Kulis Hədiyyə Şəfaqətin yeni şeirlərini təqdim edir.
***
...Usta
Son rəsmini çəkməyindəydi...
Dayanmış zamanın tən ortasından uçub keçirdi
Qanadlarının xışıltısı duyulan ağ kəpənək...
Başımı qaldırdım və buludlara baxdım...
Sonra sarı-yaşıl çöl boyu uzaqlara...
Şəffaf tül kimi dalğalandı ətrafdakı hər şey
Kəpənək qanadlarının havasında
Buludlar bir azca çölə qarışdı...
Çöl bir az daha yaxına gəldi...
Və barmaqlarımın ucu toxundu tabloya...
Çobanyastığı çiçəklərinin tündlüyündəydi -
Rəng qoxusu yayıldı...
Kəpənək
Açıb-yumaraq ağ qanadlarını
Çərçivəyə doğru uçub getməyindəydi...
***
Yoxdur..
Sanki heç nə yoxdur...
...Ağ dumanın içində sehrə bürünən torpaq,
Dərinliyində çiçəklər,
Qoxu...
Gövdəsi qaraltı kimi görünən ağaclar -
içində yaşıl rəngin təlatümü...
Bətnimdə körpə - on ikinci ayında,
Doğuş öncəsi qorxu...
Hər şey geriyə çəkilmiş kaman ipi kimidir
Həyat - bir ox uzaqdakı mənzilində...
...Nağıl qəhrəmanları deyilik biz, Dostum,
Ədalət az-az hallarda qələbə çalır vətənimizdə,
Bəzən
Uğrunda mübarizəmizə dəyməyəcəkmiş kimi görünür son
Bu adamların arasında...
Amma yaşamaq istəyirik
Divlərin və mələklərin varlığının
Bir-birindən asılı olduğu bu dövrdə də...
...Hələ,
Bir az da deyəsən
Xoşbəxt də olmaq istəyirik?
Və sevgi...
Amma
Bu ağ dumanın o tayında çətindir hər şey,
Qapıların bağlı olması bundandır...
Onları aça bilməyəcəyin halınla barışmayacağam...
...Mənə
Həyatı sevən halınla gəl,
Gəl mənə çiçəkləri kökündən qopara bilməyəcəyin halınla,
Qarışqaları tapdalaya bilməyəcəyin,
Yağışda daldaya qaça bilməyəcəyin
Ocaq yandırmaq gərəkdirsə belə
Budaqları qıra bilməyəcəyin halınla...
Əllərini mən isidərəm nəfəsimlə...
Sən əsgər deyilsən,
Kişisən -
İlk gülləni günahsız adamlardan əvvəl özünə vur...
***
... Adam
Bir axşam qaranlığında yolunu itirdi...
Və yorulmuşdu da,
Uzandı qurumuş otların üstündə
Səfər çantasını başının altına qoyaraq...
Bir az keçmiş
Ay doğdu dağların arxasından, bədirlənmiş ay,
Adam
Bir ona, bir süd kimi ətrafını sarmalayan işığa baxdı...
Ayağa qalxdı...
"Ey,
Mənə yoldaş olursanmı bu gecə?"
Cavab gəlmədi...
"Ey,
Bir söz de" - səsləndi
Aya doğru daha bir neçə addım ataraq...
Göylər susurdu...
"Ey....
Ey....
Ey..." - qayalara dəyib əks-səda verdi Yolçu Adamın səsi...
...Ay işığında
Yarpaqları işim-işim yanırdı çay quanqının...
Oturdu və kürəyini ona söykədi...
"Ay səni,
Etdiyim bir dəlilikdir"...
...Ay yüksəldikcə
Yumulub
Yuxuya getdi
Adamın
Və quanq ağacının kölgəsi...
Vəli Əfə üçün
Bəli, Vəli əfəndi...
Yadındamı, yaşamın sevinc gətirdiyi zamanlardı,
Soruşmuşdum:
- Aşiqmi oldun? - deyə,
- Bəli - demişdin, kədərliydin...
- Bu ki, çox yaxşı xəbərdi...
...Eh,
O coşğu nəydi elə, o coşğu,
Eh,
Nə günlərdi...
İndi
Bir fincan çay qoyub qarşımıza
Üz-üzə susacaq iki adama çevrilmişik,
Çox zaman küçədəki yoxluqlara boylanırıq eləcə
Hərəmiz öz pəncərəmizdən...
Bizi dinləyəcək adamlar çıxıb getdilər,
Bizi sevəcək adamlar itirdik...
Yumruğumuzu sıxdıq dizimizin üstündə,
İçimizdə daha dərin uçurumlar yaranmaması uğruna
“Niyə?” - deyən bir sualı bitirdik...
Xatırlarsan,
Zaman-zaman
Etiraflar edəcək qədər qorxaqdıq,
İntihar edəcək qədər cəsarətli,
Keçdi.
Amma ürəyimiz daha artıq səksəkədədir sanki
Əllərimiz
Çay fincanlarının kənarında titrəyəcək qədər soyuq...
Nə oldu bizə, dostum, ayrı-ayrılıqda,
Biz belə nə olduq?...
...Görüşürük, iki ayda-üç ayda bir,
Bu iki ayrı-ayrı təkliyin əks olunduğu lövhədir -
Qısa-qısa kəlmələr, havadan-sudan
Əslində hər şey məlumdur,
Olanları ümumi bir-iki kəlməylə yada salırıq,
- Şeirlərini yaz, sən şairsən - deyirəm hər dəfə,
Əslində özümüzü daha çox unuduruq
Əslində Tanrı haqqında daha çox düşünürük
Daha çox dağılırıq...
...Bəli, Vəli əfəndi,
Bəli, belə-belə işlər...