Avqustun 12-si tanınmış şair-publisist Elçin Mirzəbəylinin 50 yaşı tamam olur. Kulis.az bu münasibətlə Elçin bəyi təbrik edir və onun yeni şeirlərini oxucuların diqqətinə çatdırır.
Bu sənin dünyandı…
Ya Rəbb, deyəcəyim söz də qalmadı,
Nə mən danışanam...
Nə sən duyansan.
“Ömürdü, həyatdı…”, - dedim,
Olmadı -
Hər nədir, adını özü qoyarsan.
Neyləyim, verdiyin su ömrü deyil
Yağışda danışım, seldə danışım.
Ya mənim dilimdə yaz taleyimi,
Ya da...
Sən bildiyin dildə danışım...
Göy üzü yorulub dualarımdan -
Bəlkə süzgəçindən keçmir, İlahi?
Mən hər gün ömrümün son baharından
Köçürəm,
Vücudum köçmür, İlahi.
Nə hesab soranam, nə hesab yazan -
Varlığım kimsəyə qənim ki deyil.
Daha yol qalmayıb…
Yolundan aza -
Bu sənin dünyandı, mənimki deyil.
Ya Rəbb, göy üzü də zalımlarındı...
Bu nə dar keçiddi,
Bu necə yoldu –
Yüz kərə əyildi başım aşağı.
Dərdə nə fərqi var – sağdı, ya soldu,
Çat verdi...
Çatıldı qaşım aşağı...
Haq deyib üz tutdum -
Pir çəkdi məni,
Çəkdi...
Bir İlahi sirr çəkdi məni.
Bircə daş artırdım...
Yer çəkdi məni,
Sıyrıldı...
Sovruldu daşım aşağı.
Sənə ümid dedim...
Ümid...
varındı?
Yerdə yuva verdin, göydə barındım...
Ya Rəbb, göy üzü də zalımlarındı...
İzin ver...
İzin ver düşüm aşağı...
“Səni gözləyirəm”
Bir gün
Gözlərini açıb görəsən
Goy üzü yaxından yaxındı sənə.
Bir ilıq meh əsib
Son nəfəs kimi
Son dəfə...
Son dəfə toxundu sənə.
Bir gün
əllərini açıb görəsən...
dualar ovcunda işığa dönüb.
Bütün arzuların körpədi hələ,
Bütün ümidlərin uşağa dönüb.
…Bir gün yaşayasan…
Elə bir gün ki,
Üstünə 100 ilin savabı gələ.
Sonra da…
ölümə məktub yazasan
“Səni gözləyirəm” cavabı gələ.
Özgə Adam
Bilirsən necə ağırdı
Öz Vətənində yad olmaq?
Bir cüt yaşlı gözdən düşən
Bir cüt qırıq qanad olmaq?...
Bilirsən necə ağırdı
Kölgə olmaq?
Kölgə-adam...
Öz yurdunda qərib olmaq,
Özgə olmaq...
Özgə - adam...
Bilirsən necə ağırdı?...
Yandırır-yaxır adamı...
Bəs mən kimin adamıyam?
Dərənin, dağın adamı...
Böyük torpağın adamı?
Kiçik torpağın adamı?
Bilirsən necə ağırdı?...
Elə bil ki, öz evində
Götürüblər əsir səni...
Öz dişlərin parçalayır,
Öz əllərin kəsir səni...
Bilirsən necə ağırdı?...
Cırtdanların arasında...
Böyüyəsən, Div olasan.
Ev-ev bölünə ətrafın,
Sən yenə bütöv olasan...
Bilirsən necə ağırdı?...
***
...Bu mənəm ey, mənəm, Vətən,
Haqqına tamarzı adam.
Ürəyini parçalayan
Güllədən də razı adam.
***
Sığmır bu saxsı torpağa
Külüm, yerimi dəyişim...
Doğum yerimi dəyişim?
Ölüm yerimi dəyişim?
***
Ana, mənə layla demə...
Daşımır bu bədən məni...
Məni Allah öldürmədi,
Öldürdü ey...
Vətən məni...
06 may 2017-ci il
***
Fəsillərin sərhədi qırıldı
Ömrümüzün zaman aşırımında...
İndi
Ağaclar baharda yarpaq tökür,
Dostum...
Gəl
Acı təbəssümləri
Qətlə yetirək dodağımızda,
Gəl!
Dostum...
gəl
Biz də enək budağımızdan...
Qoy indi Tanrı darıxsın insansızlığından
Biz onsuz darıxdığımız kimi...
***
Gözlərim yollardan asılı qalıb
Elə yırğalayır ümüdlər məni...
Son sözüm göylərə yazılı qalıb:
Daha ağlamasın buludlar mənə.
Nə verdim, nə aldım...
Son baharımda
Tutub,
Bir ilahi sirr tutub məni.
Asılı qalmışam ayaqlarımdan
Üzülə bilmirəm, Yer tutub məni...
Gün düşüb...
gözümdə günləri sayır,
hər anı təbərrik sanır, İlahi.
Sənin bir tükün də qımıldanmayır,
Mənim dualarım yanır, İlahi...
***
Sükuta bürünüb zaman...
Səhərdən
Gözümdən min ilin yuxusu gəlir.
...Yenə yorğun düşmüş xatirələrdən
Paltar dolabının qoxusu gəlir...
Bir köhnə, bir nimdaş yol var önümdə...
Bir də aldanış var, bir də yalan var...
Ünvansız məktubdu ümidlər indi
Nə bir göndərən var, nə bir alan var.
İçimə çəkirəm boyat nə varsa -
Uyusun dərində, yatsın dərində...
Dostum, dur silkələ, oyat...
Nə varsa
Ver asım ömrümün yelkeçərindən...
***
Əllərin qoynunda dolaşıq düşə…
Bir azan çırpıla qulaqlarına.
İynə ucu boyda bir işıq düşə
Ovcuna, gözünə, dodaqlarına…
Bir anlıq ayağın üzülə yerdən
Ümidlər çıxara səhərə səni.
Durub boylanasan xatirələrdən
Götürüb yazalar dəftərə səni.
***
İçimə yıxıldım hər vurduğunda...
Dedilər...
Fələyin silləsi çatmır.
Ya Rəbb, sən saydığın pilləkənlərin
Nədənsə...
Sonuncu pilləsi çatmır.
Verdiyin dünyadı...
Evdi, eşikdi...
Bu nə dar qəbirdi, nə dar beşikdi?
Ürəyim onsuz da dəlik-deşikdi
Qorxma, at, alnımın gülləsi çatmır...
Mən səni göylərə verib gedirəm...
Başımın üstündə göydü deyirlər
Rəngi sisdə batır, buludda batır.
Bir parça ümid var ayağım altda -
Ayağım bir parça ümiddə batır...
Bir parça ömür var gözüm önündə
Bəkə də...
Sonuna bir fəsil qalıb.
Keçdiyim yollarda nə bir etiraf,
Nə də...
Deyəcəyim gizli sirr qalıb.
Başımın üstündə göydü deyirlər...
Ayağım altında yorğun şəhərim.
İndi güllələnmiş məbəd kimiyəm -
İçimə yıxılıb minarələrim...
Yuyur, yağış yuyur kirpiyimizi -
Yenə qismətimiz göz yaşı olur
Dərdini Tanrıya söyləyənlərin...
Xatirə dəftəri başdaşı olur.
Donur qulağımda azan sədası,
Gözüm...
Pıçıltıyla açır səhəri.
Mən səni göylərə verib gedirəm -
Göyü göydələnlər olan şəhərim.
Bura adam yeri deyil
Nə su saxlar, nə mey tutar...
Yoxuşdu, cam yeri deyil.
Dörd yanından külək tutar -
Bu məbəd şam yeri deyil.
Ya ev qurdun, ya alaçıq,
Ya qala tik, ya qalacıq...
Bu dünya bir üstüaçıq
Məzardı, dam yeri deyil.
Milyon kərə baxıb gedək,
Söküb gedək, yıxıb gedək…
Ver əlini…
çıxıb gedək
Bura adam yeri deyil...
Götür ürəyini gəl bizə sarı
Üşüyür bu gecəm Ay işığında
Yürü, çək yükünü gündüzə sarı.
Baxışım açılmış yumaq kimidi
Di al, bir ucunu...
Ulduza sarı...
Alışdım yuvamda dərd böyütməyə,
Sonra dən-dən ovub...
dərd üyütməyə...
Bir ocaq çatmışam dərdi ütməyə,
Götür ürəyini gəl bizə sarı...