Kulis.Az Xalid Kazımlının “Arabaçı” hekayəsini təqdim edir.
Onu dərhal tanıdım. Rəqəmlərdən fərqli olaraq insan üzünə, adına, uzun illər öncə baş vermiş hansısa bir hadisənin təfərrüatlarına münasibətdə yaddaşım yaxşıdır. Həmkarlarım, dostlarım çətinliyə düşəndə, nəyisə dəqiqləşdirmək istəyəndə mənə tez-tez müraciət edirlər. Karlarına gəlsəm, barəmdə “fenomenal yaddaşı var” deyirlər, gəlməsəm, “deyəsən, bu da qocalır artıq” deyə guya ki, zarafat edirlər.
Hətta bir dəfə olub ki, beş il öncə bir məclisdə beş dəqiqə söhbətləşdiyim adamın 5 il sonra özünü də yox, ilk dəfə gördüyüm qardaşını tanımışam. “Bu, Elxanın qardaşıdırmı” deyə soruşduğumda siyəzənli dostum Nizami mənimlə yenicə tanış etdiyi adamı hardan tanıdığıma təəccüblənmişdi. Mən də ona sadəcə Elxanı tanıdığımı, bunu ona oxşadıb tanıdığımı demişdim və o, mat qalaraq başını bulamışdı.
Ona görə də mən Ələkbəri dərhal tanıdım. O uzunsov, çilli burunu, o qırğı baxışları, bığlı pişik ağzına oxşayan ağızı, hündür boyu unutmağım, adamı səhv salmağım mümkün deyildi.
Düzdür, çilli burnu və pişik ağzına oxşayan ağzı dəyişməz qalsa da, artıq Ələkbərin qırğı baxışları dəyişmişdi, yarıqıvrım kürən saçları xeyli dərəcədə tökülmüş, beli bir qədər donqarlaşaraq, uzun boyunu bir az bəstə etmiş, bir də daima gülümsər çöhrəsinin yerini qaraqabaq bir sifət almışdı, amma hər halda onu tanımaq mümkün idi.
Zarafat deyildi, aradan 25 il keçmişdi. Bu illər ərzində hamı dəyişir, 25 yaşlı qıvraq tələbə-məzun 50 yaşlı kökəlmiş kişiyə çevrilir. Elə adamlar olur ki, lap tanınmaz hala düşür. Məsələn, institutu bitirməyimizin 20 illiyi münasibətilə keçmiş tələbə yoldaşlarımızla görüşdüyümüzdə, mən hamını dərhal və bircə-bircə tanısam da, bu qədər öyündüyüm yaddaşımla Ədaləti tanıya bilmədim. Özünü Ədalət kimi təqdim edən adam tam bir başqası idi. Onu yalnız Borçalı şivəsində danışmağından, bir də bəstə boyundan tanımaq olardı. Adamı sanki əza-əza yenidən yığmışdılar.
Ələkbərin məsələsində isə elə deyildi. Onun yaddaqalan görünüşü, diqqəti xüsusilə çəkən üz cizgiləri vardı. Onlar dəyişməmişdi, sadəcə, konturları qabalaşmışdı.
O, mənim hər gün görüşdüyüm tələbə yoldaşlarımdan deyildi, heç xüsusi dostluq, tanışlıq münasibətimiz də yox idi, sadəcə, tələbəlik vaxtında epizodik olaraq ünsiyyətdə olmuşduq. Ələkbər başqa fakültədə oxuyurdu, ümumi tanışlarımız vardı, mənim otaq yoldaşımın dostunun həmyerlisiydi, bir neçə dəfə yataqxanadakı otağımıza gəlib-getmiş, arada domino-filan oynamışdıq. Amma mən onu yaxşı yadımda saxlamışdım və bunun xüsusi bir səbəbi vardı.
İyirmi beş ildən sonra mən onu “Sədərək” adlanan alış-veriş mərkəzinin məişət avadanlıqları satılan bölməsində gördüm. Yeni qaz plitəsi və onun altına qoymaq üçün tumba almalıydım. Bir az sonalayandan sonra onları aldım, satıcının pulunu verdim. İndi alınmış əşyaları dükan cərgələrinin arasıyla, alıcı kütləsini yara-yara təxminən 200 metr kənardakı maşına aparmaq lazım idi. Alınan əşyalar o qədər ağır olmasa da, qabaritlərinə görə onları əllə daşımaq mümkün deyildi. Araba lazım olacaqdı. Tərslikdən, başqa vaxt əl-ayağa dolaşan, “yol verin, yol verin” deyə zəhlətökənlik edən, bəzən arabanı arxadan adamın dabanına dirəyən arabaçılardan gözə dəyəni yox idi.
Mən araba tapmaq ümidi ilə ora-bura boylananda üzbəüzdəki elektrik malları satan mağazanın satıcısı dedi:
- İndicə Ələkbər burda fırlanırdı ey. Bir-iki dəqiqə gözlə, harda olsa, gələcək.
Gözləməkdən başqa çarə yox idi. Gözləməyə qərar verdim, amma yadıma düşdü ki, çilçıraq lampaları da almalıyam. Aldığım plitə və tumbanı dükanın girəcəyindən, ayaq altından çəkib bir kənarda üst-üstə qoyaraq, 15-20 addım o tərəfdəki xırdavat dükanına girdim və iki-üç dəqiqənin içində alacağımı alıb dışarı çıxdım.
Əşyalarımın yanında nimdaş cins şalvarlı, eyni cür jaketli, köhnə və bulaşıq ayaqqabılı bir arabaçı dayanmışdı. Yaxınlaşdım və onu dərhal tanıdım. Bu, sözsüz ki, Ələkbər idi. Hətta beş-altı dəqiqə öncə satıcı onun adını çəkmiş olmasaydı da, mən onun Ələkbər olduğunu biləcəkdim.
Onu görən kimi təbii olaraq sifətimin ifadəsi dəyişdi, köhnə tanışımı görmüş kimi, hətta az qala qucaqlaşıb-öpüşməyə hazırlaşan adam səmimiyyətilə soruşdum:
- Sən... Ələkbər deyilsən sən?
O, məni tanımadı, heç ona zərrə qədər də tanış gəlmədim. Bunu hiss etdim. Arabaçı donuq nəzərlərlə mənə baxdı, qədərindən artıq zaman ölçüsündə susdu, nəhayət, tərəddüdlə və soyuq səslə dilləndi:
- Yox, mən Ələkbər deyiləm.
Səs həmin səs idi. Ancaq o səs “... deyiləm” deyirdi. “İndicə Ələkbər burda fırlanırdı” deyən satıcı artıq öz dükanına girmişdi və bizim dialoqumuzu ikimizdən başqa heç kəs eşitmirdi. Təbii ki, bir az əvvəl adının burada çəkildiyindən arabaçının xəbəri yox idi. Düzdür, bir yarmarka sektorunda iki arabaçı Ələkbər ola bilərdi, satıcının nəzərdə tutduğu Ələkbər qarşımda duran adam olmaya da bilərdi, ancaq yüzdəyüz dəqiqliklə xatırladığım bu adamın adının Ələkbər olmaması istisnaydı. Amma o, gözləmədiyim halda soyuq-soyuq “Yox, mən Ələkbər deyiləm” demişdi.
Mən daha dirəşmədim, onun Ələkbər olduğunu zorla boynuna qoymaq, “yox e, sən məhz mənim tanıdığım Ələkbərsən, biz 25 il öncə tələbə vaxtı tanış idik, bizə Əşrəflə gəlmişdin, dekanınız filankəs idi” deyə təfərrüata varmadım, ümumi tanışlarımızın adını çəkib özümü ona tanıtmaq istəmədim. Fikirləşdim ki, əgər adam öz adını, özünü danırsa, mütləq bir səbəbi var.
Onu da fikirləşdim ki, deyəsən, sualı düz qoymadım. Əgər onun özünü danacağı əvvəlcədən ağlıma gəlsəydi, mən onu daşıyacağı qaz plitəsinin yanında görəndə (şübhəsiz, kimsə ona “arabaya ehtiyac var, səni axtarırdılar” demişdi ki, o, durub gözləmişdi), “Ələkbər deyilən arabaçı sənsənmi” soruşsam, o mütləq məni adı müştəri sayaraq, “hə” deyəcəkdi. Ancaq mənim sualımın (“sən Ələkbər deyilsən?”) intonasiyası uzaq keçmişdən gəlirdi və onu çoxdan tanıdığımın, bununla belə, tanıdığıma əmin olmamağımın göstəriciydi. Hətta mən arabaçını görən kimi “ooo, Ələkbər, xoş gördük, necəsən” deyə köhnə tanışlar kimi hal-əhval tutmağa qalxsaydım, onun manevr etmək imkanı olmayacaqdı və Ələkbər olduğunu danmayacaqdı.
Qaz plitəsini və tumbanı arabaya yüklədik və yavaş-yavaş maşının saxlandığı yerə getməyə başladıq. O, pərt və fikirli idi, nəsə düşünürdü, çox güman ki, onu haradan tanıdığımı, kim olduğumu beynində götür-qoy edirdi və özünü danmaq zorunda qaldığının xəcalətini çəkirdi.
Arada ağlıma gəldi ki, bəlkə də o, mənim tanışım olan Ələkbər olduğunu sırf zəhmət haqqının kəsilməməsi üçün dandı. Amma bu fikri dərhal özümdən qovdum. Çünki dünyada heç kəs arabaçı tanışının əməyindən istifadə edərək köhnə tanışlığa görə onun haqqını kəsməz, hətta əksinə, sırf köhnədən tanış olduqlarına görə bir manat əvəzinə iki-üç manat verər. Təbii ki, arabaçı Ələkbər mənim tələbəlik vaxtı tanıdığım Ələkbər olduğunu danmasaydı, mən onun zəhməthaqqını onsuz da artıqlamasilə verəcəkdim. Düşündüm ki, yenə elə edim.
Ona verəcəyim pul barədə düşünərkən, arabaçı ucuz siqaret qutusundan siqaret çıxardı və damağına qoyub, şalvarının arxa cibindən çıxardığı alışqanla yandırdı. Onun həmin Ələkbər olmasına dair məndə yaranan olan-qalan şübhə də çəkilib getdi. Bu, məhz onun ədasydı, alışqanı o cür işlətmək, siqareti yandırdıqdan sonra ilk qullabı közə üfürmək və siqareti baş barmağı ilə şəhadət barmağının arasında incə şəkildə tutmaq.
Onun bu ədası dəyişməmişdi, amma o, ümumiyyətlə, belə deyildi, çox fərqliydi...
O vaxt bu burnu çilli, ağzı bığlı pişik ağzına oxşayan, hündürboy, yarıqıvrım kürən saçlarını geri darayan, bir suyu bir italyan filminin qəhrəmanına oxşayan oğlan bu cür deyildi. O vaxt onun əynində indiki kimi ucuz, 15 manatlıq cins şalvar, ucuz, köhnə və palçıqlı ayaqqabı olmazdı. O zamanlar o, əl altından 250-300 manata satılan “Montana” markalı cins şalvar, cürbəcür gözəl, kapitalist ölkələrinin ən yaxşı firmalarının istehsalı olan, 50-70 manata birtəhər tapılan köynəklər geyərdi.
O Ələkbər mənim yadımda qışda 1000 manata tanışlıqla tapılan dəri plaş, İtaliyada istehsal olunmuş, yetişmiş albalı rəngli ayaqqabı geyən, ən gözəl qalstukları taxan gənc kimi qalmışdı. Onun atası üzümçülük rayonlarından birində şərab zavodunun direktoruydu. Onu daha yaxından tanıyan otaq yoldaşım danışırdı ki, atası hər ay Ələkbərə ən azı 1000 manat pul göndərir, o da eninə-uzununa xərcləyir. Bu deyilənlər inandırıcıydı. Çünki bir dəfə bizim otaqda qonaq olarkən Ələkbər cibindən “Malboro” markalı siqareti qutusu çıxardı, içində iki dənə qaldığını görüb, onu çəkən uşaqlara verdi, pencəyinin yan cibindən yeni bir qutu çıxardı, birini götürdü, eynilə arabaçı Ələkbər kimi damağına qoyub yandırdı, barmaqları arasında incə şəkildə tutaraq, ilk qullabı közə üfürdü və qəribə bir sadəliklə, eyni zamanda pərdələnmiş lovğalıqla dedi ki, zəhrimarı səhər açmışdım, əridi getdi, bu da axşama qədər bəs eləsə, böyük işdir.
O vaxt bu siqaretlərin qara bazarda qiyməti 3-5 manat arasındaydı. Ələkbərin bu “təvazökar” qeydindən elə çıxırdı ki, ayda təkcə siqaretə azı 300 manata yaxın pul verir. Bundan başqa, onun “dünən uşaqlarla getmişdik şampan içməyə”, “Maşın tutduq, getdik filan rayona” və başqa bu cür sözlərlə başlayan söhbətləri olurdu. Biz bir qayda olaraq həmin kampaniyaların xərcinin çox hissəsini Ələkbərin ödəmiş olduğunu öyrənirdik. Onun bir dəfə dediyi “boyuma görə mənə gödək diplomat palto yaraşmır, ona görə əlacsız qalıb bunu aldım” deyə əynindəki min manatlıq dəri plaşı göstərməsini lətifəyə çevirmişdik. O vaxtlar biz 200 manatlıq palto-plaşı zor-bəla, Moskvadan, Leninqraddan aldıra bilirdik.
Sonralar Ələkbərin həmyerlisinin dostu olan otaq yoldaşımız institutu bitirib getdi və onun ayağı bizdən birdəfəlik kəsildi. Hərdən yalnız küçədə, tələbə şəhərciyində, institutda rastlaşanda ağızucu salamlaşıb keçərdik. O, həmişə taksiylə gəzərdi, həmişə, “Malboro” çəkərdi, həmişə bahalı və tapılmayan libaslar geyinərdi. İndiki parametrlərlə götürsək, dövrümüzün oliqarx balalarından biri idi. Ələkbər o gənclərdən idi ki, ətraflarındakı yüzlərlə adam onları tanıyır, amma özləri çox az adama fikir verirlər.
Kimin ağlına gələrdi ki, o sayaq, ərəb şeyxlərinin Londonda tələbəlik həyatı yaşayan övladları kimi gün keçirən, ətrafına pulu səxavətlə, xəzəl kimi səpən bir gənc 25 ildən sonra, yaşı 45-i keçib 50-yə yaxınlaşan vaxtında gəlib arabaçı olacaq və 1 manat artıq pul verən adamın əlinə baxacaq.
Kim bilir, onun başına nə gəlmişdi, hansı keşməkeşlərdən keçmişdi. Söz yox, sovet təsərrüfat sistemi dağılmış, şərab zavodlarının əllərində milyonlar oynayan direktorları müflis olmuş, onların bir çoxu yeni iqtisadi münasibətlər dövrünə uyğunlaşa bilməmişdilər. Ola bilər gəncliyini əhli-kefliklə keçirən, ata pulu hesabına guruldayan, daima gülümsəyən, yeyib-içib gəzən və onu tanıyan hər kəsin yanında “yaxşı oğlan” kimi tanınan o gənc düzəni pozulmuş həyatda üzdə qalacaq qədər fərasətli, istedadlı ola bilməyib, yavaş-yavaş əzilərək, sıxılaraq, gəlib bazarda arabaçı işləyəcək qədər həyatın dibinə yuvarlanıb. Onu buraya gətirən, xıncım-xıncım edib bəyzadəliyindən salan başqa səbəblər də ola bilərdi. Əgər o, Ələkbər olduğunu danmasaydı, yəqin ki, mən onun həyat yolunun enişlərinin necə olduğunu öyrənə biləcəkdim. Hər halda, ataların yüz illər öncə dediyi və müasir insanlar tərəfindən milyonlarca dəfə təkrarlanan “kiminin əvvəli, kiminin axırı” zərbi-məsəli Ələkbərin durumunu yaxşı ifadə edirdi.
Onun kim olduğunu danması, əlbəttə, təbii idi. O, hazırda onu tanıyanların yanında adi, sınıq, əzik Ələkbər idi, onlar onu bu cür görüb, bu cür qəbul etmişdilər, ona görə də keçmişini onlardan gizlətməyə ehtiyac duymurdu. Bəlkə də söz düşəndə o, “heç bilirsiniz, mənim necə gəncliyim olub” deyə öyünür, onlar da bunu adi gop sayaraq bu yazıq adama inanmırdılar. Burada incə bir psixoloji məqam vardı: güman ki, Ələkbər bir zamanlar qarşılarında şeyx balası kimi gəzdiyi insanların önündə bu duruma düşməsini heç cür içinə sindirə bilmirdi. Yəqin ki, bu, onun ilk özünü danması deyildi. Bəlkə də o, keçmiş tələbə yoldaşları ilə rastlaşanda yenə özünü tanımazlığa qoyur, yaxud hansısa xeyir-şər məclisində rastlaşanda, işdən-gücdən söz düşəndə “yarmarkada dükanım var” deyə özünü sındırmır. Kim bilir...
Biz maşına çatdıq. Tumbanı baqaja, plitəni arxa oturacağa qoymaq qərarına gəldik və Ələkbər əşyaları yerbəyer etdi. Mən çılçıraq lampası satanın qaytardığı qalıq pulun hamısını ona verərkən, gözlərinin içinə baxdım. Prinsipcə, o, pulu alarkən gözümə baxmamalıydı, baxışlarını qaçırmalıydı və bu, onun həmin Ələkbər olmasının daha bir təsdiqi olmalıydı. O, pulu üzümə baxmadan aldı, hətta onun bir manat artıq olmasına da fikir vermədi. Mən özümü saxlaya bilmədim, oxuduğumuz institutun adını çəkdim və dedim ki, bayaq onu tələbə vaxtı tanıdığım bir adama oxşatdım.
O, bir söz demədi, eləcə çiynini çəkdi, sifətinə elə bir ifadə verdi ki, sanki institutun, universitetin nə olduğunu belə bilmir.
O, arabasını döndərdi, qaraqabaq halda, sağollaşmadan gəldiyi yerə doğru yönəldi. Mən qəribə bir qüssəli ovqata köklənmiş halda onun ardınca baxırdım. Gəncliyində əhlikef olsa da, əslində yaxşı bir oğlanın düşdüyü indiki vəziyyət, bundan da çox, onun özünü danmağa vadar olması adamın qəlbini acıdırdı. O, təxminən əlli metr aralanandan sonra dayandı, ehmalca, hiss etdirmədən, oğurluq edirmiş kimi geriyə boylanıb mənə baxdı. O, Ələkbər idi.