Elçin Hüseynbəylinin ROMANINDAN PARÇA

Elçin Hüseynbəylinin <span style="color:red;">ROMANINDAN PARÇA
31 may 2016
# 21:00

Kulis.Az Yazıçı Elçin Hüseynbəylinin böyük mütəfəkkir və yazıçı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr etdiyi “Yenə iki od arasında” romanından növbəti parçanı təqdim edir.

əvvəli burda

Ağaməhəmməd şah Qacarın Şuşa üstünə ikinci yürüşü...

...Ağaməhəmməd şah Qacar. Adil şahın altı yaşında axtalatdığı, Kərim xan Zəndin on altı il dustaq saxladığı Ağaməhəmməd xan. Onu axtalamışdılar ki, Qacar nəsli bir daha artıb törəməsin. Törədi axı. Bacısı Qacar nəslindən olan sərkərdəyə ərə getdi və oğul-uşaq sahibi oldu...

Məhəmmədhəsən xanın daha bir oğlu vardı: Səfərqulu xan. Murtuzaqulu xan Peterburqda ölmüşdü. Ağaməhəmməd şah Səfərqulu xanı öldürtdü, çünki Mazandaran hakimi olandan sonra şahın üzünə ağ olmuş, özü hökmdarlıq sevdasına düşmüşdü. Xacə şah əvvəlcə qardaşını öz yanına çağırdı və gecənin birində onun cəsusları Səfərqulu xanı Gülüstan sarayındaca boğdular. Beləliklə də Ağaməhəmməd xan anasına verdiyi sözə əməl eləməd, əvəzində bacısı oğlu Xanbaba Cahanbanu xanı (Fətəli şahı) vəliəhd seçdi. Ağaməhəmməd xan onu çox istədiyindən məhəbbətlə Babaxan deyə çağırırdı. Ondan əvvəl tülkü güdən, çörəyi və qəndi qramla çəkib yeyən həmin Ağaməhəmməd Kərim xan Zəndi öldürüb, başını öz sarayı – “Gülüstan”ın girəcəyində basdırmışdı. Basdırmışdı ki, daim onun ruhunu təhqir eləsin və bilsin ki, o, bir də dirilməyəcək...

Ağaməhəmməd şah Qacar Yusif Vəzirin yadından çıxmırdı, çünki İstanbula elçi kimi göndərilən ulu babası Mirzə Mir Əlimməməd ağa Şuşadam bayıra ayaq atmağa macal tapmamış qızılbaşlar qalaya ikinci dəfə hücum elədilər. O zaman İbrahimxəlil xan Car Balakənə qayınlarının və qudalarının yanına qoşun toplamağa getmişdi. Onu istəməyənlər isə deyirdilər ki, xan qaçıb. İbrahimxəlil xanın fikri beləydi ki, ordan da Dağıstana, qaynı Ümmə xanın yanına getsin. Amma getmədi. Cəmi iyirmi gündən sonra xəbər gəldi ki, xacə şah qətlə yetirilib.

Ağaməhəmməd xan Mirzə Əliməmməd ağanı o saat edam etdirmişdi: günün günorta çağı, hamının gözü qarşısında. Suçu isə İstanbula elçi göndərilməyiydi.

...Xacə şah Əliməmməd ağanı hüzuruna çağırtdırmışdı. Əliməmməd ağanı gözübağlı onun yanına gətirmişdilər.

Ağa Məhəmməd şah gözü bağlı ağanı bir xeyli süzəndən sonra ötkəm səslə soruşdu:

- Osmanlılara niyə elçi gedirdin? Onlar bizimlə daim cəngdədirlər.

Mir Əlməmməd ağa təmkinini pozmadan belə cavab verdi:

- Mən yalnız ağamın sullarına cavab verirəm.

- Sənin ağan indi mənəm.

- Səsinizi tanımadım. Mən ağamın səsini gözübağlı da olsa, tanıyardım.

Ağaməhəmməd şah onun bu təmkinli hərəkətindən coşdu və qəzəblə bağırdı:

- İndi başına elə oyun açaram ki, sənin səsini ağan Car Balakəndə eşidər...

Bu sözlərdən sonra o, qırmızı xələtli cəlladlara əmr elədi:

- Çıxarın bu məlunun gözlərini, sonra da...

Bu zaman Şuşa məscidindən əzan səsi qalxdı.

- Dayanın! Əzan zamanı cəza verilməz. Əzandan sonra.

Əzandan sonra Mir Əliməmməd ağanın gözlərini çıxarmaq istədilər. Ondan əvvəl isə bir daha Qacarın hüzuruna gətirdilər. Xacə şah istəyirdi ki, onu gözlərinin qabağında çığırtsınlar. Sonra nə fikirləşdisə bu göstərişindən əl çəkdi. Çünki baş sərkərdə Sadıq xan Şəqqaqi Mir Əliməmməd ağanın seyid nəslindən olduğunu demişdi.

Ağaməhəmməd şah qatı dindar olmasa da, dini ainlərin hamısına riayət edir, namaz qılır, oruc tutur və peyğəmbər nəslindən olanlara hörmət edirdi. Ona görə də cəlladlara belə əmr elədi:

- Bu məlunu elə boğun ki, səsi çıxmasın.

Mirzə Mir Əliməmməd ağanı sürüyüb zindana atdılar. Zindan Ağaməhəmməd şahın qaldığı malikanədən xeyli aralıdaydı. İbrahimxəlil xan da dönüklərə cəza verəndə ora göndərirdi. Mirzə Əliməmməd ağa həmin zindanda bir neçə dəfə olmuşdu, amma dustaq kimi yox, kiməsə baş çəkmək və həmin adamın adından İbrahimxəlil xana əfv ərizəsi yazmaq üçün...O, rütubətli və üfunətli zindanda çox qalmadı. Özü də tanrıya dua edirdi ki, onu bu zülmdən tez qurtarsın.

Əliməmməd ağanı gün batandan sonra boğub öldürdülər. O, bir şəhid kimi səsini də çıxarmadı...

Bu yerdə Yusif Vəzirin halı pisləşdi. O, qələmi yerə atıb, başını stola söykədi...

***

On üç nömrəli dustaq iki gündən sonra tam özünə gələ bildi. Halı babatlaşan kimi Ağaməhəmməd şah Qacarla bağlı epizodu davam etdirdi...

...1797-ci ilin baharıydı. Ağaməhəmməd şah Şuşaya Xudafərin tərəfdən – Qıraxdın (Cəbrayıl) və Qarabulaqdan (Füzuli) girdi. Ondan əvəl Ağdam məscidində namaz qıldı, tanrıdan diləyinin müstəcəb olmasını (yerinə yetməsini) istədi. Xırdaca gözlərini qıyıb Qarabağın hüsnünə baxdı, heyranlığından, az qala, bayıldı. Sərin yaz havası, təzəcə yarpaqlayan ağaclar, gül-çiçək ona elə təsir elədi ki: “Bura Sultaniyyədən də gözəldi” -deyə ürəyində çığırdı.

O, Təbqiz yaxınlığındakı yaylaqları nəzərdə tuturdu. Bununla belə, ürəyindən keçənlərin və düşüncələrinin bir kimsənin duymasına imkan vermək istəmədi. Ona görə də üz-gözünü turşutdu. Xacə şahın qısqanc xislətini hamı bilir, amma qorxusundan dilinə gətirmirdi. O, təkcə tülkü fəhmi ilə yox, həm də pələng qısqanclığıyla yaşayırdı.

Ağaməhəmməd şah onu da fikirləşdi ki, şuşalılar bu dəfə də “ağla gəlməsələr” onları gürcülərdən də pis günə qoyacaq, Tiflisi oda qaladığı kimi, Şuşanı da xarabalığa çevirəcək.

Ağaməhəmməd şah İbrahimxəlil xanın Rusiya ilə yaxınlaşmasından bərk qəzəblənmişdi...

Qarabağ xanı Rusiya ilə dostluğuna sübut üçün oğlu Əbülfət ağanı da girov kimi Peterburqa göndərmişdi. İkinci Yekaterina bunun əvəzində İbrahimxəlil xana və əyanlarına qiymətli hədiyyələr əta eləmiş, baş vəzir Molla Pənaha isə dəstəyi gümüş qaşlı xüsusi əsa bağışlamışdı.

İmteratriça İkinci Yekaterina 1796-cı ildə o dünyaya təşrif aparsa da, varisi I Pavel sələfinin siyasətini davam etdirirdi. O, həm Qafqazı ələ keçirmək, həm də “Yunan layihəsi”ni (osmanlılarla döyüşü) uğurla başa çatdırmaq istəyirdi...

Ağaməhəmməd şahın ikinci dəfə Qarabağın üstünə gəldiyini eşidən İbrahimxəlil xan özünün və qalalıların başına çarə qılmalı idi. Ona görə də vəziri Mirzə Əliməmməd ağanı və baş vəzir axund Pənahı (Molla Pənah Vaqifi) məşvərət üçün yanına çağırmışdı.

İbrahim xan:

- Bir tərəfdən ruslar o q... (Quba hakimi Fətəli xanın adını çəkmədi, əksinə ağır bir ifadə işlətdi) ələ alıb, o biri tərəfdən də Gürcüstan valisi İrakli öz xoşluğuyla onların tərəfinə keçib, bu tərəfdən də Ağaməhəmməd xan üstümüzə gəlir. Nə çarə? – deyə xəbər almışdı.

- Xanın ömrü uzun, əhli-əyalı salamat, hökmü keçərli olsun. Mən bilən rusların tərəfinə keçmək lazımdı. Çünki onların silah-sursatının, topxanasının, qoşunlarının qabağında durmaq çətindir, -deyə axund təklif eləmişdi, - Ali Dərgahdan da (İstanbuldan da) bir xəbər-ətər yoxdu.

İbrahimxəlil xan duruxan kimi oldu, sonra isə astadan dedi:

- Mən ruslarla sazişin əleyhinə deyiləm, amma qorxuram ki, ruslar bura gələndən sonra ermənilər şirnikə, üstümüzə ayaq alalar...

***

...Ermənilər onsuz da şirnikmişdilər. Və çoxdan idi ki, Peterburq sarayında əmr gözləyirdilər.

Ondan bir az əvvəl Peterburq sarayında Rusiya imperatriçası İkinci Yekaterina ilə qızılayaq general Zubov arasında belə bir dialoq olmuşdu.

Cavanlığını xeyli geridə qoymuş imperatriça demişdi:

- Səfəviyyə və sultanlıqla müharibədə qalibiyyət açarı Qafqazdır. Biz öz təbəələrimiz olan, daim bizi məlumatlandıran erməniləri qızışdırmaqda davam etməliyik. Onlar həm İrəvan, həm Qarabağ, həm də Van ətrafında səpələniblər. Onların casusları hamıdan zirək və ayıqdılar. Biz buna görə onları sevirik. Dağıstana gedib, əvvəlcə azğın avarları və ləzgiləri sakitləşdirərsən. Onlar tərs və döyüşkəndilər.

Zubov keçmiş məşuqəsi, indi isə təravətini itirmiş çariçanın əlindən və ətəyindən öpdü, onun dediyinə can-başla əməl elədi və:

- Hər bir qulluğunuza müntəzirəm, imperatriça, -dedi və elə həmin il Dağıstana gəlib, Drəbəndi və Narın qalanı tutdu.

O vədə erməni Keykavus və Diyarbəkrdəki Qara Keşiş öz işlərindəydilər və Qarabağda erməni Vanonu qızışdırırdılar. “Zirək ol və işini gör. Miatsum (Böyük Ermənistan) naminə!” Qızılbaşlar isə başçqa cür fikirləşirdilər: Qafqaz və Qarabağ kafirlərin əlinə keçə bilməz...

***

...Ağaməhəmməd şahın sir-sifəti o qədər eybəcər idi ki, hətta baş sərkərdəsi Sadıq xan Şəqqaqi də onun böyründə getməyə qorxurdu. Xacə şah tülkü ovuna o qədər getmiş, onları elə sevmişdi ki, özü də tülküləşmişdi. Qacarın fikrincə tülkü evə və dövlətə xoşbəxtlik gətirir. O, tülküləri öldürməyi yasaq eləmişdi, kimin evində bir tülkü vardısa, onlara xüsusi sayğı ilə yanaşırdı.

Sərkərdəsinin bir addım geridə qaldığını görən şah qəzəblə bağırmışdı:

-A gədə, irəli gəlsənə!

Xacə şah nəinki əyanları, hətta baş sərkərdəsini də belə çağırırdı: “A gədə!”

Sadıq xan Şəqqaqi bu səsdən üşündü, içində büzüşdü və atını dəhmərlədi. Ağaməhəmməd şaha çatdı, onun yarım metr arxasında qərar tutdu. Şahın qırışmış boynuna, balaca başına baxdı. Ağaməhəmmədin (o, ürəyində şaha Ağaməhəmməd deyirdi) boynunu bir zərbəylə üzmək olardı, amma qorxusundan əli qalxmazdı. Xacə şah çox zəhmliydi, onun insanlara olan nifrəti sifətində açıq-aydın görünürdü, tez-tez üzünü turşudurdu, sanki nədənsə iyrənirdi. Həyatın ən gözəl həzzindən məhrum olduğuna görə hamıya düşmən kimi baxırdı. Axtalandığı gün heç zaman yadından çıxmırdı. Onun kişiliyinə qaranlıq bir otaqda son qoymuşdular. Cəllad onun xırda xayalarını qursaqla bağlayıb elə sıxmışdı ki, uşağın gözlərində ildırım çaxmışdı. O, dünyanın nəinki ləzzətindən məhrum olmuşdu, həm də dünyanın ən şiddətli ağrısını canından keçirtmişdi və əlacı olsaydı, bütün bəşəriyyətə eyni zülmü edərdi, amma etmirdi. Çünki o da zülmə tabe insanların çığırtısından, bağırtısından ləzzət alırdı və özünü bu ləzzətdən də məhrum eləmək istəmirdi...

Kişilik istəyi canından tam çıxandan sonra mehrini kitablara salmışdı. Əsirlikdə olan zaman mədrəsədə təhsil almış, fəlsəfəni və nücum elmlərinə vaqif olmuşdu. Buna baxmayaraq, Ağaməhəmməd şahın danışığı İsfəhan daruqəsinin (baş polisinin) danışığından seçilmirdi: qaba və harfa idi.

- Biz rus boyunduruğuna girmək istəyənlərin danışan dillərini kəsməli, onları anaları doğan yerə qədər qovmalıyıq! A gədə, bu necə olur ki, bir dildə danışasan, bir qibləyə etiqad edəsən, amma kafirlərin tərəfinə keçəsən. Eşitdiyimə görə məni ələ salan o mollanı da Tiflisə, rusların yanına göndərmək istəyir. Heç eybi yox, mənim zərbimi görəndən sonra ağılları başlarına gələr!

Bu sözlərdən sonra xacə şah susdu, ətrafa göz gəzdirdi, əshabələrinin onun dediklərinə reaksiyalarını yoxlamaq istədi. Sonra isə monoloquna davam elədi:

- Bunların hamısnın baiskarı o, zatıqırıq Nadirqulu oldu. Çoban oğlu çobandan da şah olar. O boyda sufi xanədanını dağıtdı, Təhmasib şaha dönük çıxdı, axırı da belə. Hamı özünü bir şah sanır. Eybi yox, onalara elə divan tutaram ki, çığırtıları Qaf dağında əks-səda verər! Şahruq xanın gözlərini çıxaranda da cümlə-aləm belə səs eşitməmişdi...Gözü çıxarılan adamın səsində dünya malından ayrılmaq qorxusu var, hımı!? – deyə cırıldadı...

“Hımı!..” Sadıq xan ürəyində dedi, amma şahı yamsılamağı dilinə gətirmədi. Əvəzində bunları dedi:

- Şahın buyruğu bir tanrı istəyi, hökmdar fərmanıdır, təəssüqün olum. Nə desən, o da olacaq. Danışan dilinə qurban olum.

- Olum, yoxsa, olaq?!

- Olaq, qurbanın olum, olaq! Bütün əhli-əyalım və sənin təbəələrinlə birgə...

Ağaməhəmməd şah başını döndərib, baş sərkərdəyə baxdı, üzünün və danışığının ahəngi dəyişmədi.

- Denən atlara su və yem versinlər.

Sadıq xan atını irəli sürdü. Qoşunun qarşısında dayanıb, sağ əlini göyə qaldırdı:

- Şahımız buyurur ki, burda bir az rahatlanaq, atlara su və yem verək.

Çaparlar bu sözü göydə qapdılar və ordu bölüklərinin içinə soxulub, həmin sözləri car çəkdilər...

Şah ordusunun istirahəti çox çəkmədi. Çünki Ağaməhəmməd şah tələsirdi, ona və dininə dönük çıxanları cəzalandırmağa can atırdı.

Çaparların yenidən səsi eşidilməyə başladı:

- Ədalətli və cahan şahımız buyurur ki, qoşun atlansın. Bizi qarşıda böyük zəfərlər gözləyir. Tanrı şahımızı qorusun!

- Amin! –deyə sərbazlar bir ağızdan üç dəfə qışqırdılar.

Şah qoşunu hərəkətə gəldi və yola düşdü.

- Bunlar nə müsəlmandılar ki, şəhərə girəndən xütbə namazı da eşitmədim. Məyər bilmirlər ki, indi onların yeni şahı var!?

Ağaməhəmməd xan bu sözləri əbəs yerə demirdi. Çünki Şuşaya ötən hücumdan sonra geri qayıdanda o da Nadir şah kimi, Muğan düzündə şahlıq andı içmiş və taci-humayunu başına qoymuşdu...

# 1628 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #