Qorxma, məmələrin bitir – ROMANDAN PARÇA

Qorxma, məmələrin bitir – <span style="color:red;">ROMANDAN PARÇA
9 dekabr 2016
# 14:48

Kulis.Az Bircənin “Cəhənnəmdən keçmiş mələk” romanından növbəti parçanı təqdim edir.

Cəhənnəmdən keçmiş mələk

Avtobioqrafik roman

əvvəli burada

On üç yaşıma çatmışdım, ancaq hələ də nə bir dostum, nə bir sirdaşım vardı. Evimizin arxasından böyük bir su arxı keçirdi, dərslərimi, ev işlərimi bitirən kimi özümü verirdim o arxın qırağına. Oralar daim irili-xırdalı tısbağalarla dolu olardı. Onlarla oynamaqdan zövq alardım, birini tutan kimi qalanları şappıltıyla özünü suya atardı.

Bir gün Şura baba dediyimiz qoca kişi tısbağalarla oynadığımı gördü. Mənə dedi ki, tısbağaların qaçmasını istəmirsənsə, onları arxası üstə çevir. O gündən pusquda durdum, sudan çıxan tısbağaları bir-bir arxası üstə çevirdim. Gecələr nənəm nə danışırdısa, heç biri yadımda qalmırdı, fikrim-zikrim tısbağaların yanındaydı. Bu gedişlə cəmi üç günə 75 tısbağa tutmuşdum. Oturardım onların arasında, onlara konsert verərdim, onlarla dərdləşərdim. Hamısını da qız tısbağa hesab eləyərdim (heç bu gün də bilmirəm ki, tısbağanın erkəyini dişisindən necə ayırmaq olar), çünki nənəm beynimə yeritmişdi ki, mən ancaq dişilərlə oynaya bilərəm.

Demə, Hakim mənim tez-tez evin arxasına keçməyimə göz qoyurmuş. O, qəfildən üstümü kəsdirib mənim tısbağa fermamı görəndə elə bil yay səmasında ildırım çaxdı. Qardaşım necə qışqırdısa, yaxın-uzaq hamı başımıza yığıldı. Hakim dəli kimi o yan-bu yana qaçır, hamını köməyə çağırır, tısbağaları bir-bir suya atırdı. Mən nə baş verdiyini anlamırdım. Bir anda kəndin yarısı mənim tamaşama yığıldı. Özumu vurdum yerə, toza-torpağa buladım. Başa düşə bilmirdim ki, bunlar mənim bu qədər doğmalaşdığım dilsiz-ağızsız məxluqları niyə belə həvəslə suya axıdırlar.

Az keçmiş nənəm camaatı yarıb mənə sarı gəldi, “bu heyvanların ahı səni tutacaq” deyib biləyimə əl atdı, məni də götürüb gəldiyi kimi dinməzcə öz komasına üz tutdu. Sonra anladım ki, neçə gündü tısbağaları dalıqatda saxlamaqla onları ac-susuz qoyurmuşam.

Axşam Hakim qardaşım mənə məhkəmə qurdu. Boğazının damarları partlaya-partlaya and içmədiyi ocaq, övliya qoymadı, dedi, tezliklə Allah baba məni ağır cəzalandıracaq. Mən nənəmin həyətdəki taxtında oturub qorxudan tir-tir əsirdim. Qardaşlarım, əmim oğlanları dövrə vurub mənim məhkəməmi maraqla izləyirdilər. Mən bu erkək sürüsünə məğlub olmuşdum, həmin anda o bir həyət oğlanın hamısı birdən ölsəydi, sevincimdən qol götürüb oynardım. Hakim ağzı köpüklənə-köpüklənə cəzamı üzümə oxudu: mənlə yaşıd əmim oğlu ovcumu açacaq, o da yanar şamı əlində tutub, əriyən mumu mənim ovcuma damızdıracaq. Mən dəhşətdən bağırırdım, kəlləmə çıxmış gözlərimi göyə tuşlayıb Səndən imdad diləyirdim.

...Günü bu gün də kimsə məni incidəndə göyə baxıram, Dostum, Sənin üzünə baxıram...

Harayıma nə yerdən, nə göydən gələn oldu. Əmim oğlu barmaqlarımın düyününü açdı, qardaşım fatehlər kimi irəli yeriyib yanan şamı ovcuma damcılatdı, sonra da məni sürüyüb nənəmin ayaqlarının dibinə atıb qapının cəftəsini vurdu.

Bu arada deyim ki, cəza mən düşündüyüm kimi dəhşətli olmadı, şam əlimi yandırmadı. Sadəcə, o vəhşi erkək sürüsünə uduzmağım məni yandırırdı...

***

Səhəri sinəmdəki bir cüt balaca çibanın ağrısıyla açdım. Tərpənə bilmirdim, elə bilirdim indicə öləcəm, “ay ürəyim” deyib dad döyürdüm. Dərsə də gedə bilmədim. Nənəm naçar qalmışdı, bilmirdi mənə nə çarə eləsin. Əvvəlcə mənə cəftə suyu içirdilər. Sonra nənəm fağır qonşumuz Mahmud dayıya dərin bir quyu qazdırıb məni torpaqdan keçirdi. Faydası olmadı. Qardaşım and-amanla hamını inandırmağa çalışırdı ki, məni tısbağaların ahı tutub. Nənəmin özü kimi quruyub əprimiş bacısı bütün övliyalara and içdi ki, məni gədələr (yəni qardaşlarım) qorxudublar, bunun da dərmanı qonşu erməni kəndindəki kilsədədi. Bir sözlə, məni erməni kilsəsinə aparıb murdarlamaq lazımmış. Belə şeylərə çox da inanmayan nənəm mənim sağalmağım xətrinə razılaşdı.

Anamınsa tükü də tərpənmirdi. Mən əllərim çibanlarımda sızıldayıram, nənəm də başını itirib – elə bu haldaca əmim bizi qonşu erməni kəndinə apardı. Kilsədə başıqırxıq saqqallı keşişlə bir arvad başıma yüz oyun açdılar. Mənə hisli-paslı eybəcər qablarda su içirdib nənəmə qaytardılar, arvadı arxayın saldılar ki, uşağın azar-bezarı sabaha keçib gedəcək.

Nənəmin bu kənddə Asya adlı bir dərzi bacılığı vardı, nənəmə yaxşı paltarlar tikərdi. Qalan parçadan da mənim əynimə yubkalar, sarafanlar biçərdi. Qayıdanbaş nənəm əmimə göstəriş verdi ki, sür Asyagilin qapısına, gəlmişkən paltarımı da götürüm...

Asya nənəmlə mehriban görüşüb hardan gəldiyini soruşanda nənəm əyilib onun qulağına nəsə dedi. Öz növbəsində Asya da nənəmə nəsə pıçıldadı. Nənəmin heyrətlə necə içini çəkdiyi bu gün də qulaqlarımdan getməyib. O, Asyadan paltarını alıb suyu süzülə-süzülə maşına qayıtdı, oturan kimi sevincək qulağıma sarı əyildi:

- Qorxma, heç nəyin yoxdu, məmələrin bitir.

Elə bil qulaqlarımdan içimə bomba düşdü. Mən yetişkin qız döşlərini 11-12 yaşlarımda qonşumuz Sevdada görmüşdum. Qardaşlarımdan biri onu alar deyə Sevda daim bizə can atardı. Hərdən də nənəmə yalvarıb məni aparardı öz hamamlarına. Buna hamam da demək olmazdı, balaca, qaranlıq bir tikiliydi. Böyük bir çəlləyə hardansa isti su tökülürdü. Sevda bir alüminium qazançayla o sudan götürüb həm öz başından axıdar, həm də məni nəvazişlə çimdirərdi. Bu qara saçlı, dolu bədənli göyçək qız hər dəfə başımı sabunlayanda gözlərimi bərk-bərk yummağı tapşırardı. Amma mən həmişə gözəl Sevdanı aldadardım, sabunlu isti suyun altından gözlərim yana-yana onun dolu, yetişkin, yupyumru məmələrinə baxardım. Sonra da tezcə öz taxta sinəmə göz gəzdirərdim, içimdən möcüzəli bir titrəyiş keçərdi. “Bəs mənim məmələrim nə vaxt belə olacaq?” deyə köks ötürərdim. İndi nənəmdən bu sözü eşidəndə bir anlıq beynimdən keçdi ki, görəsən o gözəl məmələri sinəsindən asılınca Sevda da belə əzab çəkib?..

Əllərim çibanlarımın üstündə bütün yolu nənəmə yalvardım ki, evdə heç kimə heç nə deməsin. Nənəm məni dilə-dişə salmadı, evə çatanda bir batalyon kişini inandırdı ki, mən eləcə qorxmuşam, kilsədə qorxuluğum götürülüb. Üstəlik də qardaşlarıma, əmim oğlanlarına bərk-bərk tapşırdı ki, özümə gələnəcən mənə yaxın düşməsinlər.

Bundan sonra hamıdan qaçmağa başlamışdım. Daha evimizin arxasına keçmirdim, sevimli bacılıqlarım – tısbağalarım tərəfə gözümün ucuyla da baxmırdım. Elə bilirdim bu bəla onlardan gəlib mənə.

...Dostum, yadımdaykən deyim ki, illər sonra mənim bir uşağımın tələf olmasına da bir tısbağa balası səbəb oldu. Zamanı gələndə bunu da nağıl eləyərəm...

Əllərimi çibanlarımın üstündən çəkə bilmirdim, dərslərimi güc-bəlayla oxuyurdum. Daha başqa bir iş görmək gücündə deyildim. Ona qədər sinfimizin də, məktəbin də gözü sayılardım, hamı biliyimə heyran qalardı. Böyük qardaşlarım hansısa tapşırığı əzbərləyəndə bircə dəfə onlara qulaq asmaqla həmin mətni beynimə yazardım. Anamsa mənim yaxşı oxumağımdan qətiyyən xoşlanmazdı. İpdən yığdığı qucaq-qucaq paltarı nənəmin otağına gətirib çarpayının üstünə tökərdi:

- Dur bunları ütülə! Kitab-dəftəri tulla bir qırağa, onsuz da heç kim səni oxumağa qoymayacaq.

Beləcə, mənim körpə xəyallarımı palçığa bulayıb çıxardı. Mənsə balaca canımla xəyallarımın müdafiəsinə qalxardım:

- Baxarıq! Görərik! Mən oxuyacam!

...Dostum, bəri başdan deyim ki, anam bu savaşdan qalib çıxdı...

Mən içimdə sınıq-salxaq arzular, nənəmin təmiz komasında, nənəmin cehiz gətirdiyi ağır daş ütüylə gücənə-gücənə bir topa paltarı ütüləyib yığırdım. Sonra qardaşlarımın palçıqlı ayaqqabılarını yuyub kremləyirdim. Bu işləri görə-görə gündə azı yüz dəfə məni qız yaratdığı üçün göylərə nifrin yağdırırdım.

Hər gün bir az da şişən çibanlarımsa getdikcə daha çox sızıldayır, zoqqultusu başıma vururdu. Hərdən məni həyət-bacada gəzişən görən Hakim qardaşım “düz yerimə, belini əy, get jaket geyin” deyib bağırırdı. Görünür, çibanlarım artıq gözə girməyə başlamışdı. Anam yenə məni buyurmaqdan yorulmurdu, nənəm də öz tövrüylə məni qandırırdı ki, bütün bunlara dözməliyəm. Tək əyləncəm fürsət düşən kimi nənəmin qəlyanını sümürmək idi. O uzunquyruq qəlyanın tütünü necə dadlı olurdusa, ağzımdan tənbəki dadını qaçırmayım deyə heç nə yemirdim. Qardaşlarımdan, ya əmilərimdən biri məni öpəndə tütün iyi alardısa, o tənbəkinin tüstüsü burnumdan gələrdi. Vay o gündən ki, bunu Hakim biləydi – o dəqiqə məhkəmə qurulardı. Neçə dəfə həyətimizdəki tut ağacından asmışdı məni. Doğrudu, kəndiri həmişə belimə bağlardı, ancaq mən yenə də qorxudan əsərdim, elə bilərdim indicə məni öldürəcək.

Bir dəfə Hakim hətta itimizin zəncirinə də bağlamışdı məni. Günlərin birində hansısa kitabdan Buhenvald faşist düşərgəsində baş verənlər haqqında oxuyub sarsılmışdım. Böyük bir ağ kağıza “Bura Buhenvalddır, mən də oranın əsiriyəm” yazıb darvazamızdan asmışdım. Bax elə onda qardaşım Hakim məni it zəncirinə vurmuşdu ki, bax gör Buhenvald necə olur...

ardı var

# 2778 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #