İsabalanın batmağı və ya adı Dəniz qoyulan qız

İsabalanın batmağı və ya adı Dəniz qoyulan qız
7 aprel 2015
# 11:38

Kulis Kənan Hacının “Dənizin küləyi” adlı yeni hekayəsini təqdim edir.

Külək onun saçlarını üzünə çırpıb gözlərini oxumağıma ciddi-cəhdlə mane olurdu. Mübtəda xəbərdən ayrı düşmüşdü, təyin qızın kirpiyinin ucunda titrəyirdi, zərflik çöp kimi gözünə düşmüşdü, tamamlıq isə sözləri heç cür bir yerə toparlaya bilmirdi. Bir az əvvəl dediyi cümlə iynəsi ilişmiş val kimi beynimdə təkrar-təkrar səslənirdi: “Atamı külək əlimizdən aldı...”

Yel apardığını qaytarmaz, deyirlər. Onun atasını da qaytarmadı. Yerimdən qalxıb pəncərənin pərdəsini araladım, hiddətlənmiş külək ağacları sanki yerindən qoparmaq istəyirdi. Yerimə qayıdıb yuxarıda yazdıqlarıma bu cümlələri əlavə etdim: Külək təsadüfən ölüm baş verən yerdən keçirsə, nifrətin əbədi ünvanına çevrilir. Nifrət tərəfindən istismar olunan küləyin enerjisi azalmır ki, azalmır. Əsdikcə əsir, küçələri ələk-vələk etdiyi kimi xatirələrin də qoparağını götürür. Bu qızın da ürəyində boş qalan ata yeri üşüyür. Həyatın bu xoşagəlməz yadigarı hər dəfə baş qaldıranda onun yarasının közü qopurdu. Külək həmişə onda mənfi assosiasiyalar doğururdu. Ahəstə əsən meh də sanki özüylə çox uzaqda qalmış ölümün ağrı-acısını çəkib gətirirdi və onun əhvalı büsbütün pozulurdu. Küləklər şəhərində yaşamaq bu qızdan ötrü əsl məşəqqət idi.

***

İsabala dənizdə xilasedici işləyirdi, uşaqlığı, gəncliyi dəniz sahillərində keçmişdi. Qayaların ətəyinə sığınmış xilasetmə köşkündə çalışan xilasedicilərin hamısı onu tanıyırdı, üzgüçülük məharətinə heyran idilər. Bu şüvərək oğlan suyun altında balıq kimi asudə dolaşa bilirdi. Suyun altında uzun müddət qalmağı bacarırdı. Neçə dəfə onun artıq batdığına əmin olub hay-həşir salanları yanıltmışdı. Dəfələrlə olmuşdu ki, üzüb üfüqdə gözdən itmişdi və bir neçə saatdan sonra tamam başqa istiqamətdən sahilə çıxmışdı.

Bir gün desəydilər ki, İsabala dənizdə batıb, heç kəs buna inanmazdı. Dənizin İsabalaya gücü çatmırdı, hər nə qədər onu dərinliyinə çəksə də o, dənizə can vermirdi, burulğan kimi fırlana-fırlana suyun üzünə çıxırdı. Balıqçılar deyirdilər ki, bu adam əməlli-başlı möcüzədir, elə bil insan cildində dəniz heyvanıdır. Allah elə bil onu dəniz üçün yaradıb. Onu amfibiyaya bənzədirdilər.

Balıqçılıqda saç-saqqal ağartmış Abdı kişi bir gün qayığı sahilə çəkəndə ona dedi ki, bala, heç vaxt öz gücünə arxayın olma, bu dənizin qoynunda o qədər döşünə döyən igidlər batıb ki, sayı-hesabı bilinməz. İsabala onda sahildəki çopur, yosunlu qayanın üstündə oturub gözünü üfüqə zilləmişdi. Dəniz sakit və ləpəsiz idi. Abdı kişi torun içində çırpınan balıqlara məhəl qoymadan iri əlini yaş qayaya dayaq verib ağır-ağır İsabalının böyründə oturdu və nəfəsini dərdi. İsabalanın gözü qayığın içində atılıb-düşən, hələ də həyat uğrunda mübarizə aparan balıqlardaydı.

- Heyf, öləcəklər, - dedi.

Abdı kişi cibindən siqaret qutusunu çıxarıb bir gilə götürdü, barmaqları arasında yumşaldıb damağına qoydu və kibriti çəkdi. Az qala saralmış bığlarını yandıracaqdı. Birinci tüstüdən kişini öskürək tutdu. İsabala:

- Dayı, bunun filtri də yoxdur, səni öldürər ki. Heç olmasa, bir müştük al, müştüknən çək, - dedi.

Abdı kişi öskürəkdən boğula-boğula:

- Qırx ildir bu zəhrimarı çəkirəm, müştük mənlik deyil, oğul, - dedi.

- Azald, ağsaqqal. Hərdən cavanların da məsləhətinə qulaq asmaq lazımdır, - deyə İsabala gülümsədi.

Abdı kişi təzəcə yandırdığı siqareti hirslə yerə tulladı.

- Amma mənim məsləhətimi yaddan çıxarma, - dedi, - cavansan, dəniz zarafat xoşlamır, ehtiyatlı ol, oğlum!

Abdı kişinin bütün həyatı dənizin qoynunda keçmişdi, bir neçə dəfə dənizin ortasında qayığı aşmışdı, hər dəfə də möcüzə nəticəsində sağ qalmışdı. Suyun altında ölümün yaxınlaşan qaranlığını görmüşdü. İndi onun məsləhəti İsabalanın beyninə batmırdı. İsabalaya dəniz hələ ki, toxunmurdu, bəlkə də ona görə ki, taleyin təyin etdiyi vaxt hələ gəlib çatmamışdı. Bəlkə də dəniz onun bu cəsarətinə və fövqəladə üzmək bacarığına görə ona qıymırdı. O, dənizi mənasız bir ehtirasla sevirdi.

Günəşin gedən vaxtında onlar ayrıldılar. İsabala dənizdən qopan dalğa kimi çəkilib getdi. Abdı kişi qayıqdakı artıq ölmüş balıqlara baxdıqca beyni qırış-qırış açılırdı, özünü bu sonsuz dənizdə saman çöpü qədər gücsüz hiss edirdi. Heç vaxt bu qədər zəif, taqətsiz olmamışdı, İsabala sanki onun olan-qalan gücünü də özüylə götürüb aparmışdı.

Qəfil onu yaxalayan bəd ovqatdan rəncidəhal oldu, lövbəri, torları qayıqdan çıxarmağa ərindi, qayıdıb bayaqkı çopur qayanın üstündə oturdu, siqaret çıxarıb odladı və tüstünü iştahla ciyərlərinə çəkdi, bu dəfə öskürmədi, tüstü burnundan çıxıb təmiz havaya qarışdı.

Qocanın həyatda ən çox nifrət elədiyi külək idi, külək yuxudan oyananda büsbütün kefi pozulurdu, onda dənizə çıxmaq çətinləşirdi. Küləyi söyürdü, o söydükcə də külək onun acığına daha da güclənir, əsib-coşurdu. Sanki Poseydon üçdişli əsasını silkələyib dənizi çalxalayırdı, hər dalğa bir dağ boyda olurdu. Abdı kişinin bütün günü evdə oturub siqareti siqaretə calamaqdan başqa əlacı qalmırdı. Arabir yerindən qalxıb pəncərənin pərdəsini aralayırdı, qəzəbindən qaralmış dənizə baxırdı, dərindən köks ötürür, ayaqlarını sürüyə-sürüyə gedib köhnə divanın küncündə yumaq kimi büzüşürdü. Onun gücü ancaq öz ağlının yaratdığı məkanda nəsə etməyə çatırdı, kənarda hər şey onun iradəsi xaricində idi.

***

Çevrilib arxaya baxdı, İsabala gözdən itmişdi. Fikirləşdi ki, İsabala dənizə bələd olsa da, küləyi tanımır. Külək çox namərddir, dənizdən də güclüdür. Siqaretin odu barmaqlarını yandıranda əlindəki kötüyü yerə atdı və əlini dizinə dayaq verib qalxdı. Öz-özünə “daha dənizə çıxmayacağam!” dedi. İçindən çıxan bu səs ona tanış gəlmədi, başqa bir adamın səsiydi bu, onun səsi deyildi. Qoca balıqçı bütün sözləri deyib qurtarmışdı, bu üç kəlmə sözü hansısa naməlum, sirli varlıq onun ömrünə əlavə eləmişdi. Yəni ki, sənin olub-qalan üç sözün də budu, qoca! Qoca evə sözsüz qayıtdı. Balıqlar qayıqda qalmışdı.

***

İsabala dənizdə batan günü Abdı kişi sükutu pozdu, dərindən bir ah çəkdi. Yeri-göyü dağıdan külək bu dəfə də onu eşitmədi. Onda Abdı kişinin bir ah qədər ömrü qalmışdı.

***

- Mənim adımı atam qoyub.

Dəniz saçlarını qulağının dibinə yığıb kədərlə gülümsədi. Tamamlıq mübtəda ilə xəbəri gətirdi.

Külək susmuşdu...

5 aprel 2015

# 926 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #