Aqşin: “Həyat bəsitdir: kişi, qadın, pul və seks”

Aqşin: “Həyat bəsitdir: kişi, qadın, pul və seks”
30 oktyabr 2013
# 14:08

“Ən sevdiyim əsər” layihəsində yazarların, sənət adamlarının ən çox sevdikləri bir əsər haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz şair Aqşin Yeniseydir. Aqşin Yeniseyin ən sevdiyi əsər Alber Kamyunun “Kaliqula” pyesidir.

- “Kaliqula” hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sənin ən sevdiyin əsərdir?

- Kamyu, fikrimcə, “Kaliqula” əsərində hakimiyyətin elə bir hüdudsuzluq halını təsvir edir ki, orda bizim kimi adi insanların əxlaqı puç olur. O, öz bacısı ilə yatır, ovqatına uyğun olaraq kimi istəyirsə edam etdirir və saray filosofu Siserona bunun ali hakimiyyət məntiqi ilə düz olduğunu sübut edir. Yəni Kamyunun düşüncəsinə görə, ali əxlaq deyilən bir şey yoxdur, əxlaq anlayışı insanların yaratdığı, sadəcə, mənəvi polisdir. Əgər bizim də əlimizə Kaliqulanın hakimiyyəti keçsə, hamımız Kaliqula olacağıq.

- Əsərdə Kaliqulanın “Ay axtarıram” ideyasını nəylə əlaqələndirisən, səncə, o nəyəsə işarə edirdi, yoxsa bu da Kamyunun “absurd” fəlsəfəsinin davamı idi?

- Məncə, Kaliqula artıq dünyadan doymuşdu, onun öz ailəsindən, həyatından, dostlarından zəhləsi gedirdi. “Çevir tatı, vur tatı” hakimiyyəti onu bezdirmişdi. O, ay yox, yeni bir dünya axtarırdı. Yeni bir hökmranlıq axtarırdı. Gör dünya onun gözündən necə düşmüşdü ki, ən yaxın dostlarını əylənmək üçün öldürtdürürdü. Bacısını arvadı kimi altına basırdı. Ancaq bir məsələ də var; ola bilsin ki, bunlar tarixi reallıq deyil, Kamyunun təxəyyülünün və təfəkkürünün məhsuludur.

- Kaliqula Gelikon ilə söhbətində törətdiyi qətlə çox sadə üsulla bəraət qazandırır: “adamlar ölür və onlar bədbəxtdirlər”. Sanki insan heç nəyi idarə etmir, tale yoxdur. Gelikon isə deyir ki: “Bədbəxtlik evlilik kimidir, sən elə bilirsən sən seçirsən, amma sonra məlum olur ki, səni seçiblər”. Səncə, taleyin bu qədər rolsuz olması, nəyisə dəyişməkdə acizliyi doğrudurmu və əsərdə təlqin edilən bu ideyanı necə əsaslandırardın?

- Ümumiyyətlə, Kamyu “Kaliqula”da özünün həyat haqqında düşüncələrini yüksək fəlsəfi dozada ifadə edib. O, həyatın, onu yaradanın bivecliyini söyləyirdi. “Yad” romanını xatırla, ilk cümlə qəhrəmanın anasının ölməsi ilə başlayır və oğulun “cəhənnəmə öldü” münasibəti ilə davam edir. Əsərin sonunda ölümə məhkum olunmuş məhkumla keşişin söhbətini xatırla. Bilirsən də, xristianlarda belə bir qanun var idi, məhkumu öldürməmişdən əvvəl o dünyaya, axirətə hazırlamaq üçün keşişlə pərdə arxasında söhbət etdirirdilər. Yəni, çox özünü üzmə, sən ölmürsən, sadəcə, bir dünyadan başqa bir dünyaya köçürsən. Biz qızlarımızı necə ərə veririksə, o cür təsəlli edirdilər. Amma Kamyu o səhnədə məhkumun dilindən keşişin anasını ağladır ki, öldürülürüksə, sənin təsəllinə ehtiyacımız yoxdur.

- Bu əsərdə ateist düşüncəsi aydın hiss edilir: əsərin qəhrəmanının əvvəlki məşuqəsi xidmətçi Sezoniya öz əvvəlki məşuquna qayıtması üçün belə deyir: “Mənim heç vaxt bədənimdən başqa Tanrım olmayıb. Elə bu Tanrıya dua edəcəyəm ki, onu mənə qaytarsın”. Gəl, XX əsr gerçəkliyi, bu əsər konteksti və müharibələr vaxtı artan “Tanrı yoxdur” ideyası əsasında çözək mətləbləri.

- Kamyu ateist idi, o, “Taun” əsərində həm də onu demək istəyirdi ki, Tanrı olubsa da, dünyanı tərk edib və xırdaca bir mikrob insanları siçovul kimi qırmağa bəs edir. İnsanlar göylərdən ümidini üzüb, yalnız bir-birilərinə xilaskar kimi baxırlar. Bu düşüncənin kökü Hüqodan gəlir, “Səfillər”də Jan Valjanın yaralı Mariusu kanalizasiya ilə çiynində gətirdiyi səhnəni yadına sal. Fransada, ümumiyyətlə, Janna Darkı kilsə tonqalda yandırandan sonra fransızların dinə, Allaha inamı azalıb, bəlkə də, yoxa çıxıb. Kamyu fransız şüurunun bax bu eksperimentini yazırdı ki, dünyada Allahsız, dinsiz də xoşbəxt yaşamaq mümkündür.

- Aqşin, əsərdə bir paradoksal məqam var: Deməli, Kaliqula əmr verir ki, hamı öz vəsiyyətini yazsın və mirasını övladına yox, dövlətə bağışlasın. Həmin pullarla kasıb təbəqə azad olacaqdı. Bir tərəfdən bu, digər tərəfdən isə pulun insanı azadlığını buxovladığı göstərilir. Səncə, bu paradoksal düşüncə əsərdə hansı mahiyyətin açılmasına xidmət edir?

- Deməzdim ki, Kaliqula hakimiyyəti pul görməmişliyi üzərində qurulmuşdu. Kaliqula ona görə vəsiyyət yazdırırdı ki, pul hakimiyyət deyil, hakimiyyət puldur. Özünə yaxşı ev almaq haqqında düşünən və buna görə hakimiyyətə gəlmək istəyən adamdan Kaliqula olmaz. Bizim atalarımız belə deyiblər: “pul əl çirkidir”. Düz deyiblər, çünki nökər olublar, qul olublar, onlara verilən pul da mazutlu, peyinli ovuclara qoyulub, qazandığı pullardan da pis iy gəlib. İngilislərin ataları isə belə deyir: “Ağıllısansa, pulunu göstər”. Qaldı ki, pul və azadlıq məsələsinə pul insana azadlıq-zad vermir, insan pul qazandıqca gizlənməyə çalışır. Kaliqula heç kimlə pul davası eləmirdi, o, Allahın yaratdığı dünyanı yenidən yaratmaq istəyirdi, ona görə Allahın yaratdığı “köhnə insanları” qırıdı.

- Kamyu bu əsərdə bir ideyanın “yanında” dayanmır, şəxsən bu əsərin mənzərəsində mənə aydın deyil ki, insanı sevgi xilas edir, yoxsa pul? Sevgi xilas edirsə, onda niyə qadının öldürür və “Bu dünya mənasızdır bunu anlayan kəs azadlıq əldə edir” deyən Kaliqula üçün pulun nə anlamı var ki?

- Dünyada Füzulinin yazdığı sevgi, Dostoyevskinin arzuladığı gözəllik yoxdur. Bütün müqəddəs şeylər insanı tutmaq üçün qurulmuş tələdir. Biz siçanı pendirlə tutduğumuz kimi, bizi də sevgi-mevgi tələsiylə tuturlar. Dünyada kişi və qadın var, pul var və seks var! Həyat bu qədər bəsitdir. Məncə, Kamyu da bunu deyirdi.

- Səncə, Kamyu niyə görə məhz Roma hakimiyyətinə və patrisilərin üstün olduqları dövrə müraciət etmişdi? XX əsrdə müharibənin xəstəlik olduğunu iddia edən, bu haqda əsər yazan yazarın bu dövrə və ölkəyə müraciəti, səncə, nəylə bağlı idi?

- Kamyunun yaşadığı və yazdığı dövrdə öz düşüncələrini açıq-aydın yazan adamları bu və ya digər yolla öldürürdülər. Ona görə Kamyu yazıçı hiyləgərliyi eləyib bu əsərdə; müasir siyasi eybəcərliyi keçmişin diliylə danışıb. Əslinə baxsan, Kamyunun fəlsəfəsi indvidiuma ünvanlanıb. Bu fəlsəfə kütlə üçün ziyanlıdır. Təsəvvür et ki, hamı həyat haqqında Kaliqula kimi düşünür. Gör onda nə baş verərdi.

- Əsərdə şairlərlə bağlı iki ironik məqam var: Birinci məqam odur ki, Kaliqula deyir: “Şairlər ona görə danışırlar ki, özlərini eşitməsinlər. Özlərini eşitsəydilər anlayardılar ki, çox xırdadırlar və buna görə susardılar”. İkinci məqam isə odur ki, şairlər təlxək kimi istifadə edilir. Əsərdəki bu məqamlardan, şairlərə qarşı olan münasibətdən danışaq, ümumiyyətlə, Kamyunun şairliyi ciddi sənət saymamağı haqda söhbətimizi davam etdirsək pis olmaz.

- Kaliqula bu sözləri sarayında yaşayan və ona təlxəklik edən şairlər haqqında deyir, o şair və filosoflar ki, Kaliqula onları çırtmayla çağırırdı yanına. O dövrlərdə, elə indi də hökmdarların “şair”, “ziyalı” “hərəmxanası” olub və var. Kaliqula Siseronla öz kənizi kimi danışır. Kaliqula özünü şairliyə vurub onun sarayında məddahlıq edən qarğa-quzğun haqqında deyirdi bu sözləri. O, bütün əsər boyu niyə ancaq Siseronla fəlsəfi mövzularda danışır? Çünki o, bilirdi ki, Siseron bu yaltaq düdəmələrin tayı deyil.

- Əsərin sonunda Kaliqulanı öldürürlər, əsər boyunca isə Kaliqula başqalarını öldürür. “Bağışlamayanı bağışlamırlar” ideyası əsərdə hakimiyyət baxımdan nələri simvolizə edirdi?

- Kaliqulanın hökmdarlığı yazılmamış qanunlara söykənirdi. O, firon hesab edirdi özünü. İnsanlar onu öldürmədilər, sadəcə, qisas aldılar.

- Aqşin, elə ilk hissədən əsərin pessimist ovqatı adamı bürüyür: “Həyat və məhəbbət bir-birinə yad şeylərdir” düşüncəsi sona qədər sevgiyə mane olmurmu?

- Mən sevgiyə inanmıram, qadına inanıram. Kaliqula da bunu deyirdi ki, sevgi, məhəbbət, mən nə bilim, həsrət bunlar hamısı duyğu olaraq bekarlıq ucbatından çərəkə çevirmək kimi bir şeydi. Kaliqula bu hisslərin fövqünə qalxmışdı.

- Əsərdə müəyyən məqamlarda “güzgü simvolu”ndan istifadə edilir. Kaliqula ən böyük həqiqətləri güzgü önündə deyir. Pyesin sonunda onun son nitqi və ölümü də məhz güzgü önündə olur. Səncə, əsərdəki “güzgü simvol”u nədir və pyesdə hansı gizli mətləblərin açar kimi təqdim edilir?

- Məncə, bu epizodda Kamyu Kaliqulanın bütün eybəcərliyini özünə göstərib və süjetdən çıxarıb “o dünyalıq edib”. Buna baxmayaraq, bütün əsər boyunca Kamyu Siseronun yox, Kaluqanın tərəfindədir.

- Kamyu esselərində də vurğulayır ki, ölüm öncədən insana məlumdursa, yaşamaq mənasızdır. Kaliqula da əvvəlcədən ona qarşı sui-qəsd hazırlandığını bilir, sonda belə də olur. Məncə ölümün pessimizimi ilə həyatdan ayrılmaq, həvəsdən düşmək yaşamağı bir az da mənasız edir. Sən necə düşünürsən, ölümün labüdlüyünü əvvəldən bilmək bizi nələrdən edir?

- Kamyu bir essesində oxucularına sual verir ki, siz başqası tərəfindən öldürülməyə necə baxırsınız? Və sonda yazır: “Öləndə də mübarizə aparmaq lazımdı”. Onsuz da, hamımız öləcəyik. Ona görə də mən qaçılmaz bir sonluq olan bir şey haqqında düşünüb beynimi yormaq, Tanrı qarşısında cürbəcür ölümqabağı “kəndirbazlıq etmək” fikrində deyiləm, Mən ömrümü ölümdən betər yaşayan adamam.

- Kaliqulanı öldürəndə son sözü bu olur: “mən hələ sağam”. Ateistlərin düşüncəsinə görə insan ölərək ölümə qalib gəlir. “Xırdalamağ”ını istərdim ki, başdan-başa ateist düşüncəni əks etdirən bu əsər sənə necə bu qədər doğma ola bilib?

- Ateizim dini irticanın əleyhinə yaranmış bir etirazdır. Dünyada ateist insan yoxdu.

# 6558 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #