Dünya tanrı dadında - YENİ İMZA

Dünya tanrı dadında - <span style="color:red;">YENİ İMZA
29 sentyabr 2016
# 09:00

Kulis.Az “Yeni imza” layihəsindən gənc şairə Turan Bağdadovanın şeirlərini təqdim edir.

O mənim ruhuma xəfif payız yeli kimi toxundu

və mən xəzəl olub töküldüm...

***

Korun işığa

toxunması kimi

toxunmaq...

***

Ruhumdan qaynayıb daşan,

bədənimə bulaşan,

məni aşan sevgimlə qucaqlayıram dünyanı.

Başdan – ayağa sevgi içindəyəm.
Sakit və nurluyam.
Qulaqlarım kainatın musiqi səsləriylə xoşbəxtdir.

Ruhum rəqs edir tələsən insanların içində
Öz ruhuma bulaşmışam...

***

Dinlə, danışmıram.
Üzüm-gözüm nağıl dolu,
Özümdən gəlirəm...

***

Balaca kor kəpənəyin işığa toxunuşu

və...
Ürəyi daha əlvan!
Dünya tanrı dadında!
Gözlər günəşli!
Sözlər tanrıya bulaşmış.
Bütün kəpənəklər işığa uçarkən,

bir balaca kəpənək

Günəşə uçsa,

Tanrı da başını qaldırıb gülümsəməzmi?

***

Bir insan itdi ürəyinin quyusunda.
Quyuda alovdan, bataqdan, qaranlıqdan,

əzabdan, ağrıdan

bir insan yoğruldu,

Bu dəfə qanadlı.
...və uçdu işığa.

***

Bir ağac qədər dolu sus...

Kəpənəyin sükutu


Səslərin çata bilmədiyi bir yer.
Hər əzaba rəğmən

qəlbi həsrətdən daim yuxusuz biri.
Gizlənmiş divarlarında
Gözlər qapısını bağlamış.
Axtardığı dadı tapmayan

boz qəlbi müharibələrdən yorulmuş

və qucağından bezmiş,
Dərin bir sükuta yıxılmış ruhu.
Boş, ac, yuxusuz,

əzabdan köhnəlmiş arzuları tökülən bir qəlbdən başqa

heç nəyi yox.

Divarını çəkmiş başına

və sunmuş qəlbini həsrətinə
və...
gülümsəmiş O.
Qaranlığa uzatmış nurlu əllərini.
Süzülüb dolmuş qarşısında susan qəlbə.
Oyanmış qaranlıq,
Ərimiş divarlar.
...Rəngli qanadlar və işıqlı qanad çırpıntıları.

Və budur!
Qaranlığın bağrından bir əlvan kəpənək

qalxmış qalib təbəssümlə.
Qanadlarının zərləri axır getdiyi yollara.
Rəngləri bulaşır buludlara.
Dirilmiş gözlərinin işığı mayak kimi.
Möhtəşəm əlin toxunuşundan yaranan

qanadlar havalandı sonsuza...

***

Kor qarğalar oynayan bir oyunda

bir ovuc rəng olmaqdır kəpənək olmaq...

***

Ürək düşününcə, ağıl görməyə başlayacaq.

***

Tanrının dizlərini qucaqlayan qadın
Bu dünya balacamı?
Qucağından düşüb itdimi?
Töküldümü insanlar, itirdiyin dünyanın payızından?
Sevginə yerləşə bilmədilərmi öz həyatlarından da balaca insanlar?
Necə çıxdın bu dünyanın yuxusundan, necə oyandın?
Ruhunu nərdivan etdinmi çıxıb bu dünyadan Ona çatmağa?
Qucaqla , bircə O düşüb itməz qucağından...

***

Gülürsən, dodaqlarından qəm axır...
İsti-soyuq, yaxşı-pis, gec-tez, indi-sonra ...ehh,
Anlayırsan.
Susursan, qəlbin gözlərindən danışır.
Zaman burulub gələn küləyə bənzəyir indi.
Yenə kölgələr oynayır divarda.
Payızda daha bolsan.
Dəyişir ətraf, olduğun yerdən baxırsan,
Gözləyirsən.
Bir yolun içində dayanmaqdır illərlə getdiyin.
Elə oradasan, olmaqdır işin, həmişə olmaq,
Sevməkdən ibarət olmaq.
Gülürsən, dodaqlarından qəm axır...
Bir qadın ürəyinə qarışıq görünürsən bu gün.

***

İşığa toxunanda nə qədər kor olduğumu anladım.
Toxundum,

əllərim sevgiyə bulaşdı,

gözlərimə sürtdüm,

kor gözlərim açıldı.
ruhumun qaranlığı sağaldı.
ruhum o ətri unutmaz artıq,

əbədi nura bulaşdım mən!

***

Ömür qonaqlığı.
Hər yerdə bir az olmaq kimidir bu.
Ömür belə yerin deyil.
Öz ömründə sıxılan qonaq kimi gözləmək - həyat.
Kəpənək ömrü düşdü payıma
Toz ələnən yollarda izimi qanadlarımla cızdığım.
Seyr etməklə başladı,
gözəlliyi fərq etmək

və gözəllik yaratmaqla davam edən.

***

Bütün şəhər yatmış,
İşıqlar və ağaclar oyaq,

şıltaq uşaqlara bənzəyir.
Həyat axır şəhərin yuxulu gözlərindən...
Dünya susmuş,
Ağacların nəğməsinə

təkcə dirəklərdəki işıq oynayır.
Beləcə gecədən səhərə bir yol başlayır.
Payızda şəhərin gecələrində yaşamaq

– bir qadın ömründən çoxdur.
Kimsəsiz küçələrə ana olmaq hissinə qapılıb külək.
Pəncərəni açmışam payıza,

qəlbim dəyirman olmuş payız küləklərinə,
Bu gün çoxlu məktub almışam...
Yarpaqlarına sevgilərini yazıb küləyə qatmışlar,

qəlbimin dəyirmanlarında kədərlə üyünüb tökülürlər.
Qəlbim sevinc dadında kədərə bürünür yavaş-yavaş.
Yatmış şəhərin oyaq payızı,

işıqları,

ağacları

və sevgi içində

ağlayan qadını...

***

Ayaq izlərimi qucağına yığ,

orada bitsin yol...

***

Üzün yadımda deyil,

amma gülümsəyirsən...

***

Dəniz rüzgarlı, kölgəni sərmisən qoynuna,
Qağayılar kölgənin başına dolanır...

***

Əllərini axtardım,

evini itirən kor kimi...

***

Və...
Oyandım
Üzünün, gözünün torpağını çırpıb oyanan

toxum kimi...

***

Nə yaxşı bu şəhərdə ağaclar da var...

***

Açdım nəhəng qəlbimin

göy üzü boyda mavi qapılarını ağır-ağır,
Dibsiz sonsuzluğa atdım səni,

bir ulduz kimi.
Bağladım qapıları...

***

Zərli qanadların ağ vərəqdəki izləri

kainata qoşulmuş nəğmələrə çevrildi...

# 1320 dəfə oxunub

Oxşar xəbərlər

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

Ştefan Svayq və Hitlerin şahmat oyunu - Ramil Əhməd

17:00 28 noyabr 2024
"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #