Kulis.Az ustad Vaqif Bayatlı Odərin gənc şair Şəhriyar del Geraninin şeirləri haqqında yazdığı “Təkadamlıq kamera, Təkadamlıq poeziya, Təkadamlıq darıxmaq...” yazısını təqdim edir.
Təzə ayaqqabılarını qucaqlayıb öpən Şəhriyara anası deyir:
- O, möhür deyil, həm də ayaqqabıya səcdə günahdı...
O isə anasından soruşur:
- Bəs sənin ayaqlarına?
Bu sual sevgili peyğəmbərimizi də düşündürmüş, Tanrını da. Hər ikisindən cavab gəlmiş: Cənnət anaların ayaqları altında...
Şəhriyarda isə cavab yoxdur, sual var. Poetik intonasiya özü öz cavabını verir. Xərçəngi əziz Allahı verdiyiyçün anası onu Allahdan göndərilən gül kimi son gücüylə qoruyur ki, nə olur olsun, təki Allahın göndərdiyi o gül xərçəngə bir şey olmasın. Bütün bunlardan xəbər tutan bacısını isə Tanrıya bənzədərək – elə bilirdim heç cürə yalan danışa bilmərəm ona – deyir Şəhriyar. Həm də bununla son nəfəsində belə şeirə, sözə, böyük ilahi həqiqətlərə xəyanət etmərəm deyə and içir sanki.
Bunlar hamısı Şəhriyar del Geraninin yalnız bir göyüzü şeirindən. Başqa göyüzü misralarında belə -
bir gün uzaqlardan bir payız gələ
deyə ki, qaytarın yarpaqlarımı...
yaxud:
üzü qibləyə durmuşam
ki
bəlkə qovuşum sənə
bu qədər sənsizliyin
hansından danışım sənə?
yaxud:
ney qamışı çağırantək harayladım mən səni
heç bilmədin uzaqların harasında yoruldum...
***
sən bilmədin,
bu şeir barışmaq üçündü
hamıyla
Tanrıyla
yaşamınla da.
yəni, gülümsə qucaqlayıban bütün gileyi.
anamın canında dolaşan ağrıları kimi
səhərədək veyildənirdi Təbriz küləyi...
– nə qədər həm Tanrı, həm şeiriyyat, həm də hər ikisini bir yerdə yaradan məqamlar var.
Məni ən çox sevindirən məqam isə Şəhriyarın nəfəsinin təzə-tər olması. Onun şeirlərinin dünya poeziyasında yep-yeni bir intonasiya, yep-yeni bir şüur axını olması.
Bu dünyada çox şairdən bircə misra belə qalmayıbsa, deməli ədəbiyyatda da Allah özü seçim edir. Şeirin taleyini də Yaradan özü müəyyənləşdirir. Məncə, Şəhriyardan Allaha qalan sözlər, misralar, şeirlər olacaq. Tanrı bu şeirləri sevib özü üçün seçib saxlayacaq. Çünki bu göyüzü mətnləri Tanrının özünə də gərək.
Ancaq, pislikləri, uçurumları, çıxılmazlıqları yazmaq asan. Mən istəyərdim Şəhriyar pislikləri tamam buraxsın. Daha çox gözəllik kəşf etsin, kəşf olunmamış gözəllikləri tapsın. Tanrı sevən gözəllikləri yazmaq daha çox Allahdan, daha çox çətin.
Mən Şəhriyarı böyük bir yolayrıcında görürəm. Bu yolayrıcının bir tərəfində uçurum, digər tərəfində göyüzü var. O, öz seçimini edəcək. Ya uçurumdan yuvarlanıb ənənəvi dahi olacaq. Ya da göyüzünə qayıdıb təklərdən olan dahi...
Vaqif Bayatlı Odər
Aprel – 2015. Bakı