"Bəsdi Dədə Qorqudla xalqı doladığınız"

"Bəsdi Dədə Qorqudla xalqı doladığınız"
16 sentyabr 2013
# 13:22

Kulis.Az Anarın "Bir güllə bahar olmaz..." adlı yeni hekayəsini təqdim edir.

Əməkdaşımız Razı Narazıoğlunun patriarx korifey Mənəm Mənəmovla söhbəti

– Hörmətli patriarx, Mənəm müəllim, çağdaş ədəbiyyatımızı necə dəyərləndirirsiniz?

– Ədəbiyyatımız var ki, onu dəyərləndirim?

– Yoxdur?

– Əlbəttə, yoxdur. Məgər bizim ədəbiyyatda Markesin “Borxes” romanı və Borxesin “Markes” romanı səviyyəsində kitablar yaranıb? Məgər bizdə Lorkanın “Rilke” poeması və Rilkenin “Lorka” poemasına bərabər əsər var?

– Bəs sizin əsərlər?

(məmnun halda gülümsünür)

– Bir güllə bahar olmaz. Mən təkbaşıma nə vaxtacan ədəbiyyatın bu qədər ağır yükünü çiynimdə daşıyacam?

– Öz yaradıcılığınızı necə qiymətləndirirsiniz?

– Necə qiymətləndirə bilərəm?Əlbəttə çox yüksək.Mənim otuz beş romanım,qırx beş poemam, əlli beş pyesim dünya ədəbiyyatının qızıl fonduna daxildir.Yəni buna şübhəniz ola bilər?

– Təəssüf ki, əsərlərinizlə tanış deyiləm. Harda çap olunub?

– Hələ çap olunmayıb.

– Niyə?

– Çünki hələ yazıb bitirməmişəm. Bitərəndə görəcəksiniz ki, analar necə oğullar doğub. Mən...( öskürür) mən... (boğazı tutulur), mən...(nəfəsi kəsilir)...

– Yaxşı, su için, sakit olun.Yəni deyirsiz Sizdən başqa müasir ədəbiyyatda yazıçı yoxdu?

– Yoxdu, ola da bilməz. İndi özünü yazıçı adlandıranların hamısı şarlatanlardır.

– Bəs klassiklər?

– Onlar da öz vaxtlarının şarlatanları olub. Hamısının yazdıqları nədi? Boş laqqırtı, cəfəngiyyat, plagiat...

– Bəs Dədə Qorqud?

(Hirslənir, xeyli öskürür, su içir, durub otaqda var-gəl edir)

– Bəsdi bu Dədə Qorqudu camaatın boğazına sırıdınız, kifayətdi Dədə Qorqudla milləti qorxutdunuz, yetər Dədə Qorqudla xalqı doladınız. Mənim hər romanımdan beş Dədə Qorqud, hər poemamdan on Dədə Qorqud çıxar. Dədə Qorqud kommunistlərin uydurduğu və Sovet siyasətinə xidmət edən bir mifdir.

– Amma eşitmişdim ki, Sovet vaxtı bu dastan qadağan olunubmuş.

– Gözdən pərdə asmaq üçün. Mən yeddinci romanımda isbat edəcəm ki, əslində Dədə Qorqud bütünlüklə sovet ideologiyasına qulluq edən obrazdır. Kimdir bu Dədə Qorqud? Ağsaqqal, hər şeyə qarışan, hamının başına ağıl qoyan, hamıya öyüd-nəsihət verən bir müdrik bilici. Soruşuram: kim idi sovet vaxtı belə bir müdrik rəhbər? Cavab verirəm: Stalin. Deməli Dədə Qorqudu Stalin kultunun təsdiqi üçün vasitə kimi istifadə edirdilər. İşə bax ki, uşaqlara ata-anaları deyil, Dədə Qorqud ad verməliymiş, özü də kefi haçan istəsə onda, lap otuz qırx yaşında. Belə də ağsaqqallıq olar? Mən iyirmi birinci poemamda bu məsələni əməlli-başlı araşdıracam. Mən sübut edəcəm ki, bizə ağsaqqal-flan lazım deyil. Bütün ağsaqqalların saqqallarını qopardacayıq ki, Kosa olsunlar.

Saçı olanların da saçlarını yolub keçəl edəcəyik onları. Xalqın əsas qəhrəmanları Kosa və Keçəl olmalıdır. Təsadüfi deyil ki,Keçəl Həmzə Koroğlu kimi yalançı pəhləvanı uşaq kimi aldadır, tutub atını əlindən alır, bu saxta qəhrəmanı piyada qoyur. Bax əsl igidlik budur. Yoxsa Koroğlu demiş qoçaqlıq ondu,doqquzu qaçmaq, biri də gözə görünməmək.Budur sizin qəhrəmanınız? Mən əsərlərimin doqquzuncu cildində yazacam ki, sovet dövrünün belə miflərindən nə qədər tez qurtulsaq o qədər yaxşıdır. Mən onu da isbat edəcəm ki, mənə qədər ədəbiyyatımızda bir nəfər də diqqətə layiq şair,yazıçı olmayıb.

– Nizami?

– Nədi Nizami, kimdi Nizami? Şahlara mədhiyyə yazıb ənam alan saray şairi. Hər poemasının əvvəlində bir şaha tərif tutuzdurur.

– Axı deyirlər Nizami saraylardan uzaq olub.

– Bu da sovet alimlərinin uydurmasıdır, nə olsun saraylarda yaşamayıb, saraylardan ki bolluca faydalanıb. Şahlar ona kənd bağışlayıb, hətta arvad göndəriblər. Biabırçılıqdır. Bəs bunun əvəzində Nizami nə edib?

– Nə ?

– Dostu Xaqani həbs olunanda cıqqırını da çıxarmayıb. Soruşan gərək ay Nizami, necə oldu ki, Xaqanini zindana basdılar, sən isə ömrünün sonuna qədər kef-damaq içində azad yaşadın?

– Füzuli?

– Füzuli də onun tayıdır. Özü demir ki, “şair sözü əlbəttə, yalandır”, deməli, yalançı olduğunu etiraf edir. Füzulinin “Leyli və Məcnun”u Şekspirin “Romeo Cülyetta”sından plagiatdır. Mən bu barədə də yazacam. Dəqiq yadımda deyil on beşinci,ya on altıncı cildimdə.

– Axı Şekspirdən əvvəl “Leyli Məcnun”u Nizami yazıb.

– Ay sağ ol, deməli Füzuli süjeti Şekspirdən, qəhrəmanlarının adlarını isə Nizamidən çırpışdırıb. Axı elə Nizaminin özü də bütün əsərlərini ondan-bundan alıb. Qoy bir iyirmi səkkizinci romanımı bitirim,bu məsələylə ciddi məşğul olacam.

– Romanınız nə barədədir?

– Molla Pənah Vaqiflə Molla Vəli Vidadini ifşa edirəm bu əsərdə. Kimdir Vaqif? Şairliyini xana xidmətə dəyişən saray məmuru. Saray intriqaları nəticəsində onu qayadan atıblar, guya ki,dostu olmuş Vidadinin isə heç vecinə də olmayıb, ağlaya-ağlaya yüz il ömür sürüb. Budur sovet rejiminin təbliğ etdiyi klassiklər?

Yaxud yubileyinin UNESKO-da qeyd etdiyiniz Mirzə Fətəli. Azərbaycanı işğal etmiş rus ordusunun polkovniki olmuş bu adama kommunistlər hələ heykəl də qoyub. Ya Moskvada təhsil alıb bura Rusiyanın havasını gətirən Zərdabi? Hamısı sovet təbliğat maşınının xidmətçiləridir. 11-ci pyesimdə onların da, Sabirlə onun qumar dostu Cəlil Məmmədquluzadənin də maskalarını yırtıb əsl simalarını göstərəcəm. “Harda müsəlman görürəm qorxuram” deyən Sabir kommunist təbliğatçısı deyildimi? Ya elə “Molla Nəsrəddin”də xalqı biabir edən Cəlil Məmmədquluzadə müsəlman Usta Zeynalı rüsvay edib erməninin ayağına verir. Biz də hələ bu ermənipərəstə böyük yazıçı deyirik? Hamısı can-başla sovet siyasətinə köləlik ediblər.

– Təbii ki,Sovet dövrünün yazıçılarını da qəbul etmirsiniz?

– Onlar məgər yazıçıydılar? Mən “Hətərən-Pətərən” adlı essemdə göstərəcəm ki, onların bir qismi o biri qismindən danos verib tutdurub. Amma onu da yazacam ki, bunlar onları tutdurmasaydı,onlar bunları tutduracaqdı. Odur ki, hamısı bir bezin qırağıdır.

– Sonra da gəlir altmışıncılar.

(ürəyini tutur, valokardin içir)

– Aman, aman... Başına söz qəhətdi? Kaş imkanım olaydı, altmışıncıların altmışını da divara dirəyib güllələyərdim, sonra da qanlarını şpritslə çəkib şərbət kimi içərdim.

– Bəs onlardan sonra gələn nəsillər?

– Bunlar onlardan da betərdi... Əzizim, qardaşım, arkadaşım, karanoy... birdəfəlik qəbul et ki, bizdə ədəbiyyat olmayıb və yoxdu.

– Sizdən başqa?

– Təbii...

– Amma axı ermənilər də bunu deyir. İddia edirlər ki, bizim heç vaxt nə ədəbbiyyatımız olub, nə mədəniyyətimiz.

– Erməni olanda nə olar, düz deyirlər də...Xalqımız bica yerə demir ki, işinin xətrinə erməniyə dayı de... Sonda sənə bir sirr açım. Burda qədrimi yetərincə bilməsələr, əllicildlik küllüyatımı Ermənistanda nəşr etdirəcəm. İndi qalır onu yazmaq. Bu isə mənim səviyyədə istedadçün çətin iş deyil.

– Haçan yazacaqsınız?

– Sabahdan başlamaq fikrindəyəm.

– Hörmətli korifey Mənəm bəy, maraqlı müsahibə üçün təşəkkür edirik.

– Bəs nə bilmişdin? Mən məgər maraqsız danışa bilərəm? Unutma ki, mən Mənəm.

10-11 sentyabr, 2013

# 3181 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #