Mübariz Örənin yeni povestindən BİR PARÇA

Mübariz Örənin yeni povestindən <span style="color:red;">BİR PARÇA
13 iyul 2016
# 08:30

Bu gün imzası ədəbi aləmdə yaxşı tanınan yazıçı Mübariz Örənin doğum günüdür. Kulis.Az bu münasibətlə yazıçını təbrik edir və onun yeni qələmə aldığı “Ağ buludlar” povestdən bir parçanı yayımlayır.

Şəhərin iyirmi beş kilometrliyində, Sadomor qəsəbəsinə bitişik meşəlikdə Müqəddəs-göl deyilən yer var. Qəsəbə tərəfdən getsən gölün baş tərəfində, lap qəlbidə yarıuçuq daş sütunlar görərsən, – bir vaxtlar Buxara, Kazan, Qafqaz tərəflərdən gəlmiş Müqəddəslərin əzəmətli mülklərinin qalıqlarını...

İndi o dikdə Qocanın “Apollon otel”i yerləşir.

Əvvəllər Sadomora tez-tez gələrdi, hər ay olmasa da, iki aydan, üç aydan bir yolu bu qəsəbədən düşərdi. Amma heç vaxt ağlına gətirməzdi ki, onun əsgər yoldaşı Tatar bu qəsəbəli olar. Bir dəfə sırf təsadüfdən rastlaşmışdılar, – qıçaları qırılaydı kaş onunla rastlaşdığı yerdə! – broyler fabrikinin çıxışında üz-üzə gəlmişdilər.

– Sən hara, bura hara, svoloç! – Əsgərlikdə heç yola getməzdilər. Sözləri tez-tez çəp düşərdi, tutaşıb-yaxalaşardılar. Çəkişməsən bərkişməzsən, düz sözdü, sonradan elə bərk dost olmuşdular ki...

Yüz illərin həsrətlisi kimi görüşdülər, sarmaşıb qol-boyun oldular.

– Elə bilirdin əlimdən qaça bilərsən?! Vot! Yox, bu işi belə qoymaq olmaz. Mütləq yumaq lazımdı. – ilk dəfə Savçenkonu onda gördü, boydan balaca, tökməbədənin biriydi, Tatar onu Malış çağırırdı, – Malış, tez çap Qocanın yanına, de hamamı qalasın, qonağım var.

Dil qəfəsə qoymurdu Tatar, ağzını açıb bircə kəlmə deməyə imkan vermirdi. Sifətinə zəndlə baxıb təkrar-təkrar sinəsinə basırdı: – Hə, svoloç, de görüm, burda nə itin azıb sənin? Toyuq lazımdı? Nə qədər lazımdı? Gəl bir görüm dalımca, – bir çiynindən tutub darta-darta birbaş fabrik direktorunun kabinetinə aparmışdı onu. Zoya Qalimovnanın!

Kimin ağlına gələrdi Zoya Qalimovna kimi hökmlü, zəhmli-zabitəli qadın Tatarın arvadı olar. Dikdabanının səsi on beş hektarlıq fabrikin o başından gələndə bu başında işçilər zağ-zağ əsirdi, – elə müştərilər də, – siçan deşiyini satın alırdılar. Onun icazəsi olmadan fabrikin həndəvərindən quş quşluğuynan uça bilməzdi. Düzdü, tam arvadı da demək olmazdı, yaşca Tatardan çox böyük olardı Zoya Qalimovna, amma bir yerdə yaşayırdılar, – ər-arvad kimi.

- Zoya, heç bilirsən bu kimdi? Sənə danışmışdım ha, əsgər yoldaşım... Həmin svoloçdu.

O vaxt toyuq əti qıt, qəhət idi ölkədə, belə broyler fabriklərini barmaqla saymaq olardı. Nəinki toyuq əti, Sovetin dağılan vaxtı əksər ərzaq dükanları, qastronomlar boş idi. Camaat “Buş budları”nın ümidinə qalmışdı. Bir “Kamaz” toyuğu apar şimala, ver qastronomun qabağına, bircə saatın içində “əriyib” yoxa çıxacaqdı. Qiymət soruşan yox idi, nə gətirsən göydə qapırdılar. Di gəl, toyuq hardaydı. Əlində nağd pulu, hazır müqaviləsi ola-ola, olurdu günlərlə, hətta həftələrlə qalırdı Sadomorda, hər səhər boynunu büküb fabrikin qapısını kəsdirirdi, bəlkə beşcə ton toyuq ala bilsin, ala bilmirdi. İtin birini bağlamışdılar fabrikin satış şöbəsinə, Alabaşoviçi, – özü yandığından Alabaşoviç deyir, əslində kişinin dədə adı Alibaşiroviç idi, Talqat Alibaşiroviç, – gedən-gələni it kimi tuturdu. “Yoxdu! Kəsim yoxdu! Toyuq yoxdu! Əl çəkin yaxamnan! Beşcə ton nədi, heç toyuğun beşcə qanadı da yoxdu! A balam, mən kiməm, gedin, xarabanın yiyəsi var, onnan soruşun!..”

Satış şöbəsinin qapısını da təpiklə açmışdı Tatar.

– Keç görüm, – qabağına qatıb içəri itələmişdi onu, heyrət içində donub qalmış Alabaşoviçə tutmuşdu üzünü, – Karoçe, Talyan, bu cavan oğlanın maşınını ağzınacan doldurursan ətnən, bildin? Mənlikdi.

Sonradan bildi ki, Tatar yerli bandit qruplaşmasının başçısıdı. O vaxt Rusiyanı “oğru”lar idarə edirdi, ən böyük zavodlar, fabriklər banditlərin nəzarətində idi.

Yük dolu maşın fabrikin ərazisindən çıxıb ağır ləngərlə yola düzəldikdən sonra – on altı tonluq “Kamaz” o qədər yüklənmişdi ki, ressorları tərsinə əyilmişdi – özləri də içkiylə, yemək-içməklə “yüklənib”, qəsəbənin sütül qızlarından da maşın tutduqca götürüb – Tatarın barmağının bircə işarəsi bəs elədi ki, bir “qoşun” qız kablukları buz bağlamış asfaltı taqqıldada-taqqıldada, qaqqıldaşa-qaqqıldaşa gəlib doluşsun maşınlara, – birbaş qalxmışdılar həmən o daş sütunlar ağaran yerə. Qocanın gözdən-qulaqdan uzaq sakit “iqamətgahına”.

Daxma desən adamın dili quruyar, dikin başında, daş sütunların beşcə addımlığında pəncərəsi Müqəddəs-gölə açılan – bir pəncərəsi də evin arxa tərəfiylə “qaçan” Tura çayına baxırdı – bir evdi Qocanın evi. Köhnəlib qaralsa da öz möhkəmliyini itirməyən yoğun bruslardan tikilmiş yaraşıqlı bir ev. Nə sirri-xudaydısa ayaq basdığı andan ruhuna olmazın rahatlıq gətirmişdi həmən ev. Heç bir simmetriyaya, ölçüyə sığmayan qədimi yığcam tikilinin ətraf təbiətlə yaratdığı ahəng sinəsinə yağ kimi yayılmışdı, iliyinəcən işləmişdi, – ana qucağı təki doğma, mehriban, ata qoynu kimi güvənli gəlmişdi ona o “taxta saray!” Bir dəfə yaşayıb yaxşıca unutduğu qayğısız, məsud çağlarını andırmışdı.

Məxməri qəriblik hissi, hə, doğma qürbət – belə də olur!

Hər addımda ayaq saxlayıb rabitəsiz, dağınıq – amma xoş, qənimət! – yaddaş qırıntılarını yığıb ipə-sapa düzmək, illərdi həsrətində olduğu işığa, nura təzədən bələnmək istəmişdi, olmamışdı; iynə ulduzu boyda xatirə işartıları adda-budda közərib anındaca yox olurdu...

İki bir-birinə zidd aləmin çulğaşdığı qəribə bir havası vardı o yerin. Gülən olmasa, deyərdi, bəlkə elə iki dünya arasıydı. Evin arxa tərəfiylə axan Tura çayı da bu iki dünyanın sərhədiydi – iki dünya qovuşağı! Qəribə bir kif atmış sükunəti, ətaləti vardı. Heç bir “canlı” ruhu, hətta xatirələri belə, yaxınına buraxmırdı. Havasına qatmırdı. Bir vaxtlar əzəmətli daş səltənətin indi xarabazara çevrilmiş dağıntılarına gözətçilik edirdi. Qəlbidən əl içi kimi görünən Müqəddəs-gölün sahilindəki yarıuçuq məbədin, onun həyətində illərdi qar-yağış altında qalıb torpağa baş əymiş, ot-əncər içində it-bat olmuş tənha qəbir daşının keşiyini çəkirdi.

Qeyri-adilik hər addımda, hətta adi olmalı olan yerdə belə özünü göstərirdi. Nəhəng, qollu-budaqlı Qaraşam ağacının qoynunda çardaqlanmış “ilanlı” eyvanın məhəccəri taxtadan elə usta işlənmişdi, sanki indicə sürüşüb-düşüb, qıvrılıb-açılıb adamın boynuna sarılacaqdı. Qalın lay taxtadan düzəlmiş pilləkənin başında yuxarıdan iki əcaib məxluq kəlləsi asılmışdı ki, əlini sinəsinə qoyub indi də rahatlıqla deyə bilər: nə o vaxta qədər, nə ondan sonra heç yerdə – nə həyatda, nə kinoda-kitabda, nə də başqa bir yerdə belə məxluqata rast gəlməyib. Lakin onu ilk baxışdan ovsunlayıb əl-qolunu çatılayan nə bu, nə o biri, – Qocanın timsah gözləri kimi soyuq, ifadəsiz gözləri oldu. Hətta bir an ona elə gəldi ki, Qocanın gözləri heç yoxdu, hər iki gözü nə vaxtsa oyulub çıxarılıb, illərdi bağlı qaldığından göz qapaqları bir-birinə tikilib. Yoxsa bu qədər laqeydlik, səbr daraldan etinasızlıq hardan ola bilərdi adamda. Heç elə bil bu dünyadan deyildi o, bu dünyanın zövq-səfası ona yaddı; şəffaf şüşə arxasında dayanıb onların şən-şaqraq gülüşlərinə, ehtiras dolu qiyyə-qışqırtılarına boş-mənasız məşquliyyət kimi baxır. Sanki uzun sürən ömrün nəhayətsizliyi yormuşdu onu. Yormuşdu nədi, lap iyrəndirmişdi. Həyat eşqini, həvəsini əlindən almışdı. Tura çayının kənarında oturub öz axırını – aqibətini səbirsizliklə gözləyirdi Qoca...

“Belə adamlar ölmür, – Qocanı ilk görəndə ağlına gələn ilk fikirdən özü də diksinmişdi, – bir əlçim yun kimi əyrilib, nəzilib sapa dönür.”

“Allah dərdin beləsindən saxlasın: ölmək istə, ölə bilmə!”

– Hamama kim tursikdə girir, ağıllı? – Tatarın hər sözünə qaqqanaq çəkib gülürdü qızlar. Tanımadığı yad adamların arasında Tatarın onunla belə şit rəftarı pisinə gəlsə də, ona ən çox yer eləyən Qocaya qarşı kobudluğu oldu. Babası yaşda kişini uşaq kimi ora-bura buyururdu Tatar, üstünə çəmkirirdi, acıqlanırdı. Qoca da, qəribəydi, yaşına-başına yaraşmayan yüngüllüklə və şövqlə, bəli, şövqlə, onun hər buyruğunu yerinə yetirirdi (müticəsinə və canla-başla!) və bu zaman dodaqlarının qırağına elə bir sirli-bicərək məmnunluq işartısı qonurdu ki, səbəbini O kişidən başqa heç kəs bilə bilməz.

“Cəhənnəmə gedən özünə yoldaş axtarar”

İnsan nə mürəkkəb məxluqmuş, İlahi!

Və nə arsız-abırsız məxluqmuş; əvvəl-əvvəl Qocadan ayıb eləyib hamama qızlarla lüt girməkdən çəkinsə də, onu qarşıda gözləyən birgə çılpaqlığın xoş qıdığı utancaqlığına son qoydu və çox keçmədi lüt-ətcəbala soyunub Qocanın bəh-bəhlə hala gətirdiyi hamamın isti buxarında o da yox oldu...

İlk dəfədən necə xoşuna gəlmişdisə və necə dadanmışdısa, şimalda qərarı tutmurdu, işi oldu-olmadı bilet alıb uçurdu Tümenə. Təyyarədən düşən kimi, aeroport şoferləri də bicləşmişdilər, bilirdilər ki, klient “yağlı” klientdi, yaxşı da pul verəndi, xəfifcə qımışıb sorğusuz-sualsız sürürdülər düz həmən o dikə. Savçenko zarafatca “Apollon otel” deyirdi ora, – yay-qış göm-göy dağ döşündə ağaran əzəmətli sütunlar aralıdan doğrudan da Apollonun Delfadakı məbədinin qalıqlarını andırır. – “Apollon otel”dəki sərbəstlik dünyanın heç bir otelində ola bilməz: yay-qış, nə vaxt getsən bir vur-çatlasın, bir ye-iç, de-gül başlardı, gəl görəsən! Bir də gördün qışın oğlan çağı od kimi hamamdan çıxıb qızlı-oğlanlı lüt-anabülbül sərələndilər qarın üstünə, – yayda çaya cumuşurdular. – O qədər ağnaşıb-anqırışırdılar ki, səs-küyləri ta Müqəddəs gölün o tayında, yerli camaatın çoxdan tərk etdiyi məbəddə əks-səda salırdı...

Nə oyundan çıxsalar da Müqəddəs-gölün suyuna yaxın durmazdılar. Hansısa gözəgörünməz sədd kəsirdi qarşılarını! Yerli camaat hətta əkin-biçinə, mal-qaraya belə verməzdi o sudan; böyük günah sayılırdı. Nə olmaz, niyə günahdı, səbəbini deyən yox idi. Elə deyirdilər olmaz! Bir yol hətta cəhd eləmişdi ki, bu sirrin nədənini soruşsun Qocadan. Timsah gözləri kimi soyuq gözlərini onun gözlərinə dikib susmuşdu Qoca, dodaqlarının qırağı yüngülcə səyrimişdi, vəssalam.

***

Tatarla tapışandan sonra işləri yağ kimi getməyə başladı. “Bundan belə sənin fabrikdə işin yoxdu, – demişdi Tatar, – nə qədər toyuq lazımdı de, göndərim, sat, kef elə...” Dili varsa da, dilçəyi də vardı kişinin. İkicə ilin içində ona o qədər toyuq göndərtdi ki, yığıb pulunu yığışdıra bilmirdi; pul xəzəl kimi tökülürdü başından. Həm də “krışalığını” eləyirdi Tatar, – o vaxt Rusiyanı banditlər idarə edirdi, – bir kopəyoğlu ona gözün üstə qaşın var deyə bilməzdi. Amma nə xeyri, ya vəlvələdən, ya zəlzələdən, iki ilə yığıb topladığı var-dövlət bircə həftənin ərzində “pırr” eləyib əlindən çıxdı. O boyda sığorta şirkətini – “Nasko”nu – bircə gecənin içində “avqust defoltu” vurub müflis elədi. Yerdə qalanını da gözünə döndüyüm Elistalı qoçaq sildi-süpürdü apardı.

Bu qərib fevral gecəsində Savçenkodan ayrılıb zülmət meşəyə üz tutması səbəbsiz deyildi: Qocanı görmək istəyirdi! Ürəyi partlardı həmin gecə Qocanı görməsə. Neçə vaxtdı gölün içindəki bulud özü boyda kölgəyə çevrilib qarabaqara izləyirdi onu. Günü göy əskiyə bükülmüşdü. Gecələr yuxusuna girib ruhunu, vücudunu səhərəcən gəmirirdi. Dağ boyda heybətli məxluqa dönüb qarasınca qaçırdı, qovub-qovub onu qaranəfəs edirdi. Hər dəfə ölümün bircə addımlığından qayıdırdı, güclə ayılırdı, – həmin gecələrin birində yuxusundan hövlnak qalxıb seyfin qapısını taybatay görmüşdü, – lənətlənmişdi elə bil! Nəyə əl atırdı, əli boşa çıxırdı. Hara gedirdi, o yer mütləq qurumalıydı. Bədlik bədlik dalınca! İndi də bu, – Tatarın ölümü. Düçar olduqları bu lənətin nədənini bilmək istəyirdi. Ona elə gəlirdi ki, hər sirdən agahdı Qoca, – hər şeyin səbəbini o bilir, – və hər şeyə qadirdi; düşdüyü bu uğursuz yoldan xilas olmaq istəyirdi...

Nə idi axı onun günahı?! Nə baş vermişdi həmin o may gecəsi?!

Qəsəbədən təzə bir qız gətirmişdi Tatar. Toppuş, qarayanızın biriydi. Qoyun gözləri kimi hissiyyatsız, ehtirassız – ölü gözləri vardı. Heç kimə qaynayıb-qarışmırdı, kənarda dayanıb baş verənlərə sakitcə tamaşa eləyirdi. Qızın qolundan tutub kobudcasına ona sarı dartmışdı Tatar və irişə-irişə, tanış ol, demişdi, hazır yemdi, qorxma, öz atası “görüb işini”.

Çaşqınlıq içində quruyub qalmışdı: necə yəni öz atası?!

Tatarın sifətində elə bir “bicərək” işıq peyda olmuşdu ki, eynən Qocadakı kimi, eyni vaxtda hər ikisinə, həm Tatara, həm Qocaya qarşı ikrah hissi yaratmışdı. Durduğu yerdə bütün hissi-hissiyyatı ayaqları altında göllənmişdi. Öz-özünə toxtaqlıq verib ha sakitləşməyə çalışsa da xeyri olmamışdı. “Rədd olun burdan hamınız!” – birdən-birə özündən necə çıxmışdısa, hisslərinə yiyə dura bilməmişdi, əlinə keçəni dörd tərəfə tolazlayıb bağırdıqca bağırmışdı. – “Oğraşlar! Binamuslar! Qəhbələr! Rədd olun hamınız burdan!”

“Sən də rədd ol, qoca şamtutan!” – sonda fağır Qocanı da söyüb batırmışdı...

“Yalansa onu fağır ilan vursun”.

Həmin gecə səhərəcən gözünə yuxu getməmişdi. Yerində qıvrıla-qıvrıla qalmışdı. Hansı üzü üstə çevrilsə də qızın “qoyun gözləri” gəlib dayanmışdı gözləri önündə. Dan yeri sökülhasöküldə təmiz havaya çıxıb Müqəddəs-gölə tərəf getdikdə isə... riqqətdən sinəsi şiddətlə qalxıb-enməyə başlamışdı; dörd bir tərəfi göm-göy meşəliklə əhatələnmiş göl sanki canlı idi! Vaxtı yetişmiş hamilə qadın kimi bətnində gəzdirdiyi və ona olmazın ağrılar verən yükdən azad olmaq istəyirdi! Üzdən sakit görünsə də içdən burum-burum burulan göl sanki indicə dil açıb danışacaqdı; illərdi sinəsində, “qarnında” gəzdirdiyi müdhiş bir sirrin üstünü nəhayət ki açacaqdı!.. Gölün sahilindəki qədimi məbədin üstündə bir topa tutqun bulud asıla qalmışdı. Suda qərq olmuş balasını fırtınalı dənizin sahildə gözləyən zavallı ata kimi, sanki o da, ayrılıb o yeri tərk edə bilmirdi. Və həmin o qara bulud lam-ləpəsiz gölün üzündə aynadakı kimi əks olunmuşdu.

Ömründə o qaralığında bulud görməmişdi. “Gölün içindəki bulud” ahənrüba kimi dartırdı onu; obaşdanın alatoranında kor kimi əllərini irəli tutub gölə tərəf gedirdi! Onu arxadan çağıran olmasaydı...

“Qayıt!” – Qocanın təlaş dolu səsi sanki yuxudan ayıltmışdı onu.

O-bu, bir də o yerə qayıtmadı.

# 1005 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #