Gülən balıq - Süleyman Rəhimovun əfsanəsi

Gülən balıq -  Süleyman Rəhimovun əfsanəsi
11 oktyabr 2026
# 10:00

Bu gün Xalq yazıçısı Süleyman Rəhimovun anım günüdür.

Kulis.az ədibin "Gülən balıq" əfsanəsini təqdim edir.

Gün çıxan tərəfdə bir məmləkət vardı. Bu məmləkətin bir padşahı vardı. Bu padşah nə yerə sığırdı, nə də göyə... Dil tərpədənin dilini kəsdirir, baş qaldıranın başını vurdururdu. Əmrini yerinə yetirməyənin, bir sözünü iki eləyənin boğazına yağlı kəndir keçirtdirib, meydanlarda qurdurduğu dar ağaclarından asdırırdı. Bu padşah rəiyyətin-rəncbərin dərisini soydurur, xəzinəsini lal-cavahiratla doldururdu. Padşah öz sarayından çıxıb məmləkətin hansı vilayətinə yollansa hamı onun pişvazına çıxır, qabağında səcdəyə düşürdü. Əyilib atının dırnaqlarından öpməyənlərə divan tutdururdu. Başı zülmə qarışan padşah nə məmləkətdə əməlli-başlı bir yol çəkdirir, nə də susuz yerlərə su çıxartdırırdı. Bu padşah nə eldə-obada bir məktəb-mədrəsə açdırır, nə xəstələr üçün mərizxana dərdinə qalırdı. Padşahın yan-yörəsini bürüyən vəzir-vəkilin də işi-peşəsi ancaq, "bəli, beçeşm" demək idi. Şayəd bir gün vəzir-vəkildən birisi padşahın gözünə bir cürə, şübhəli dəysə, gecəsinə onun başı fərmanda idi.

Buna görə də padşahın vəzir-vəkilini bir-birindən seçib ayırd eləmək çox müşkül bir iş idi. Baxanda bu vəzir-vəkilin hamısı tutuquşu sayağı, eyni cürə, yastı-yastı danışır, eyni vaxtda yatıb eyni vaxtda dururdu... Onların hamısı bir cürə hərəkət edir, padşahın hüzurunda bir-birinə baxa-baxa bir dərəcədə ucadanmı, astadanmı gülürdülər. Bunlardan heç birisi başqa birisindən ayrılmır, nə səsini endirir, nə də qaldırırdı. Padşahın gözü vəzir-vəkilin üstünə çevrilib ağarcağın hamısı birdən sarısını udur, hamısı eyni rəngə-rufa düşürdü... Padşahı mədh etməyənlər, onun şücaətindən vəsf açmayanlar qaranlıq və rütubətli zindanlara doldurulur, burada yarıac, yarısusuz saxlanılır, sonra da göysüz-göyərtisiz quru boş səhralara sürgün edilirdi. Ancaq padşah gücünü həm içəri, həm də çöl qoşununa verir, yaraqlı-əsbablı qoşun düzəldirdi. Kefi istəyincə bu gün bu eli, qoluna qolay bu qonşusunu, sabah o eli, o biri qoluna qolay qonşusunu sıxıb-sıxışdırır, əzib-əzişdirir, torpaq dalınca torpaq tuturdu. Bu torpaqlarda da ancaq öz qayda-qanununu qoyur, sinəsinə yatan, gözü su içən adamdan vəzir-vəkil təyin edir, özü isə başda dayanır, gözəl-göyçək qızların əli ilə şavə saqqalına zəbərcəd danələri düzdürürdü. Padşah tacını hey təzədən bəzədir, bu gün bu əbasını, sabah o əbasını qızıllaşdırır, əl ağacını belə ləl-cavahiratla işlədib par-par parıldadırdı. O, düşmən saydıqlarının boynunu vurdurur, kəsik başlarına doyunca baxıb ləzzət alır, birdən də uğunub gedir, bu başları kəs kimi təpiyilə diyirlədirdi.

— Siz, bunun başına baxmayın, açıqca gülən dişinə baxın, heyvərənin... — deyə padşah çiyin ata-ata qəşş edirdi.

Bu zaman vəzir-vəkil də bir-birini dabanlaya-dabanlaya şaha uyğun olan əda ilə gülür, padşahın müqabilində öz başlarını əyib, elə bil ki, bir ağızdan deyirdilər:

— Ədalətli şahımız, bizim də başımız sənin fərmanındadır. Nə vaxt istəsən günahkar boynumuzu vurdura bilər, gərəksiz başımızı da kəs kimi diyirlədə bilərsən. Amma bizim heç birimizin kəsik başı sizin hüzurunuzda elə gədalıq göstərib, ədəbsiz-ədəbsiz irişməyəcəkdir.

Padşahın çəmini tapanlar onun daş-qaşlı silahını, qılıncını, qalxanını tərif edənlər şahdan bəxşeyiş alır, süd gölündə üzə-üzə məst olurdular... Bəzən padşah özü də yemək-içməyini bilmərrə unudur, bütün günü başdan-başa tərif yeyir, şişə-şişə köpəşirdi. Padşaha elə gəlirdi ki, bu dünyada ondan böyük heç bir dağ da yoxdur! Padşah hər hansı dünya dağından ucadır, özü də çox yaşayacaqdır. Hər yaranan ölsə də, bu padşah ömründə ölmək bilməyəcəkdır. Padşaha elə gəlirdi ki, əcəl haçan kimin üstünə necə qılınc çəkib, onu qara torpağa sərsə də, onun üstünə qılınc çəkən, onu torpağa səran heç bir əzrayıl olmayacaqdır. Amma elə bir gün gəldi ki, kefi kök, damağı çağ padşahın ovqatına çox acı bir soğan çırtıldı... Bəs necə oldu ki, bu boyda, bu zabitədə padşahın ovqatına birdən-birə çox acı bir soğan çırtıldı?.. Mətləb dərindir... İndi görək bu mətləb niyə dərindir, nə dərinliyindədir? Çay dərinliyindədir, ya dərə dərinliyində, yaxud lap dərya dərinliyində? Hər nə dərinliyində olsa gərək arayıb-araşdırıb dərinliyin dərəcəsini çatdırasan!.. Yoxsa olmaz!..

I

Bir gün sübh tezdən balıq ovuna çıxan bir qoca balıqçı dəryaya atdığı qurğuşunlu torunda ömründə görmədiyi gözəl bir balıq gördü. O daha toru dəryadan çıxarıb qumun üstünə salmadı, ləpələrdə saxlayıb balığa tamaşa eləməyə başladı:

— Nə gözəlsən, ay balıq!

Balıq dilləndi:

— Mən sehirli balığam, qoca! — Necə, sehirli balıq?.. Axı, mən bu çağacan heç bir balığı nə bu yaraşıqda, nə də danışan görməmişəm?! Xudaya, bəlkə məni qara basır?! Bəlkə mənim huşum başımdan çıxır?! Bəlkə mən ölürəm, ya ölmüşəm, heç dərya qırağında da deyiləm?! — Qorxma, qoca, sən sağsan, özü də yuxu-zad görmürsən! — Bəs həqiqət necədir, balıq? — Həqiqəti budur ki, sən tez tərpən, məni dərya suyu ilə dolu bir teştə qoy, apar padşahınızın hüzuruna, böyük ənam al, kasıblığın daşını biryolluq at. — Axı, yanımda teştim yoxdur, balıq! — Get evindən teşt gətir! — Evimdə də düzü heç bir teştim yoxdur! — Qonşundan borc al! — Mən gəlincə dəryanın dərin yerinə qaçmazsan ki? — Sən tora düyün vur! — Toru da özünlə dartıb dəryaya aparmazsan ki? — Torun dəstəsini yanındakı əncir ağacının kökünə bağla!

Qoca torçu balıq deyən sayağı elədi, cəld gedib qonşusundan balıq yerləşən, üzüb tərpənən bir teşt alıb qaçaraq gətirdi.

— Sən buradasanmı, dost? — Bəli, sən məni tordan çıxar! Əgər sən məni əlinlə belə dəryaya atsaydın, yenə də mən qoyub getməzdim! — Axı, səbəb nədir, balıq? Səbəb nədir ki?! Bəlkə Allah-taala özü mənim yoxsulluğuma rəhm edib, özü səni göndərib ki, mən səni padşaha təqdim edib kasıblığın daşını atım? Onun verəcəyi ənamı qənaətlə sərf edə-edə qoca ömrümün qalan qismini xoş güzoranla başa vurum? Bax, balıq, gör ayaq üstə necə də tir-tir titrəyirəm?.. Düzü yeddi yaşından ta yetmişə qədər mən bu duzlu suya batıram, çürümürəm, ölüb itmirəm, dəryadan balıq tutub obalarda una, dənə dəyişə-dəyişə bir çətən külfətimi saxlayıram, ap-acı ruzigar keçirirəm! — Mən səni ap-acı ruzigardan qurtaracağam, qoca! — Bütün məmləkət az qala dilənçiyə-sayıla dönüb, balıq! — Mən çalışacağam ki, məmləkətin də gözünü açım! — Xudaya, xudaya, mən dəli olmuram ki?.. — Qoca, ağlını başına topla, deyilənə əməl et!..

Qorxuya düşən qoca balıqçı deyənə əməl etdi, mis teşti yarıya qədər dərya suyu ilə doldurdu, balığı tordan çıxarıb teştə saldı. Baxanda balıqdır! Ancaq indiyə qədər qocanın tutduğu balıqların heç birisinə bənzəməyən qəribə, gözəgəlimli balıqdır... Qoca duzlu suyu süzülənən qurğuşunlu torunu dəstələyib şelləndi, teşti də üsullu qucağına qaldırıb aramla yollandı, özünü padşahın qəsrinə yetirib içəriyə izn istədi. Padşahdan xəbər qayıtdı ki, bəs qoca balıqçını mənim hüzuruma gətirin. Qoca balıqçını qızıllı-gümüşlü otaqlardan keçirə-keçirə ləl-cavahirata batan salona apardılar. Padşah öz faxir libasında o yandan bəriyə çıxıb:

— Nə var, qoca? — deyə qabağında balacalanıb büzüşən, müqabilində yumağa dönüb müti dayanan kişidən soruşdu. — Nə var belə, balıqçı? — Şah sağ olsun, sizə çox qəribə bir balıq gətirmişəm! — Necə çox qəribə bir balıq, qoca? — Belə ki, yetmiş illik ömrümün ərzində belə gözəl, əcəb balıq görməmişəm! — Bir bari göstər görüm!

Qoca, teşti padşahın müqabilində titrək əlləri üstündə tutdu.

— Mən də hiç belə əcəb balıq görməmişəm, qoca! — Bəli, şahım! — Bəs diləyin nədir, qoca? — İltifatınızdan asılıdır, şahım! — Bəlkə iltifatım sizi qane etmədi, qoca? — Bir quruş da olsa, şah əlindən qəbulumdur!.. — Yox, qoca, — deyə şah baş vəzirə tapşırdı, — özün apar, bu qocanı baş hərəmin barigahına, qoy o özü balığı qəbul edib, öz ənamını versin, çünki var-dövlətim onun əlindədir, xəzinəm onun sayəsində aşıb-daşır. — Mən şəxsən sizdən iltifat diləyirdim, şahım! — Sözü çərlətmə, qoca!

Baş vəzir işarə ilə qocanı lal olmağa çağırdı. Onu döndərib baş hərəmin barigahına apardı. Baş vəziri görən, ondan şahın sərəncamını eşidən xacə, baş hərəmə xəbər çatdırıb, əhvalatı bildirdi. Baş hərəmin qəzəbli qışqırtısı eşidildi:

— Xacə Təbarək, gər balıq məhrəmdirsə, dişidirsə alın mənə gətirin, naməhrəm erkəkdirsə, elə qapıdan qaytar!

Baş vəzir yerində dondu. Qoca qorxusundan qurudu. Ancaq, teşti dalğalandıran balıq quyruğu üstə qalxdı, şaqqa çəkib imarət dolusu güldü. Bir göz qırpımında saray əhlinə xəbər yayıldı ki, bəs balıq baş hərəmin barigahında necə şaqqa çəkib gülübdür! Olan əhvalatı gizlətməyə cürəti çatmayan, hər anda dili dartılıb boynunun kökündən çıxarıla bilən baş vəzir qoca balıqçını öz teşti ilə geriyə döndərdi, padşahın hüzuruna gətirdi, əhvalatı açıb necə ki var, elə də şaha söylədi:

— Yəni, bu balıq əməlli-başlı güldü, vəzir? — Bəli, şahım, bu balıq əməlli-başlı imarət dolusu güldü! — Nə zaman, nə zaman, vəzir? Bir də təzədən olduğu kimi tamam-kamal söylə! — O zaman ki, sizin baş hərəminiz, "balıq məhrəmdirsə, dişidirsə alın mənə gətirin, naməhrəm erkəkdirsə qapıdan qaytarın!" — deyə qəzəblə qışqırdı, balıq quyruğu üstə dikəlib şaqqa çəkib güldü.

Padşahı olmazın şübhə götürdü:

— Yaxşı, qoca, teşti buradaca qoyub, — deyə sağ əli ləl-cavahiratlı ağacında titrəyə-titrəyə sərəncam verdi, — özün də üzüstə evinə qayıt! Özün də bax sirri ağzında saxla, hər nə zaman ki, bu balığın nəyə güldüyünün sirri mənə əyan oldu, sən də ənamını onda alarsan!..

II

Şah tez sərəncam verib, bütün vəzir-vəkilini hüzuruna çağırdı:

— Açın, söyləyin görək, bu balıq niyə və nəyə gülmüşdür?!

Vəzir-vəkil başını aşağı saldı, padşahın qəzəbi bulanıq sel kimi aşıb-daşdı:

— Əgər sabaha qədər bu sirri mənə açmasanız, bax hər birinizin başını bircə-bircə özüm öz qılıncımla bədəninizdən cida edəcəyəm... Müftə yerə yeyib-yatıb, tənbəl-tənbəl oturub-durub, tənbəl-tənbəl mənə baxırsınız! Elə bil ki, gecəni sabaha qədər yatmayan, bu boyda məmləkətin dərdini çəkən mən deyiləm, sizsiniz!.. Bəs niyə dinmirsiniz?! Niyə cıqqırınızı çıxarmırsınız?! Yoxsa, hamınız ayaq üstdə ölüb müqəvvaya dönmüsünüz?

Baş vəzir titrəyən qədəmlərlə qabağa yeriyib aman istədi:

— Şahım, qəzəblənməyin, səbir edin, görək necə olur? — Yəni deyirsən ki, balıq niyə və nəyə güldüyü gedib başqa məmləkətlərə də çatsın? — Sərhədi qapayarıq, şahım, qoymarıq xaricə səs çıxa! — Bəs gələn elçilər?! Bəs gedən səfirlər?! — Nə xaricə bir nəfəs, şahım, nə də daxilə! — Şübhəli bir söz deməzlərmi? Bunun özündən şübhələnməzlərmi? Söyləməzlərmi, bəs nə var ki, o məmləkətdə, oraya nə azar daraşıb ki, belə edirlər? — Şahım, kimin sizin daxili işinizə nə dəxli? Məmləkət sizin, sərəncam da sizindir! — Küt başına daş düşsün! — deyə şah ağacını qaldırıb baş vəzirin başını taqqıldatdı: — İçi bomboşdur, kəndçilərin çəpərlərində quru tağlarda sallanan qupquru balqabaq kimi bomboşdur! — Şahım, bəndənizi bunca əqilli vəzir-vəkilinizin birisi ilə avəz edə bilərsiniz! — Bəs sən cənab necə olarsan? — Mən də qulunuz ollam, şahım! Lap tövlənizdə mehtər olub atınızı tumarlaram! — Elə biz həmişə şahın qolubağlı qulu olub, tövləsində mehtərliliyə başlarıq, — deyə bir-birinə macal verməyən vəzir-vəkil dilləndi. — Daha biz hansı ağızla haranın köpəkləriyik ki, şahın bəndəliliyindən çıxa bilək?! Hərəmizin bir canı var, ona da padşahın yolunda can-başla qurban verməyə hazırıq! — Yaxşı, sakit! — deyə padşah ləl-cavahiratlı ağacını döşəməyə döydü. — Siz elə qorxaq tülkü, elə hiyləgər qurnazlarsınız ki, başınızı bəladan qurtarmaq üçün siçan deşiyini satın almağa, özünüz də siçana çevrilib bu deşiklərdə gizlənməyə hazırsınız! — Şahım, onda durun öz əlinizlə sınaq üçün bircə-bircə bizim boynumuzu vurun, ta sizin hirsiniz soyuya, sizin vücudi-alinizə zərər-ziyan toxunmaya!.. — Vuracağam, bu qılıncla bircə-bircə sizin boynunuzu, əgər siz günü sabah, bax, düz bu vaxtacan bu sirri açıb mənə agah etməsəniz, niyə bax bu teşt içində sərfnazlıqla cövlan edən bu balıq baş hərəmin barigahında elə şaqqa çəkib gülmüşdür? — Bəlkə, şahım, bu balıq gülməmişdir? — Onda baş vəzir hamının müqabilində doğrusunu desin! — Şahım, bu balığın necə güldüyünü, bütün barigah əhli öz qulaqlarıyla eşitdi, çoxları da gözləri ilə gördülər!

Padşah əmr etdi:

— Xacə Təbarəki mənim hüzuruma çağırın!..

Xacə Təbarək də gəldi, balığın gülməyini təsdiq etdi.

— Bəlkə, sən özün bu sirri açasan, kaftar! — Şahım, mənim boynumu vurdurun! — Niyə, xacə Təbarək?! — Axı, xacə Təbarək sizin aciz bir bəndəniz, bu vəzir-vəkil səf çəkib sizin qarşınızda boyun-boyuna duran məqamda nə qələt edə bilər? — Bəlkə, bunlarsız, bu kütbeyin qoyunlarsız sən özün xacə Təbarək pünhanı, bu sirri açıb mənim qulağıma pıçıldayasan? — Əsla, şahım!.. Mən heç zad bilmirəm. Axı, bu ağalar bu sirri aça bilməyən yerdə, mən necə "balıq niyə güldü" sirrini aça bilərəm? Axı indiyə qədər bu dilsiz-ağılsız dərya sakininin heç bircəciyinin də hansı məmləkətdə olsa belə güldüyünü görən, eşidib-bilən olubmu?! Yenə də sizin bütün dünyanın vəzir-vəkilindən ağıllı-kamallı vəzir-vəkilinizin baş sındırmağı gərəkdir, bildirsinlər ki, bəs bu balıq niyə nə nəyə güldü? — Rədd ol, sən də qoca, rədd ol hüzurumdan, tüksüz tülkü! — Şah bar-bar bağırdı. — Guya, mən bilmirəm bu aciz-avaralar nəyə gərəkdir? Əgər bunların başı olsaydı, burada nə gəzirdilər? — Onda şahım, özünüzə başlı vəzir-vəkil cəm edin! Yoxsa, bu ağılsız-qundur başlarla məmləkəti uzağa apara bilməzsiniz! — Bəs, qundur başlar acından qupquru quruyarlar ki... — deyə şah zəbərcədli əl ağacı ilə vəzir-vəkilin başına bir neçə dəfə vurub taqqıldatdı. — Gör, bunların hər birisindən necə də kar-küt səs çıxır, xacə Təbarək! — Bəs, onda bəndə bilmir bu başlar daha sizin nəyinizə gərəkdir, şahım? — Bax belə, taq-taq taqqıldatmağa!.. Əgər, bunların bircəciyi gülən balıq sirrini açsaydı, mən öz taxtı-səltənətimdən imtina edib küllən ona bəxş edərdim! — Bizim heç birimizdə belə cəsarət ola bilməz, şahım! — Niyə olmur, tənbəl öküzə bənzəyən vəzirlər, vəkillər, ağalar, əyanlar, niyə olmur?! — Çün, şahım, bizim heç birimizdə elə bir baş yoxdur ki, şahın başından ağıllı-kamallı ola, elə də səltənət iştiyaqına düşə, — deyə vəzifəsi mövcibincə baş vəzir cavab verməli olurdu. — Şahım, biz sizin aciz bəndələrinizik, öl-öl, qal-qal!

Baş vəzir şahın qarşısından dizləri üstə səcdəyə düşüncə bir-birinə macal verməyən vəzir-vəkilin başı fərşə getdi, otuza yaxın göbələk baş göründü.

— Sən niyə səcdəyə düşmürsən, xacə Təbarək? — Şahım, mən sizin zəhminizdən elə qurumuşam ki, daha əyilməyə də tab-tavanım qalmayıbdır! — Demək, xacə Təbarək də heç bir tab-tavan qalmayıbdır? — Balıq güləndən mən elə quruyub heyrətdə qalmışam!

Padşah cərgəsi ilə donqalanan belləri öz əl ağacı ilə döyəcləyib fəqərə sütunlarını əzib-əzişdirdi. Sonra da qəzəbnak əmr etdi:

— Qalxın ayağa!

Şah qışqırınca neçəsinin fərş üzərində tərpənə bilmədən qaldığını gördü.

— Kim ayağa dura bilmirsə, xacə Təbarək, son özün sürü o biri yana sal, — deyə padşah sərəncam verdi. Onun qəzəbli gözlərindən alov saçılmağa başladı. — Hamınızın beli, bax belə qırılacaqdır! Hamınızın başı boynundan atdırılacaqdır!

Şah qılıncını çəkincə boyunlar tez əyildi, baş vəzir bir az da qabağa durduğu üçün qılınc onun boynunda da parladı, bədən yerə sərildi, başı bir qırağa düşüb qırıq-qırıq danışdı:

— Balıq... Balıq... Güldü ki?!..

Qəzəbli şah ayağının ucu ilə kəsik başı tərpədincə, dodaqlar çəkildi, dişlər ağara qalıb güldü. Bütün vəzir-vəkil vahimədən tir-tir titrədi. Onların da dodaqları eynən qaçdı, dişləri də açıqda qalıb səssizcə güldü.

III

Boynu vurulan baş vəzir üstü örtülü quylandı... Guya bu işi nə görən, nə də eşidən olubdur!? Ancaq, görəsən "Balıq niyə və nəyə güldü?" — deyə sarayda xısın-xısın, qıraqda ağ-açıq danışıldı, söz yayıldıqca yayıldı. Bu söz-sov bütün məmləkətdə hərlənib dolandı, hətta qapalı sərhədləri ötə bilən quşların qanadlarında göndərilən namələrdən də aydın oldu ki, bəs filan məmləkətlə belə bir hadisə olubdur, balıq baş hərəmin barigahında şaqqa çəkib gülübdür?! Bu məmləkətlərin də padşahları öz vəzir-vəkilini cəm edib baş sındırdı; ancaq "Balığın niyə və nəyə güldüyünə?" cavab tapan olmadı. Hamısı öz yerində mat-məəttəl qaldı, bütün dünya heyrətə düşdü...

— "Balıq niyə güldü?! Balıq nəyə güldü?!"

Nə etmək olardı? İndi padşahlar öz dəryalarında olan balıqları qırdırsınlarmı? Hər necə balıqları qırdırsan da, yenə də bir balıq sağ qalıb istəyəndə gülə bilməzdimi? Bu gün bu padşahın, sabah o padşahın baş hərəminin barigahında şaqqa çəkə bilməzdimi? Yaxşısı budur, heç bir balığa dəyib-dolaşmayasan! Mümkün edib dəryaya tor salıb balıq tutmayasan ki, bir balıq da bir padşahın sarayında, ya onun baş hərəminin barigahında gülə?! İndi bəs necə olsun?! Əgər, bu padşah özü əyriağız qılıncı ilə bir tək baş vəzirin deyil, bütün vəzir-vəkilinin başını bədənindən atdırsa, yaxud bütün əyanlarının bel-buxununu sındırıb şil-şikəst etsə, yenə də sirr sirliyində, düyün düyünlüyündə, müşkül müşküllüyündə, müəmma müəmmalığında qalırdı ki, qalırdı! Belə də olsa, üstündən neçə-neçə il ötsə də, qalacaqdı ki, "balıq niyə və nəyə güldü?". Padşah yemir, içmir, vəzir-vəkildən hansı birisi özünü yorğan-döşəyə yıxıb bir mərəzə giriftar sayıb hıqqıldayıb-zıqqıldasa da yenə, yenə daş-divar gəmirən padşah onu cəbrən yerindən qaldırıb hüzuruna gətirdir, onları birlikdə, yaxud ayrı-ayrılıqda dara qısnayıb, divara dayayıb, balığın gülməkliyinin səbəbini soruşurdu, ancaq bildim deyən olmurdu ki, olmurdu! Bəs daha necə olsun?.. Padşah üzü üstə yıxılıb bu əlacsız-çarəsiz dərdlə ölsünmü? Ölüb bu dünyadan sinəsi dağlı-düyünlü getsinmi? Axı, lap torpaq altında da padşahın sümükləri soruşar:

— "Balıq niyə və nəyə güldü?"

Bəlkə padşah baş hərəmdən xəbər alsın?! Yox, baş hərəm özü də bilməz! Bu boyda vəzir-vəkil bilməyən yerdə, o haradan bilə bilər. "Baş hərəm xəzinəni göz bəbəyi kimi qoruyan, padşahın var-dövlətini çin-çin yığan, qənaət edən bir qadındır, balıq dilini, balıq xasiyyətini o haradan bilə bilər?" — deyə fikirləşən padşahın yuxusu ayıq vaxtına, ayıq vaxtı da yuxusuna qarışırdı:

— "Balıq niyə və nəyə güldü?"

Bu sirri öyrənməmiş, açmamış, qulaqlarına gələn xısıltını kəsməmiş, min-min deyil, milyon gözləri "balıq niyə və nəyə güldü" intizarından qurtarmamış, padşah rahatlanıb yata bilmirdi. Padşah düzəltdirdiyi qızıl hovuzda balıq zərrin rəng ala-ala üzür, naçar padşah hey ona tamaşa edirdi. Bir axşam padşahın əmri ilə nə sarayda, nə də məmləkətdə bir çıraq yandırıldı. Bütün məmləkət yasa batan kimi qaranlıqda qaldı. Yalnız padşah özü bir şam yandırıb əlinə aldı, balıq üzən hovuzun kənarına qoydu, özü də əllərini döşündə çarpazlayıb durdu:

— Yalvarıram, balıq, de görüm sən niyə və nəyə görə baş hərəmin barigahında şaqqa çəkib güldün?

Balıq dinmədi, səs çıxarmadı, qızıl hovuzda mənalı dolandı.

— Axı səndə böyük bir sirr vardır, balıq!

Birdən balıq dönüb cavab verdi:

— Onda bu sirri bir tək mənə aç, balıq! — Bu sirri bir tək sənə açsam, nə edərsən? — Sənin bu hovuzunu indiki kimi zərdən deyil, tacımdakı zəbərcəddən düzəldərəm! — Mən istərdim, şahım, sən məni dəryaya buraxasan!.. — Sən bu sirri mənə açsan, mən səni dəryaya da buraxdıraram! — Əvvəlcə məni dəryaya burax, oradan sirri sənə açım! — Yox, üzüb-üzüb başqa məmləkətlərin dəryalarına gedərsən, mənə aid sirri orada açarsan! — Onda şah mən deyənlərə gərək bircə-bircə əməl etsin! — Buyursun, görək balıq! — Bütün zindanlarda çürüyən məhbusları şah gərək azad etsin! — Axı, onda balıq bütün məmləkətdə asayiş pozular, papaqaldı qaç düşər! — Onda şah günü sabahdan məmləkət daxilində bütün əyalətləri bir-birilə bağlayan yol çəkdirməyə girişsin! — Bunu hiç edə bilməyəcəyəm, balıq! — Niyə, şahım? — Çünki düşmənim çoxdır, balıq, düşmən rəvan yolla məmləkətin içinə yeriyib bizi məğlub eləyə bilər? — Bəlkə, şahım əyalətlərdə xəstəxanalar açdıra? — Əsla, mümkün deyildir, balıq. — Nə üçün, şahım? — Çünki hər şeyə qadir olan Allah öz bəndələrini saf-çürük edir, yəni çıxdaş etməlini də vaxtlı-vaxtında çıxdaş edir. Daha mən Allahın iradəsinə qarşı çıxıb onun qəzəbinə gələ bilmərəm! — Onda şahım, el-obanın balaları üçün mədrəsələr, məktəblər açdırın! — Bu da mümkün deyil, balıq! — Niyə mümkün deyildir, şahım? — Çünki el-obanın balaları mədrəsələrə cəm olunsalar, əkin-biçin işlərimiz bərbad olar, bütün məmləkətdə başdan-başa aclıq başlar, hamı tələf olar! — Demək, şahın nəzərində savadın, təhsilin ziyanı vardır? — Bəli, balıq! İzafi savadın-təhsilin ziyanı vardır! — Bəs savadsız-təhsilsiz məmləkəti necə dolandırmaq olar, şahım? — Nə qədər ki, savadlı xidmətçi gərəkdir, o qədər də vardır. Burada daha ölçü-biçini pozsaq, daş-daşın üstə dayanmaz, zəlzələ başlar, nəinki bir tək insanlar, siz balıqlar da məhv olarsınız! — Mən deyənlərin heç biri mümkün deyil, şahım? — Əsla, mümkün deyildir, balıq! Sən, bil ki, onda bütün məmləkət xarabazara çevrilər, mən özüm də o dünyada cəhənnəmi olaram! — Demək, şahım, siz göydəki Allahın yerdəki vəkilisiniz? — Mən onun kölgəsiyəm, quluyam, balıq! — Onda mənim niyə və nəyə gülməkliyimin səbəbini siz ondan soruşun! — Onun belə-belə işlərlə məşğul olmağa vaxtı yoxdur! — Yox, siz ondan soruşun şahım! — Bu da əsla mümkün deyildir, balıq! — Niyə siz, hər şeyə qadir ola-ola, bu işə qadir deyilsiniz, şahım? — Qadirəm, lakin?.. — Onda bu sirri açmağa qüdrətiniz olsun!.. — Yox, bu sirri açacaqsan, əziz balıq! — Əgər, açmaramsa? — Açacaqsan, yalvarıram! — Aç-ma-ramsa? — Onda mən şeypur çaldırıb baş vurdurduğum o böyük meydanda alovu göylərə dirəklənib, buludları yalayan bir tonqal çatdıraram, hamının gözü qabağında səni o tonqalda yandıraram, yer üzündə heç bir izin-əlamətin qalmaz! — Onda sirr də, sirr qalar! — Onda səni bu qızıl hovuzdan çıxarıb quru teştin içinə qoyaram, bir ləhzədə tələf olarsan! — Onda sənin özünü də bu sirr hökmən tələf edər! — Necə, necə? — Sən bu sirrə tablamazsan, şahım, ürəyin partlar! — Bəs indi necə olsun, möhtərəm balıq? — Onda bu sirrin üstünü vurmuyun! — Necə, nə təhər? — Sirrin üstünü vurmuyun! Mən burada üzüm, sən də orada sarayda gəzin! — Axı, mən az qala heç gəzə bilmirəm! — Niyə, nə üçün şahım? — Çün baxıram, qədəmlərim tutulur, az qala?! — Onda loğmanınızı çağırın, dərdinizə dərman qılsın! — Heç bir loğman, heç bir dərman! Mən istərdim, bilim, axı sən niyə və nəyə güldün? Mən bu sirdən agah olmaq istəyirəm! — Bu sirr açılsa, sən peşman olacaqsan, şahım! — Olmaram, balıq!.. Sən bu sirri aç! Mənim partlayan ürəyimə cavab ver!

Padşah dizləri üstə düşüb qızıl hovuzda asta-asta üzən balığa yalvardı, sonra da dəsmalını çıxarıb gilə-gilə yaş gələn gözlərini sildi.

— Peşman olacaqsan, şahım! — Olmaram, peşman!.. Aç camaatın qarşısında bu sirri söylə görək, axı sən niyə, nəyə güldün? Niyə və nəyə görə sən başqa bir yerdə yox, ancaq mənim baş hərəmimin barigahında güldün?! — Onda mənim bütün şərtimə sözsüz əməl edərsizmi, şahım? — Bəli, sənin bütün əmr və sərəncamlarına müti bir qul kimi mütləq əməl edərəm! — Bu sirri açmaq məsləhət deyil, şahıra?! — Sən sözünü döndərə-döndərə məni çərlətmə, balıq! Bax, mən sənin bu quyruğundan yapışıb başını divara çırparam! — Mən əsla ölümümdən qorxmuram, şahım! Ancaq bilirəm ki, bu sirr səni çox tezcə öldürər! — Bəli, bu sirrə agah olmasam məni tez öldürər! — Bəlkə, bu sirr açılmaqdansa, şahı öldürsə yaxşıdır?! — Onda, mən bu dünyada əzrailə də can vermərəm! Yüz əzrail birdən yığılıb, başımın üstünü alsa, mən fateh sərkərdə heç birinə can vermərəm! — Bəs bu sirrin açılması, şahın özünün ölümündən betər olsa, necə? — Mən razıyam, mən tamamən sənin bütün şərtlərinə razıyam, balıq! Aç bu sirri, axı niyə, nəyə görə sən dəryadan çıxırdın? Axı sən, niyə, nəyə görə buraya yollarındın? Axı o məlun qoca niyə, nəyə görə səni bu mis teştə qoyub düz buraya gətirirdi?! Aç sirri, söylə səbəbini!.. Qoy hər nə olur olsun söylə, əsla bir nöqləsini də gizləmə! Bax belə, öz ürəyini yeyə-yeyə şahlıq etməkdənsə, ürəyini bir yolluq torpağa təslim etmək min pay yaxşıdır! İndi gündüzlər də, gecələr kimi mənim gözlərimə tar-zülmət görünür. Başqa-başqa məmləkətlərdən sərhədlərə elçilər göndərilir, kağızlar gəlir, hamısı soruşur; "balıq niyə və nəyə güldü", mən cavab verə bilmirəm! — Bəs şahın bunca yeyib-yatan, yatıb-yeyən vəzir-vəkili? — Dedim, sənə, dedim ki!

Şah balığın boğazından yapışınca, balıq saray dolusu güldü.

— Demək, sən orada da beləcə gülmüsən! — Bundan da güclü gülmüşəm!! — Onda sirri mənə aç, onda hamısını bircə-bircə mənə aç, söylə! — Axı, özün buyurdun ki, camaat qarşısında açım! — Bəli, camaat qarşısında aç! Peşman olmaq deyil, ölüm də olsa aç söylə, axı bütün məmləkət mənimlə bərabər... [bütün cümlə qorunur] axı bütün məmləkət mənə baxır, axı milyon göz mənə zillənib!.. Sən niyə gülmüsən? Sən nəyə gülmüsən? Sən mənim baş hərəmimin barigahında lap zəif toxunumlu bir yerimdə ancaq, bir tək mənə gülmüsən! Bəlkə burada güləydin, bax beləcə, indiki kimi orada gülməyeydin... Onda mən hiç zaman pəjmürdə olmazdım, bunca təşvişə düşməzdim! — Bəlkə, şah məsləhətə qulaq asa, öz baş hərəmindən, onun bütün sirlərini soruşa?.. — O mənə hər nə desə də, balığın niyə və nəyə güldüyünü deyə bilməz! — Bəlkə dedi? — Yox, əsla! — Bəlkə, sirr çox üzdədir, şahım? — Yox, sirr dərindədir, balıq, dərya qədər dərində! Yoxsa, sən o dərin dəryadan çıxmaz, məlun qocanın qırışıq əli ilə bu mis teştə salınmaz, saraya gətirilməz, mənim səltənətimi belə tir-tir titrətməzdin?! — Demək, şah mənim baş hərəmimin barigahında niyə və nəyə güldüyümün səbəbini, camaat qarşısında açılmağını qeydsiz-şərtsiz istəyir? Razıdır? — Bəli, bəli, mən bu sirri mütləq, hər nəyin bahasına olur olsun bilmək istəyirəm! Axı niyə mənim fateh qılıncıma məmləkətlər baş əyən zaman mən belə aciz olmuşam?!

Şah çox deyib, çox təkid edəndən sonra onlar sabaha yaxın şərtləşdilər. Balığın şərtinə görə məmləkətin hər yerindən, hər bir yanından xeyli adam çağırıldı. Saray əhlindən də beli əzilən vəzir-vəkildən başqa hamı toplandı. Şeypur çalındı, qoşun səf-səf dayandı, qoca balıqçı həmin teştə qoyulan balığın yanında əsə-əsə durdu. "Balıq niyə və nəyə güldü?" — sirrinin açılacağı hamının ürəyini aramsız döyündürməyə başladı. Yüz mindən yuxarı göz balığa və padşaha zilləndi.

— Hamı mənim əmrimə əməl etməlidir! — deyə balıq teştin içindən dikəlib hakim səslə dilləndi.

Şah onun qarşısında əyildi:

— Bəli, burada hamı, hər kəs, qoşunun hər bir nəfərinə qədər bu balığın əmrinə əməl etməlidir! — Onda and için! — And içirik, balıq!

IV

Hamı səs-səsə verdi. Balıq buyuranın hamısına əməl edəcəklərinə and içdilər.

— Onda tərpənirik, baş hərəmin barigahına tərəf! — Bəli, yeriyirik baş hərəmin barigahına tərəf!

Padşahın rəngi sapsarı saraldı.

— Bəlkə, şahım, peşman olursunuz? — Xeyr, mən öz andıma əməl edirəm, balıq! — Mənim bütün şərtlərimə! — Bəli, camaat qarşısında balığın bütün şərtlərinə əməl edirəm! — Bəs rəngin niyə saraldı, şahım?.. Bəlkə bu ziyanın yarısından... — Camaat qarşısında ölüm də olsa, mən fateh sözümdən qayıtmaram! — Ölümdən betər olsa, necə? — Yüz ölüm də olsa mən boyun əyərəm! — Əgər, yüz ölüm cəzasını özünüz-özünüz üçün qazanmış olsanız, necə? — Hər kimsə qoy öz əkdiyini biçsin, balıq! — Sən öz əkdiyini indi çox tez biçəcəksən, şahım. — Mən əkdiyimi çox tez də biçib qurtarmaq istəyirəm, balıq!

Doğrudan da peşman olan şah balığın üstünə cumdu. Ancaq balıq çəkinmədən amiranə əmr etdi:

— Sən peşmansan, şahım, görürəm, artıq necə peşmansan! Mən əmr edirəm öz andını pozan şahın qolu tez, cəld bağlansın!

Şahın taxt-tacına çoxdan göz dikənlərdən bir neçəsi birdən töküldü, hər birisi öz qurşağını tezcə açıb şahın qolunu belinə bağlamağa çalışdı.

— Heç də yaxşı deyil ki, camaat qarşısında öz tüpürdüyünü yalıyasan, gəda! — Vurulmalı boyun sizinmiş, əyan-əşrəf! — Artıq gecdir, çərənləmə, gəda! Qoy görək, axı bu balıq, sənin baş hərəminin barigahında niyə və nəyə gülübdür?!

Balığın əmri ilə baş hərəmin barigahının qapıları taybatay açıldı, ancaq bilən olmadı xacə Təbarək hangi cəhənnəmdə gizləndi. Baş hərəm saçlarından çəkilib ortaya atıldı. Xanımın nazla yeridiyi fərşlər bircə-bircə qaldırıldı, döşəmələr tərpədildi. Fərş döşənən, aşağıdan, lağımlardan qırx nəfər bığıburma yad adam dartılıb bu yana atıldı.

Balıq daha ucadan gülə-gülə dilləndi:

— Bax, mən buna gülmüşəm ki, ölkəni başdan-başa zindana çevirən bu qolu bağlı caninin baş hərəmi əyləşdiyi, gəzindiyi bu fərşlərin altında görün nə qədər də yad-yadırğa adam vardır. Bunlar, bu gözlərindən qan damanlar, xəzinəni talayıb bu daş-qaş içində itən xanımın atası evinə lağımla xəlvətcə yeridənlərdir. Bu zəngin imarətdə əlini ağdan-qaraya vurmayan, özünü axmaq şah ərinin gözündə sədaqətli göstərən bu qadın, ölkənin, xalqın malını bir görün necə talan edir. Bax, məni güldürən də şahın gicliyi, şah arvadının bicliyi oldu.

Hamı heyrət etdi, ayaq üstə ölən padşah ayaq altına salınıb, cəsədi tapdaq altına düşdü. Camaat mis teşti əl üstünə aldı:

— Bizə başçı təklif et, balıq! — Bax bu qoca balıqçını sizin məmləkətə başçı təklif edirəm, camaat! — Qoca balıqçıdan məmləkət başçısı olarmı? — Əgər bu qoca balıqçı məmləkətin ağıllı-kamallı, insaflı, bilikli şəxslərini öz başına toplaya bilsə, ondan böyük məmləkət başçısı olar! — Axı, sənin etiqadın nəyədir, balıq? — Etiqadım bunadır ki, zəhmət adamı, zəhmətkeşin qanını gecəli-gündüzlü eyş-işrətdə zəlisayağı sormaz, xalq malına qənaət edər, zülmkar padşahın gördüyü işləri görməz, görmədiyi işləri görər!

Eldən, obadan tökülüb gələn adam padşah tərəfinə həmlə edib güc gəldi. Nəhayət, qoca balıqçını məmləkətin başçısı seçdilər. Yan-yörəsini də balıq deyən kimi ağıllı-kamallı vəzir-vəkillə bərkitdilər. Nəhayət, balığa üz tutdular:

— İndi biz sənə necə qulluq edə bilərik? — Heç bir qulluq gərək deyildir, ancaq sizdən bircə təvəqqem vardır! — Biz hamımız canla-başla sənin sərəncamını yerinə yetirərik! — Siz yenə də məni su ilə dolu bir mis teştin içində aparın, həmin yerdən dəryaya buraxın! — Yox, biz sizi sarayda saxlarıq, balıq! Bax orada, qızıl hovuzda üzərsən, özü də qulluğuna neçə-neçə qulluqçu desən, qoyarıq! — Deyərlər el içində, öl içində. Mənimki dəryadır, balıqdır.

Daha balığın sözünü döndərən olmadı. Məmləkət başçısı qoca balıqçı məyus olsa da balıq buyurana əməl etdi. Onlar mis teşti götürüb axın-axın yeridilər, mis teşt bu əldən o ələ keçdi. Balığı apardılar, həmin yerdən dəryaya buraxdılar... Göz qoydular... Balıq köpüklü dalğalarla üzə-üzə uzaqlaşdı, yenə də dəryaya, yar-yoldaşının yanına getdi, qıraqdan boylanan min-min adamın gözündən itdi...

fevral 1963-cü il

# 98 dəfə oxunub

Oxşar xəbərlər

"İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir..." - Fransua Moriakdan sitatlar

"İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir..." - Fransua Moriakdan sitatlar

10:30 11 oktyabr 2026
"İçimizdəki səfaləti başqalarına açmaq həddindən artıq qorxulu ehtimaldır..." - Harold Pinterin sitatları

"İçimizdəki səfaləti başqalarına açmaq həddindən artıq qorxulu ehtimaldır..." - Harold Pinterin sitatları

10:00 10 oktyabr 2026
"Ərlə arvadın birgə həyata uyğunlaşmasından ötrü onların arasında..." - Andre Morua

"Ərlə arvadın birgə həyata uyğunlaşmasından ötrü onların arasında..." - Andre Morua

16:00 9 oktyabr 2026
"Bir sözlə, insan olmaq lazımdır..." -  İvo Andriçin Nobel nitqi

"Bir sözlə, insan olmaq lazımdır..." - İvo Andriçin Nobel nitqi

13:00 9 oktyabr 2026
Mavi, mavi, masmavi... - Bahar Bərdəlinin hekayəsi

Mavi, mavi, masmavi... - Bahar Bərdəlinin hekayəsi

12:45 8 oktyabr 2026
Ağsaqqal - Qulman Oçilovun hekayəsi Aygün Əzizin tərcüməsində

Ağsaqqal - Qulman Oçilovun hekayəsi Aygün Əzizin tərcüməsində

10:00 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər