Kulis.az güneyli soydaşımız Aydın Arazın şeirlərini təqdim edir.
***
Bir avtobusdur şair,
Sözcük daşıyır…
Hər sözcük bir müsafir,
və şeirlər duraqlardırlar.
Hər şeir bir sözcüyün sonu…
Hey… mənim yasaq sözcüyüm,
sevdiyim,
QAL!
Duraqsız müsafirim,
Səni ömür boyu daşıyacağam.
***
Ay dolu,
mən dəli!
Gecənin sümükləri
səhərə qalmaz!
***
Kiçik adında həyat nişanələri var
Su,
Hava,
Bitki var
Kiçik adın
Yer kürəsi kimi bir yer olmalı
Cazibəylə dolu.
***
Mədh edirəm səni
Qızarırsan
İlkin alma kimi
Vəsvəsə oluram yeni bir günaha.
Yalnızlıq
Yalnızlıq
Ayın ən aysız gecələri kimi bir şeydir...
Acı çəkmək deyil,
Çəkməyə acı tapmamaqdır yalnızlıq.
Xalqın üçün yediyin şillənin izində,
Xalqının tüpürcəyidir üzündə.
Yazdığım şeirdə sözcük tapa bilmirəm
Bax siqaramın qüllab vurmadan tükənməyinə!
Yalnızlıq - yəni qapını döyənlər
Üzür istəyirlər yanlış gəldiklərinə görə,
Və həyat yoldaşın başqasını gəzdirə beynində
Sən ilə bir yataqda yatarkən!
Yalnızlıq elə budur
Göndərdiyin məktubların qayıtması,
Məzarlıqda
Atanın qəbrini tapa bilmədiyindir yalnızlıq.
Polislərin səni tutmadıqları
Şeir yazammadığın çağlardır yalnızlıq
Bax
Ən aysız gecələrin birisində
Siqarama qüllab vurmadan tükənirəm!...
Aramızda
Aramızda
Yapdığımız Çin divarı,
Aramızda
Yapmadığımız Berlin divarı,
Aramızda Araz.
Aramızda sarı güllər budağı
Aramızda - hər nə ayırır bizi
biri-birimizdən!
***
Qurumuş qızılgüllər
Xalça çəkilmiş divarda
Tərsə asılı
(yuxarıdakı sətirləri yozumlayıram)
Sevgi işgəncədir.
***
Susma...
oyan!
və susuz kağızların dodağına
şeir çilə, şair!
Tanrını qonaq çağır iş otağına
və yaz -
Yaz ki, anlamlar göyündə adaxlansın!
Sözcüklərin toyu başlansın!
Yaz və
yurdsuzluğunu çək yelin üzünə.
Torpaq kimi dol gecənin gözünə
Sonra tanrının şərəfinə,
Neçə şeir qoş burax havaya!
***
Dünya dolanır başıma
Dünyanın əziziyəmmi mən?!
Yoxsa sərxoşam.
***
Mənə sarı gəlmə,
Qorx!
Baxma gözlərimə,
Beynimdə bomba yerləşdiriblər sanki…
Elektrik gözlərim tərpənsə əgər
Partlaram birdən.
Mənə sarı gəlmə,
Əllərini vurma saçlarıma,
Bəlkə bir dinamitin zaminidirlər.
Yanımda çox durma saatlı bir bombayam bəlkə,
hər ləhzə təhlükəm artır mənim.
Get!
Qal - getmə,
götürmə ayaqlarını,
iş işdən keçib daha
getsən mina kimi partlayacam...
Yoxam
Sanki yoxuymuşam heç
Nə səsim qalıb,
Nə sözüm.
Kimsə xatırlaya bilmir məni
dırnaqucu qədər,
Sevdiklərim də, sevildiklərim də.
İncitdiyim, qırdığım cam
Yuvalarına su tökdüyüm qarışqaların da
yaddaşından pozulmuşam mən.
Yazdığım məktublar
poçt qutusunun qucağında itir,
Göndərdiyim mesajlar
uğursuzca yolda qalır,
Telefon nömrəm silinib yer üzündən.
Yoxam - ölülər kimi yox
(ki onların elanı məzar daşı olar)
Döşləri su ilə dolu buludlar kimi yox!
Bağrı çatlamış quru zəmilər kimi də deyiləm
(heç nəyi gözləməyirəm – hətta məsələn yağışı da).
Nə gözlənilən bir müsafir kimiyəm,
Nə də gözlənilməz bir vay xəbəri kimi.
Yoxam -
Və bu olduqca çaştırıcıdır,
Boylu olmayan qadını çaşdıran bir sancı kimi.
Xəyanət
Xəyanət
ərəbcədə bir sözcükdür,
latınca yazılanda xəşin1 və qorxunc bir
şeyə bənzəyir!
Xəyanət
Xarxaxar xırıldayır beynimdə!
Ölüm halında çəkilən nəfəslərdir
xırıltısı!
Hərdən bir kişinin çiynində
yabancı bir qadının tüküylə girir evə,
Hərdən bir qadının soyuqluğuyla uzanır
yataqda.
Xəyanət kişidir, xəyanət qadındır!
Xəyanət təkcə bu deyil!
Zindan qoruqçuya ilk
Gülümsəməyindən də başlana bilər
ilqarın belini sındıran bir
sözcük
(il qar)
sənə çox yaxındır “o”
ürəyində deyil,
ürəyinin imtidadında2,
arxanda bir sancıdır,
bir qəmə yeri!
Kəsilməz qandır axır arxandan
Sinənin üstünə bir cızıq düşmədən
Öldürür də - ölmüyür də.
Xəyanət
ərəbcə bir sözcükdür,
latınca yazılanda...
Onsuz da qorxuncdur "xəyanət"
1-sərt, qaba (ərəb)
2-uzunluq (burada ürəyin boyu)