Qızıma məktub - Şəbnəm Karslı yazır...

Qızıma məktub - <span style="color:red;">Şəbnəm Karslı yazır...
30 mart 2018
# 17:10

Kulis.az Şəbnəm Karslının "Qızıma məktub" hekayəsini təqdim edir

Son nəfəsini vermədən nələr edəcəyini düşündü. Vəsiyyət yazmaq? Onsuz da dişə dəyəcək bir malı-mülkü yox idi. Bəlkə sirrini paylaşsın biri ilə? Yox! Bunu heç vaxt edə bilməyəcəkdi. Etmək istədiyi sadəcə bir şey vardı. Qızını görmək. Buna da icazə verilməyəcəkdi. Şərtləri belə olmuşdu, o heç vaxt qızını axtarmayacaqdı. Sadəcə sağ-salamat olduğunu biləcəkdi, başqa heç bir xırdalıq. Qızının anası ərindən gizlin ona şəkillər, videolar yollayırdı. Analıq duyğusu qadınlarda doğuşdan olur, o da bu çarəsiz ananın hisslərinə ortaq olmağa çalışırdı. İndi də telefonun ekranından qızının şəkillərinə baxaraq ona məktub yazmağa qərar verdi. Bəs bu məktubu qızına çatdıracaqlardı?

Cəsarətini toplayıb zəng etdi, bu saatda ərinin evdə olmadığını bilirdi. Son nəfəsə nə qədər yaxın olduğunu və ondan son bir xahiş edəcəyini dedi. Uzun-uzun danışdılar. Iki qadın arasında göz yaşları ilə bəslənən söhbət oldu. Bəlkə də bu onların son telefon görüşməsi idi.

Nə yazacağını bilmirdi. Düşünmək də istəmirdi. O an ağlına gəlsə, nə qədərini yaza bilsə, duyğularının ifadə olunacağı məktub olacaqdı sadəcə. “Qızım” yazdı, başını qollarının üstünə qoyub hıçqırdı.

“Qızım... Sənə heç vaxt “qızım” deyə müraciət edəcək cəsarətim olmayacaq. Yazarkən əllərim titrəyir. Qızım!

Bu məktubu oxuduğunda on səkkiz yaşında gənc bir qız olacaqsan. Mən isə bunu sənin doğumunun dörd yüzüncü günündə yazıram. Atan və anan olduğunu bildiyin gözəl insanlar bu məktubu sənə on səkkizinci doğum günündə verəcəklərinə inandırdılar məni. Bəlkə də verməyəcəklər, bəlkə də mənim göz yaşlarıma təsəlli olsun, səni görmək arzularımdan imtina edim deyə inandırdılar. Bu ümidin özü də mənə təsəlli oldu. Sanki səninlə söhbət edə bilirəm, toxuna bilirəm, ruhunu duya bilirəm yazarkən.

Qızım!

Haradan başlayacağımı bilmirəm. Nifrətə layiq, həyatın boyunca üzünü görmək istəməyəcəyin bir qadın olaraq yaşayacağımı bilirəm. Bu məktub özümə haqq qazandırmaq, sənin nəzərində yaxşı insan obrazı yaradılmağa hesablanmayıb. Ürəyimi boşaldıram eləcə.

Qızım!

Səni doğum evində üzünü bir dəfə görmədən yeni ailənə təslim etməyə qərar verdiyimdə bunun acılarıma, ağrılarıma məlhəm olacağını düşünmüşdüm. Necə də axmaq düşüncəymiş. Dörd yüz gün oldu sən dünyaya gələli amma, səni düşünmədən, toxunmağı, öpməyi xəyal etmədən keçirdiyim bir gün olmadı. Sənin varlığının daha çox əzab verəcəyini düşünərkən necə də sadəlövh olmuşam. Sən olmasan xatirələr olmaz, səni mənə bəxş edən O olmaz, ağlıma gəlməz zənn etmişdim. Ah... qızım... Sən demə ağrılar da, əzablar da iki qatına artacaqmış. Təkcə sənin nifrətinlə deyil, özümə olan nifrətimlə də yaşamağa məcbur olacaqmışam.

Bu ağrını paylaşmaq, azaltmaq üçün bir axmaqlıq daha etdim, Ona səndən bəhs etdim. Artıq o da varlığından xəbərdardır. Sanki bununla günah ortağı axtarırdım, tapmışdım. Amma çifayda! Nə ağrılar azaldı, nə acılar paylaşıldı.

Qızım!

Ona nifrət etmə sakın. Sənin varlığından, dünyaya göz açmadan xəbərsiz yaşadı. Sənin harada olduğunu da bilməyəcək heç bir zaman. Bütün bunların məsuliyyəti tək mənim üzərimdə oldu. Ona nifrət etmək ancaq mənim haqqımdır.

O mənim həyatımda ən sevdiyim və ən nifrət etdiyim oldu. Qadınlar onu ən çox xoşbəxt etmiş kişiləri unutmazlar. Qadınlar onları ən çox incitmiş, əzab çəkdirmiş kişini unutmazlar. Vay o günə, bunların hər ikisi eyni insan ola! Məni ən çox O sevdi, mənə ən gözəl sözləri O dedi, mənə ən gözəl O toxundu... Məni ən böyük iztirabı O yaşatdı, məni ən çox O incitdi. Onun xatirəsini gözlərim önümdə yaşatmaq istəmədim. Sənin məndən qoparılmana səbəb oldu bu hislər.

Qızım... Mən səni onsuz da tərk etmişəm, bu dünyanı da tərk etməyimə çox qalmayıb. Sən bu məktubu oxuyanda istəsən də mənimlə görüşə bilməyəcəksən. Onu axtarma, nafilə. Məndən başqa heç kim Onun kimliyini bilmir, bu sirr mənimlə məzara gedəcək.

Qızım... Nifrətin mənə olsun. Onu çox sev. Mən də Onu çox sevdim.

Doğum günün mübarək olsun.

Qızım!"

# 2768 dəfə oxunub

Oxşar xəbərlər

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #