Kulis Əyyub Qiyasın “Nərgiz satan kişi” hekayəsini təqdim edir.
Bu gün nərgiz satan kişinin yanından ötüb keçdim.
Rəbiqə.
Arıq, uzun barmaqları soyuqdan donmuşdu. Nərgiz dəstələrini əlində tutub gəlib-gedənə tərəf dartınır, amma heç nə demirdi. Adamlar elə bil harasa tələsirdilər, heç kəs dayanmır, heç kəs ona tərəf baxmır, sanki hamı ondan qaçırdı.
Mətbəxin pəncərəsindən bir müddət ona baxdım. Qızımın səsini eşitməsəydim bəlkə hələ də baxacaqdım.
– Ana, çayın buza dönüb ki...
Çevrilib gülümsündüm. Gözlərim mətbəx masasının üstündəki balaca güldandakı nərgizlərə sataşdı. Son dörd gündə hər gün işə gedəndə iki manat verib bir dəstə nərgiz almışdım, çiçək aldığım gündən bu yana bütün günü iş masamın üstündə olan çiçəklərin ətri ilə oynayırdım, işdən gələndə nərgizləri evə gətirirdim. Nərgizlər evimə ayaq açandan sonra mətbəxim ətirlənmişdi. Hiss edirdim ki, qızım da nərgizləri sevir. Hər səhər yuxudan duranda evimdən ancaq nərgiz ətri gəlirdi. Nərgizlər evimin soyuq divarlarını nərgiz ətrinə bələmişdi, neçə gecə idi ki, yatağıma da nərgiz ətri hopmuşdu. Soyuq, yazıq – nifrət etdiyim yatağıma...
...Onunla orta məktəbin onuncu sinfində oxuyanda tanış olmuşdum. Eyni repetitorun yanına hazırlığa gedirdik. Mən filologiyaya, o isə hüquqa hazırlaşırdı. Bir gün müəllim yanından çıxandan sonra dayanacağa qədər bir yerdə gedəsi olduq. Müəllim yanında başım dərsə, müəllimə qarışdığından bu vaxta qədər ona belə diqqətlə baxmağa həvəs göstərməmişdim. Yaşına uyğun olmayan görkəmi vardı, qətiyyəti diqqətimi çəkdi. İlk dəfə idi ki, onun qara, qıvrım saçlarına, dərin baxışlarına, yaraşıqlı sifətinə belə diqqətlə baxırdım. Dayanacağa çatanda ikimiz də avtobus gözləmək üçün dayandıq. Elə bu vaxt bir qadın əlində tutduğu bir neçə nərgiz dəstəsi ilə bizə yaxınlaşdı. Nərgizlərin ətri adamı uzaqdan vururdu. O, mənə heç nə demədən bir dəstə nərgiz aldı, qadın uzaqlaşan kimi mənə tərəf çevrilib qətiyyətli səslə:
– Bunları sənə aldım, – dedi.
Ani olaraq sevindim, amma sevincimi gizlətməyə çalışdım. Qaşlarımı çatıb:
– Səndən xahiş eləyən var idi? – deyib, üzümü yana çevirdim.
Bunu nə üçün etdiyimi, nəyə görə belə dediyimi indi də anlamıram. O, isə sadəcə susdu. Bir qədər sonra avtobus gəldi, yolumuz bir idi, mənə yol vermək üçün geri çəkilsə də mən:
– Anamı gözləyirəm, dedim, – mən minməyəcəyəm.
O, sakit səslə:
– Onda, hələlik, – deyib, avtobusa mindi. Yenə içimdə özümlə danışa-danışa qalmışdım. Niyə belə edirdim axı? Anamı gözləməyə-gözləməyə nədən ona anamı gözlədiyimi dedim? Nə olmuşdu mənə? Yox, deyəsən hislərim mənə xəyanət etməyə başlamışdı. Bu vaxta qədər ancaq dərs, universitet məzunu olmaq istəyi ilə yüklənən beynimin harasında isə balaca bir nəfəslik açılmışdı və o nəfəslikdən ruhuma dolan sərinlik mənə on yeddi yaşımı, gözəl, ağıllı qız olduğumu, mənim üçün nərgiz alan oğlanın isə yaraşıqlı, ağıllı bir oğlan olduğunu pıçıldayırdı.
Avtobusun gurultusu çəkiləndən sonra oğrun-oğrun yola baxdım. Avtobus uzaqlaşmışdı. Birdən gözlərim yerdəki nərgiz dəstəsinə sataşdı. O nərgizlər idi. Onun mənim üçün aldığı nərgizlər. Yaxınlıqdakı sakitlikdən istifadə edib nərgizləri yerdən götürdüm, bilmirəm nə üçün, amma onları əlimə alan kimi sinəmə sıxdım... və özümdən asılı olmayaraq üç dayanacaq yolu piyada, nərgizləri sinəmdən ayırmadan getdim.
Məşğələmiz bir də iki gündən sonra olacaqdı. Məşğələ günü dərsdən qayıdıb saata baxdım. Həmişə olduğu kimi dərslərimi təkrar etmək əvəzinə güzgünün qarısına çəkildim, özümə baxdım, kiçik dolabın üstündəki balaca güldana, güldandan mənə tərəf boylanan nərgizlərə baxdım. O gün məşğələyə fərqli geyindim, hətta dodaqlarımı da boyadım. Amma o gəlmədi... Növbəti məşğələyə də gəlmədi... O gündən sonra bir də məşğələyə gəlmədi. Sonra müəllimdən eşitdim ki, nə üçünsə repetitorunu dəyişib. Güldanımdakı nərgizlər isə hər gün bir az solurdu...
...Buza dönmüş çaydan bir qurtum içib pəncərədən nərgizsatan kişiyə baxdım. Maaşa iki gün qalırdı, son günlər ortaya çıxan gözlənilməz xərclər ehtiyatımı tükətmişdi. İki günlük yolpulu, bir də çörəkpulu qalmışdı – vəssalam.
Əynimi dəyişib qayıdanda qızımın pəncərədən sallanıb diqqətlə nərgizsatan kişiyə baxdığını gördüm. Məni görən kimi:
– Nərgiz alacaqsan ondan? – soruşdu.
– Hə, nərgiz almadan yanından keçə bilmirəm. O da elə bil öyrəşib, məni görən kimi baxışları ilə üstümə gəlir.
– Hə, al, yazıqdır. Gör necə donub? Bayaqdan baxıram, heç kəs nərgiz almır.
– Hamı mənim kimi başdanxarab deyil ki?
Qızım bir şey anlamadığı üçün qaşlarını çatıb çiynini çəkdi.
– Yaxşı, hələlik, – bayır qapısının qarşısında onu öpüb dikəldim. – Dərslərini oxu, evdən çıxanda işığa, qaza, suya bax.
– Yaxşı, ay ana, hər gün eyni sözləri deməkdən yorulmursan?
Gülümsünüb pillələri endim. Küçəyə çıxan kimi soyuq üstümə yeridi. İsti evdən soyuğa düşdüyüm üçün ani olaraq canımdan üşütmə keçdi. Tini burulub piyada keçidinə tərəf addımladım. Nərgizsatan kişi küçənin əks tərəfində dayanıb donan ayaqlarını növbə ilə dəyişir, arabir qeyri-ixtiyari əlindəki nərgizləri qoxlayırdı, sanki qışın bu soyuğunda nərgizlərin ətrinə qızınmaq istəyirdi.
Mən yolun ortasına çatanda qəfil külək əsdi, külək kişinin əlindəki nərgizlərdən bir neçəsni alıb bir qədər kənara atdı, kişi iti addımlarla küləyin qoxlamaq üçün oğurladığı nərgizləri götürməyə yüyürdü, mən isə bu andan istifadə edib paltomun cibində olan iki manatı və qəpikləri ovcuma basıb sürətimi artırdım və kişinin yanından ötüb keçdim. Uzaqlaşdıqca arxamca boylanan baxışları hiss etdim, amma bu baxışlarının kimə məxsus olduğunu anlaya bilmədim. Özümdən asılı deyildi, mənə elə gəlirdi ki, kiminsə son ümidini əlindən alıb gedirdim. Dayandım, dərindən köks ötürdüm. Geri çevrilib iti addımlarla kişiyə tərəf getdim, cibimin son iki manatını verib bir dəstə nərgiz aldım. Kişi gülümsünüb məmnunluqla mənə baxdı.
Hər gün olduğu kimi qızım dərsdən çıxanda mənə zəng vurdu, bütün günü onun zəngini gözləmişdim. Dedim ki, qutuda yığdığı pulundan (o gün baxmışdım, iki manat var idi) bir manat götürüb çörək alsın. Qızım qorxaq, utancaq səsi ilə:
– Ana, mən o pula nərgiz aldım, – dedi.
Bədənimdən üşütmə keçdi, amma bu dəfə soyuqdan olmadı, axşam evə çörək almağa pul yox idi.
– Mən nərgiz almışdım da, – sakit səslə ancaq bunu deyə bildim.
– Mən baxırdım, almadın axı... Kişi də yazıq-yazıq sənin arxanca baxıb qaldı, – deyəndə, bu səhər arxamca dikilən baxışların nərgizsatan kişiyə deyil, qızıma aid olduğunu anladım.
O axşam soyutma kartofu çörəksiz yedik. Mən də əlacsızlıqdan çörəyin orqanizmə vurduğu ziyandan, müharibə vaxtı kartofun çörək qədər dəyərli olduöundan uzun-uzadı danışdım. O gecə evmdə təzə nərgizlər olsa da, nərgiz ətri duymadım. O gecə yatağıma, yuxuma nərgiz ətri dolmadı.
Şənbə günü idi, bu gün işə getməmişdim. Hava günəşli və küləksiz olduğundan çiynimə yun jaketimi atıb eyvandan bayıra baxır, qızımın dərsdən qayıtmağını gözləyirdim. Nərgizsatan kişi də həmişəki yerində dayanıb gələnə-gedənə baxırdı. Küçənin başında məktəb yoldaşları ilə birlikdə tini burularaq dərsdən qayıdan qızımı gördüm. Bir qədər gedəndən sonra yoldaşları ondan ayrıldı, amma uzun boylu, qıvrım saçlı, səliqə ilə geyinmiş sinif yoldaşı ondan ayrılmadı, onlar yanaşı addımlamağa davam etdilər. Nərgizsatan kişinin yanından ötəndə qızım ani olaraq ayaq saxladı, kişiyə baxdı və tez də ötüb keçdi. Oğlanın yubandığını gördüm. O, cibindən çıxartdığı pulu kişiyə verib bir dəstə nərgiz aldı, sonra da qaça-qaça özünü artıq piyada yolunu keçən qızıma çatdırdı. Onlar yolu keçəndən sonra gözdən itdilər. Nə qədər boylansam da onları görə bilmədim. Evə girdim, ixtiyarsız olaraq şəxsi əşyalarımı yığdığım siyirtmədən köhnə şokolad qutusunu götürüb qapağını açdım, nə vaxtsa şeir yazdığım dəftərcənin vərəqlərinin arasında quruyub qalan nərgiz ləçəklərini götürüb ovcuma sıxdım. Təxminən beş-on dəqiqədən sonra qapı döyüldü, gözlükdən baxdım, qızım idi. Qapını açan kimi nərgizlərin ətri evimə doldu, amma mənə elə gəldi ki, bu ətir ömrümün son on səkkiz ilindən qopub gəlir...