Biri sığallayıb ötər, mini gəlib sökər məni

Biri sığallayıb ötər, mini gəlib sökər məni
9 oktyabr 2014
# 11:15

Kulis.az şair Maarif Soltanın “Qapı” şeirini təqdim edir...

Üzümə örtülən qapı,

Açıl daha, açıl daha!

Açıl bir işıqlı günə,

Açıl bir xoşbəxt sabaha!

Üzümə örtülən qapı,

Haçandı döyürəm səni.

Vururam, təpikləyirəm,

Çırpıram, söyürəm səni.

Üzümə örtülən qapı,

Fələk səni yaman vurub.

Bu üzündə mən durmuşam,

O üzündə kimlər durub?

Üzümə örtülən qapı,

Halımı görən ağladı.

Kimdədı sənin açarın,

Səni kim belə bağladı?

Üzümə örtülən qapı,

Nə səni aça bilirəm.

Nə səni vurub sındırıb,

Nə səndən qaça bilirəm...

2

Mən özüm də bir qapıyam,

Ağrı-acı məndən keçər.

Sevinc minər bir boz ata

Çapar, çapar gendən keçər.

Mən özüm də bir qapıyam,

Açılaram, örtülərəm.

Hərdən gözlərdən yayınar,

Hərdən gözə dürtülərəm.

Mən özüm də bir qapıyam -

Hamı gəlib keçər məni.

Biri sığallayıb ötər,

Mini gəlib sökər məni.

3

Açıl daha bağlı qapı,

Görüm o üzündə nə var.

Qırılar ömrümün sapı,

Görüm o üzündə nə var.

Bu üzün bir qəm dənizi,

Dalğa atıb-tutar bizi.

Bu zülmdən qurtar bizi -

Görüm o üzdə nə var.

Həsrət tutub əl-qolumu,

həm sağımı, həm solumu.

Sən də kəsmisən yolumu -

Görüm o üzündə nə var!

4

Üzümə örtülən qapı,

Səndən o tərəfdə, səndən o üzdə

Bəlkə məzarımı qazıblar elə,

Bəlkə başdaşımı yazıblar elə?

Burax məni məzarımın yanına!

Oturum böyründə o boş qəbrimin

Atamdan, anamdan, bacımdan əvvəl

Ağlayım özümü elə bu başdan.

Üzümə örtülən qapı,

Bəlkə elə durub məni gözləyir

Səndən o tərəfdə səadət payım.

Burax məni, burax məni o üzə -

Bir aylı gecəyə,

nurlu gündüzə,

Lalə dolu, ilxı dolu bir düzə!

Bəlkə o üzündə rüşvət, xəyanət,

Oğurluq, paxıllıq yoxdu, kim bilir...

Bəlkə o tərəfin təmizdi elə,

Bəlkə o tərəfin Təbrizdi elə?!

Üzümə örtülən qapı,

Açıl daha, açıl daha!

Açıl bir işıqlı günə,

Açıl bir xoşbəxt sabaha!

# 2836 dəfə oxunub

Oxşar xəbərlər

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

Heç kim Lənkərandan Bakıya gəlmir, Bakıdan Lənkərana qayıtmır

12:30 24 iyul 2026
Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

Yazıçının ustalığı hansı məqamda ortaya çıxır? - "Şeytan əməli" haqqında

12:15 22 iyul 2026
Güzgüdə özündən başqa heç nə görməyənlər

Güzgüdə özündən başqa heç nə görməyənlər

10:00 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər