Yazıçılarımızın ilk cümlə kabusu SORĞU

Yazıçılarımızın ilk cümlə kabusu <span style="color:red;"> SORĞU
20 fevral 2016
# 09:00

Markes müsahibələrinin birində deyir ki, birinci cümlə mənim üçün çox önəmlidir, hansısa əsərə başlamaq həddindən artıq ciddi məsələdir.

Dünya ədəbiyyatında elə əsərlər var ki, ilk cümlədən oxucuya zərbə endirir, onu müəmma içində saxlayır. Çox vaxt birinci cümlə bizdə suallar yaradır: Nə olacaq? Bu qəhrəman kimdir? Nəyə görə yazıçı ilk cümlədən kimisə öldürdü? Məsələn, örnək olaraq Alber Kamyunun “Yad” romanındakı ilk cümləyə fikir verək: “Anam dünən ölmüşdü”.

Əslində sadə, adi görünən bu cümlə oxucunu növbəti hadisələrə hazırlayır, onu düşündürür.

Bəs bizim yazıçılar üçün birinci cümlə nə qədər önəmlidir?

Kulis bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Azər Abdulla:

- Markesin birinci cümlə ilə bağlı dediyinə qatılıram. Hər halda bu çox ciddi bir məsələdir. Mən özüm də çox çətinlik çəkmişəm birinci cümləyə görə. Dəqiq hansı əsərimisə deyə bilməyəcəyəm, ancaq bu hallar çox olub. Yəqin ki, birinci cümlə tutarlı olmalıdır, oxucunu özünə çəkməlidir, müəllifi təmin eləməlidir. Başlamaq həqiqətən çətindir. Ancaq mənə elə gəlir ki, bəzən adi cümlə ilə yazını başlamaq olar, əsas onun içidir. Adi cümlə ilə başlayan o qədər ciddi əsərlər var ki dünyada. Mənim ən çox sevdiyim birinci cümləm “Qəmərlidən keçən qatar” əsərimdəndir: “O payız düzü-dünyanı soğan başına götürmüşdü”.

Vaqif Nəsib:

- Birinci cümlə yox, əsərin əvvəli deyək. Girişi tapmaq xeyli vaxt alır, ondan sonra yağ kimi gedir. Elə bil maşın xoda düşür. Mən də bir az bu fərqlidir. Həmişə nəyisə yazmağa başlayanda onun haqqında xeyli düşünürəm, daşınıram, beynimdə hazır olanda oturub yazıram. “Omaroğlunun qayıtması” hekayəmin girişi də belədir: “Dedilər kəndə gəlir Omaroğlu. Tanıyanların içindən bir sazaq kimi keçdi bu xəbər. Bir-iki ağsaqqalısa elə silkələdi ki...” Yəni giriş çox önəmlidir. Ondan sonrakı isə asan gedir.

Saday Budaqlı:

- Mən həmişə yazanda bir ilk cümləni bilmişəm, bir də sonuncu cümləni. Ortada yazdıqlarım yazı prosesində üzə çıxıb, məndən asılı olmayıb. Amma sonluğun da çox vaxt nə ilə qurtaracağını bilmək çətin olur. Birinci cümlə həqiqətən mənim üçün önəmli olub həmişə. Çünki oxucunu ilk cümlədən tutursan. O müəmma içində qalır, düşünür, maraqlanır. Mən bütün əsərlərimin ilk cümləsini sevirəm. Amma ən çox “Yağmursuz havalar” hekayəmdəki birinci cümlə xoşuma gəlir, bu oxucunu o dəqiqə özünə çəkir. Cümlə belədir: “Dünən tualetdən çıxıb kəmərini bağlaya-bağlaya fikirləşdi ki, bəlkə özünü öldürsün”.

Elçin Hüseynbəyli:

- Mən belə düşünürəm ki, başlanğıc həmişə intriqa yaratmalı, gözlənilməz, qəfil olmalıdır. Mən həmişə bu cür yazmışam. Haqqımdakı bir yazıda da deyiblər ki, Elçin Hüseynbəylinin ilk cümləsini oxuyan kimi sona qədər gedir. Yazıçı ilk cümlədən oxucunu qarmağa keçirməlidir. Mən hava proqnozu, məişət dedi-qoduları ilə başlayan əsərləri heç sevmirəm, xoşum gəlmir elə şeylərdən. Həm də mən bu birinci cümlə ilə bağlı bir yazı yazmışdım. Orda qeyd eləmişdim ki, mən birinci cümlə ilə deyil, ikinci cümlə ilə başlayıram yazdığıma. Birinci cümlə ilə bağlı ona görə narahatçılığım yoxdur, çətinlik çəkəndə keçirəm ikinci cümləyə. Özümün ən çox sevdiyim birinci cümləm “Şimallı gəlin” hekayəsindədir: “Mən durduğum yerdə yox, getdiyim yerdə işə düşdüm”.

Cavid Zeynallı:

- Əlbəttə. Bu vacibdir. Bəzən məhz birinci cümləni tapa bilməməyə görə, mətni yazmaq uzun zaman alır. Yaxud birinci cümlə zəif olarsa, davam etməkdən ötrü həvəs olmur. Birinci cümlə yazının uğuru üçün mütləqdir. Oxucunu sehrdə saxlamaq istəyirsənsə, birinci cümlə çarpıcı olmalıdır. Amma bu o anlama gəlmir ki, birinci cümlə yaxşı olsun, yerdə qalanı ağzına gələni yazasan. İlk cümlə haqqında yalnız yaxşı mətndən sonra danışmaq olar. "Onu Əqrəb çağırardım". Bu, "Günəşi gözləyənlər" romanımın ilk cümləsidir. Sadədir, amma xoşuma gəlir.

Ayxan Ayvaz

# 927 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #