Arabaçı - “Ən yaxşı hekayəmiz”

Arabaçı - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
3 sentyabr 2017
# 16:45

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında Sabir Əhmədlinin “Arabaçı” hekayəsini təqdim edirik.

Qarşıdan iti sürətlə boş yük maşını gəlirdi. Cəlil öküzləri sağa hayladı ki, maşın keçsin. Arabaya beş-altı addım qalmış şofer tormozu vurdu, ətrafı toz bürüdü. Uzunburun qarayanıq şofer başını kabinkanın pəncərəsindən çıxartdı.

- Arabaçı qardaş, deyəsən, öküzlərin sözünə baxmır. Axı, maşın yolunda sənin nə işin var? Torpaq yol darlıq eləyir?.. Tez ol, tez ol, tələsirəm, samalyotunu qırağa çək! – deyə qışqırdı.

Cəlil tərs-tərs şoferə baxıb, qolavanın üstündən yerə hoppandı və arabanı yoldan çıxartdı.

- Ay arabaçı!.. – Şofer havada təkəlli bir çırtıq çalıb maşını tərpətdi.

Cəlil qətiyyən arzu etməzdi ki, şofer Qulu ilə bu cür qabaqlaşsın. Yolun alt-üstündə pambıq yığan kolxozçular hələ də gülüşürdülər.

O, dilxor halda arabanı torpaq yola salıb, öküzlərə bir-iki çubuq çəkdi:

- A-çe, Zoğal-Zoğal, Ala!

Araba ot tayalarına yaxınlaşdıqca, Cəlilin ürəyi daha bərk döyünürdü. “Bu gün ya hə, ya da yox” fikri hələ səhər onun başına girmişdi. “Məni istəyirsə söz versin, yox, istəmirsə, getsin minsin Qulunun kuzasına. Sən bir gör nə ağzıgöyçəklik eləyir: “Samalyotunu qırağa çək!” Əmr verməyinə bax. Şofer olub dünyanı düzəltmisən?!”

- A-çe, Zoğal-Zoğal!

Cəlil ot tayalarını lap yaxında görüb səsini uddu. Yerə düşüb, öküzlərin boyunduruğunu açdı və qabağa yeridi. Tünd yaşıl sıx kərən kolları və hündür söyüdlər pambıq tarlasını yaxşı görməyə imkan vermirdi. Cəlil bir az da irəli yeridi.

Arabaçının gözləri qarşısında geniş, ta uzaqlardakı ağaclaracan uzanan bir mənzərə açıldı. Elə bil pambıq kollarının üzərinə qar yağmışdı. Qozaların ağappaq lifləri kötük kimi daşlaşmışdı.

Yaxında, cərgələrin arasında bir dəstə qadın vardı. Onlar danışıb gülüşürdülər. Arabaçının baxışları dəstədən bir az geridə pambıq yığan qıza dikilmişdi. Arabaçı, qızın hər bir hərəkətinə göz qoyur, həyəcanlanırdı. “Tərgül, mənim ürəyim”. Cəlil əgər utanmasa idi, qız sarıdan da beli bağlı olsa idi, bu kərən kollarının arxasından çıxıb birnəfəsə qızın yanına yüyürər, qollarını onun boynuna dolayıb, bərk-bərk öpərdi. Bəs Tərgül neyləyərdi? Cəlil bu suala cavab tapa bilmədi. O özünü yığışdırıb qızlara doğru yeridi. Cərgələrin başında pambıqla dolu bardanlar qoyulmuşdu. Yalnız bircə bardanın başı yarımçıq idi.

Əlləri və önlüyü pambıqla dolu olan Gülü:

- Xaloğlu, belə tez gəlməklə, deyəsən, axı bizdən ötrü bərk darıxmısan?

- Axşamınız xeyir, tez deyil, görmürsən gün hardadır?

İndi Cəlil Tərgülün üzünə düz baxa bilmirdi. Qızlardan çəkinirdi: “Gülüşərlər, söz atarlar”.

Tərgül heç kimə baş qooşmadan pambıq yığırdı.

- Xalaoğlu, gərək bir araba da gətirəydin, pambığımız dünənkindən çoxdur.

- Nə qədər olsa birinə yükləyərəm...

Cəlil tayalara sarı yeriyərkən fikirləşirdi: “Qızlar hər gün daha çox pambıq yığırlar. Axırda iş elə olacaq ki, bir araba bəs eləməyəcək, onda ya ikinci araba, ya maşın istəyəcəklər. Birdən Qulu gələr...” Arabaçı narazı halda başını buladı: “Yox, lap üç ton yığsalar da özüm daşıyacağam. Öküzlər çəkməz, dördboyun elərəm. Dəmirnən Topunu da qoşaram. Mən razı olmaram ki, Qulu gələ, Tərgülün pambığını apara. Arada bir üzlülüyünə salıb söhbət eləyə, aranı qızışdıra. Yox, Cəlil olan yerdə, Qulu nə qələt eləyir?! On beş gündür daşıyıram, axıracan da daşıyacağam...”

Arabaçı keçən ildən qalma quru ot tayasının kölgəsində uzandı.

Cəlil kənddə tanınan cavanlardan idi. Onun yaxşı araba sürməyini hamı bilirdi. Çətin yola, ağır işə araba gərək oldumu, ayrı adamı yox, Cəlili çağırardılar. Özü də bu günlərədək peşəsindən çox razı idi. Amma ürəyində Tərgülün məhəbbəti düşəndən bəri bir balaca peşəsindən soyumuşdu. Günlər ötdükcə Tərgülün sevgisi arabaçının qəlbində daha dərin kök salırdı. O, hiss edirdi ki, qıza ürəkdən bağlanmışdır. İndi də ot tayasının kölgəsində uzanarkən Cəlil bu barədə düşünürdü: “ Qızların yanına gedirəm, ağızlarını açanda ya arabadan, ya da öküzdən söz salırlar. Arabaçıyam da... Olardım aqronom, kolxoz sədri, traktorçu, şofer. Ehh, şofer yox, aşağısı briqadir, gör onda başıma necə pərvanə kimi dolanardılar. Qulaqları səsdə olardı ki, görək bu subay aqronom, traktorçu havaxt sevgidən, evlənməkdən söz salacaq. Axı arabaçını kimdir itirib-axtaran...”

Nəfəsini dərib qalxdı. “Buna bir əncam çəkəcəyəm. Tərgüllə bu axşam məsələni qurtarmalıyam”.

Cəlil fürsət axtarırdı. Kəndin dalda-bucaq yerlərini gözü qabağına gətirirdi ki, qızı təklikdə harada görə bilər? Arabaçı belə qərara gəldi ki, pambığı təhvil verib evə gedəndə qızı yaxalasın. Həm də qabağı qaranlığa düşəcək... Bu fikir, onun çox xoşuna gəldi. O, tələsik qızların yanına qayıtdı.

- Qoy, hərənizə bir-iki cəngə pambıq yığım, - dedi.

Gülü göz vurub Tərgül səmtə işarə etdi:

- Onun pambığı azdır, get ona kömək elə.

Cəlil belə bir təklifi heç gözləmirdi. O, dik dayanıb pambıq didişdirən qıza yaxınlaşdı.

- Yarımçıq bardan sənindir? – arabaçının üzü qıpqırmızı oldu, səsi çox zəif və məzəli çıxdı.

- Hə, - qız əlini pambığa atıb, altdan yuxarı Cəlilə baxdı. Qızın qara gözlərindəki təbəssüm arabaçını həyəcana gətirdi. Cəlilə elə gəldi ki, Tərgül heç kimə ona baxdığı kimi baxmır. Birinci gün səhər pambıq aparmağa gələndə də Tərgül Cəlilə belə baxmışdı. Elə arabaçını da qıza bağlayan bu baxışlar olmuşdu.

- Sənin köməyin mənə lazım deyil.

- Niyə, Tərgül?

Qız cavab verməyib qabağa keçdi.

Cəlil çaşqın halda əlini qozalara atdı. Sinəsində tutduğu topa pambığı qıza uzatdı.

- Tut! – arabaçının gözləri qızın yanıb qaralmış əllərinə dikildi. Pambığı verərkən əli qızın biləyinə toxundu. Onun ətli, totuq biləyinin hərarəti Cəlilin ürəyinə od saldı. Cəlil bir neçə kərə də əllərini pambıqla doldurub qıza verdi. Amma danışmaq üçün nə qədər səy etdisə də qız özünü o yerə qoymadı.

Gün bathabatda qızlar axırıncı önlükləri doldurub cərgələrin başına çıxdılar. Bardanların ağzını tikdilər.

Tərgül xaşanı böyrü üstə yıxıb üstündə oturmuşdu. Pambıq kolları onun biləkləri təki totuq, çılpaq baldırlarını cızmışdı.

- Cəlil, kömək elə daşıyaq.

Dirəmə bardanları tək aparmaq çətindi. Bir də, Tərgülün yanında dalına yük götürüb aparmaq Cəlilə ar gəlirdi.

- Bura gəl, qol-qola apararıq, - Güllü onun əlindən yapışdı.

Cəlil qızlarla əl-ələ verib bardanları arabanın yanına daşıdı. Özü qəsdən Tərgülün pambığını axıra saxladı. Amma iş onun gözlədiyi kimi olmadı. Tərgül bircə bardan doldurmuşdu. Onu da qızların birilə qırağa çıxartdı. Cəlil xaşaları arabaya yüklədi. Lap axırda Tərgülün bardanını götürüb arabaya qaldırdı. Canlı adamla davranırmış kimi bardanın yerini rahatladı. Öküzləri qoşdu.

- Ay qızlar, görürəm yorulmusunuz. Gəlin, minin arabaya!

- Xalaoğlu, qoy görək, pakrişkan partlayar, yolda qalarıq.

Qızlar uğundular. Tərgül də ağzını tutub pıqqıldadı. Onlar yola çıxıb getdilər. Arabaçı, Zoğalın böyrünə dirsəklənib, maddım-maddım qızların ardınca baxdı.

***

Tərgül axşam qaranlığında, heç kimin gözünə dəyməməyə çalışaraq məntəqədən uzaqlaşdı. Qız çox acıqlanmışdı. Özünə də, briqadirə də. Dar cığırda ayaqları bir-birinə dolaşırdı.

- Axşamın xeyir! – deyə kimsə cığırın kənarından qalxıb onun qabağını kəsdikdə, qız diksindi və bir addım dala çəkildi. Diqqətlə baxıb arabaçını tanıdı.

- Axşamın xeyir! – deyib ötmək istədi.

Cəlil yolu kəsmişdi.

- Tərgül, belə qaranlıqda yaxşı düşməsə də, sənə bir-iki kəlmə sözüm var...

- Tələsirəm, yoldan belə çıx!

- Yox, Tərgül...

- Arabaçının inadı, onsuz da qanı qara olan qızı hirsləndirdi.

- Yoldan belə çıx! Nə sözün var, sabah deyərsən.

- Tərgül, ürəyimi boşaltmasam, yata bilmərəm. Tərgül!.. Cəlil nə qədər çalışdısa, qıza təsir edəcək bir söz tapa bilmədi. Qabağa yeridi, əllərini uzadıb qızın biləklərindən tutmaq istədi.

Tərgül ürkmüş ceyran kimi sıçrayıb cığırdan çıxdı.

- Get ürəyini o cır-cır arabana aç ki, boşalsın, - deyib qaçdı.

Arabaçının qolları yanına düşdü. İstədi ki, qızın dalınca getsin. Amma gec idi. O, kor-peşman evlərinə döndü.

Anası talvarın altında sac qoyub çörək salırdı. Cəlil həyətdə dayanmayıb birbaşa evə girdi.

- Nənə, bir evə gəl.

- Görmürsən əlimdə işim var?

Cəlil otaqda işsiz dayanan balaca bacısına dedi:

- Yeri çörəyi sal, vacib sözüm var.

Sarış əlinin urvasını çırpa-çırpa otağa girdi.

- Bala, bu iki daşın arasında nə işin var?

- Nənə, bilirsən nə var?

Sarış onun nə deyəcəyini səbirsizliklə gözlədi.

- Bir dillən görüm!

- Nənə... Evlənirəm!

Sarış altdan-yuxarı oğluna baxıb, üzünü bozartdı.

- Yekə kişisən, uşaqlığın başındadı, bu saat zarafat vaxtıdır?

- Dayımın canı üçün doğru sözümdü... Nənə, Gülünün manqası bu gün yaman çox yığmışdı. Bircə Tərgül... hə, bircə Tərgülünkü az idi. Tərgül...

- Cəlil, yoxsa Gözəlin xırda qızını istəyirsən? O qara qızı?

- Ta qara niyə olur? Qaradı, ağdı hər nə, axır ki, dedim qurtardı. Gözəl xalanın yanına adam göndər!

Oğlunun Gözələ belə istiqanlılıqla xala deməsini eşidəndə, Sarış Gülümsədi. Ürəyi yumşaldı.

- Bala, qıznan heç bir kəlmə kəsmisən?

- Yox.

- Razılığı var?

- Yox.

- Bəs xalqın qızı ovcunu iyləyib ki, naxırçı Dadaşın oğlu onu istəyir? Ə, bəs bu zamananın uşağı deyilsən? Bir qıznan danış, ağzına dil at, gör nə deyir.

- Bu olmasa da olar.

- Cəlil, sən allah məni oynatma!

- Dayımın canı üçün lap düz deyirəm.

Sarış fikirli-fikirli sacın yanına qayıtdı.

- O yana dur görüm, yekə qızsan, bir çörəyi də çevirə bilmirsən. Yeri, yeri, dərsini oxu.

Həmin gecə Cəlil həyətdəki hündür talvarda yatdı. Özü qəsdən belə etdi ki, ata və anası otaqda tək qalıb məsələni yoluna qoysunlar.

Arabaçı arxası üstə uzanmışdı. Gözlərini zümrüd göyə dikib, güzgü qırıqları kimi parıldaşan ulduzlara tamaşa edirdi. O fikirləşirdi ki, görəsən, işin axırı necə olacaq? Tərgül nə cavab verəcək? Arabaçı özündən çox narazı idi. Öz cəsarətsizliyindən acıqlanır, girəvəni əldən verdiyinə, qızın razılığını elə bu gecə ala bilmədiyinə görə öz-öüzünü danlayırdı. Cəlil ruhdan düşmürdü. Özünü arxayın edirdi ki, Tərgül ona gəlməyə razılıq verəcək. Bəlkə, bircə şey arada əngəl ola. Arabaçılıq! Tərgül deyər ki, mən arabaçıya getmirəm. Kolxoz sədri olsaydım, traktorçu olsaydım, şofer... Yox, şofer yox. Hə, heç olmasa ferma müdiri olsaydım, sözsüz razılıq verərdi... Arabaçılıq, doğrudan da, cavan peşəsi deyil. Öküz haylamaqdan başqa, mənim çox şeyə gücüm çatar. Keçən il kolxozun on maşını vardı. Bu il on beşdir. Gələn il də, şəksiz, iyirmiyə çatar. Di gəl, bu gurhagurun arasında Zoğalı, Alanı hayla...

Cəlil ürəyində dönə-dönə söz verirdi ki, əgər Tərgül “hə” desə¸mütləq özünə təzə bir iş tapacaq: “Bu böyüklükdə kolxozda işə nə gəlib. Çox savadlı olmasam da, savadsız da deyiləm”.

Cəlil başını qaldırıb yastığını rahatladı, yorğanı sinəsinə çəkdi və yuxulamaq istədi. Sərin payız gecəsinin nəfəsi, yarpaqların xışıltısı, böyük kanaldan axan suyun aydın eşidilən şırıltısı arabaçının hisslərini oyatdı. Gözlərini yummuşdu. Amma görürdü. Sevdiyi qızı açıq-aydın görürdü. Tərgülün dəyirmi, qara-şirin çöhrəsini, qabıq bağlamış ətli dodaqlarını, yumru çənəsini o qədər yaxından görürdü...

Tərgül axşam çörək yemədi. Yerini bağçadakı talvarda salıb uzandı. O, hirsini uda bilmirdi. Fikirləşirdi necə etsin ki, çox pambıq yığsın: “ Axı mən də onlarnan bir yerdə səhərdən axşamacan yığıram. Tər tökə-tökə işləyirəm. Qapanın başında niyə utanım? Anam düz deyir: mən hələ pambıq yığmaq işində ustalaşmamışam. Cəmisi dörd həftədir yığıram, yetmişdən yuxarı qalxa bilmirəm. Gülü başqasına çox da fikir vermir. Az yığdı, çox yığdı, necə yığdı... Anam yaxşı deyir. Sabahdan icazə alıb gedəcəyəm Fatmanın yanına, lap böyürə-böyürə işləyəcəyəm. İşinə göz qoyacam. Görüm nə təhər yığır, üç bardan təpir.

Sərin meh yorğanın altından soxulub qızın canını üşütdü. Uzaqdan kiminsə səsi eşidildi:

“A-çe, çe...”

Tərgülün yadına axşamkı əhvalat düşdü. “Görəsən, nə deyəcəkdi? Ürəyi doludur, amma aça bilmir. Arabaçı” – deyə qız pıçıldadı və yorğana bərk-bərk bürünüb gözlərini yumdu.

***

Tərgül ensiz arxı sıçrayıb su dəyirmanının alt tərəfinə endi. Fatmanı da elə burada sahənin kənarındakı birotaqlı balaca yeməkxanada tapdı. Sarışın, ətli-canlı bir qadın olan Fatma Tərgülü öz qızı kimi qarşıladı. Onlar sahəyə getdilər.

Gün hələ çıxmamışdı. Şərqdə, üfüqdəki alçaq dağlar südə oxşar sıx dumana bürünmüşdü.

Göyün ortasında isə para-para buludların kənarları od tutub yanırdı. Bərəkətli pambıq tarlalarının üzərində sərin külək əsirdi.

Fatmanın manqasındakı qızlar və qadınlar tarlaya çıxan kimi oxumağa başladılar. Əlləri də oxuduqları mahnı ilə həmahəng işləyirdi.

Bacıqızı, mənimkilər hər gün aşağısı yüz yığır. Özüm də bu həftə yüz əllidən aşağı enməmişəm. Hər günü üç-üç, beş-beş qalxıram. Anan bilir. Düz onca ildir ki, yığıram, bacıqızı...

Fatmanın hər bir hərəkəti Tərgülü heyrətə salırdı. Belə ətli-canlı, ağır adam kolların arasında sərçə kimi cəld idi. Onun əlləri gəbə toxuyanlarınkı təki iti işləyirdi.

Tərgülə elə gəlirdi ki, Fatma özünü qətiyyən gücə salmır. Hərdən danışıb gülür, zaraftlaşırdı da. Amma əllərini də bir göz qırpımında doldururdu. Elə bil ki, əllərində pambıq çəkən maqnit var, uzadan kimi liflər ovcuna gəlir.Tərgül həsəd aparırdı. Fikirləşirdi ki, belə yığmağı bacarsa idim, özümü dünyada ən xoşbəxt adam sayardım.

Günorta dincəlməyə çıxanda Tərgül əlli-əlli beş kiloya qədər yığmışdı. İndi onlar şaxlı-büdaqlı söyüdlərin kölgəsində uzanıb şirin-şirin söhbət edirdilər.

- Pambıq işi mənim ürəyimə yatan işdir, bacıqızı. Pulu-pul, hörməti-hörmət. Anam bilir, keçən il onca min pul almışam. Ərsiz arvadam. Üç uşağım var, dədəlilərdən də yaxşı geyindirib-keçindirirəm. Hitler ərimi öldürdü, dedi bəs balalarım yetim qalacaq. Amma uşaq dədədən yetim qalmaz, güzərandan qalar.

O, bir müddət susdu, kirpiklərini tez-tez döyüb köksünü ötürdü. Dikəlib yanındakı bir-iki önlüyü də başının altında qoydu. Gözlərini dolandırıb tarlaya baxdı.

- Bacıqızı, amma onu da deyim ki, ağır işdir. Baxmağnan qurtarmır. Gör bu düzdə neçə min-min kol var, qoza var. Kolxozumuzda da vur-tut ikicə maşın yığır. Üç yüz hektara iki maşın... Gərək əlnən yığasan. Bir maşın mənim kimisinin otuzuna aman verməz.

- Fatma xala, deyirlər axı üç maşın var.

- Hə, üçdü. Amma biri sahənin qırağında yatır. Nəyisə çatmır. Heç bu yığanlar da mən deyən kimi yığmır, əzir. Ustası yoxdur, ustası. Yığmalıdır üç ton, yığır ton yarım, iki ton.

Fatma başını qaldırmadan mənalı-mənalı soruşdu:

- Bacıqızı, deyəsən, pambıq yığmağa bərk həvəsin var, axı?

- Eh, Fatma xala, bilirsən necə! Gecə-gündüz fikirləşirəm ki, allahın altında elə yığaydım ki, təkcə mənim pambığımı aparmağa bir maşın gəleydi.

- Ta deynən ki, pambıqyığan maşın olaydım.

O, bir müddət danışmadı. Ara-sıra kirpiklərini döyüb düşündü. Sonra başını çevirib Tərgülə baxdı və açıq bir həsədlə dedi:

- Bacıqızı, sənin yerində olsaydım, gedib girərdim bax o pambıqyığanın kursuna. Altı ay oxuyub, oturardım üstündə. Gündə iyirmi-otuz adamın normasını yığardım, həm də rahatca istirahətimi eləyərdim.

Hər ikisi susub fikrə getdi.

- Fatma xala, heç yorulursan? – Tərgül dikəlib maraqla ona baxdı.

- Yoruluram, bacıqızı, əlbəttə, yoruluram. Maşın deyiləm ki. – O, əllərini başının altından çıxarıb döşlərinin üstündə çarpazladı.

***

- A-çe... Topu-Topu... Topu!

Xoş axşam havası Cəlilin sevgi dolu ürəyini tərpətmişdi. Qolavanın üstündə dik durub uzun çubuğunu öküzlərin başı üstündə fırladır, tez-tez qarşıda görünən ot tayalarına baxırdı. Hərdənbir də ucundan-qulağından bildiyi mahnını oxuyurdu.

- A-çe-çe!... – arabaçı öküzləri haylayır, sevdiyi qızın yanına can atırdı. Öküzlər hər ayaq atanda onun ürəyi Tərgülün yanına gedib qayıdırdı. “Gərək nə təhər olursa-olsun bu gün “hə”sini alam. Onun totuq biləklərindən yapışıb razılığını almasam, bir də bu sahənin qırağına hərlənmərəm”.

Cəlil adəti üzrə gərən kollarının arxasından tarlaya göz gəzdirdi. Sanki ürəyi dayandı. O, təlaş içərisində qabağa çıxdı. Yox, Tərgül görünmürdü. Arabaçı bir-iki addım da atıb durdu.

Gülü qollarını geniş açdı. Elə bil ki, Cəlili qucaqlayacaqdı.

Xalaoğlu, qıraqdan niyə baxırsan? Ürəyin xarab oldu? A qızlar! Ona su aparın, tez olun, tez olun!

Cəlil asta-asta qızlara yaxınlaşdı. Bardanların yan-yörəsinə baxdı. Amma Tərgülü görmədi.

- Gəl, bir az kömək elə, xalaoğlu. Bilirəm qanın qaraldı, eybi yoxdur. Hamısı düzələcək.

- Bəs Tərgül hardadır?

- Ay zalım! Yamanca oda düşmüsən.

- Ta səndən söz soruşduq.

- Fatmanın manqasına göndərmişik. Dünən axşam briqadir qızı bərk danladı.

- Bəs bura gəlməyəcək? – Arabaçının səsi titrədi.

- Niyə gəlmir, xalaoğlu? Bu gün Fatmanın iş təcrübəsilə tanış olur. Sabah tezdən buradadır.

Cəlil indi anladı ki, Tərgül dünən axşam niyə hirsli imiş. Arabaçının ürəyi xeyli sakitləşdi.

Bardanları yükləyəndə onun gözü qorxdu, yük çox ağır idi. Əlavə olaraq, qızlar da qalxıb pambığın üstündə əyləşdilər.

- Xalaoğlu, gözlə ha, pakrişkan partlayar, - deyə Gülü böyrü üstə uzandı.

- Çe-çe, a-çe!

Öküzlər şişərək dartındılar. Araba cırıldayıb tərpəndi.

“Böyük yol”a yaxınlaşdıqca Cəlilin qorxusu artırdı. Bura çox işləkdi. Rayon mərkəzinə, baş məntəqəyə, stansiyaya, tarlaya bütün maşınlar bu yolla gedib-gəlirdilər. “Böyük yol” döngəsiz, enli və hamar olduğundan şoferlər burada sürəti artırırdılar. Bu gün həmişəkindən çox maşın görünürdü.

“Böyük yol”a çıxarkən dal təkərlər çuxura düşdü. Araba əyildi. Qızlar qışqırdılar. Cəlil yerə sıçrayıb öküzləri buladı.

- Arabaçı qardaş, skorosu artır!

- Ehtiyatlı sür, qızlar inciyərlər.

- Gözlə, rul atkaz eləyər.

- Cəlil, dal təkərlər buraxıb.

- Əmioğlu, düş özün çək!..

Arabaçı şoferlərin bu zarafatlarına dözə bilmirdi. O acıqlanıb özündən çıxmışdı. Amma nə edə bilərdi? Maşınlar da elə iti keçirdilər ki, çatdırıb bircə söz də demək olmurdu.

Qulaqları deşən siqnal səsləri və tırıltı arabaçını bezdirmişdi.

Gülü də bardanların üstündən başını uzadıb deyirdi:

- Xalaoğlu, maşınlar ceyran kimi süzür. Biz də iməkləyirik.

Arxadan, lap yaxında dalbadal siqnal verildi. Cəlil əyilib baxdı. Maşını da, şoferi də, onunla yanaşı oturan qızı da tanıdı. Arabaçının rəngi qaçdı, ürəyi qana döndü. Tərgül kabinkada Fatma ilə Qulunun arasında oturmuşdu. Özü də Cəlilə baxıb gülümsəyirdi.

Qulu başını kabinkanın pəncərəsindən çıxartmışdı. Damağındakı papiros tüstülənirdi. Maşın arabaya yanaşdı.

- Çəkən öküz mərd olar. Vur yerisin! – deyə Qulu əlini havada oynatdı. Maşın uzaqlaşdı. Üstündəki qızların oxuduğu şən mahnı da eşidilməz oldu. Elə bil ki, bir dəstə quş pırıltı ilə uçub getdi.

Gülü Cəlilin kepkasını dartışdırıb dedi:

- Xalaoğlu, ürəyin dincəldi?

- Gülü, bəsdir, zarafat bir dəfə olar.

- Qanın niyə qaraldı, xalaoğlu!

- Yaxşı, Qulu, borc olsun! – deyə arabaçı dodaqaltı pıçıldadı, - çəkən öküz mərd olar, çəkməyən namərd. Baxarıq.

- Açe, Topu – Topu, Dəmir! – Arabaçını hirs boğdu. Ürəyini soyutmaq üçün öküzləri döydü. Öküzlər bir az yortdu.

- Xalaoğlu, yavaş, pakrişkan partlayar.

Qızlar bir-birinə dəyib pıqqıldaşdılar.

***

Şənbə günü idi. Axşamüstü zurna-balaban səsi, nağara guppultusu kəndi ağzına almışdı. Uşaqdan-böyüyə hamı mədəniyyət evinin qabağına toplaşmışdı. Cəlil oraya çatanda zurnaçılar qızğın bir oyun havası çalırdılar. Altı adam birdən oynayırdı. Gəlinlər, qızlar, cavan oğlanlar elə ürəkdən, elə qıvraq süzürdülər ki, sanki səhərdən-axşama qızmar günün altında işləyən bunlar deyildilər. Adamların başı üstündən sallanan iri lampalar meydana işıq saçırdı. Hamının kefi kök idi. Bu gün avans pul da paylanmışdı.

Arabaçı üzünü tər-təmiz qırxdırmışdı. Çatma qara qaşları ağımtıl bənizində yapışıqlı görünürdü. Bozarmış kepkasının altından görünən qara saçları da xoş təsir buraxırdı. O, ağ milləri olan göy köynək geymiş, yaxasını lap xirtdəyəcən düymələmişdi. Arabaçının boyu qısa idi. Adamların hamısını görə bilmirdi. Hərdən Tərgülü tapmaqdan ötrü boylanırdı.

Kim isə arxadan Cəlilin qollarını tutdu və qüvvətlə sıxdı.

- Salam! Salam, arabaçı qardaş. Axşamın xeyir! – Şofer Qulu bir topa tüstünü Cəlilin üzünə pülədi. Onun gözləri axırdı. Telləri kepkasının altından alnına düşmüşdü. O, əlini havada oynadaraq çırtıq çalırdı.

- Ay başına dönüm, bir “Tərəkəmə”. A qadan alım, tez ol, sümüyüm yandı! Arabaçı qardaş, bilirəm məndən inciksən, amma sən mənim ölmüşüm, bəri gəl... Məndən incimisən? Nahaq. Səninlə zarafat eləməyə yaman xoşum var.

“Tərəkəmə” çalınırdı. Camaatın gözü Qulu ilə Cəlildə idi. Arabaçı yaxşı oynaya bilmirdi. Bilsəydi də, Qulu ilə çıxmazdı, lap da indi, Qulunun kefinin belə kök vaxtında. Şofer Cəlilin qollarından yapışıb meydana çəkməytə çalışırdı.

- Burax, özünü öldürsən də ortalığa çıxmaram.

Qulu papirosunu yerə çırpdı. Adamları aralayıb meydana girdi. O, gəlinlərin, qızların qarşısında oturub- qalxır, bir əlini sinəsinə basıb qaş-göz eləyir, çırtıq çalırdı.

Cəlil həmin yerdəcə dayanıb diqqətlə adamlara göz gəzdirirdi. O, təşvişə düşmüşdü. Qorxurdu ki, birdən Qulu Tərgülü görüb, əl çəkməz, ortaya çıxarar, ikisi oynamağa başlayar. Bəs Cəlil buna dözə bilərmi? Arabaçı qabağa yeridi. Oturanlardan kim isə şalvarının balağını dartışdırdı.

- Xalaoğlu, kimi axtarırsan?

- Gülü, burdasınız?

Gülü ilə yanaşı oturan Tərgülü gördükdə Cəlil dizi üstə çökdü.

- Budur ha, burda otur, - Gülü özü ilə Tərgülün arasında, palazın üstündə yer elədi.

- Axşamın xeyir, Tərgül.

- Aqibətin xeyir.

Onlar bir-birinə baxdılar. Qız sözlü adama oxşayırdı. Arabaçı soruşmağa cəsarət etmədi. Tərgül də dinmədi.

Qulu kepkasını əlinə alıb fırlatdı və gülə-gülə hamıya baş əyib aradan çıxdı.

Gülünün də, Tərgülün də kefləri kök idi. Hər ikisi tez-tez gülür, bərkdən əl çalır, oynayanlara söz atırdılar. Cəlil bu şadlığın səbəbini yaxşı bilirdi. Bilirdi ki, Tərgül axır günlərdə briqadada yaxşı pambıq yığanlar cərgəsinə keçmişdi. Arabaçı gözlərini Tərgülə zilləyib dönə-dönə özünə söz verirdi: “Ta bu gecə işi qurtarmalıyam. Nə təhər olsa ürəyimi qıza açmalıyam”.

Gülü Cəlilin qolundan tutub sıxdı.

- Xalaoğlu, nə qəşəngləşmisən. Qorxuram sənə gözüm düşə. – O, əlini Cəlilin qulağına qoyub pıçıldadı. – Ağzına su almısan? Qıznan danış, gül, söhbət elə. Qorxma.

Zurnaçılar “Ceyranı” havasını başlayanda Gülü ayağa qalxdı və Tərgülün əllərindən yapışdı, onu güclə ayağa qaldırdı. Onlar ortalığa çıxanda hamı əl çalmağa başladı. Tərgülün totuq biləkləri və yumru əlləri elektrik işığında daha gözəl və cazibəli göründü. Qız başını azca yana əyib xırda addımlarla süzürdü. Onun dəyirmi üzü parıldayır, işıq bəbəklərində əks edirdi. Cəlilə elə gəlirdi ki, bir belə oynayanın içərisində heç kim Tərgülə çata bilməz, heç kim biləklərini, barmaqlarını Tərgül kimi qəşəng tutub oynaya bilməz.

Çalğı məclisi gecəyarı qurtardı. Kənd cavanları bildikləri mahnıları, oyun havalarını ağızda, fıştırıqda çala-çala evlərinə dağılışdılar.

Gülü Cəlilin qoluna girdi:

- Xalaoğlu, Tərgülü apar ötür, tək gəlib.

Tərgül tutuldu, amma etiraz etmədi. Onlar körpüyədək səssiz-səmirsiz gəldilər. Körpünün üstündə Cəlil özünü topladı, qıza lap yaxınlaşıb, biləyindən tutdu.

- Tərgül, elə qəşəng oynayırdın ki!

- Gülü məndən yaxşı oynayırdı, - dedi və biləyini onun əlindən çıxarmağa çalışdı. – Burax, ayıbdır.

- Yox, Tərgül, - həyəcandan Cəlilin dili-dodağı əsdi. – Bu kənddə heç kim sənin kimi oynaya bilməz.

- Bəs sən niyə oynamadın?

- Əlimdən gəlmir.

- Öküz haylamaq necə? Əlindən gəlirmi?

Cəlil susdu.

- Qolumu burax, - deyə qız qanrıldı.

Arabaçı ürəyini açmaqda acız idisə də, qoldan zorlu idi.

- Necə buraxım, Tərgül? Ürəyim doludur. Dayan. Qoy ürəyimi açım. Tərgül, bilirəm səni məndən uzaq salan nədir. Amma onu da bil ki, əgər sən mən deyənə gəlsən...

- Axı, sən deyən nədir?

- Bəri gəl, deyim, - Cəlil ürəkləndi, qızı çəkib söyüdlərin altına gətirdi.

Tərgül təlaş içərisində idi. Təngnəfəs soruşdu:

- Tez ol, sözünü de, tez ol!..

- Tərgül... Ürəyim doludur...

Qız qəfildən burxularaq biləyini oğlanın əlindən çıxartdı, kənara çəkilib dedi:

- Cəlil, taytuşlarını görürsən? Kimi aqronomdur, kimi traktorçu, kimi... Axı nə deyim, e. Sənin yaşın, qolunun gücü...

- Tərgül, bircə dəqiqə dayan.

Tərgül Cəlilə doğru iki addım atdı. Birdən durdu. Zərif ay işığında qızın üzüm giləsi kimi qara gözləri parladı. O gülüb geri döndü və evlərinə qaçdı.

***

Gecə idi. Göl kimi durğun göy üfüqlərəcən parlaq ulduzlarla dolu idi.

Məntəqədə iş hələ də qaynayırdı. Həyətdə dayanmış maşına yük vururdular. Kolxoz planı dünən doldurmuşdu. Bü günkü pambıq plandan artıq gedirdi.

Cəlil böyük taxta çamadanını yerə qoyub sürücünü axtardı.

- Qardaş, xeyir ola, hara belə?

Qulu maşının qanadına dirsəklənmişdi. Damağındakı papirosu sümürdükcə üzü işıqlanırdı.

Cəlil qabağa yeridi.

- Maşın səninkidir?

- Bəli, arabaçı qardaş. O çamadan nədir o boyda? Gəlin köçürsən?

Cəlil Qulunun zarafatına əhəmiyyət vermədən:

- Stansiyaya gedəcəyəm, qatara çatarammı?

Qulu təəccüblə:

- Qatara? Niyə çatmırsan? – O, Cəlilin çiyinlərindən yapışıb ərklə silkələdi.

- Gəl, kabinkada otur.

- Yox, üstə çıxacam.

Cəlil kuzaya qalxıb çamadanı aldı. O, nigaran gedirdi. Tərgüldən qəti cavab ala bilməmişdi. Qızın axırıncı sözləri hələ də Cəlilin qulaqlarında səslənirdi. “Sənin qolunun gücü”... “Düz deyirsən, Tərgül... Gör mənim qolumun gücü nə işlər görəcək”. Arabaçı dikəldi. Ona elə gəldi ki, Tərgülün səsini eşidir.

- Qulu, Cəlil bura gəlib. Onu görməmisən?

Arabaçı ixtiyarsız halda özünü yerə atdı. Tərgül onun qarşısında dayanıb töyşüyürdü. Cəlil qızın əlindəki çamadanı görüb həyəcanla soruşdu:

- Tərgül hara?

Qız gülümsədi:

- Bəs sən hara?

- Mən altı aylıq kursa gedirəm. Traktorçuluq kursuna.

- Mən də gedirəm, Cəlil... Pambıqyığan maşın kursuna. Sənin getməyini bu gün bilmişəm. Bir yerdə gedərik, Cəlil.

Cəlil özünü itirmişdi. Eşitdiklərinə inana bilmirdi.

Qulu gah Tərgülə, gah da Cəlilə baxırdı. O, əlini Cəlilin çiyninə vurdu.

- Xeyirli olsun, qardaş, oxuyun... Hə, oturun, tərpənək.

Cəlil yükə sarınmış ipdən yapışıb quş kimi yuxarı çıxdı. Qollarını uzadıb Tərgülün biləklərindən tutdu və qaldırdı. Onun biləklərindəki tanış hərarət arabaçını coşdurdu. O, sevdiyi qızın ilıq nəfəsini daha yaxından duydu.

Qulu damağındakı papirosa uzun bir qaullab vurub kötüyünü havaya fırlatdı. Tezcə yerə düşən közərtini ayaqlayıb əzdi. Təkəlli çırtıq çalıb, kepkasını gözünün üstə basdı. Kabinkanın qapısı örtüldü. Maşın tırıldayıb, dala çəkildi. Yuxarıdakılar toqquşub aralandılar.

Onlar “Böyük yola” çıxdılar. Yanaşı oturmuş iki gənc aylı-ulduzlu gecənin şəfəqində aydınca görünürdü.

1953

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin Parisdə avtomobil qəzası

K.Abdulla Səhvlərimizin qrammatikası

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

# 2095 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #