Missiya – Elçindən YENİ HEKAYƏ

Missiya – Elçindən YENİ HEKAYƏ
11 oktyabr 2016
# 17:00

Kulis.Az Xalq yazıçısı Elçinin “Missiya” hekayəsini təqdim edir.

Musa Namazovun xatirəsinə

1.

… sonra yenə gülümsədi: bu səhər də həmişəki səhərlər kimi olacaqdı – həmişəki kimi yerindən qalxacaqdı, həmişəki kimi sərin duşun altına gircəkdi, sonra mətbəxə keçib, həmişəki kimi yaşıl çay dəmləyəcəkdi, bir fal qara çörəyin üstünə yağ çəkib, pendir qoyacaqdı, həmişəki kimi bir stəkan acı çayla o pendirli yaxmacı yeyib, həmişəki kimi də Firuzə yuxudan oyanmasın deyə, ehmallıca evdən çıxıb universitetə yollanacaqdı…. ancaq… ancaq daha hər şey həmişəki kimi deyil, həmişəki həyat daha həmişəlik bir keçmişdə qaldı, indi fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Səfi Qədirli üçün yeni həyat başlayırdı – yalnız onun üçün yox, bütün bəşəriyyət üçün yeni, heç kimin ağlına gəlməyəcək dərəcədə yeni bir həyat başlayırdı.

Yazı mizinin arxasındakı kresloda qısa bir yuxudan – əslində, bu, heç yuxu da deyildi, ayıqlıqla yuxu arasında mürgü döymək kimi bir şey idi – oyanmış Səfi Qədirli kürəyini kreslonun söykəncəyinə dirəyib, gözlərini yumaraq, qollarını geniş açıb bütün əzələlərinə heç vaxt duymadığı dərəcədə bir rahatlıq gətirən gərnəşmə ilə gərnəşdi və çarpayıda yatmış Firuzəyə baxdı, elə bil, Firuzənin şabalıdı saçlarının arasındakı o adda-budda ağ saçları ilk dəfə gördü və ani olaraq, onun ürəyi sıxıldı, ancaq bu sıxıntı elə o anda da yox olub getdi, çünki artıq sevimli Firuzənin bu ağ saçlarında ürək sıxan bir şey yox idi, çünki artıq hər şey məlum idi – bu gecə (bu tarixi, bu inanılmaz gecə!) fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Səfi Qədirli uzun illərin elmi axtarışlarından, hesablamalarından, əslində, elmi işgəncə və sarsıntılardan sonra nəhayət ki, insanın və ümumiyyətlə, yaşayışın bu dünyadakı missiyasının nədən ibarət olduğunu tapmışdı.

Xeyli illər bundan əvvəlki o yas mərasimi yenə Səfi Qədirlinin yadına düşdü: qonşuluqdakı cavan oğlan dənizdə boğulub həlak olmuşdu və onun meyitini tapıb evə gətirəndə həmin evdən qopan vay-şivən səkkizinci sinif şagirdi Səfini dəhşətə gətirmişdi – əgər insanlar ölürsə, onda yaşamağın mənası nə idi, əgər ölüm varsa, insan necə gülə bilir, niyə çalışır, oxuyur, öyrənir, axı qarşıda onu ölüm gözləyir? Hər şey bitir, insan yox olur, heç olur və insan özünə boş bir təskinlik verir, özü-özünü aldadır ki, hansısa gözəl xatirələrdə yaşayacaq və insan anlamır ki, milyardlarla illərin müqabilində bu xatirələr bir qara qəpiyə dəyməz, bu xatirələr heçdir, heç nədir.

Lap xırda çağlarından etibarən öz həmyaşıdlarından çox seçilən, dörd yaşında əlifbanı öyrənib, özündən böyük kitablar oxumağa başlayan, ikinci sinifdə altıncı-yeddinci, bəzən hətta səkkizinci-doqquzuncu siniflərin riyaziyyat misallarını asanlıqla həll edən Səfi Qədirli həmin yas mərasimindən keçən günlər ərzində bütün daxilini uçunduran bir dəhşət içində insanlara baxa-baxa fikirləşirdi ki, bəyəm bu adamların ölümdən xəbərləri yoxdur, bəyəm bunlar ölümün nə olduğunu başa düşmürlər, bu adamlar necə sakit-sakit yatıb-dururlar, işə gedib-gəlirlər, yeyib-içirlər, axı, onları tam bir heçlik gözləyir.

Səfi Qədirli ürəyini didib-dağıdan bu sarsıntı ilə təkbətək idi, heç kimə heç nə deyə bilmirdi, yalnız gecələr yerinə girəndə birdən-birə, gözlənilmədən ürəyindəkiləri Allahla bölüşməyə başlamışdı, nəsə bir təskinlik umacağı ilə suallarını Allaha verirdi, ancaq heç bir təskinlik yox idi və hər səhər gözünü müdhiş bir qorxu, dəhşət saçan bir nigarançılıq içində açırdı.

Heç kim Səfinin daxilindəki bu çarəsiz, əlacsız pərişanlığın fərqində deyildi və bu dəhşətli pərişanlığı yalnız fizika müəllimi Mövsümzadə hiss etdi: «- Sənə nə olub belə?» səkkizinci sinif şagirdi Səfi bu suala bənd imiş kimi, birdən içini çəkə-çəkə – az qalırdı boğulsun – ağlamağa başladı: «- Biz hamımız öləcəyik…» Sevimli şagirdinin belə bir vəziyyəti Mövsümzadəni çox ağrıtdı və o, toxtaqlıq verməyə başladı: «- Həyat insana yaşamaq üçün verilir, gərək bu həyatı ləyaqətlə yaşayasan, öz vətəninin layiqli vətəndaşı olasan, elə xatirələr qoyub gedəsən ki, hamı səni rəhmətlə yada salsın» və s., ancaq Mövsümzadə özü də başa düşdü ki, bütün bu boş sözlər Səfinin daxilindəki o sarsıntı müqabilində tamam əhəmiyyətsiz bir şeydir. «Qulaq as,- dedi.- Amerikanın böyük yazıçısı var, Cek London, onun bir hekayəsi var «Həyat eşqi», onu sənə danışacağam» və o hekayə doğrudan da Mövsümzadənin əvvəlki sözlərindən fərqli olaraq Səfiyə təsir etdi, sonra bu sözləri də o zaman Mövsümzadə dedi: «- Bilirəm, sən böyük fizik, böyük alim olacaqsan, buna şübhə yoxdu. Universitetə girəndə, fizikanı bir az da dərindən öyrənəndə, görəcəksən ki, elm hər şeyi izah edir» və doqquzuncu sinifdə bütün imtahanları ekstern verib, məktəbi əla qiymətlərlə bitirərək, respublikada ən gənc universitet tələbəsi olan Səfi fizikanı öyrəndikcə, fizika doğrudan da həyatda almanın ağacdan qopub yerə düşməyinəcən hər şeyi izah edirdi.

Üçüncü kurs tələbəsi Səfi daha gecələr Allahla danışmırdı, çünki onun içini doldurmuş bütün suallara fizika cavab verirdi və dördüncü kursda imtahanları yenə ekstern verib universiteti vaxtından əvvəl bitirən Səfi üçün dünyada hər şey aydın idi, onun yazdığı elmi məqalələr təkcə Azərbaycanda yox, xarici ölkələrin də ən nüfuzlu elmi jurnallarında dərc olundu, bir çox universitetlərdə, hətta Harvardda bu məqalələrin müzakirəsi keçirildi.

Aspirant Səfi Qiyaslı Nobel mükafatı laureatları Cerom Ayzek Fridmandan (ABŞ), Pyer Jil de Jendən (Fransa), Jores Alfyorovdan (Rusiya), Masatosi Kosibadan (Yaponiya), başqa məşhur alimlərdən məktublar almağa başladı və informasiya vasitələri bu böyük fiziklərin onun elmi tədqiqatları və ideyaları ilə maraqlanmasını bütün Azərbaycana yaydı, ancaq Səfi Qədirli fizikanın nəzəriyyəsi və fəlsəfəsi ilə məşqul olduqca, fizikanın daha dərinlərinə getdikcə, elə bil, hər şey get-gedə tərsinə çevrilirdi, çünki o dərinlərdə ortaya elə suallar çıxırdı ki, fizika, riyaziyyat onları izah etməkdə aciz idi və fizika-riyaziyyat üzrə namizədlik (indiki fəlsəfə doktoru) dissertasiyasını müdafiə etmiş (bu müdafiə də beynəlxalq elm aləminə səs salmışdı!) Səfi Qədirli Firuzəni görəndən, Firuzə ilə evlənəndən sonra gecələrin birində yanında yatmış Firuzənin gözəl sifətinə, ağappaq dolu və isti döşlərinə baxa-baxa təxminən səkkizinci sinif şagirdi Səfi kimi fikirləşdi ki, varlığı ancaq təmiz və zərif hisslərdən ibarət olan bu sevimli, məsum insan dünyaya nə üçün gəlib ki, nə üçün də ölsün? Firuzənin şeirlərindən, lap elə Safonun özünün şeirlərindən min ildən, on min ildən, milyon ildən sonra nə qalacaq? Milyon il isə kainat üçün heç saniyənin milyonda biri də deyil. Füruzənin və dünya bina olandan bu tərəfə milyardlarla firuzələrin övladları ona görə doğulur, böyüyür, özləri dünyaya yeni insanlar gətirir və sonra da ölürlər ki, insan nəsli qorunub saxlansın, vəssalam?

Həmin gecə həyatın mənasının belə bir izahı Səfi Qədirli üçün çox sadəlövh göründü – bəs üç günlük çağa bu dünyaya niyə gəlir və niyə ölur? Təbiət seleksiya aparır? Niyə? Məqsəd nədir? Bu mücərrəd «təbiət» özü nədir belə? Və həmin gecə səkkizinci sinif şagirdi Səfinin təfəkkürünə layiq bu primitiv suallar elm aləmində çox məşhurlaşmış gənc fizik Səfi Qədirlinin bütün varlığını yenidən sarsıtdı, çünki fizika, riyaziyyat, astranomiya heç nəyi izah etmirdi, elmdə – materializmdə də, idealizmdə də, başqa hansısa «izm»lərdə də həyatın izahı yox idi. Ömrü üç gün və ömrü yüz il olan insanların arasında nə fərq var idi, axı onlar yaranmışdılarsa, bu dünyada onların hansısa bir missiyası da olmalı idi, nə idi bu missiya?

Sadə bir fikir Səfi Qədirli üçün mühüm bir kəşf təsiri etdi ki, Aristoteldən tutmuş, onu təkzib edən Qalileyəcən, Nyutondan, Faradeydən tutmuş Eynşteynə, Bora, Landauyacan bütün böyük (bütün kiçiklərlə bərabər!) fiziklər, riyaziyyatçılar, özləri bilsələr də, bilməsələr də, əslində, insanın və ümumiyyətlə, yaşayışın bu dünyadakı missiyasını axtarmışdılar və axtardıqlarını tapmamışdılar – təhtəlşüurları onları çox uzaqlara aparmışdı, ancaq mahiyyətin məsafəsi daha uzaqlarda idi.

Yalnız bu missiyanın nədən ibarət olduğu tapıldıqdan sonra, «kainat nədir?»- sualının da cavabı məlum olacaqdı və kainatı (görünəni və görünməyəni, olanı və olmayanı) hansı qüvvə (bəlkə qüvvə yox, insanın ağlına gəlməyən, insanın dərk edə bilmədiyi nəsə başqa bir şey?) idarə etdiyi (və nə üçün idarə etdiyi?) bilinəcəkdi. Səfi Qədirli yadına saldı ki, şahmat oynayanda növbəti gedişdən əvvəl bəzən adam xeyli fikirləşir və xeyli fikirləşdikdən sonra ilkin olaraq ağlına hansı gediş gəlmişdisə, həmin gedişə qayıdır, həmin gedişi də edir. İnsanın, yaşayışın, ümumiyyətlə, kainatın missiyası nədən ibarətdir? – bu sualda da təzə bir şey yoxdur, ancaq həmin gecə Səfi Qədrli üçün bu sual nə qədər adi, sadə idisə, bir o qədər də dərin idi. Bu sual onu az qala cismani surətdə məchul bir quyunun dibinə çəkib aparırdı və o quyu tam bir zülmət içində idi.

Və həmin gecə Səfi Qədirli varlığının bütün hüceyrələrindən keçən bir inamla dərk etdi ki, indiyə qədərki fizika qanunları, əslində, hələ başlanğıc mərhələsini yaşamağa başlamış insan embrionu kimi bir şeydir, ana bətnində onun bütün əzaları yaranmalı idi və o, tam formalaşdıqdan sonra doğulmalı idi. Yaşayışın missiyası nədən ibarətdir? – primitiv görünən bu suala cavab tapmaq üçün mövcud elmi paradiqmaların sərhəddini aşmaq lazım idi və hər şey yalnız o zaman məlum olacaqdı.

2.

O gecədən sonra illər keçdi və bütün bu illər də Səfi Qədirli üçün minlərlə düsturların yaranması və həlli ilə bərabər keçdi – bu düsturlar, bu hesablamalar onun təfəkküründə daimi hərəkətdə idi, daima bir-birini əvəz edirdi, biri pozulur, yenisi yaranırdı. Səfi Qədirli hesablamalarını dəftərə yazırdı və həmin dəftəri həmişə özü ilə gəzdirirdi, çünki yeni ideyalar bəzən ən gözlənilməz anda – avtobusda gedəndə, yaxud universitetin auditoriyasında, yaxud da Universitet Elmi Şurasının iclasında və s. – birdən gəlirdi və elə həmin anlarda da o ideyaların fikrində yaranmış düsturlarını, bu düsturların həllini dəftərə yazırdı, dəftər dolduqdan sonra onu elə bu cür bir qalaq dəftər yığılmış dolaba qoyub, təzəsini götürürdü.

O dəftərlərdəki hesablamalardan, yeni-yeni yaranan, həll olunan və yenə də yenisi gələn düsturlardan elm aləminin xəbəri yox idi, hətta akademik Sultan Sultanlı da Səfinin nə ilə məşqul olmasından xəbərsiz idi, çünki Səfi Qədirli əmin idi: məşqul olduğu problem o qədər ağlasığmaz bir şey idi ki, nəticə olmasaydı, bunu heç kim ciddi qəbul etməyəcəkdi, «donkixotluqdu» deyəcəkdilər – nəticə lazım idi, uzun illərin hesablamaları isə hələ ki, ortaya bir nəticə çıxarmırdı və Firuzənin sevimli şabalıdı saçlarına bir-bir dən düşürdü, ancaq Səfi Qədirli hələ ki, Böyük Nəticənin yaxasından yapışa bilmirdi – kiçik nəticələr çox idi, ancaq o kiçik nəticələr hələ ki, Böyük Nəticəyə gətirib çıxarmırdı.

Belə bir nəticəsizlik bəzən ümidsizlik yaradırdı və bu vaxt Səfi Qədirlinin yalnız təfəkkürü yox, elə bil, cismani varlığının da bütün hüceyrələri bu ümidsizliyə qarşı ölüm-dirim mübarizəsinə qalxırdı, o ümidsizlik qovulurdu, yenə də yeni ideyalar yaranırdı, yeni-yeni düsturlar həll olunur və bir-birini əvəz edirdi.

Bir dəfə Səfi Qədirlinin növbəti dəftəri yadından çıxıb kafedradakı mizin üstündə qaldı və o biri gün səhər universitetə gedəndə kafedra müdiri, hələ sovet dönəmində SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş akademik Sultan Sultanlı həmin dəftəri öz seyfindən çıxarıb Səfi Qədirliyə qaytararaq: «- Dəftər mizin üstündə gözümə dəydi,- dedi.- Bağışla, ancaq özümü saxlaya bilmədim, açıb, baxdım... Kaş, heç baxmayaydım… Gecəyə qədər kafedrada oturub, bu hesablamalardan nəsə başa düşməyə çalışdım, amma heç nə başa düşmədim.» - sonra Səfi Qədirliyə baxa-baxa bir müddət susdu, Səfi Qədirli də susdu və Sultan Sultanlı o dəftəri eləcə dinməz-söyləməz Səfi Qədirliyə qaytardı.

Akademik Sultan Sultanlı da başqa akademiklər kimi elmdə bir az qısqanc adam idi, ancaq Səfi Qədirlinin istedadının elə bir miqyası var idi ki, bunu qısqanmaq mümkün deyildi, ya gərək Solyeri olaydın, ya da bu istedadla fəxr edəydin və Sultan Sultanlı elə ilk günlərdən tələbə Səfi Qədirlinin istedadını gördü, belə bir tələbəyə görə əsl fizika təəssübkeşi kimi get-gedə daha da artan bir fəxarət duymağa başladı və bu fəxarət hissi get-gedə elmi ehtirama, hətta elmi səcdəyə çevrildi. Sultan Sultanlı tamam əmin idi ki, tələbə Səfi dahidir, anadan olanda onun kodu fizika üzərində köklənib – bu tələbə məlum fizika qanunlarını öyrənmirdi, onları özü kəşf edirdi və buna təbii bir şey kimi baxırdı, elə bilirdi ki, belə də olmalıdır.

Səfinin universiteti ekstren bitirib, bir ilin içində namizədlik dissertasiyasını böyük uğurla mudafiə etməsi akademik Sultan Sultanlı üçün həqiqi bir bayrama çevrildi, ancaq universitetdə dərs deməyə dəvət olunmuş Səfi Qədirlinin birdən-birə susması, bütün elm aləminin gözlədiyi doktorluq dissertasiyasını davam etdirməməsi, neçə illər boyu bircə yeni məqalə belə üzə çıxarmaması akademiki sidq-ürəkdən kədərləndirirdi və o: «- Sən nə vaxt heç olmasa bir məqalə gətirəcəksən?»- soruşanda da Səfi Qədirlinin cavabı ancaq bu olurdu: «- Görək də…».

Həmkarları bu fikirdə idi ki, Səfi Qədirli daha quruyub, o, bir vunderkind idi, parladı və söndü, onun da bir çox vunderkindlər kimi cəmi bircə atımlıq barıtı varmış – Səfi Qədirli isə susurdu, ABŞ-dan, İngiltərədən, Rusiyadan, Türkiyədən, Pakistandan, Yaponiyadan, İsraildən elm adamlarının sorğu məktubları gəlirdi: cənab Səfi Qədirlinin tədqiqatlarından niyə bir soraq yoxdur və bu məktublar da cavabsız qalırdı, yalnız akademik Sultan Sultanlı sövq-təbii hiss edirdi ki, Səfi Qədirli nəsə böyük bir problem üzərində işləyir, ancaq hərdən hətta akademikə də elə gəlirdi ki, fizika Səfi Qədirlini daha həmişəlik itirib.

Təkcə Firuzə… təkcə Firuzənin ürəyində azacıq bir tərəddüd belə yox idi və Firuzə tamam arxayın idi ki, Səfi axtardığını tapacaq. Firuzə Səfinin məhz nə axtardığının mahiyyətini dərk etmirdi, çünki bunu dərk etməyə nə imkanı, nə də həvəsi var idi, sadəcə, bilirdi ki, Səfi heç kimə demədiyi, bildirmədiyi böyük bir elmi axtarışdadır – bu gözəl və zərif qadın düsturlardan, riyazi hesablamalardan çox uzaq bir şairə idi (tənqidçilər onu «incə qəlbli romantik bir şairə» adlandırırdılar) və onun qəlbi daima poeziya aləmində döyünürdü. O, özünü yalnız poeziyaya həsr etmək istəyirdi, buna görə onların uşaqları da yox idi, ancaq Firuzə bütün bu illər ərzində Səfi Qədirliyə poetik misraları ilə mənəvi dəstək verirdi – hər halda özü buna tamam əmin idi. Ancaq məsələ burasında idi ki, Firuzənin Səfiyə həsr etdiyi və məlum səbəbə görə mətbuata vermədiyi şeirləri Səfi Qədirlinin düsturlarla, rəqəmlərlə dolu təfəkkürünə heç bir yüngüllük gətirmirdi, yeni-yeni ideyaların yaranması üçün beynində kiçicik bir tənəffüsə belə nail olmurdu – bu yerdə poeziya ilə fizika arasında heç bir doğmalıq yox idi. Firuzənin isə belə bir poeziya qəzasından, əlbəttə, xəbəri yox idi, çünki Səfi Qədirli Firuzəni sevirdi və bu barədə bir söz deyib Firuzənin poetik aləminə azacıq da olsa qüssə səpə bilməzdi.

Firuzə neçə müddət idi ki, Mitilenli Safonun şeirlərini Azərbaycan dilinə tərcümə edirdi və bu, çox ağır bir iş idi. Bərə sürən Faon Safonun məhəbbətini bölüşmədi, buna görə də Safo özünü Levkad qayalığından atıb intihar etdi, Firuzənin isə Faonu poeziya idi.

Firuzə gecə-gündüz Safo ilə bir yerdə idi, ancaq buna baxmayaraq, Səfiyə qol-qanad vermək üçün ona da şeirlər həsr edirdi və bu şeirləri Səfiyə oxuyurdu. Səfi Qədirli isə beynindəki rəqəmlərlə çarpışa-çarpışa bu şeirlərə qulaq asır və şeir bitdikdən sonra bir söz deməyərək, gülümsəyib, Firuzənin zərif əlini öpürdü. Bu öpüşün xəfifliyi poeziya sevdasına qarışaraq Firuzənin bütün varlığına yayılırdı və Firuzə daha coşğun bir poetik həvəslə Safonu tərcümə edirdi.

Dünən gecə də Firuzə yatmazdan əvvəl çarpayıda bardaş qurub oturaraq, Səfiyə həsr etdiyi yeni şerini ona oxudu:

ləpələr də mənim ruhumla birgə

səssizcə deyir

sən axtardığını tapacaqsan

əzizim mənim

yoxsa

gün çıxmaya, səhər açılmaya bilər

qaranlıq və soyuq

əbədiyyət qazana bilər

meh də mənim ruhumla birgə

səssizcə deyir

sən axtardığını tapacaqsan

əzizim mənim

sən insanlarçün yanırsan

insanların da ruhu

mənim ruhumla birgə

dua edir səninçün

hər gün

gecə, gündüz

Səfi Qədirli yenə Firuzənin zərif əlini əlinə alıb, öpdü, ancaq birdən-birə onun bütün içini bir qüssə bürüdü – əvvəllər belə bir şey olmurdu, – sonra onun beynini dağıdan riyazi işarələr, rəqəmlər, elə bil, yanan şamın mumu kimi əriyib yerə töküldü, beyni tamam boşaldı və fizikanı öyrənməyə baladığı o uzaq vaxtlardan etibarən bəlkə də ilk dəfə rəqəmlərdən azad olmuş beynin belə bir boşluğu Səfi Qədirlini sarsıtdı, ona elə gəldi ki, bu, hədər getmiş illərin – əslində bütün ömrünün sonudur.

Firuzənin belə bir sarsıntıdan xəbəri olmadı və Safonun tərcüməsi Firuzəni elə yorurdu ki, bu dəfə də şeiri oxuyandan sonra, gülümsəyib dərindən əsnəyərək yuxuya getdi.

Səfi Qədirli bir müddət varlıqla yoxluq arasındakı trans içində qaldı və həmin trans içindən çıxdıqda isə o, artıq insanın (və bütün yaşayışın, hətta kainatın!) missiyasının nədən ibarət oduğunu tapmışdı: Böyük Nəticənin həll olunmuş disturu onun gözlərinin qabağında idi.

Hər şey necə də sadə imiş.

Necə də yaxında imiş.

Elə bil, o, bu illər ərzində gözünə taxdığı eynəyini axtarırmış.

Təzəcə pöhrədən çıxmış yarpaq yaşılında bir işartı birdən-birə Səfi Qədirlinin beynində Böyük Nəticənin düsturunu işıqlandırdı və o yaşıl işartı yavaş-yavaş canlanaraq riyazi işarələrin, rəqəmlərin üzərinədə gəzişməyə başladı, elə bil, yarpaq yaşılındakı o işıq Səfi Qədirlinin beynində yox, teatr səhnəsində oynayırdı və bu oyunda elə bir doğmalıq, məhrəmlik vardı ki, o, bütün ömrü boyu heç kimdə, hətta Firuzədə belə bu dərəcədə bir doğmalıq hiss etməmişdi.

Səfi Qədirlinin varlığında elə bir azadlıq hissiyatı yarandı ki, elə bil, o, tamamilə çəkisizdir, şəffafdır, varlığında heç bir əza duyğusu, hərəkət duyğusu yoxdur, yalnız öz şüurunun içindədir, hara istəsəydi, eləcə bir yüngülüklə uça bilərdi, hara istəsəydi qona bilərdi.

Səfi Qədirli yazı mizinin arxasından qalxıb on beşinci mərtəbədəki mənzillərinin balkonuna çıxdı.

Aylı-ulduzlu gözəl bir yaz gecəsi idi.

Əvvəllər bu yaxın-uzaq ulduzlar başdan-başa sirrlərdən ibarət bir aləmdən xəbər verirdi.

Daha sirr yox idi.

Səfi Qədirliyə elə gəlirdi ki, istəsə, o ulduzlardan hansınasa uça bilər və üzünü daha da yuxarı qaldıraraq, açıq-aşkar bir istehza ilə o ulduzlara baxdı – Səfi Qədirli o ulduzların nəhəngliyi və uzaqlığı qarşısında daha həmişəki kimi misgin bir varlıq deyildi.

Səfi Qədirlinin daxilində böyük bir qələbə həyəcanı var idi və o, hətta akademik Sultan Sultanlıya telefonla zəng etmək istədi.

Ancaq gecə saat üç idi.

Onsuz da sabah bütün bəşəriyyətə hər şey aydın olacaqdı.

Sabah kafedrada mütləq mətbuat konfransı keçirmək lazım idi.

Səfi Qədirli otağa keçdi.

Firuzə şirin yuxuda idi.

Səfi Qədirli yatağa girmədi. Mizin arxasındakı kürsüdə oturdu.

O, yazı mizinin arxasnda heç vaxt bu cür inanılmaz dərəcədə gözəl bir həyəcan içində, bu cür rahat və bu cür azad olmamışdı.

3.

…Və həmin səhər Səfi Qədirli yazı mizinin arxasındakı kresloda bütün varlığına indiyədək duymadığı bir rahatlıq gətirən o gərnəşmədən sonra ayağa qalxıb, Firuzə yuxudan oyanmasın deyə, həmişəki kimi səssiz yuyundu, həmişəki kimi də səssiz geyindi, ancaq həmişəki kimi universitetə yox, dənizkənarı bulvardakı çayxanaya getdi – o, hələ ki, bu dünyada Böyük Nəticədən xəbərdar olan yeganə insan idi və heç olmasa yarım saat dəniz kənarında beynindəki bu Böyük Nəticə ilə təkbətək oturmaq, gözəl bir teatr tamaşası kimi bu Böyük Nəticənin həllinə – yamyaşıl bir işıq altında bir-birini əvəz edən işarələrə, rəqəmlərə baxmaq, bir daha baxmaq istəyirdi.

Səfi Qədirli əvvəllər də hərdən bu çayxanaya gəlirdi və yay vaxtları beynindəki hesablamalarla məşqul ola-ola çöldə, böyük söyüd ağacının altındakı mizin arxasında otururdu.

Çayçı Əlifağa:

- Salam, məllim!- dedi.- Çoxdandı görünmürsən…

Səfi Qədirli gülümsəyərək:

- Salam, salam!- dedi- Necəsən?- Və Çayçı Əlifağaya əl uzatdı.

Çayçı Əlifağa Səfi Qədirlini çay içə-içə gözlərini uzaqlara zilləyib, hərdən də dəftərini cibindən çıxarıb nəsə yazan sakit, qaradinməz, heç kimlə dinib-danışmayan, həmişə də tək olan bir müştəri kimi tanıyırdı və bu dəfə səhər-səhər ilk müştərisinin onu beləcə bir kefiköklüklə salamlamağı, ona əl verməyi Çayçı Əlifağanın özünün də kefini kökəltdi. Çayçı «İnşallah, bu gün bazar yaxşı olar!..» ümidi ilə söyüd ağacının altındakı mizin üstünü xüsusi bir cidd-cəhdlə sildi:

- Buyur, məllim!

Səfi Qədirli Çayçı Əlifağaya baxa-baxa fikirləşirdi ki, bu adamın, yəni Çayçı Əlifağanın həyatı bugündən etibarən tamam dəyişəcək, o, özünün bu dünyadakı missiyasından xəbərdar olacaq və onun qayğıları, dərdi-səri də, sevinci, nəşəsi də o Böyük Nəticənin göstərdiyi Böyük Missiya müqabilində özünə gülünc və mənasız görünəcək.

O yay səhəri dənizdən yüngül bir meh əsirdi və dənizin narın ləpələrinin səsi söyüd yarpaqlarının xışıltısına qarışaraq Səfi Qədirlinin fikrini uzaqlara – səkkizinci sinif şagirdi Səfinin yanına aparırdı: həmin unudulmaz anlara, dəqiqələrə ki, Mövsümzadə ona Cek Londonun «Həyat eşqi» hekayəsini danışırdı. Sonralar – artıq universitetin birinci kursunda idi – Səfi oxudu ki, Cek London özünü öldürüb və «Həyat eşqi»ni yazan bir adamın 40 yaşında özünü öldürməsi o zaman onu heyrətə gətirmişdi, bu heyrətdə, eyni zamanda, pis bir nigarançılıqla, müdhiş bir ərəfə hissi ilə dolu qorxu var idi. Səfi Qədirli Çayçı Əlifağanın xüsusi bir eşqlə dəmlədiyi çaydan içə-içə bunları yadına salıb gülümsədi: daha bu dünyada heyrətamiz bir şey yox idi və bu gün o, mətbuat konfransı çağırıb, Böyük Nəticəni bütün dünyaya elan edəcəkdi – bunu gecikdirmək olmazdı.

Böyük Nəticəni ilk olaraq, əlbəttə, kafedradakı yazı lövhəsində yazıb Sultan Sultanlıya göstərəcəkdi və bunu fikirləşəndə Səfi Qədirli Böyük Nəticəyə baxan akademikin sifətini gözlərinin qabağına gətirdi – əslində, Sultan Sultanlının heyrətdən bərəlmiş gözləri ilə o yazı lövhəsinə bütün fizika aləmi, bütün bəşəriyyət baxırdı.

Fizikanın əldə etdiyi bu Böyük Nəticə bəşəriyyət üçün nə qədər taleyüklü bir hadisə idisə, o qədər də sadə idi və bu Böyük Nəticəni heç kimə xüsusi başa salmaq lazım deyildi, Onu yaşından, milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hamı başa düşəcəkdi, insan bu dünyaya gələn andan necə bir asanlıqla nəfəs alırdısa, Böyük Nəticəni də eləcə bir asanlqla anlayıb, qavrayacaqdı.

Həmin yay səhəri dənizin narın dalğacıqları sakit-sakit bulvar sürahısının beton özülünə toxunduqca ətrafa yayılan o yüngül şappıltı, elə bil, o dəm Səfi Qədirlinin fikirləri, düşüncələri ilə həmahəng idi və Səfi Qədirli Firuzənin dünənki şeirini xatırladı: o şeir də indi başqa bir qiyafədə idi – ləpələr də, meh də şeirdəki o sözləri həqiqətən pıçıldayırdı.

Firuzə elə bilirdi ki, bu sözlər onun içindən axıb gəlir, əslində isə bu sözləri Firuzəyə öz şüurunun dərin qatları diktə edirdi, o qatlar ki, nə Firuzənin, nə Mitilenli Safonun, nə də bu dünyaya gələn və gedən milyardlarla insanların həmin qatlardan xəbəri olub. Bütün bəşəriyyətin – bax, bu gombul çayçı da daxil olmaqla – nə qədər enerjisi var idisə, həmin enerji bütün bu müddət ərzində Səfi Qədirli ilə birlikdə olub və bu enerjidə mənfi-müsbət qarşıdırması olmayb, çünki mənfi də, müsbət də bu dünyadakı missiyalarının nədən ibarət olduğunu bilmək istəyirdi, bu böyük istək həmin missiyanın başlandığı andan bütün insanların şüurunun həmin dərin qatlarında ört-basdır edilmişdi.

Bu günə qədər belə idi!

Və elə bu vaxt Səfi Qədirli ağaclıqdan çıxıb asta addımlarla çayxanaya tərəf gələn o adamı gördü və o adam boş mizlərin arasından keçib, Səfi Qədirlinin çay içdiyi mizin arxasında, onunla üzbəüz oturdu.

- Salam.

- Salam, salam!- Səfi Qədirli eyni ruh yüksəkliyi ilə tanış olmadığı bu adamla salamlaşdı.

Düzdü, onlar tanış deyildilər, ancaq Səfi Qədirliyə elə gəlirdi ki, qarşısındakı bu adamı hardasa görüb və zövqlə geyinmiş bu adamın iri yaşıl gözlərinə, yaraşıqlı, ancaq solğun sifətinə, dən düşmüş və səliqə ilə arxaya daranmış saçlarına baxa-baxa yadına salmağa çalışırdı ki, onu harda görüb.

Səfi Qədirli də, o Adam da bir-birlərinə baxırdılar və araya anlaşılmaz bir sükut çökmüşdü.

Səfi Qədirli, görünür, bu sükutu pozmaq üçün:

- Necəsiniz?- soruşdu.

Adam:

- Həmişəki kimi…- dedi və Səfi Qədirli bu səsdə adamın bəlkə də gizlətmək istədiyi həzin bir qüssə hiss etdi, eyni zamanda, bu səsdə aşkar br doğmalıq, bir cazibə var idi.

Səfi Qədirliyə elə gəldi ki, o həzn, qüssə də, o doğmalıq, o cazibə də üzbəüz əyləşib ona baxan bu adamın iri yaşıl gözlərinin dibinə çöküb və bu an o iri yaşıl gözlərdən xəfif bir işıltı axıb keçdi.

Elə həmin anın içində də Səfi Qədirlinin cismani və mənəvi varlığı, elə bil, bir maye kimi əriyib töküldü və onun boşalıb, heydən düşmüş bədənini soyuq tər bürüdü.

Adam Səfi Qədirlinin gözlərinin içinə baxa-baxa yüngülcə başını tərpədib, Səfi Qədirlinin başa düşdüyünü, anladığını təsdiq etdi.

Böyük Nəticənin disturu Səfi Qədirlinin gözlərinin qabağında idi və o, var gücünü toplayıb qışqırmaq, Böyük Nəticəni dünyaya bildirmək istəyirdi, ancaq bu mümkün deyildi, Böyük Nəticənin göstəricilərini açıqlamağa onun nəfəsi çatmırdı.

Adam ayağa qalxıb, arxasını Səfi Qədirliyə çevirərək dənizə tərəf addımladı və elə bil, onun varlığı bir maqnit gücü ilə Səfi Qədirlini öz ardıyca çəkirdi – Səfi Qədirli də ayağa qalxıb onun ardınca addımlamağa başladı.

Çayçı Əlifağa təəccüblə:

- Məllim, hara belə?- soruşdu.

Səfi Qədirli çox güman ki, çayçı Əlifağanı eşitmədi.

O, bir duman içində nə qədər gücü varıydısa, çalışırdı ki, adamın ardınca getməsin, ancaq bu mümkün deyildi və onlar bulvarın daş sürahısına çatanda, adam sürahının üstünə çıxdı.

Səfi Qədirli də onun ardınca sürahıya qalxdı.

Arxadan çayçı Əlifağanın çığırtısı eşidildi:

- Məllim, bu nədi belə!? Nə edirsən?..

Çayçı Əlifağanın çığırtısından, ya nədənsə Səfi Qədirli bir anlıq, yalnız bir anlıq dumandan çıxdı və həmin anda da gözəl bir uşağın siması təzə-tər yaşıl bir işıq ilə işıldayan Böyük Nəticə göstəricilərini dağıdaraq onun gözlərinin qabağına gəldi.

O vaxtlar ki, təzəcə evlənmişdilər və Firuzə poeziya aləmindən ayrıla bilər deyə, uşaq istəmirdi, həmin vaxtlar Səfi Qədirli də hərdən beyninə bir az dinclik vermək üçün, xəyal aləmində doğulmuş o uşağı bulvardakı bu sürahının üstünə çıxarıb, onu bərk-bərk qucaqlayırdı – birlikdə dənizin uzaqlarında üzən gəmilərə baxırdılar.

Sonra adam sürahının üstündən dənizə doğru addım atdı.

O gözəl uşağın siması duman içində əriyib yox oldu və Böyük Nəticənin rəqəmləri yenə də təzə-tər bir yaşıl işıltı ilə duman içindən çıxıb, Səfi Qədirlinin gözlərinin qabağındadə işıldadı.

Və Səfi Qədirli adamın ardınca addımladı.

4.

«Çayçı Əlifağa Mürşüd oğlunun Bakı

şəhəri 113-cü polis bölməsinə yazdığı

İzahat

Mən, çayçı Əlifağa Mürşüd oğlu yazıb bildirirəm ki, mənim müştərim Səfi Qədirli söyüd ağacının altında oturub çay içirdi. O, tək idi. Sonra kiminləsə salamlaşdı. Mən baxıb, heç kimi görmədim. Birdən kimdənsə soruşdu ki, «Necəsiz?» Mən yenə baxıb, heç kimi görmədim. Elə bildim telefonla danışır. Ancaq əlində telefon yox idi. Sonra ayağa qalxıb dənizə tərəf getdi. Mən təəccüb etdim, soruşdum ki, hara gedirsiz? Cavab vermədi. Sonra dənizin daş sürahısının üstünə çıxdı. Mən qışqırdım ki, bu nədi belə, nə edirsən? Cavab vermədi. Sonra elə bil, düz yolla gedirdi, addım atıb daş kimi düşdü dənizə. Mənim qışqırığıma adamlar yığışdı. Xilasedicilər onu dənizdən çıxaranda, o bədbəxt artıq rəhmətə getmişdi.

Özüm yazmışam, imza da mənimdir.

Çayçı Əlifağa Mürşüd oğlu.»

2016

# 1140 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #