Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə

Qarabağda tək arvadlı kişini necə ələ saldılar? - Yeni hekayə
13 noyabr 2019
# 18:25

Kulis.az Həcər Paşayevanın "Bir arvadlı kişi" hekayəsini təqdim edir

Nəslixanın evi şəhərin ayağında - RTS dedikləri yerdə idi. Ev deyəndə ki, bu, ədəli-düdəli ev deyildi, vaqon-ev idi. Ancaq içəri girəndə bapbalaca mətbəxi, yataq-qonaq otağı və qalan dəm-dəstgahı yerində olan, yaşamağa yararlı bir qutu idi. Nəslixan beş-altı ay əvvəl tikdirməyə başladığı üçmərtəbəli, beş yüz kvadratmetr sahəsi olan evin işinə yaxından nəzarət etmək üçün vaqon-evdə qalırdı.

Dağların qoynunda yerləşən bu balaca şəhərdə hamı bir-birini tanıyır, hörmət edirdi. Bura, bəlkə də, ölkədə yeganə yer idi ki, şəhər içində taksi sürücüləri müştəridən pul almır, yalnız uzaq kəndlərə gedəndə haqq alırdılar. Vaqon-evin düz yanında “podstansiya”, yəni rayonun yüz iyirmi üç kəndinin işıq məsələsini həll edən idarə yerləşirdi. Nəslixan işıq idarəsinin rəisinə xahiş edib oranın telefonundan evinə xətt çəkdirmişdi: telefonları paralel idi. Zəng gələndə dəstəyi əvvəlcə işıq idarəsində götürürdülər, əgər söhbət onlarlıq olmasa, “bir də zəng vurun”-deyirdilər. İkinci zəngə artıq Nəslixanın evindən cavab verirdilər.

Bu ərəfədə rayona bir məşhur foto-müxbir təşrif gətirdi. Həmin vaxtları mərkəzi qəzet və jurnalların səhifələrində şəkillərin altında tez-tez: “Foto V.Tağıyevindir” - sözlərini görmək olardı. Müxbiri rayon qəzetindən Nəslixana təhkim etdilər ki, sən rayon Təbiəti Mühafizə Şöbəsinin inspektorusan. Bu kişini apar, görməli, maraqlı təbiət mənzərələrinin şəklini çəksin. Onsuz da tez-tez sahələrə çıxırsan. Nəslixan çar-naçar razı oldu. İşinin bu “razqar” vaxtında müxbir hərləmək heç ürəyindən deyildi. Vahabı evinə dəvət edərək yeyib-içdikdən sonra qərara aldılar ki, səhəri gün yola çıxsınlar. Bu dağ yerində meşələri, sıldırımları gəzmək neçə gün vaxt aparacaqdı.

Şuşadan üzü bəri hərlənib çoxlu şəkillər çəkən qonaq yorulduğu üçün gecə tez yatmaq istədiyini bildirdi. Müxbiri telefon olan otağa ötürən Nəslixan köç-külfətini başına yığıb bəriki - kiçik otağa keçdi və müxbiri xəbərdar etməyi unutdu. Böyük palıd meşələrinin, başqa ağacların bol olduğu rayonda elektrik dirəklərini lazım olan məsafədən çox aralı basdırdıqları üçün (dirəkləri satdıqları üçün) naqillər tez-tez sıradan çıxır, qəza baş verir, kəndlərə elektrikin verilməsində böyük fasilələr yaranırdı. Gecəyarısı bir neçə kənddə məlum vəziyyət yarandı və işıq idarəsinə zənglər gəlməyə başladı. İdarədə növbətçi yatmışdı, dəstəyi Nəslixanın evində Vahab götürdü:

- Alo, bura işıq idarəsidir? - soruşan kimi Vahabın yuxulu səsi eşidildi:

- Yoox, bura Nəsirxanın evidi, - dedi. (O, Nəslixanın adını Nəsirxan kimi yadda saxlamışdı).

Bir az keçmiş yenə telefon səsləndi:

- Alo işıq idarəsinnəndi? - deyə soruşdular.

- Yoox, atam-qərdeşim, bayax dedim axı, bura Nəsirxanın evidi, Nəsirxanın.

… Səhərəyaxın, bəlkə, əllinci dəfə gələn zəngə Vahab ağlamsınmış cavab verdi:

- Atam-qərdeşim, noolar, qoyun, bir saat yatım. Axı belə olmaz. Bu gecə nə siz yatduz, nə də məni qoyduz yatmağa. Siz rəhmətə gedənnərinizin goru, imkan verün, ölürəm yuxudan ötrü. Yatmağ istəyirəm…

Həmin gecə podstansiyada növbətçi qalan adam işlədiyi müddətdə, bəlkə, ilk dəfə idi ki, bütün gecəni səhərəcən yata bilmişdi.

Sabahı gün Nəslixan qonağı yuxudan güclə oyatdı. Günorta yeməyindən sonra yola düşdülər. Yol uzaq olduğundan “həm ziyarət, həm ticarət” - deyə düşünən Nəslixan hamının “Topal Teymur “ dediyi iş yoldaşı Teymuru da özü ilə götürdü. Şəhərdən çıxıb üzü dağlara doğru səmt alan maşını özü sürür, yola nərdivan salmaq üçün arada Teymurla söhbət edir, Vahab da pəncərədən mənzərələrə baxırdı. Qarabağın gözü olan bu rayona birinci dəfə idi gəldiyi üçün gördüklərindən vəcdə gələn foto-müxbir dedi:

- Alə, Şuşanı başdan-ayağa gəzib çəkmişəm. Şuşa gözəldir. Möhtəşəmdir. Ancaq buralar tamam başqadır, daha gözəldir. Böyük… Əzəmətli… Mənzərələrə bax, bir. Necə ecazkardır, təkrarsızdır. Bütün ölkəni gəzmişəm, belə yerlər görməmişəm. Buraları bilirsüz, niyə tanımır camaat? Çünki yolu yoxdur. Buralara yaxşı yol çəkilə, rahat gediş-gəliş ola ha, millət tökülər bura. Alə, bu ğadar çiçək, gül olar? Ayy daa, gözəlliyə bax, aləə...

Dörd gözlə, heyranlıqla ətrafı seyr edən Vahab öz-özünə danışır, uşaqlar onu eşitmirmiş kimi qoşulmur, onlar üçün adiləşmiş mənzərələrə ötəri baxırdılar. Az sonra Nəslixan bir siqaret yandırıb damağına qoydu. Ona baxıb birini də Teymur yandırdı. Vahab həyəcanla:

- Atam-qərdeşim, neyliyirsiz? Maşında siqaret çəkərlər?

Dostların hər ikisi təəccüblə ona baxdılar. Teymur:

- Müəllim, pəncərə açıxdı, dana, noolajax?

- Yoo, noolsun açığdu? Burdan çıxana qədər nəfəsimə dolur. Söndürün siqaretlərü, - deyə qonaq əmr etdi.

O, mərkəzdən-paytaxtdan gəldiyi və qəzetdə işlədiyi üçün rayon adamlarına yuxarıdan aşağı baxırdı. Qonağa hörmət etməyi dədə-babadan qalma yazılmamış qanun kimi qəbul edən cavanlar siqareti söndürdülər. Ancaq siqaret çəkməkdən ötrü ürəkləri gedirdi. Yolun yarısında dözməyən Nəslixan maşını saxlayıb düşdü və Teymuru da çağırıb hərəsi bir siqaret yandırdı. Yenicə çəkməyə başlamışdılar ki, Vahab başını pəncərədən çıxarıb:

- Bu, sonuncu olsun. Nöşün ki, maşına minəndə ağzuuzdan siqaret iyi gələcey. Ürəgim bulanacey, - dedi.

Cavanlar bir-birinin üzünə baxıb dinmədilər. Ancaq qanları bərk qaraldı. Nəslixan səfərini Hacısamlı sovetliyinin Bülöylük deyilən kəndində başa vurmağı qərara almışdı. O kənddə atasının dostu Kamran bəy yaşayırdı. Qəribə xasiyyəti, çox böyük təsərrüfatı olan Kamran bəy həm də məşhur arıçı kimi tanınırdı. O, bu tərəflərin adlı-sanlı adamlarından olan Müseyib bəyin oğlu idi. Müseyib bəylə Soltan bəy arasında gərgin düşmənçilik olmuşdu və bu düşmənçiliyin nədən başlamasını hərə bir cür yozurdu. Məsələnin dərinliyinə yetəndə baxırdın ki, düşmənçilik adi bir şeyin üstündə başlamışdı. Soltan bəy həmin Soltan bəydir ki, Tat dərəsində erməni Andronikin böyük bir dəstəsini məğlubiyyətə uğratmışdı. Qardaşı Xosrov bəy Sultanov isə Şuşanın general-qubernatoru olmuşdu. Hər iki tayfa ağır, tikanlı nəsil idi və onlar haqda çoxlu rəvayətlər gəzirdi. Deyirdilər, erməni-müsəlman davası vaxtı Xosrov bəy qardaşı Soltan bəyə kiçik çaplı bir pulemyot verir. O da pulemyotu gətirib Bülövlük kəndinin lap yuxarısında qurur üzü kəndə tərəf. Soltan bəyin atası Paşa bəy baxır ki, erməni gəlsə, onlara atılan güllədən kənd də zərər görəcək. Oğluna deyir ki, a bala, beş-altı dılğır ermənidən ötrü kəndi dağıtmayacaqsan ki. Bura iki seyid gətir, hərəsinə də kəndin bir başında ev tik. Elə bir-iki ilə bütün obanı tamam yeyib dağıdacaqlar.

Nəslixan qəzetə vermək üçün Kamran bəyin də şəklini çəkdirməyi qərara almışdı.

Sıldırımlı qayaların döşündə bir maşın keçəcəyi endə açılmış yolla hərəkət etdikcə Vahabın ürəyi üzülür, ancaq səsini çıxarmırdı.

- Qağa, Kamran bəyin o biri arvadı durur, görən? - deyə Teymur qəfildən sual verdi.

- Hə, o da durur, ondan qabaqkı Nənəxanım da, - deyə Nəslixan cavab verdi.

Söhbətin məğzini tam anlamayan Vahab:

- Aa, bu kişinin neçə arvadı var, alə? - deyə soruşdu.

Uşaqlara da elə bu lazım idi. Nəslixan güzgüdə Teymura göz vurub ciddi-ciddi:

- Necə yəni, neçə arvadı var? Kişinin neçə arvadı olar, o qədər, —dedi.

Vahab bir az alındı, sonra:

- Başa düşmədim. Necə yəni kişinin neçə arvadı olar, o ğədər? Bəgəm kişinin birdən artıx arvadu olmalıdu?-deyə soruşdu.

Nəslixan çox təəccüblə, qeyri-adi bir söz eşidibmiş kimi bərəlmiş gözlərini güzgüdən qonağa dikdi:

- Vahab müəllim, sənin neçə arvadın var?

- Bir, neçə olmalıdu ki, bəgəm?

Sıldırımın təpəsinə nərə çəkə-çəkə qalxmış maşını əyləci qəfil basıb saxlayan Nəslixan:

- Teymur, bu nə danışır? Bunun bir arvadı varmış. Biz də bu adamı götürüb o böyüklükdə bəyin evinə aparırıx. Orda eşitsələr , biabır oldux, - deyib qanı qaralmış kimi Teymura baxdı.

Vahab onun sözünə inanmadı:

- Alə, məniynən məzələnirsüz? Nə danışırsuz? Gedin özüüzü doliyin, - dedi.

Teymur Nəslixanın sözünə qüvvət verib çox fikirli-fikirli:

- Qağa, nə bilək vəziyyəti? Əvvəldən bilsəydik, heç o səmtə getməzdik. Gərək orda açıb ağartmıyax. Yoxsa kişi bizi biabır eliyəjək, - dedi.

Vahab döyükə-döyükə gah Nəslixana, gah da Teymura baxıb söhbətin sonunu gözlədi.

Müəllim, neçə ildi evlisən? - deyə Nəslixan soruşdu.

- On dörd ildü. Necə bəgəm?

- Heç qonşuya-zada, bir qohumun evinə getmirsən?

- Yoo, nöşün gedim qonşuya? Həm də vaxtım olmur axı. Bütün güni rayonlarda, orda-burda . İş dalıyca qaçıram. Evə dəgirəm arada, puldan-paradan verib yenə, haydı, Allah saxlasun. O şəhər sənün, bu kənd mənim.. Belə... Mənimki belədü.

- Arvad da, yəqin, səni qoymuyub qonşuya-qohuma dəyəsən. Çünki getsəydin, oralarda görərdin, camaatın neçə arvadı var.


Onların söhbətini çox dilxor-dilxor dinləyən Teymur dilləndi:

- Deyirəm daa, qağa, bu adamda bir illət var. Bunun arvadı qoymuyuf vəziyyətdən halı olsun. Yoxsa noolub bu adama, maşallah, şakalad kimi oğlandı. Özü də savaddı.

- Qoymıyıb diyəndə ki, düzinə qalsa, nə arvad getmirdi, nə də mənim axotum olmurdu. Bir də ki bunnari mənnən soruşursuz, sənün özünün, Nəsirxan, neçə arvadun var bəgəm?- Vahab sanki özünə haqq qazandırırmış kimi soruşdu.

- Mən dörd ildi evlənmişəm. Bir az keçsin ikinci, sonra üçüncü, daha sonra baxacam daa, nə qədər almaq mümkündü , alacam. O böyüklükdə, üçmərtəbəli evi niyə tikdirirəm bəs? - deyə Nəslixan lap ciddiləşdi, sonra əli ilə “şapp” eliyib arxada oturan Teymurun sifətinə, sonra öz üzünə vurdu, - bu Teymurun canı, bax bu özüm ölüm, dədəmin beş arvadı oluf. Mən kimdən əskiyəm ki, bir arvadnan oturum?

-Teymur, qərdeşim, sənün neçə arvadun var? - deyə müxbir lap təəccüblə soruşdu. Söhbətin ciddiliyi ona yaman təsir etmişdi.

- Müəllim, mən hələm nişanlıyam. Evlənim, sonra dalbadal dörd-beşini almax fikrim var. Dədəm dördünü almışdı. Niyə, maa nooluf ki? -- sonra Nəslixana müraciətlə, - Qağa, bunu, yəqin, siqaret çəkməyə də arvadı qoymuyuf. Bax burda da onun barmağı var, billəm.

-Yox alə, arvadun nə həddinədü ki, mənə belə söz diyə? Öldürrəm oni, - deyə müxbir xoruzlandı.

Nəslixan mühərriki işə salıb üzüenişə götürüldü. O da, Teymur da hərəsi bir siqaret yandırıb damaqlarına qoydular. Vahabın fikri ayrı yerdə idi, fərqinə varmadı. Uşaqlar siqaretə ləzzətlə qullab vurub tüstünü ciyərlərinə çəkir, güzgüdə baxışırdılar. Ətrafdakı cəlbedici mənzərələr Vahabı heyran edir, arada fotoaparatını sazlayıb çıqqaçıq şəkilləri çəkirdi. Dərədən axan və arxada Minkənd çayına qovuşan Şəlvə çayının zümzüməsi gəlirdi. Sıx meşəli uca dağların bir-birindən fərqli, ecazkar görüntüsü valehedici idi. Qüruba doğru əyilməyə başlayan günəşin şəfəqləri düz maşının şüşəsinə vurur, sürücünün gözünü qamaşdırırdı. Yol get-gedə daha təhlükəli yerlərdən keçir, qonaq sarısını udurdu. Arada bir neçə dəfə maşından düşüb insanı bayıldacaq dərəcədə gözəl görünən mənzərələrə dörd gözlə baxan Vahab dedi:

-Əla..! Əladu. Alə, mən niyə buralara gəlməmişəm əvvəllər?! Yol var ki... Olsaydı, çoxdan gəlmişdüm... Gözəl... Gözəl... Bütün qəzetlərə, jurnallara verəcəm, - deyirdi.

Bülövlük balaca kənddi. Ətrafını saran təkrarsız gözəlliyi, uca dağların ovcuna sığınmış, süsü, ecazkarlığı baxanı heyran qoyan, hər tərəfində göz kimi dumduru bulaqlar qaynayan, min cür rənglə bəzənmiş çəmənliklərində arıların bulud kimi uçuşduğu kənd balı ilə məşhurdu. Onlar kəndə axşamüstü çatdılar. Hava hələ tam qaralmamışdı. Kamran bəy qonaqları gülər üzlə qarşıladı. Yumruqlarını boks döyüşçüsü kimi tutub gah Nəslixanın, gah da Teymurun qarnına bir iki yüngül yumruq ilişdirdi:

- Əyə qardaşoğlu, hardasınız, ayə? Niyə belə gec-gec görükürsünüz? Nəsi, sən Allah, arada gəl, bir Əliyə çıxax. Yaman göylüm isdiyir. Həm də bir qol-qıçəmi açım, kütürrəşməsin, çıxax, yuxarıların da havasını alax - dedi, sonra qonağa işarə edib, - qonağımız şəhər adamına oxşuyur, - deyə əlavə etdi.

- Hə, Kamran dayı, qəzetdən gəlib, mənzərə şəkilləri çəkəcək. Bir də əmək adamlarının şəklini, - dedi Nəslixan.

Kamran bəy uşaqlarına işarə eləyib evin arxasındakı ağıldan kök bir toğlu gətirtdi. Başını kəsib cəld aşmarladı. Uşaqlar şişləri gətirdilər. Kömürü iri, iyirmi-otuz şiş tutan manqala doldurub alışdırdılar. Elə cəld və ustalıqla işləyirdilər ki... Bir saata artıq şişə çəkilmiş ət manqalın üstündə cızıldayır, kababın iştahaçan qoxusu ətrafa yayılırdı.

Süfrə arxasında qonaq artıq siqaretə olan dözümsüzlüyünü unutmuşdu. Nəslixan Teymurun qulağına Vahab eşidə biləcəyi tərzdə pıçıldayıb:

- Temi, bilməzsən, o arvad məsələsindən söz açarsan haa, birdən. Kişi bilsə, bizi odluyar. Qoy qalsın, - dedi.

Vahab qorxuya düşdü. Nəzərlərini gah Teymurun, gah da Nəslixanın üzündə gəzdirib sanki susmaları üçün yalvardı.

Ortalığa tünd tut arağı qoyulmuşdu. Az sonra tamam dəm olan Vahab birdən:

- Alə, Kamran bəy, diyillər, süzün üç arvaduuz var. Hanı bəs, burda bircə arvaduuz hərlənir axı, - dedi.

Kamran bəy sözü göydə tutdu:

- Ay müxbir, bınnar yalançinin biridilər, mənim dörd arvadım var. Burda biridi, biri şəhərdəki evimdədi. İkisi də dərənin o tayında evim var, orda qalır,- dedi. Teymur onun dizini basıb:

- Müəllim, sus. Burda söhbəti açsan, yeməyimiz burnumuzdan gələjək. Bəy yaman pis baxır bir arvatdı kişilərə, - dedi.

Vahabın köpü tez yatdı. Uşaqlar siqaret çəkmək üçün çölə çıxanda Kamran kişi də onlarla çıxdı. Yolda olan əhvalatın ucundan-qulağından danışdılar. Qonaq sərxoş olduğuna görə Kamran bəy söhbətin ardını səhərə saxladı.

Səhəri gün Vahabı götürüb bütün gözəl mənzərəli yerləri gəzdilər. Vahab Kamran kişinin də bir neçə pozada şəkillərini çəkdi. Axşamüstü Kamran bəy:

- Nəsi, mən də siznən gedəjəm. Soora maşın düşmür. Yollar da xaraf. Şoferrər çətin gedir bı yolu. Sən maşının ətini yeyib sürürsən. İyidsən, Vallah, heş nəyə baxmırsan, - deyib yenə onun qarnına bir-iki yüngül yumruq ilişdirdi.

Kamran bəy qonaq üçün iki ədəd bal dolu çərçivə götürüb bükərək bir torbaya qoydu və “bı, qonağın payıdı”, - dedi.

Maşına sarı gedəndə Teymur qonağın dodağı altında “bu ğada baldan maa verdiyinə bax. Yarısı taxta, yarısı da mum”, dediyini eşitdi.

Artıq bir saata qədərdi yol gedirdilər. Hava alatoranlayırdı. Kamran bəy qəfildən soruşdu:

- Ay müxbir, axşam o nə sualdı maa verirdin? Nejə yanı bınnar deyir, sənin üç arvadın var? Bəyəm mənim kimi kişinin üç arvadı olar? Dörddü, sən öl.

Vahabın qanı qaraldı. Güzgüdə gah Nəslixana, gah da yanında oturan Teymura ani nəzər salıb söhbəti təzələmək istəmədiyini bildirdi.

Ancaq Nəslixan özünü gözməməzliyə vurub birdən:

- Kamran dayı, axşam evdə qanını qaraltmaq istəmədim, vallah. Ancax maa belə gəlir ki, bilməyin yaxşıdı. Taa iş işdən keçib, onsuz da geri qayıdırıx. Bu kişinin, Vahab müəllimin bir arvadı var, - dedi.

Kamran bəyi elə bil ildırım vurdu. İkiəlli şappıltı ilə dizinə vurub:

-Bayy, nə danışırsınız, ayə? Nejə yanı bir arvadı var? Bə bı kişi neçə illərdi neyliyirmiş? Nə avara adamıymışsan, əə, sən… Niyə maa axşam deməmisiz? Heş indi siznən yola da çıxmazdım. Mənim bir arvatdı kişiynən yola çıxmağımı görmüsüz, indiyəcən?

-Yox, - deyə uşaqlar ikisi də birdən dilləndi.

- Müəllim, niyə belə boşluğ eliyifsən? Axşəm elə bil sümüyüm duymuşdu, ancax özümü o yöndə qoymadım, dedim, qonaxdı.

Danışa-danışa birdən Kamran bəy bağırdı:

- Ayə, ayı, ayı! Nəsi, maşını saxla. Maşının işığını söndür. Bilirsən daa, ayı maşın işığına nejə ləjdi.

Nəslixan dərhal motoru söndürüb maşını saxladı. O da, Teymur da tez şüşələri qaldırıb həyəcanla pəncərədən ətrafa baxmağa, guya ayının ha səmtdə olduğunu bilməyə çalışırdılar. Vahabın qorxudan ürəyi üzüldü.

- Bir arvatdı kişiynən yola çıxanda belədi daa. Qaramat kimi bəlaya tuş olmasax, yaxşıdı, - deyə Kamran bəy lap yavaşca pıçıldadı, - Yaxşı ki, qavağımıza əjdaha-zad çıxmır, - dedi.

Maşının içərisini ölü bir sükut bürüdü. Vahabın ürəyinin döyüntüsü qulağına gəlirdi. Bir neçə dəqiqə gözləyib yenə yollarına davam etdilər. Yenicə getmişdilər ki, Kamran bəy yenə bağırdı:

- Ayə, bir dayan, dayan görək, ay Allah öyünü tiksin! Bı nə iş idi biz düşdük? Neçə ildi bı yolları gedirik, heş belə şeyə irast olmuşduz?

Nəslixan qorxa-qorxa:

- Kamran dayı, diqqətim yoldadı, görmədim, nooluf? - dedi.

- Ayə, o yekəlikdə qabanı görmədiz? And olsun Allaha, maşına cumub dişini ilişdirsə, təkərlərin hamısını deşik-deşik eliyər. Di qal, gejə vaxtı bı dağın təpəsində.

Nəslixan yenə də sürəti azaldıb həyəcanla ətrafa baxdı. Teymur Vahaba qısılıb “qorxudan” titrəyirdi. Kamran bəy öz-özünə danışırmış kimi:

- Hammısı bı bir arvatdının əyağınnandı. Allah da götürmür belə şeyləri. Hələ avariya eləməsək, yaxşıdı, - dedi, sonra üzünü Vahaba tutub, - müəllim, bəs demirsən, sən öləndə dörd tərəfində kimin saçını bağlıyajaxlar bir-birinə? - deyə soruşdu.

Vahabın quyunun dibindən gəlirmiş kimi zəif səsi eşidildi:

- Dayı, vallah, baş açmadım, nə diyirsüz?

- Müəllim, kişi öləndə gərək onun arvatdarı meyitin dörd tərəfini saçlarını bir-birinə bağlıyıf əhata eliyə, ağlaşə. Camaat da baxıb onnara, ağlaşə. Bir arvad nə yas məclisi aparajək? Ona yazıx döyülmü?--deyə Kamran bəy yenə Vahabı qınadı.

Nəslixan:

- Kamran dayı, daha iş işdən keçib ee, sağ-salamat çatax mənzil başına, sorası Allah kərimdi, - dedi.

Birdən qəfil yola çıxan və maşının fənərlərinin işığı gözünə düşmüş bir dovşan təkərin izinə sindi. Kamran bəy təəssüf və qəzəblə əllərini maşının “bardaçok”un üstünə çırpıb:

- Allah evini tiksin, ay kişi, dovşanın da bir arvadı var, sənin də! - dedi.

Qəfildən Vahabın doluxsunmuş və üzrxahlıq edirmiş kimi qısılmış səsi gəldi:

- Siz Allah, məni bağışlayun, mən eşşək olmuşam! Mən qanmamışam. Mən nə bilim ki, belə olur. Qoy gidim Bakıya, məsələni həll eliyəcəm, günahımı yuyacam.

Tərəfdaşlar artıq çox ağ etdiklərini düşünüb daha uzatmadılar. Ancaq susmağı çox çətin bacardılar. İçlərindən püskürmək istəyən dəli gülüşü zorla saxlamışdılar.

Səhəri gün qonaq :

- Qubadlıya getməliyəm. Məni aparıb ora qoy, qayıt, Nəsirxan, - dedi.

Nəslixan Vahabı maşınla gətirib şəhərdən on kilometr aralı Ağayunus kəndinin dərəsində, Turşsu pavilyonunun yanında qoyub:

- Bura Qubadlıdır, - dedi, - bir az gözlə, şəhərə gedən avtobus indicə gələjək.

Vahab pavilyondakılardan öyrəndi ki, bura Qubadlı yox, Laçın rayonu ərazisidir. İki saat sonra Qubadlıya gedən avtobus ordan keçəndə əlini yelləyib saxlatdı və rayona yola düşdü.

P.S. Ermənilər Laçını işğal edəndə Kamran bəy arı dəflərini, təsərrüfatını, kəndini tərk etmədi:

- Erməni nə karadı ki, qavağınnan qaçım, - dedi, - ölsəm, elə bırda öləjəm.

Ona baxıb iyirmi iki yaşlı oğlu İmamverdi də dədəsini tək qoymadı, kənddə qaldı. Aradan bir müddət sonra rayon tam işğal olundu. Nə mKamran bəydən, nə də oğlundan bir xəbər çıxmadı. Bakıda kiçik bir otağa sığınıb qalan arvadı Balış dözməyib özünü asdı.

# 5184 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #