleyhinəyəm.

Mən sizi öz “ölkəmlə” tanış etməyi daha məqsədəuyğun hesab edirəm. “Tanış etmək” deyəndə ki, hər tərəfdən qamışlarla əhatələnmiş bataqlıqdır, bir də yaxınlıqda nəhəng ağac var. İri gövdəlidir. Bir trilyondan çox yaşı olar. İnsan ayağı dəyməyən bu yerlərdə özünü həmişə təhlükəsizlikdə hiss edib. Bəlkə də onu bu vaxtadək görən yeganə insan mənəm. Bu barədə onun fikrini soruşmuşam, amma mənə cavab verməyi lazım bilməyib. Yaxşı susmağı var. Heç vaxt danışmır. Bəlkə də təbiətdə danışmayan yeganə ağac özüdür. Hərdən bunun haqqında o qənaəti bölüşürəm ki, bu nəhəng ağac çoxdan ölüb. Amma bu axmaq düşüncəyə də ehtiyac bimirəm, o dipdiri qabağımda dayanıb və iri yarpaqları arasında gizlətdiyi nəhəng gözlərini mənə zilləyib cippildədir.

***

Yeni qurduğum ölkənin vətəndaşlığını qəbul edib, bura köçməmişdən əvvəl ətrafım bütün gün özlərindən danışan adamlarla dolu idi. Həmin adamlara qulaq asmaq mümkün deyildi. Mən isə onlardan fərqli olaraq, özüm haqqında yalnız özümə danışırdım.

Mənasız çoxluq mənə özümlə danışmağı öyrətmişdi. Buna görə də nəsə olmalıydı, mən nəsə etməliydim. Beləliklə, mən bataqlıqda yaşamaq qərarı verdim. Bu qərarı o vaxt vermişdim ki, mən tez-tez ədyala bürünüb hamama girib Allahla danışırdım. Heç kəsə gücüm çatmayanda bu görünməz məxluqun balağından yapışıb aşağı – yanıma dartmağa başlayırdım. O isə həmişə sakit dayanıb mənə gülürdü. Bu hərəkəti həmişə məni əsəbiləşdirib. Buna görə də hamamdan sürünə-sürünə çıxıb uzun dəhlizi keçdikdən sonra otağın ortasına sərilmiş tozlu palazın altında gizlənirdim. Arada başımı kənara çıxarıb siqaret çəkirdim. Allah məni tapa bilmirdi. Narahat olmağa başlayanda mən ortaya çıxıb onu ələ salırdım. Palazın altında olanda qapı da tez-tez arxasından vurulurdu, telefon zəng çalırdı. Mən nə qapını açırdım, nə də dəstəyi götürürdüm. İkisi də bir neçə dəqiqəlik çığır-bağırdan sonra süst düşüb sakit dayanırdı. Bilirdilər ki, özləri haqqında mənə danışmaq istəyən adamlar qarabaqara arxamca sürünüb məni izləyirlər. Həmin adamlar elə bilirdilər ki, mən psixoloqam. Əslində mən onları aldatmışdım. Mən sadəcə, eqoist adam idim. Daha çox öz mənfəəti haqqında düşünən, amma bu barədə heç kəsə bir kəlimə də deməyən başqalarına münasibətdə necə səmimi ola bilər və normal məsləhətlər verə bilərsə, mən də o qədər səmimi idim. Mənim kimi adamlar həmişə fitili yandırılmış bomba kimi əl-ayaq altında dolaşırlar. Buna görə də məndən məsləhət istəyən adamların özləri haqqında ağızdolusu danışdıqları hekayələrini içimdə rişxəndlə qarşılayırdım, uğunub özümdən gedirdim. Üzdə bir az gülümsəyirdim, elə bilirdilər ki, onları başa düşmüşəm. Əslində onları ələ salırdım.

Mən hər gün əllərimi arxamda çarpazlayıb bu adamların başlarının içində gəzişirdim. Amma maraqlı şeylərlə rastlaşmırdım. Əlimə həmişə eyni şeylər keçirdi: yekə bir şələ - çılçırpı dəstəsinə oxşayan özünütərif cümlələri, öz cinslərindən olanları əzmək üçün başlarına tullanmağa hazır vəziyyətə gətirilmiş milyardlarla kenquru ayaqları, rəngli kağız bağlamaları, üzərində çeşid-çeşid yeməklər olan masa, çoxlu sayda lütlənmiş seks portnyorları və sair. Lakin indi içində olduğum vəziyyəti nəzərə alsaq, belə fikirlərin mənə bir xeyri yoxdur. Bu baxımdan, keçən il ad günümdə başıma gəlmiş qəribə hadisəni danışmaq daha maraqlı olmalıdır. Həmin gün nəhəng, boz rəngli qarğa mənə qarşı nanəcib hərəkət etdi. Öz qırmızı rəngli nəcisini başımın mərkəzinə ifraz edib yaxınlıqdakı ağacın budağına qonub məni ələ salmışdı. Ona gördüyü bu işin o qədər də xoşuma gəlmədiyini izah etdim, amma məni başa düşmürdü. Ara-sıra belə axmaqlıqlar etsə də, yaxşıdır. Amma özlüyümdə axmaq olduğu qənaətini də ehtiyatda saxlayıram, üzünə vurmuram. Bu, hislərimə qapılıb özümü itirdiyim vaxtlarda onu təhqir etmək üçün mənə lazım olur.

Bu vaxt ərzində həmin qarğa ilə yanaşı, çoxlu quş və həşəratlarla tanış olmuşam. Mən bir tərəfdən də ətrafımda qaynaşan nəhəng zəli və bataqlıq qurdu sürüsü ilə əhatə edilmişəm. Başıma daraşmış iri milçəklər isə mənimlə yaşamağa öyrəşiblər. Düzdür, mən onları başa düşmürəm, amma bir dil tapıb birtəhər yola gedirik. Lakin mən bu heyvanları başa sala bilmirəm ki, başqalarına qarşı nəcib olmaq lazımdır, pis davranışlara yol vermək onların özlərinə zərərlidir. Beləliklə, mən heyvanları tanıdıqca, insanları sevməyə başlamışam. Heç olmasa, adamların arasında səni başa düşən bir-iki nəfər tapmaq mümkündür. Amma bu müqayisəmin əhəmiyyətsizliyini də bilirəm. Bu baxımdan, o dəhşətli həqiqətlə üz-üzə qalmışam ki, insan və heyvanlığından asılı olmayaraq, hərəkətdə olan hər şey beynində öz mənfəətini təmin etmək üçün yırtıcı bəsləyir. Həmin yırtıcını salındığı qəfəsdən lazım olan məqamlarda onlara mane olanların üzərinə buraxırlar.

Bəli, mən beynimi axmaq düşüncələrə yönəldən bataqlığa ox kimi batdıqdan sonra bura mıxlanıb qalmışam. Təkcə ad günlərimdə bir az gəzişirəm. “Gəzişmək” deyəndə, gücüm çatdığı qədər başımın arxa hissəsini və kürəyimi maili vəziyyətdə məni əhatə edən palçıq kütləsinə yaslayıb istirahət edirəm. İlin qalan günlərini isə yerimdən tərpənmirəm, ancaq başımı fırlana bildiyi yerə qədər döndərirəm. Lakin ağır zəhmətdən sonra müşahidələrimi zənginləşdirmək üçün başımı bayquş kimi 360 dərəcə fırlamaq işinin də öhdəsindən gəlmişəm. Bu, mənim üçün imtinaedilməz əyləncəyə çevrilib. Bədənimi var gücümlə yuxarı dartıb, boğazımı palçığın səthinə çıxardıqdan sonra başımı sürətlə fırladıram. Boğazımın dərisi tamamilə qırışıb biri-birinə, dolaşdıqdan sonra başımı buraxıram. Bu vaxt sürətlə fırlanmağa başlayan başımın alt hissəsində özünə yer tapmış uzun çənəm öz ətrafında dərin qatları olan çevrə əmələ gətirir. Bu vaxt mən özümü öz nəhəng həlqəsi ətrafında dövr edən tənha planet – Saturn kimi hiss edirəm. Bəli, mən başımı boynumun üstündə 360 dərəcə fırlada bilirəm. Elə məni dəhşətə gətirən həqiqətlə də bu kəşfim sayəsində rastlaşmışam. Başım birinci dəfə arxaya çevriləndə bu vaxtadək mərkəzində dayandığım bataqlığın yerlə göyün birləşdiyi yerə qədər uzandığını gördüm. Bataqlığın qarşımda olan hissəsini iri qamışlar əhatələdiyinə görə çox da uzağı görə bilmirdim. Geriyə baxmaq imkanı əldə etdikdən sonra isə məndə o qənaət yarandı ki, hansısa fəlakət baş verib və bütün dünya palçığın içində qalıb. Yəni bu bədbəxt hadisə təkcə mənim üçün baş verməyib. Bütün dünya batır.

Bu hadisədən bir il sonra mən öz həyatım haqqında daha ciddi qərar verdim. Ad günümdən bir il keçirdi. Bu bir il ərzində uzunmüddətli qərarvermə prosesindən sonra iki dəqiqəlik başımı bataqlığın içinə soxmağıma razılıq verdim. Başımı palçığın içinə soxmamışdan əvvəl təmiz əlimi çöldə saxladım ki, içəridə olarkən burun deşiklərimə dolmuş palçığı dartıb çıxara bilim. Yəni nəfəs alıb yaşamağa davam edim. Əks halda mən ölə bilərdim. Beləliklə, başımı palçığın içinə soxub qulaq asmağa başladım. Sakitlik idi.

# 1297 dəfə oxunub

Oxşar xəbərlər

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
#
#
# # #