Qəlbim sənə hamilədi – YENİ İMZA

Qəlbim sənə hamilədi – YENİ İMZA
5 yanvar 2017
# 15:13

Kulis.Az “Yeni imza” layihəsindən Lalə Niftəliyevanın şeirlərini təqdim edir.

Zalım

Mənim saçım qıvrım deyil,
Uzun deyil barmaqlarım...
Heç zərif də deyiləm.
Mənim saçlarım pərişandı,
Gözlərimdə intihar günahları,
Xırda barmaqlarımda
Tellərinin ətri.
Mənim boyum uzun da deyil heç,
Amma ürək döyüntülərinin
Ritmi ilə,
Ruhum zəncir vurur sinəsinə.
Bəlkə heç gözlərim də gözəl deyil
Bilmirəm ki.
Amma parıldayır baxışlarım
Nur tökülür damla-damla.
Sən olmayan soyuqlarda,
Uzaqlarda,
Toxumağı öyrənir
Sevmədiyin əllərim.
Soyuq olacaq bu ilin qışı da.
Sənə şarf toxuyacam,
Qollarım sarılmasa da
Onu sarı boynuna.
Ay, zalımın oğlu,
Min ildi görüşmürük.

Atam işdən qayıdır

Tanrı üşüyür bu gecə
Qıvrım yollarda.
Nəfəsindən donub dekabr gecəsi.
O qədər üşüyür ki,
Duman bürüyüb yolları.
Donmuş ağacların arasından
Xatirələr üfürür Tanrı.
Yaxınlaşdıqca
Uzaqlarda qalan keçmişimə
Gözlərim donur,
Birdən üfürdüyüm odun peçi
Çıtırtıyla alışır o qıvrım yollarda.
Sonra atam əlində sarı zənbil,
Saqqalında
Qar dənəcikləri,
Üstünə hopmuş qarışıq yemək qoxusu,
Və gözlərinin dərinliklərində gizlədiyi
Dekabr soyuğu ilə
Evə gəlir.

Bir gün ölsəm…

Bir gün ölsəm,
Elə bilmə bitəcək,
Tükənəcək,
Necə ölər mənim sevgim?
Mən sənə bilirsən necə aşiqəm?
Balaca bir uşaq necə
Anasına aşiqdirsə...
Bir gün ölsəm,
Elə bilmə bitəcək
Dəlisən?
Mən sənə
Heç bitməyən,
Sonsuz rəqəmlər qədər aşiqəm...
Bax uşaqlar əllərini açıb deyər ha
Hə… hə... o boyda aşiqəm...
Mən ölsəm də,
Ruhumdakı o balaca uşaq
Səni sevəcək...
Oynadığı oyunlarda,
Ayağı yalın qaçıb,
Gizlənqaçı sevdiyi qədər
Sevəcək.
Sən heç dərd etmə, sevdiyim...

Cənnət boyda ümid

Sənin pəncərəndən gələn işıq,
Cənnətin nuru kimidi.
Kölgənə həsrət qalıb
Bu qızcığaz...
Pəncərəndə tozlu kitablar
Olsam
Məsələn,
Sən toxunmasan da
Mən hey izləsəm səni...
Hava da soyuq olur
Dekabr gecələrində...
Qurban sənə bir boylan!
Cənnət boyda ümidim var,
Sən boylanmasan nolar ki...

Getməsən

İstəmirəm gedəsən
Bir də kimi sevərəm atam kimi.
İstəmirəm...
Yenə qorxularım böyüsün.
Xoşbəxtliyi sənin etinasızlığına
Sığınaraq tapa bilən bir qəlbə
Bu qədər qəddar,
Acımasız olma.
Getmə,
Yanımda qal.
Sənə çay dəmləyim,
Birgə yenə mənasızlıqdan dəm vuraq
Sən istehzayla gül,
Mən ehtirasla sevgidən danışım,
Sən qayıt öz iyrənc dünyana
Mən məsumluqla izləyim səni.
Özün də bilirsən, adam,
Mən sənin ən fahişə halına
Sevgi qatıram.
Bilirəm çətin olur
Çətin olur Tanrısal sevgi...
Mənim ən böyük mübarizəm olma.
Gəl birlikdə
Bu qalxan qazın qiymətinə,
Zorlanan düşüncələrin təmizlənməsinə,
Yetimlərin,
Küçədə maşın şüşəsini təmizləyən
Körpələrin
Haqları üçün mübarizə aparaq.
Sən məndən getmə.
Mənə gəl ki,
İki ürək mübarizə apara bilsin...

***

Bu xırda ürəkdə
Kainat boyda sevgi
Bu xırda ruhda
Tanrı
Əzizim mənim,
Sən olmayanda mən
Sənə dastan yazıram,
Sənə mahnı yazıram
Yarpağın xışıltısından.
O qədər zərif sevirəm ki,
Səni...
Ehh.... Yenə də sən gələndə
Susacam
Nə biləsən yanındaykən
İçimdə bir Tanrı
Öz yaratdıqlarına
Necə baxırsa,
Sənə elə baxıram...

Mükafat

Mənim sevgim
Edam anında
Hələ də sağ qalacağına ümid edən
Məhkumun ümidi qədərdi...
Mənim ağrım
Zorlanmış qadının
İniltisi qədər acınacaqlı,
Ümidsiz...
Qəlbim sənə hamilədi,
Doğum sancısından qıvrılır.
Sən doğulacaqsan,
Ya diri,
Ya ölü.
Mən ana olmaq istərkən
Sən mənə övlad acısını
Hədiyyə edirsən.
Bəlkə də düz deyirsən,
Əzizim,
Mənim nadanlığımın
Mükafatı sənsən.

Tanrı ilə dialoq

Sən gedən gün mən Tanrını söydüm,
Küsdüm,
Üsyan etdim...
Sonra biz barışdıq
Birlikdə səndən danışdıq...
Dedim: Sevirəm axı
Dedi: bilirəm..
Nə gözəlmiş Tanrı təsəllisi
O da bilirmiş...
Sən gedən gün Tanrı gəldi.
Heç bilmirsən,
Sənin kimidir o da.
Hər şey yaxşı olacaq deyir
Günəş mavi
Dəniz qızılı
Yağış daha ağlamayacaq
Deyir.
Elə gözəl deyir ki,
İstəyirəm ona inanım.
Sən gedən gün Tanrı gəldi
Heç bilmirsən nələr-nələr dedi.
Dedi ki,
Dünyanı mən yox
Sən dəyişəcəksən
Elə dedi ki,
İnandım...
Sən gedən gündən
Mən dünyanı dəyişirəm...

Atama bənzəyən kişi

Atamın şəklini görsə anlayacaq
Vallah anlayacaq
Niyə bütün dünyaya qarşı
Üsyan etdiyimi
Bir dəfə görsə, min dəfə qibtə edəcək.
O qədər böyük sevəcək
Müharibələr dayanacaq
Uşaqlar oynayacaq
Analar xörək bişirəcək
Ən böyük sevgisiylə.
Bir dəfə atamın şəklini görsə
Günəş o qədər parlayacaq ki,
Trump Afrikanı xilas edəcək
Fələstinlə İsrail dünyaya sevgisini
Verəcək.
Göylərdən yerə ümid yox
Elə hey sevgi yağacaq.
Bir dəfə atamın şəklini görsə
Məni sevəcək...

Qadınlar

Yenə yoxsan,
Nigaranam.
Bilirsən necə olur nigaran qadın?
Yeməyi zəhər
Çayı ilıq...
Kitabı nəmli olur.
Bəs sevilməyən qadın?
Əsəbi
Acı dil
Amma nəmsiz olur kitabları...
Sevən qadınlar da olur
Çox danışar eləsi...
Elə hey səndən danışar,
Çayına da
Yeməyinə də
Kitabına da...
Yanına gəldiyi zaman
Sən sevgisizlikdən
O sevgidən susar ...

Atam kimi

Məsələn, mən atam kimi sevirəm səni.
Küsəndə qapını çırpıb gedəcək
Dizlərinə sarılıb nifrət püskürəcək,
Gözlərinə baxanda eşqdən güləcək qədər.

Məsələn, mən atam kimi sevirəm səni.
Hər kəslə dərd bölüşüb
Səninlə susacaq
Hər kəsə məsləhət verib
Səndən məsləhət alacaq,
Onlara nağıl danışıb,
Səndən hekayə dinləyəcək
qədər...
Atam kimi sevirəm səni..

# 1246 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #