Həbsdə işgəncələrdən dünyasını dəyişən şair

Həbsdə işgəncələrdən dünyasını dəyişən şair
25 noyabr 2013
# 14:47

1937-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetinin 9 iyun sayında belə bir yazı dərc olunmuşdu:

“Xalq düşmənləri - trotskist müsavatçılar R.Axundov, Əli Nazim, Ə.Cavad, H.Cavid, M.Müşfiq, Hacı Kərim Sanılı, Əminbəyli, Zeynallı, Şahbazi və başqaları öz murdar fikirlərini yürütmək məqsədilə yazıçılar arasında ayrı-ayrı şəkillərdə hərəkətlər törətmişlər (intriqa, fitnə və i.a.)

Bütün yuxarıda göstərilən xalq düşmənləri və onların çirkin hərəkətləri, ittifaqın rəhbərliyi, idarə heyəti üzvlərinin (və o cümlədən bir heyət idarə üzvü kimi mən də) sayıqlığın kütləşməsi nəticəsində vaxtında ifşa edilməmişlər.

YİQ (b) R MQ fevral Plenumunun və ulu rəhbər Stalin yoldaşın göstərişləri əsasında bütün yazıçılar özləri üçün ciddi nəticələr çıxarmalıdır.

İttifaqın partiya təşkilatı, idarə heyəti və ümumi yığıncağı ittifaqın bu kimi kəskin vəziyyətini bolşevik özünütənqidi atəşi altında müzakirə edərək gizli xalq düşmənlərini meydana çıxarmaqla ittifaqı yabançı ünsürlərdən birdəfəlik təmizləməli, yazıçılar ittifaqı işini islahat yoluna salmalıdır.

Ədəbiyyatımızı, trotskist agenturası olan averbaxçılıq tör-töküntülərindən təmizləməklə, müsavatçı-millətçi, şovinist duyğuların kökünü kəsməklə, yazıçılarımız Lenin-Stalin internasionalizmi ruhunda əsərlər yazmaqla məşğul olmalıdır.”

“Xalq düşmənləri”ndən biri kimi adı çəkilən Hacı Kərim Sanılı kim idi?

Onun şəxsiyyəti və yaradıcılığı haqqında məlumat çox azdır.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, şair, maarifçi, ictimai xadim olan bu görkəmli şəxsiyyət də repressiyanın qurbanı olub.

Hacı Kərim Sanılı 1878-ci ildə Qazax qəzasının Çaylı-Kəsəmən kəndində anadan olub.

Hacı Kərim kənddəki molla məktəbini bitirib, Qazaxda dördillik rus-tatar məktəbində oxuyub, sonra isə o zaman bir çox Azərbaycan ziyalılarının təhsil aldığı Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirib. Bəy nəslindən olduğuna görə seminariyaya 1893-cü ildə çox çətinliklə, dayısının köməyi ilə qəbul olub.

Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini 1898-ci ildə müvəffəqiyyətlə bitirən Hacı Kərim Sanılı böyük həvəslə kəndlərində, Çaylıda məktəb açıb dərs demək fikrinə düşür. Lakin bu, alınmadıqdan sonra Nuxa (Şəki) qəzasının Xaçmaz kənd I sinifli məktəbinə müdir və müəllim təyin olunub.

Araşdırıcılar və siyasətçilər tərəfindən XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri intibah dövrü kimi səciyyələndirilir: milli oyanış, xalq hərəkatları, inqilablar, azadlıq və müstəqillik uğrunda çarpışmalar, mətbuatın təşəkkülü, maarifçilik şərəf işi kimi tarixə düşüb. Hacı Kərim bu zaman müəllim işlədiyi kənddə və ona yaxın ərazilərdə savadsızlığı tam aradan qaldırmaq məqsədilə qızlar məktəbi açmaq fikrinə düşüb. Lakin bu, yerli mollalar tərəfindən kəskin etirazla qarşılanıb. Onu kafir adlandırıblar, sui-qəsd düzəldib, yaşadığı evə basqın ediblər.

Ağır maddi ehtiyac içərisində yaşayan Hacı Kərim nəhayət, 1905-ci ildə Qazaxda Poylu kənd məktəbinə müdir təyin edilib.

Qazax qəzasının ayrı-ayrı kəndlərində yeddi məktəb binasının tikilməsi haqqında tərtib olunmuş layihəni çara təsdiq etdirən, həmin binaların tikintisinə lazımi qədər maliyyə vəsaiti ayrılmasına nail olan məhz Hacı Kərim Sanılı idi. Layihəyə əsasən, həmin binalardan birinin Çaylı kəndində tikilməsi nəzərdə tutulmuşdu. Yerli adamlardan heç kim qıyıb öz torpağını vermirdi ki, orada tikintiyə başlanılsın. Bunu eşidən əmisi oğlu Məhəmməd Hacı Kərimə sifariş göndərir ki, sənin xətrinə mən öz torpağımdan hektar yarım ayırıram, gəl, məktəbi tikdir. Bu xeyir xəbərdən sonra dərhal inşaat işlərinə başlanılır. Həmin tikili 1924-cü ildən 1989-cu ilədək Çaylı 1 saylı orta məktəbi kimi fəaliyyət göstərib. Yeri gəlmişkən, H.K.Sanılı 1913-cü ildə pedaqoji fəaliyyətinə görə III dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif edilib.

Sonralar Dağkəsəmən kəndinə dəyişilən Sanılı ictimai-siyasi fəaliyyətlə məşğul olduğuna görə 1906-cı ildə həbs edilib. Dövrünün ziyalıları onun müdafiəsinə qalxıblar. Görkəmli maarifpərvər F.Köçərli “İrşad” qəzetində yazırdı: “Paxıl və həsəd və iftira səbəbi ilə nahaq və bicərm məhbus olanlar həm Qazax mahalında cənab Ağabəy Qiyasbəyov və müəllim Hacı Kərim Saniyevdir...Bunları güdaza verən ancaq öz içimizdən törəyən xaricməslək mürtədlər olubdur ki, divanbəyinin və uyezd naçalnikinin ətrafında quyruqlarını bulayıb dəyanət və rəzalətləri ucundan millət xadimlərini bad-fənaya verməyi özlərinə böyük hünər və qərəz bilirlər”.

Həbsdən azad olduqdan sonra da H.K.Sanılı inqilabi fəaliyyətlə məşğul olub. O, gizli fəaliyyət göstərən “Difai” partiyasının təşkilatçılarından idi.

1910-cu ilin iyununda Sanılı Qafqaz Təhsil Dairəsi direktorunun icazəsi ilə Sankt-Peterburq Müəllimlər İnstitutunun nəzdində açılmış əl əməyi kursuna ezam olunub. Peterburq həyatı Sanılının ictimai-siyasi cəhətdən formalaşmasında çox mühüm rol oynayıb.

1917-ci ildə H.K.Sanılı Tiflis hümmətçilərinə qoşularaq həmin partiyanın fəallarından biri olur.

1917-ci ildə çarizmin devrilməsi ilə əlaqədar ictimai-siyasi hadisələrin təsiri Qazaxda da hiss olunurdu. Bu zaman Qazax qəzasının idarə edilməsi kəndlilər tərəfindən ictimai rəydə böyük nüfuz sahibi Hacı Kərim Sanıyevə tapşırılıb. Yaranan əlverişli məqamdan uzaqgörənliklə istifadə edən Firidun bəy Köçərli Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini təcili olaraq Gəncəyə köçürmək qərarına gəlib. Hətta Gəncənin yol uzaqlığından ehtiyat edən Firidun bəy məsələni təcili həll etmək üçün 1918-ci ildə Qazax qəza qubernatoru Hacı Kərim Sanılının yanına gəlir, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxda yerləşdirilməsi üçün bina istəyir. O, keçmiş müəllimi Firidun bəy Köçərlini mehribanlıqla qarşılayır, bu işə ürəkdən tərəfdar olduğunu bildirir. Hacı Kərim Qazaxın məşhur xeyriyyəçilərindən və dəyərli insanlarından olan Məşədi İbrahimi yanına çağırıb məsələni ona danışır. Heç bir təhsili və savadı olmayan Məşədi İbrahim oxumağın və maarifçiliyin tərəfdarı olduğundan bu təklifə çox sevinir və elə həmin gün bir iranlı tacirin Qazaxın mərkəzində satışa qoyduğu 17 otaqdan ibarət yaraşıqlı mülkü 150 qızıl pula alıb Firidun bəy Köçərliyə bağışlayır.

Maarifə, mədəniyyətə, elmə rəğbət bəsləyən, qayğı göstərən, bu yolda imkansıza və kasıba arxa duran Hacı Kərim Sanılının bu xeyirxahlığı camaat arasında olan hörmətini, nüfuzunu birə-beş artırıb. Azərbaycanda milli hökumət qurulanda H.K.Sanılı yerli əhalini müstəqil Azərbaycan dövlətini müdafiəyə, ona sədaqətlə xidmətə çağırırdı. Hacı Kərim Sanılı 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olmuş, sosialistlər fraksiyasını təmsil etmiş, Qazax seminariyasına maliyyə vəsaiti ayrılmasından ötrü parlamentin iclaslarında məsələ qaldırmış və istəyinə nail olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Sanılı iki il Qazax qəzasının xalq hakimi vəzifəsində işləyib. Lakin o, həm də maarif və ədəbi fəaliyyətlə də məşğul olub. Sanılı Bakıya gələrək 1922-ci ilin mayından 1924-cü ilin sonuna kimi Yeni Türk Əlifba Komitəsinin açdığı kurslarda dərs deyib.

Bu illərdə o, dövrü mətbuat səhifələrində kənd məktəblərində təhsilin keyfiyyəti, elmin əhəmiyyəti haqqında müntəzəm çıxış edib.

Sanılının pedaqogika tarixində böyük xidmətlərindən biri də yüksək keyfiyyətli dərsliklər yaratmaq sahəsindəki fəaliyyətidir. Onun “Böyüklər üçün əlifba kitabı” (1924), “Türk əlifbası” (1927), “Üçüncü il” (1927) və s. dərslikləri xalqın maariflənməsi işində müstəsna əhəmiyyətə malik olub.

H.K.Sanılı sovet dövründə bir sıra məsul və mühüm vəzifələrdə çalışıb. O, “Yeni kənd” jurnalının məsul katibi, Bakı xalq maarif şöbəsinin inspektoru, Azərbaycan Kooperativ məktəbləri birliyində dərs hissə müdiri, “Politexnik”də müəllim kimi çalışıb.

Hacı Kərim şair kimi də məşhur idi. O, yaradıcılığa kiçik şeirlərlə başlayıb, sonra isə məşhur poemalarını- “Aran köçü”, “Namus davası”, “Zülmün sonu”, “Turut qaçaqları”nı yazıb.

Professor B.Çobanzadə onun xalq poeziyasından ustalıqla faydalandığını yüksək qiymətləndirərək yazıb: “…Sanılının əsərləri indiyə kimi bəhs etdiyimiz yeni aşıq ədəbiyyatının zirvəsidir”.

Bütün bu xidmətlərini “nəzərə alaraq” Hacı Kərim Sanılını 1937-ci il iyunun 3-də sorğu-sualsız həbs ediblər.

NKVD-nin 1-ci şöbəsinin təhlükəsizlik leytenantı Klimentiç 12493 nömrəli istintaq işinin materiallarına əsaslanaraq heç bir partiyanın üzvü olmayan, Azərbaycan vətəndaşı, şair, Ticarət və Kooperasiya İnstitutunun müəllimi H.K.Sanılının əksinqilabi-millətçi təşkilatında fəaliyyət göstərdiyini "müəyyənləşdirir" və vətənə xəyanət maddələri ilə həbs edir. İstintaq işinə əsasən, 4-cü şöbənin rəisi, təhlükəsizlik üzrə kapitan Kinmanla razılaşdırılan və qəbul edilən qərar Xalq Daxili İşlər Komissarı Sumbatov tərəfindən təsdiq olunub. H.K.Sanılı haqqında qaldırılan cinayət işinin qərarında həmçinin göstərilir ki, "Qolçomaq ailəsindən olan H.K.Sanılı Azərbaycanın sovetləşməsi zamanı "Əzrail" firqəsi adlı təşkilat yaratmışdır. Hazırda Ticarət və Kooperasiya İnstitutunun müəllimi olan şair, yazıçı Azərbaycan təhlükəsizlik işçilərinin nəzər-diqqətini cəlb etmişdir".

Müəllim, şair və ictimai xadim kimi tanınan Hacı Kərim Sanılıya zindanda aylarla işgəncə verilib.

Hacı Kərim Sanılı bu işgəncələrə tab gətirməyib ömrünün 60-cı ilində NKVD zirzəmisində dünyasını dəyişib.

Mənbə:

Sanılı Hacı Kərim, Seçilmiş əsərləri, Bakı 1993.

“Ədəbiyyat və İncəsənət” qəzeti 1958, 29 noyabr.

“Azərbaycan” 2010, 27 iyul.

# 4422 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #