“Qanun” nəşriyyatının baş redaktoru Şahbaz Xuduoğlu kitab yarmarkalarına biganəlikdən şikayət edərək bir daha yarmarkalara qoşulmaq barədə tərəddüdlərini ifadə edib.
Kulis.Az məsələ ilə bağlı məşhur yazıçıların və Nigar Köçərlinin rəyini öyrənib.
Əkrəm Əylisli
Şahbaz kitab aşiqidir. Mənə elə gəlir ki, o emosiyaya qapılıb. O, yenə yarmarka keçirəcək. Şahbaz naşir kimi elə bir naşirdir ki, öz gördüyü işi yarımçıq qoyan deyil. Amma bir şey var ki, hər müəllifin müəyyən auditoriyası var. Hər müəllifi camaat oxumalı deyil. Hərənin öz oxucusu var. Oxucu müəyyən qədər itib.
Mən bunu əvvəl də demişəm. “Azərbaycan” jurnalı bir yazıçının əsərini çap edəndə o bütün Azərbaycanda öz oxucusunu tapırdı. Amma indi elə dövrdür ki, həddən çox kitab çıxır. Və keyfiyyətcə aşağı olur. Bunun böyük səbəbi budur ki, oxucu artıq bilmir kimi oxumalıdır. Oxucu ilə yazıçı əlbirliyində böyük ədəbiyyat yaranır. Yəni oxucusu çox olan kitab çox şübhəli kitabdır. Kitabların keyfiyyəti hamının gözünün qabağındadır. Şahbazın buraxdığı kitablardan söhbət getmir. Kimsə balaca bir şey yazır, adını roman qoyur. İçində bir hekayəlik mətləbi olan yazının adını roman qoyub nə gəldi yazırlar. Hələki kitabın xaotik dövrüdür. Yavaş-yavaş oxucular öz müəlliflərini tapacaq. İnsanların kitab oxumaması bir də bundan qaynaqlanır ki, professional tənqidimiz kənarda durub. İndi tənqid işini saytlarda jurnalistlər görür. Jurnalistlərə elə gəlir ki, tənqidlə məşğuldurlar. Bunu qabaq öz sənətinin yiyəsi olan adamlar edirdi, indi belə deyil. Hər işdə belədi. Taksiyə oturursan, deyir elmlər namizədiyəm. Aləm qarışıb, Bu mənada kitab aləmində də qarışıqlıq ola bilər.
Etimad Başkeçid
Bizdə insanların kitab oxumaması təzə xəbər deyil, hətta o dərəcədə ki, bunu çəkinmədən humanitar fəlakət kimi xarakterizə etmək olar. Potensial oxucuların kitabdan uzaq düşməsi ciddi sosioloji problemlərdən xəbər verir.
Müasir dunyada ədəbiyyat dövlətin «yumşaq gücü» sayılır, istedadların üzə çıxarılması və onların əsərlərinin təbligi ilə bağlı hökümətlər səviyyəsində ən müxtəlif tədbirlər görülür. Statistika idarələri əhalinin neçə faizinin kitab oxuması ilə bağlı mütəmadi hesabatlar yayırlar. Məsələn, mən İngiltərədə, Almaniyada, Rusiyada əhalinin neçə faizinin bədii ədəbiyyat oxuduğunu, hansı janrlara üstünlük verdiyini belə bilirəm, bizdəki vəziyyəti isə yox.
Bilirsiniz, əvvəllər xalq son instansiyadakı həqiqətin ifadəçisi, müdrik sayılırdı, indi elə deyil. Müasir sosiologiya elmində «xalqın keyfiyyəti» deyilən bir anlayış var - xalqları keyfiyyət göstəricilərinə görə təsnifləndirirlər. Xalqların keyfiyyətini konkret kriteriyalar əsasında müəyyənləşdirirlər. Bunların sırasında, o cümlədən, xalqın neçə faizinin kitab oxuması, teatr tamaşalarına getməsi, neçə alimin əsərlərinə istinadlar edilməsi və s. kimi müddəalar var.
Qismət
Şahbaz bəyin dediklərində həqiqət payı var. Amma düşünürəm ki, işin bir başında mövsümün yay olması, adamların çoxunun tətilə getməsi, isti və sairdirsə, işin o biri tərəfində format məsələsidir. Məni şəxsən çox düşündürən məsələlərdən biri imza günlərinin formatıdırsa, o biri də kitab yarmarkalarının hansısa aralıqlarla keçirilməsi və necə qurulmasıdır. Həftə sonları yarmarka təşkil edən bircə “Qanun”dur, başqa nəşriyyatlar gec-gec də olsa bu işə təşəbbüs göstərmir deyə, qəribə bir təəssürat yaranır ki, elə bil bunu təşkil edən hansısa nəşriyyat deyil, hansısa maddi ehtiyacı olan adamdır, töküb kitabxanasındakı kitabları səkiyə satır. Yəqin yadınıza gələr, əvvəllər şəhərin müxtəlif yerlərində bu cür səyyar kitab satanlar çox idi. Mən istəməzdim ki, belə ovqat yaransın. Bunun üçün məncə format barədə və yarmarkaların təşkilinin hansı aralıqlarla keçirilməsi barədə müzakirəyə ehtiyac var.
Mən düşünürəm ki, bizimki kimi kitaba münasibəti oturuşmamış cəmiyyətdə bu cür yarmarkaların hər ay keçirilməsi effektiv deyil, ildə iki dəfə, yaxud dörd dəfə keçirmək, amma daha geniş formatda etmək bəlkə də daha uğurlu olar. Çünki əmək sərf edənlərin, könüllü bu işə qoşulanların əməyinin boşa getməyini, ümidsizliyə qapılmasını istəməzdim. Məsələyə daha rasional və konstruktiv yanaşmaq lazımdır. İmza günlərinin formatı da bir ayrı müzakirə mövzusudur, yas-toy ənənəsi ilə təşkil olunan, “sən mənim təqdimatıma gəlmişdin, mən də gəldim” düşüncəsindən kənara çıxmayan, hələ indi almağa gəldiyi, yəni oxumadığı kitab haqqında söz alıb “tost” deyən, söz verilməsə inciyən adamlar və s. Bunları düşünmək lazım!
Nigar Köçərli
Hər bir kitabçı bu ölkədə Don Kixotdur. Yarmarkaların xeyri böyükdür - oxucular yeni kitablar ilə bağlı məlumat alırlar, kitabları endirimlə əldə edə bilirlər. Amma həqiqətən çox çətin bir işdir. Bəzən həvəsdən düşürük - görəndə ki, analar uşaqlarına deyirlər "qoy yerinə, nəyinə lazımdır". Görəndə ki, işçilərimizi təhqir edirlər. Nəinki yarmarkalarda - kitab evlərinə girməyə qorxurlar. Bir dəfə belə bir mənzərənin şahidi olmuşam - bir orta yaşlı kişi qonşuluqda olan saat dükanına girib özünə 3 min manatlıq saat aldı. Sonra bizim dükanımıza girib başladı deyinməyə ki, bu nə bahaçılıqdır, bir kitab necə 5 manata ola bilər. Təbii ki, heç nə almadan getdi.