"Dedilər ki, Çingiz qoyunları ilə məşğul olsun"-MÜSAHİBƏ

"Dedilər ki, Çingiz qoyunları ilə məşğul olsun"-MÜSAHİBƏ
28 iyun 2013
# 11:50

Kulis.Az Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayevin APA-ya müsahibəsini təqdim edir.

- Çingiz müəllim, deyəsən, gününüzün çox hissəsini tədbirlərdə keçirirsiniz. Adamda belə təəssürat yaranır ki, sanki buna məcbursunuz...

- Yox, məcbur deyiləm, amma Yazıçılar Birliyinin katibi kimi dəvət gələn tədbirlərdə iştirak edirəm. Yəni xoşun gəlmirsə, işləmə. Burda çalışıramsa, əlbəttə, çağırılan yerlərdə olmalıyam. Yenə təkrar edirəm: xoşuna gəlmirsə, işləmə (gülür).

- Xoşunuza gəlir bu vəzifə?

- Görünür, xoşuma gəlir ki, uzun müddətdir işləyirəm.

- Sizin yazıçı şöhrətiniz vəzifənizdən bir boy yüksəkdir...

- Bəzi demaqoqlar deyir ki, xalq üçün yazıram. Əlbəttə, əgər xaricdə xalqı təmsil edirəmsə, buna sevinirəm. Amma mən ona görə yazıram ki, yazmaya bilmərəm. Açığı, yazanda şöhrəti fikirləşmirəm, əgər yazıçı bu haqda düşünsə, heç nə qazanmayacaq. Oxucularımdan da, vəzifəmdən də razıyam. Sədr olmayacağam ki?! Maşallah, bizim sədrimiz var və biz onu bəyənirik.

- Yazıçılar Birliyinin sədrliyi məsələsi gündəmə gələndə, iki nəfərin adı daha çox hallanır: sizin və Rəşad Məcidin...

- Öz adıma inanmıram, amma Rəşad Məcidin adı hallansın. Bilirsiniz, adam nə qədər çox tanınırsa, onu sevməyənlərin sayı da çox olur. Bunu mən bilirəm, ona görə də xüsusi iddiam yoxdur. Mən “Pen Klub”un prezidentiyəm, vəzifəm var. Bir dostum var, deyir, xalq yazıçısı olmusan, bundan sonra beynəlxalq yazıçı olmayacaqsan ki. Xalq yazıçısı olmağımla fəxr edirəm. Heç kim bu adı 50 yaşında almayıb, mən isə 45 yaşımda layiq görüldüm. Azərbaycan və SSRİ tarixində yeganə adamam ki, bu yaşda xalq yazıçısı adına layiq görülmüşəm.

- Adamlarda nəyə görə belə fikir formalaşıb ki, Anar sədrlikdən getmək istəsə, bu vəzifəyə Çingiz Abdullayev gələcək?

- Bəlkə bu onunla bağlıdır ki, mən Anar müəllimlə 20 ildir bir yerdə çalışıram. Bəlkə mən təşkilat məsələləri üzrə katibəm, maliyyə məsələlərinə baxıram. Anar vəzifədən getsə də, sədr olmaq fikrim yoxdur. Bunu yazıçılar seçirlər. İndiyə qədər adamlar fikirləşir ki, görünür, Çingizin xaricdə çap olunmağında kimsə kömək edir. Başa düşürəm ki, məni sevməyəcəklər. Ona görə də deyirəm: yazıçılar məni seçsələr də, sağ olsunlar, seçməsələr də! Məni oxuyanlar da sağ olsunlar, oxumayanlar da. Xahiş edirəm bunu mütləq yazın: həmişə deyirəm, mənim kitablarımı oxumasanız da olar, amma kitab oxuyun.

- Adamlar niyə detektivi çox oxuyurlar?

- Balzak deyir ki, adamları ömrü boyu maraqlandıran iki şey var: pul və ölüm. Hətta Balzaka inansaq, məhəbbət sonra gəlir. Detektiv də pulun və ölümün üstündə qurulur, ona görə çox oxunur. Amma sizə bir məsələni də deyim. Akademik Bəkir Nəbiyev bir dəfə dedi ki, əfsanənin, Dədə Qorqudun, şairlərin, dərvişlərin vaxtı olub, indi də detektiv zamanıdır, ona görə də bu tipli kitablar çox oxunur. Sovet vaxtı bizdə detektivin əsasını Cəmşid Əmirov “Qara volqa” kitabı ilə qoydu. O dövrdə bu janr geniş yayılmamışdı, çox az yazıçılar bu janra müraciət edirdilər.

- Son illər detektiv yazan müəlliflərdən kimləri oxuyursunuz? Belə deyək, davamçılarınız var?

- 20-yə yaxın cavan yazıçı detektiv yazır. Sizə deyim, yaxşı yazanlar da var. Onların dünyaya çıxması çətindir. Gərək elə yazsınlar ki, dünyada onları oxusunlar, maraq yaransın. Məsələn, “Əli və Nino” kitab mağazası var, yazıçı necə yazmalıdır ki, məhz onun kitablarına pul verib, alıb oxusunlar. Özümü tərifləmək üçün demirəm, “Əli və Nino” kitab mağazasında, Polşada, Ukraynada, Rusiyada mənim xüsusi kitab rəflərim var. Vaxtilə deyirdilər ki, nə, Çingiz Abdullayev siyasi detektiv yazır? Gedin ona deyin, qoyunları ilə məşğul olsun. Ya da bazarda göyərti satsın. Məni Mərkəzi Komitəyə çağırmışdılar ki, bunu yazma, sən azərbaycanlısan. Polisdən, prokurordan yaz, siyasi detektiv sənin payın, çörəyin deyil. Mən də həyasız adam idim, dedim yazacağam (gülür). Şöbə müdiri Azər Mustafazadə bizim ailəvi dostumuz idi, dedi, onda çalış, sübut elə ki, onlardan yaxşı yazırsan. Görünür, sübut elədim ki, mənim əsərlərimi 29 dilə tərcümə ediblər. Bir dəfə atam dedi, Çingiz, sənə qonorar verməyib çap etsələr, bəyəm razı olmazsan? Bilmirəm mən necə yaşayardım, amma pulsuz çap olunmağa razılıq verərdim. Bəlkə Azərbaycanda bununla fəxr etmək lazım deyil, amma hamı bilir ki, mənim nə mağazam, nə restoranım var. Adamlar bir az varlı olan kimi restoran açırlar. Mənim nəyim varsa, kitab və kino ilə qazanıram. Bunu deyəndən sonra məni heç yerə seçməyəcəklər, bəlkə burda da qalmağa qoymayacaqlar, amma bunu deməliyəm: yeganə yazıçıyam ki, xaricdən qonorar alıram.

- Demişdiniz, Azərbaycanda çap olunan kitablarıma görə heç vaxt qonorar almayacam...

- Son iyirmi ildə Azərbaycandan qonorar almırdım. Tərcüməçilərim hamısı bilir ki, qəpiyinəcən bütün qonorarı Qarabağ cəmiyyətinə köçürürdüm. Keçən ildən sonra “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu mənimlə çox gözəl bir müqavilə bağladı, istəyir 180 romanımı tərcümə edib, Azərbaycan oxucularına təqdim eləsin. Yalnız bu kitablara görə qonorar alacağam.

- Dediniz, biznesim yoxdur. Yaxınlarınız işgüzar münasibətlərdə sizin nüfuzunuzdan istifadə edirlərmi? Məsələn, biznes işlərində...

- Yox, istifadə edə bilmirlər. Dünən Yazıçılar Birliyində Maya Bədəlbəylinin kitabının təqdimatı oldu. Mən ona dörd il icazə vermədim ki, Yazıçılar Birliyinin üzvlüyünə qəbul eləsinlər. Tədbirdə mənə dedilər, niyə bu xanıma icazə vermirdin? Mən də onlara bir sirr açdım ki, Maya mənim xalam qızıdır, ona görə onun üzv olmağına razı olmurdum. Məndən soruşanda ki, istərdiniz övladlarınız yazıçı olsun, deyirəm, Allah eləməsin. Yazıçılıqdan çətin peşə yoxdur.

- Yazıçılığın çətinliyi öz yerində, amma mənə elə gəlir, sizin bu fikrə düşməyiniz peşənin perspektivsizliyi, yazıçının cəmiyyətdə nüfuzunun olmaması ilə bağlıdır...

- Yox, bununla qəti bağlı deyil. Siz niyə belə düşünürsünüz? Son 25 ildə Milli Məclisdə təmsil olunan yaradıcı adamlardan ən çoxu yazıçılardır.

- Amma siz yoxsunuz...

- Mən ona görə yoxam ki, özümü təqdim etməmişdim. Namizədliyimi versəydim, bəlkə məni də seçərdilər, səs verərdilər. Cəmiyyətdə ən hörmətli insanlar elə yazıçılardır, siz nə danışırsınız? Cavansınız, xatırlamırsınız, xalq hərəkatı başlayanda insanlar məhz yazıçıların evlərinə gəlirdilər. Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun, İsmayıl Şıxlının, Sabir Rüstəmxanlının yanına insanlar gəlirdilər, məsləhət edirdilər, onlardan tələb edirdilər ki, bizə yol göstərin. Azərbaycanda indiyəcən yazıçıya hörmət qalıb. Bəlkə dünyada elə ikinci belə şəhər yoxdur ki, şairlərə bu qədər heykəl qoyulsun. Bizim şairlər İranda həbs olunanda, mən “Pen Klub” vasitəsilə dünyaya müraciət elədim. Elmar Məmmədyarov şəxsən mənə dedi, İranla danışıq aparanda mənə dedilər ki, sizin bir dəli yazıçınız var, “Pen Klub”un prezidenti, o, bütün dünya “Pen Klub”larını bizim üstümüzə qaldırıb. Bu nə etmək istəyir, bizə nə qədər məktublar gəlir ki, şairləri azad edin.

- İnsanlar problemlərindən ötrü sizin üstünüzə gəlirlərmi?

- Müsahibə bitəndən sonra, xahiş edirəm, qızdan soruşun ki, hər gün neçə adam bura gəlir. Hər gün azı on adam... Mən də başa salıram ki, deputat deyiləm, adi yazıçıyam. Düzdür, bəzi adamlara istəyirəm, məcbur olub kömək edirəm. Çox adam heç yerə gedə bilmir, burda da biz polis qoymuruq, keçib gəlirlər. Elə də olur ki, kömək edə bilməyəndə küsürlər ki, necə yəni, sizi dünya tanıyır. Məsələn, elə adam gəlir, məni vəzifəyə qoy. Mən buna görə heç kimə zəng edə bilmərəm.

- Vaqif Səmədoğlu bir dəfə demişdi, mən deputat olanda yanıma gəlirdilər ki, elə et, “Əzizbəyov” metrosundan Mərdəkana qədər olan yanacaqdoldurma məntəqələrindən biri mənim olsun...

- (Gülür) Yox, məndən “zapravka” istəməyiblər. Görürsünüz, bəlkə ona görə deputat olmamışam. Mənim dünyada 27 milyondan çox oxucum var. Vəzifə, “zapravka” söhbətləri mənə gülünc gəlir, belə işlərlə məşğul olmuram. “Zapravka”ya görə kiməsə zəng vurmağı özümə sığışdırmaram.

- Məmurlara ağız açanda sözünüzü eşidirlər?

- Açığı, bəli, sözümü eşidirlər. Bəlkə ona görə ki, nazirlər mənim kitablarımı oxuyurlar. Mən Bakıda anadan olmuşam, Bakıda böyümüşəm. Atam, anam vəzifələrdə çalışıblar. Bir yerdə böyüdüyüm, indi nazir olan adamlar var. Bəzilərini 30-40 ildir tanıyıram. Bizim futbol komandamız vardı, sonradan hesabladıq ki, həmin komandada 14 general olub. Bizim qapıçımız Gömrük Komitəsinin sədri, general-leytenant Aydın Əliyev, ən yaxşı müdafiəçimiz Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev, kapitanımız indiki “Standart Bank”ın vitse-prezidenti Rəhman Babayev idi. İstəsəniz, nazirləri də deyə bilərəm, mən onları özümə həqiqi dost bilirəm. Məsələn, Əbülfəs Qarayev, Azad Rəhimov, Samir Şərifov, Elmar Məmmədyarov və s. İndi müsahibəni oxuyanda adamlar yanıma gələcəklər ki, nazirlərdən xahiş elə, işimiz düzəlsin (gülür). Amma mən dostlarıma belə şeylərdən ötrü zəng etmərəm.

- Yazıçının nazir dostu olması ona əlavə divident qazandırır?

- Bilmirəm. Yox, inanmıram. Bir dəfə Azad Rəhimov çıxışında dedi ki, mənim ən çox sevdiyim yazıçı Çingiz Abdullayevdir. Sonra burda növbə yarandı ki, zəng vur, Azad müəllimdən bizim xahişimizi elə. Anar mənə dedi, sən onları başa sal ki, nazir onların yox, sənin kitablarını oxuyur. Mən bununla da fəxr edirəm: dostlarımdan özümlə bağlı heç nə xahiş etməmişəm. Belə şeylərdən xoşum gəlmir.

- Telefonunuzun qəribə “Zəngimcell”i var: bu nömrəyə zəng çatmır. İndi başa düşdüm ki, bunun səbəbi nədir...

- Sizi inandırıram, gündə ən azı üç-dörd jurnalist mənə zəng vurur. Telefonu söndürürəm ki, işləyə bilim.

- Yazıçılar Birliyinin katibisiniz və birlik tez-tez tənqid olunur. Səbəb nədir? Tənqidlərdə haqlı məqamlar varmı?

- Yox. Mən bu işin içindəyəm, hər şeydən xəbərim var. Həmişə cavanlarla yaşlılar arasında münasibətlər düz olmur, cavanlar yaşlıları bəyənmirlər. Təbiidir, narazılıq həmişə olur, bu həmişə də belə olacaq. Mənə çox vaxt deyirlər ki, sən ömründə heç kimə cavab vermirsən. Axı niyə cavab verməliyəm? Mən də deyirəm, milçəyə cavab verərlər? Ağcaqanaddan küsməzlər axı! Mənim necə yazıçı olduğumu bilmir, amma 29 milyon kitabım çıxıb. Əgər kiminsə üç milyon kitabı çıxarsa, mən ona cavab verərəm.

- Yazıçılar Birliyində maliyyə məsələlərinə də siz baxırsınız. Jurnal redaktorları büdcənin, qonorar fondunun azlığından gileylidirlər. Yazıçılar Birliyi bununla bağlı niyə məsələ qaldırmır, müraciət etmir?

- Maliyyənin azlığı ilə razıyam, amma səbəb başqadır. Azərbaycanda 70-ə yaxın jurnal çıxır, qonorar verən ancaq bizim jurnallardır. Mən deməzdim, qonorarımız çox aşağıdır. Məsələn, “Azərbaycan” jurnalında 1000, “Ulduz” jurnalında 800 manata qədər qonorar olur. Təbii ki, biz bu məbləğin iki dəfə çox olmasını istərdik. Yazıçılar Birliyi bununla bağlı müraciət edə bilməz. İki ildir ki, jurnalların büdcə məsələsinə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu baxır, onun da sədri Vüqar Səfərlidir. Onlar bu məsələni qaldırmalıdırlar. Çünki jurnallara onlar pul ayırırlar. Qonorarı biz qaldıra bilmərik. Əlbəttə, Mən İntiqam Qasımzadə ilə də, Elçin Hüseynbəyli ilə də yüz faiz razıyam, amma təkrar edirəm: bu, bizim işimiz və səlahiyyətimiz deyil.

- Prezident təqaüdü alan yazarların siyahısı niyə açıqlanmır?

- Bu məsələyə mən yox, Rəşad Məcid baxır. Siz düz deyirsiniz, bu siyahını internetdə yerləşdirmək olar. Razıyam. Görünür, biz özümüz də tələb etməliyik ki, bunu internetdə yerləşdirsinlər. Bu, yaxşı olardı.

- Müsahibənizdə demisiniz ki, xalq yazıçısı adı mənim üçün “Nobel”dən üstündür. Bəlkə bu mükafatı ala bilmirsiniz, ona görə belə demisiniz?

- Mənim 16 fəxri mükafatım var. Mən xalq yazıçısı adını alandan sonra əsassız ittihamlardan qorundum. Açıq danışaq, yazıçı təvazökar ola bilməz. Bəli, mən “Nobel” mükafatı da istəyirəm, çox istəyirəm. Nəinki mən, Azərbaycandan hansı yazıçı bu mükafatı alsa, sevinərəm.

- Şərif Ağayar AYB-dən uzaqlaşdırılanda siz də katib kimi səs vermisiniz. Bu məsələni həll etməyin başqa yolu yox idi?

- Şərif Ağayar bir dəfə AYB-dən çıxmışdı, sonra qayıtdı ki, təqaüdü alsın. Təqaüd müddətində susdu, vaxt başa çatan kimi yenidən bizi tənqid etməyə başladı. Yaşlı adamı, xalq şairini biz müdafiə etməsək, kim müdafiə edəcək? Mən kiminsə qovulmağına, çıxarılmağına... Bilirsiniz, bəlkə də başqa tədbir görülə bilərdi, amma bu, iki dəfə üzv olub axı. Bəlkə o özü gəlib üzr istəsəydi ki, məni düzgün başa düşməyiblər. Onda hə, Şərif Ağayarı heç kim çıxara bilməzdi.

- Anara qarşı olan tənqidlərin səbəbi 23 illik vəzifə ilə bağlı deyilmi?

- Bəlkə də vəzifə ilə bağlıdır. Çox adam başa düşmür ki, Anar cavanlara nə qədər kömək edib. Bəlkə cavanlar fikirləşir, Anar getsə, mən, yaxud dostum onun yerində oturar. Gənclər elə bilirlər onları tanımırlarsa, oxumurlarsa, bunda Anar günahkardır.

# 2591 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #