1990-cı ildə ABŞ-ın Vermont ştatının Berlinqton şəhərində Tod Lokvud tərəfindən Brotiqan kitabxanası yaradıldı və o, hər kəsə açıq elan olundu. Bu kitabxanaya nəşriyyatlar tərəfindən qəbul olunmamış əsərlərin mətninə, üslubuna heç bir məhdudiyyət qoyulmadan qəbul ediləcəyi elan olundu.
2005-ci ilədək kitabxanaya 316 əsər göndərildi. Onlardan bir neçəsi ya itirildi, ya müxtəlif səbəblərdən fonddan çıxarıldı. Kitabxananın saxlanması ilə bağlı problemlər yarandıqda, onu məcburən bağlamaq lazım gəldikdə fondda artıq 304 əlyazma vardı.
2005-ci ildə Brotiqan Kitabxanasının fəaliyyəti maddi səbəblərdən dayandırıldı. Kitabxana fəaliyyət göstərməsə də fondu düz 5 il müddətində qoruyub saxlandı, 2010-cu ildə isə Brotiqan Kitabxanası Vaşinqton ştatının Vankuver şəhərində yerləşən Klark Kaunti Tarix Muzeyinə köçürüldü və onun nəzdində fəaliyyət göstərməyə başladı.
Niyə məhz Riçard Brotiqanın adını daşıyan kitabxana?
1971-ci ildə yazdığı “Abort” romanında Riçard Brotiqan belə bir səhnə təsvir etmişdi: Çap sənayesinin maraqlarından kənarda qalmış, Amerika ədəbiyyatının arzuolunmaz nümunələrinin toplandığı kitabxana. Yazıçılar öz əsərlərini rahat şəkildə buraya gətirib əlyazmasını ürəyi istəyən rəfdə yerləşdirə bilir. Baxmayaraq ki, heç kəs bu kitabxanaya gələ və həmin əsərləri oxuya bilməz, lakin müəlliflər yenə də özlərini xoşbəxt hiss edirlər, çünki onlar əsərlərinin qorunduğunu bilirlər.
Brotiqanın bu arzusunu həyata keçirən Tod Lokvud oldu.
Riçard Brotiqan kimdir?
1934-cü ildə dünyaya gəlmiş Riçardın valideynləri o, hələ ana bətnində ikən boşanmışdılar. Riçard əsl atasının kim olduğunu bilmirdi, o, soyadının Brotiqan olduğunu attestat alarkən anasından öyrəndi. O vaxtadək anası ona ögey atasının soyadını versə də sərbəst həyata atılarkən oğlunun öz soyadı ilə yaşamasını istəyirdi. Doğma atası yalnız Riçard öldükdən sonra məşhur yazıçının atası olduğunu bilmişdi.
R. Brotiqanın uşaqlıq və yeniyetməlik dövrləri çox ağır keçmişdi. Ailəsi çox kasıb olduğu üçün onun və ögey bacı-qardaşlarının günlərlə ac qaldığı vaxtlar olmuşdu. Belə ağır şəraitdə yaşaması ona öz təsirini göstərməyə bilməzdi. Riçard ali təhsil alsa da iş tapmaqda çətinlik çəkirdi, ona görə də 1955-ci ildə polis məntəqəsinin pəncərəsinə daş atdığı üçün həbs olunduqda onun bunu aclıqdan və həbsxanada yedirilməkdən ötrü etdiyi deyilirdi.
Həbsxanaya düşdükdən on gün sonra polislər onun davranışında anormallığın olduğunu müşahidə etdikləri üçün o, Oreqon Dövlət Xəstəxanasına müalicəyə göndərildi. Xəstəxanada ona paranoik şizofreniya və depressiya diaqnozları qoyuldu.
12 yaşından şeir və hekayələr yazan Riçard sonradan da bu məşğuliyyətini davam etdirirdi. Xəstəxanada müalicə aldığı vaxt o, kiçik həcmli “Marslıların Allahı” əsərini yazıb çap olunmaq üçün iki nəşriyyata müraciət etsə də onların hər ikisi əsəri çap etməkdən imtina etdi.
2 aydan sonra xəstəxanadan çıxan yazıçı həmişəlik olaraq San-Fransiskoda yerləşdi və yazıçılıq fəaliyyəti ilə məşğul olmağa başladı. Əsərləri nəşriyyatlar tərəfindən qəbul olunmayan Brotiqan öz şeirlərini küçələrdə paylayırdı. Belə ki, daha bir şeir kitabı nəşriyyat tərəfindən geri qaytarılmışdı. 1957-ci ildə onun nəhayət ki, ilk şeir kitabı və ardınca başqaları çapdan çıxsa da Brotiqanın yaradıcılığı tənqidçi və oxucu diqqətini 1967-ci ildə çap olunmuş “Amerikada alabalıq ovu” romanı ilə çəkib.
Lakin hətta Brotiqanın uğurları belə onu depressiyadan çıxara bilmirdi. Qızı Ayante Elizabet Brotiqanın dediyinə görə o, dəfələrlə intihar etməyə cəhd etmişdi. Yazıçının sonuncu intihar cəhdi 1984-cü ildə tək yaşadığı evində baş tutmuş və “uğurla” nəticələnmişdi. O, öz başına açdığı atəşdən ölmüş və nəşi ölümündən təxminən bir ay sonra aşkar olunmuşdu.