Toy çarpayıda olacaq – Səxavət Sahilin yeni hekayəsi

Toy çarpayıda olacaq – <span style="color:red;">Səxavət Sahilin yeni hekayəsi
6 oktyabr 2016
# 17:25

Kulis.Az Səxavət Sahilin “Gülverənin toyu” hekayəsini təqdim edir.

Səhər alaqaranlıqdan Əlverdi arvadı dümsüklədi ki, dur çayı qaynat, işə tez gedib günortaya özümü toya çatdırmalıyam. Arvad pişik çəldliyi ilə qalxıb yaşıl-qırmızı xalatını əyninə keçirdi. Samovara od saldı, yağı, pendiri soyuducudan çıxarıb masaya düzdü, çehizliyindən xrustal stəkanı yuyub sildi. Bu gün ikisinin də kefi yaxşıydı – qonşudakı toydan bunların da evinə pay düşürdü elə bil.

Əlverdi içəndə evdə toy-bayramıydı. Qəribəydi, qonum-qonşuda kişilər içəndə evdə dava-qırğın salırdılar, bunlarda isə tərsinəydi. Arvad biləndə ki, kişinin kefi ala buludlardadı, az qalırdı çırtma çalıb oynasın, nə istəyi-arzusu varıydı ərinə deyirdi, ər də bircə kəlmə: “Aaz, ölməmişəmki?”

Ayıq vaxtı arvadın nəsə istəməyə, nəsə deməyə cürəti çatmırdı, deyəndə də cavabı hazırıydı:

“Aaz, rədd ol burdan!”

Düzdü, Əlverdi qonşuların dediyi kimi alkaş deyildi, amma tez-tez içirdi, həftədə 3-4 dəfə boğazını yaşlamasa olmurdu.

İçməyəndə də içmirdi, adam balası kimi səhər naxıra, axşam da axura; heç kimnən işi yoxuydu, intəhası həyətə girən kimi arvadı haylayırdı: “Aaz, harda batıbsan, acından qırıldıq, bir tikə zəhər gətir!” Gülverən yazıq da işini bilirdi, əlində dəsmal əlüzyuyanın yanında farağat durur, bircə kəlmə də dinib danışmırdı.

Əlverdinin züryət sarıdan bəxti gətirməmişdi, nə qədər pul-mal tökmüşdü, xəstəxanalar gəzmişdi xeyri yoxuydu, həkim deyirdi arvad döl tuta bilmir, orqanizmi zəifdi, o da boşaya bilmirdi, necə boşasın dost-doğmaca xalası qızıydı. Elə buna görə də itnən pişik kimi dolanırdılar. Ayıq olan günü dəqiqəbaşı başına qaxırdı: “Ocağımı kor qoydun, a qancıq”.

Əlverdi evə “hazır” gələndə xalaqızını dinc qoymaz, havasını almayınca əl çəkməzdi, ta ki, özü də havadan düşəydi; “prastoy” olanda isə üzünə də baxmırdı, elə bil bacı-qardaşıydılar.

Məhərrəmliyin çıxhaçıxıydı, xəbər yayıldı ki, Yengə Yeganənin oğlu “uruset”dən gəlib, gələn bazar toyudu. Gülverən gözünə döndüyüm bunu eşidən kimi şifonerin alt gözündə saxladığı iki taxtalıq parçanı göz qırpımında dərziyə verib yalvar-yaxar elədi ki, toya kimi çatdırsın.

Burdakı toylar ikipərdəli teatr kimiydi – günortadan axşama vurhavur kişi məclisi, axşam günbatandan ta gecə yarıyacan kimi çal oynasın, vur çatlasın. Gündüzü kişilərin, gecəni arvadların hesabına yazmaq lazımdı.

Ərini yola salandan sonra Gülverən toya tikdirdiyi donu azı on dəfə geyinib-soyundu, sevindiyindən bilmirdi neyləsin, axşamı necə gözləsin. Geyinib güzgünü qabağında özünə tamaşa edirdi, tez də soyunurdu, qorxurdu paltar əynində əzilə. İstəyirdi qızılı alışdım-yandım parçasından olan paltarına görə qızıllarının hamısını taxsın, bilirdi ki, qır-qızıl nə qədər çox olsa, elə çox nəzər çəkəcək, hamı ondan danışacaq, hamı onu göstərəcək, bir söznən gündəmdə olacaq.

Gülverən evdarıydı, bütün günü qaxılıb otururdu evdə. Dükana-bazara da Əlverdi özü gedirdi. Onunku qonum-qonşu toylarıydı, bəzənib-düzənirdi qır-qızılını taxıb gedib otururdu yuxarı başda, həm eyni açılırdı, həm də qer-qeybət eləyirdi. İllah da iriqaşlı üzükləriynən, iri sırğalarıynan, bahalı paltarıynan ordakı arvadlara yandı-qındı verirdi.

Əlverdi də heç vaxt altıdan sonraya qalmırdı – onunku düt deyincə vurub gəlib yatmağıydı, çalğıynan, oynamaqnan arası yoxuydu.

Saat altıya az qalırdı, Gülverən daranıb bəzənmişdi, pudrasını, pomadasını çəkib hazır durmuşdu, gözləyirdi əri gəlib çıxsın, sonra bu getsin – əri gələndə kişilərin məclisi dağılmış olurdu.

Həyət qapısı açılanda Gülverən özünü bayıra atdı.

– Ay kişi gəl çıx da, bayaqdan məclisin dağılmağını gözləyirəm. Çayı termosa süzmüşəm, istəsən içərsən, mən gedirəm, sən yıxıl yat.

Əlverdi ayaq üstə güclə dururdu, özünü cəmləyib arvadına baxdı, gəyirə-gəyirə gözlərini qıyıb altdan-yuxarı onu süzdü. Ani olaraq başını aşağı dikib qəfil də yuxarı qaldırdı, gözlərini bərəldib Gülverənə baxdı.

– Aaz, bu nədi, nə qəşəngləşibsən?

Gülverən gözünü süzdürüb, bir az da incik səslə dedi:

– Sən heç ayrı vaxt mənə belə baxmırsan, yaxşı ki o zəhrimar var, yoxsa... – Sözü ağzında qaldı, əri üstünə çəmkirdi.

– Tez ol keç içəri, get soyun gəlirəm, toy kravatda olacaq.

– Əşşi, bir dayan e, görmürsən toya gedirəm? Sən get yat, gələndə oyadaram.

– Aaz, gir içəri.

– Başına dönüm, qoy gedim, gələndə özüm oyadacam, birtəhər bəzənmişəm, kimdi birdə kraskalanan.

Elə bil bu sözləri Əlverdiyə demirdin, qızmış kələ kimi gözləri parıldayırdı, ondan olsaydı, elə həyətdəcə arvadı basmarlayardı, intəhası qonum-qonşudan ayıb eləyirdi.

Gülverən indiyədək ərinin bir sözünü iki eləməmişdi, bilirdi ki, ikinci sözə ehtiyac yoxdu, tərs şillə ayaqdakı tüfəng kimi həmişə hazırıydı. Di gəl toya neçə vaxtı hazırlaşırdı, günortadan bəzənmişdi, zəhmətinə heyifi gəlirdi. İlan dili çıxardı, nə illah elədi xeyiri olmadı – Əlverdi “net” deyib durmuşdu.

Gülverən bilmirdi neyləsin, ərini necə başa salsın. Dişi bağırsağını kəsirdi, qırıla-qırıla qalmışdı.

– Əliş qurban olum, ayda-ildə bir dəfə toy olur, gedib tez qayıdacam, çox oturmayacam, hara tələsirsən, qoy, gedim-gəlim sonra.

Əlverdi qəfil arvadın qolundan tutub darta-darta içəri apardı.

...Gülverən içəridən çıxanda pudrası pamadası bir-birinə qarışmışdı, gözünün üstündəki yaşıl rəng sifətinə yayılmışdı, elə bil boyaqçı küpündən çıxmışdı. Paltarı əzik-üzükdü, saçları pırtlaşıq şakqıldaq kimi burum-burum olmuşdu – Gülverən o Gülverən deyildi, toyluq əsər-əlamət qalmamışdı.

Avqust, 2016, Yessentuki

# 1020 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #