Bu gün - sentyabrın 28-i ölkənin həyatında ən vacib mədəni tədbirlərdən biri ilə əlamətdardır. V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasıi öz işinə başlayır. Bu gün saat 10.30-da Bakı İdman Sarayında sərginin açılış mərasimi keçirilib.
Kulis.az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə Mədəniyyət və turizm nazirir Əbülfəs Qarayev açıb. Qonaqları salamlayan nazir havanın soyuqluğuna baxmayaraq insanların kitabla bağlı tədbirə gəlməsini yüksək qiymətləndirdi.
Nazir sərgi və tarixi nəşrlər haqqında qonaqlara məlumatlar verdi, kitabın əhəmiyyətindən danışdı. Əbülfəs Qarayev son dövrlərdə kitab sahəsinin inkişafı üçün görülən işlərdən danışdı. Qeyd etdi ki, müasir texnologiyalar nə qədər inkişaf etsə də, biliyin və mənəviyyatın mənbəyi kitabdır: "Prezidentin sərəncamı ilə kiril əlifbasıilə çıxan kitabların latın qrafikası ilə yenidən çapı mədəniyyət sahəsində, kitab sahəsində böyük hadisədir. Yenə də ölkə başçısının sərəncamı ilə 150 cildlik dünya ədəbiyyatı toplusunun nəşri olduqca ciddi hadisədir. Bu gün artıq kitabla bağlı beynəlxalq sərgilər keçirilir. Azərbaycan ədəbiyyatı kitab dünyasına çıxır. Sevindirici haldır ki, Azərbaycan ədəbiyyatı dünyada nəşr olunur müasir yazıçılarımızın əsərləri səhnələşdirilir, filmlər çəkilir. Deməli, çağdaş ədəbiyyatımız çox güclüdür və yaşayır”
Nazir bu ilin uşaq ədəbiyyatı ili elan olunmasını qeyd etdi və uşaq ədəbiyyatı ilə bağlı çoxlu kitablar çap olunması haqda məlumat verdi. Yeni layihələr haqqında danışdı:
“Bu yaxında Azərbaycan və Türkiyə arasında Azərbaycan ədəbiyyatının türkcəyə tərcümə olunması və kitabların Türkiyə kitabxanalarına və kitab şəbəkələrinə paylanması haqda müqavilə bağlayıb. Kitab sahəsində müasir baxışa artıq ehtiyac var. Yeni nəşriyyatlarla əlaqələr qurmaq lazımdır və qurulur da. Bu o deməkdir ki, Azərbaycanda kitab yaşayır və yaşayacaqdır.”
Nazir bu gündən etibarən başlayan və üç gün davam edəcək sərgidə 40-dan artıq xarici nəşriyyatın iştirak etdiyini, sərgi çərçivəsində təqdimatlar, müzakirələr, dəyirmi masalar keçiriləcəyini söylədi.
Daha sonra çıxış üçün söz baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyevə verildi. O, kitab bayramı münasibətilə hər kəsi təbrik etdi: “Bu gün kitabın bayramıdır. Xalqın formalaşmasında intellektual mədəni səviyyəsinin yüksəlməsində kitabın fövqəladə rolu var. Bizim xalqın kitaba böyük məhəbbəti var. Bu sərgi həm də Azərbaycan ədəbiyyatının, Azərbaycan dilinin təbliği deməkdir.Əbülfəs bəyin qeyd etdiyi kimi, sərgidə 40-dan çox ölkənin nəşriyyat nümayəndəsi iştirak edir. Hesab edirəm ki, gələcəkdə də bu sərgilər davam edəcək və bu gün 40 ölkədən nümayəndə iştirak edirsə gələcəkdə ölkələrin sayı 140 olacaq” - deyə dövlət xadimi çıxışını bitirdi.
Daha sonra nazir və qonaqlar kitab stendlərinə yaxınlaşdırlar.
Xatırladaq ki, Kitab Sərgi-Yarmarkası Bakı İdman Sarayında keçirilir və üç gün davam edəcək.