Kulis.az Mətləb Ağanın “Varavva və Çar İrodu nə birləşdirirdi?” yazısını təqdim edir.
Ürəyində insanlara sevgisi olmayan kəs Tanrıya sevgi bəsləyə, İlahini sevə bilərmi? Tanrıya sevgisizlik haradan qaynaqlanır, insanlara nifrətdənmi?
Ya bəlkə, hər şey əksinədir, insanlara sevgi göstərməyən birinin Tanrını da sevə bilməsi mümkün deyil?
İnsan və Tanrı sevgisi ikisi də ürəyimizdə bir yerdəmi olmalıdır, ya elə biri kifayət edir ki, sən insanlıq deyiləndən öz nəsibini almış olasan?
“Kim deyirsə ki, Allahı sevirəm, lakin öz qardaşına nifrətlə yaşayır-o, yalan danışır, çünki gözünün önündəki qardaşını sevməyən kəs gözəgörünməz tanrını necə sevə bilər?” Bu, Lev Tolstoyun “İnsanı yaşadan nədir?” adlı hekayəsində, “”İohanın öyüdnaməsi”ndən gətirdiyi misaldandır.
Ədəbiyyat üzrə Nobel mükafatçısı, (1951) isveçli Pyer Lagerkvistin ədəbi yaradıcılığının ən məşhur personajı saya biləcəyimiz İsa Varavva (Barabba- “Bar” oğul, “Abba”- ata, atasının oğlu İsa) ilk nəzərdən elə görünür ki, Tanrısızlıqdan, Tanrıya inamsızlıqdan, Tanrıya sevgisizlikdən əziyyət çəkir və Varavvanın həyatını dözülməz cəhənnəmə çevirən, onu insan olmağa qoymayan da elə məhz budur, Tanrıya inamsızlığıdır. (“Varavva” romanı, 1950).
Etdiyi cinayətlərin əvəzində çarmıxa çəkilməyə məhkum edilən, insanlara nifrət bəsləyən quldur Varavva xalqın arzusu ilə bağışlanır və edamdan canını qurtarır, “bir-birinizi sevin” deyib insanları məhəbbətə çağıran İsa peyğəmbər isə elə həmin o xalqın istəyi ilə çarmıxdan asılır.
(Həqiqətən də, xristianlıq dini mənbələrinə görə Roma imperiyasının yəhudi əyalətinin prefekti Ponti Pilat yəhudilərin Pasxa bayramında (yəhudilər bu bayramda Misir əsarətindən qurtarmalarını, xristianlar isə İsanın dirilməsini qeyd edirlər) xalqın seçiminə görə İsa Varavvanı buraxmalı, Nazaretli İsanı (peyğəmbəri) isə çarmıxa çəkdirməli olmuşdu.)
Ancaq, əslində məsələnin çözümü alt qatlardadır, Varavvanın problemi Allaha inamsızlıq, sevgisizlik deyildi, onun bütün bəlaları məhz insanlara inamsızlıqdan və sevgisizlikdən qaynaqlanırdı.
Varavva özü də nifrətdən doğulmuşdu, atası quldurbaşı Eliaxu Varavvanın anasını zorlamış və bu qeyri-qanuni əlaqədən, cinayətdən Varavva dünyaya göz açmışdı, anası elə bu səbəbdən oğlu Varavvanı sevmirdi və onu nifrətlə öz bətnindən rədd etmişdi, oğluna yiyə durmamış, istəməmiş, əzizləməmiş və qayğı göstərməmişdi.
(”Ümumiyyətlə, heç kəs bilmirdi ki, yaxşı xatırladıqları Eliaxu əslində Varavvanın atası idi. Onun anası moava qızı idi, İerixona gedən yolun üstündə karvanı talayanda onu da əsir götürmüşdülər və quldurların hamısı əməlli-başlı kefinə baxandan sonra qızı Yerusəlimə, fahişəxanaya satmışdılar. Orada da görəndə ki, tezliklə doğasıdır, saxlamamaq istəməmişdilər, küçədə doğmalı olmuşdu və meyitini elə küçədən tapmışdılar. Uşağın kimdən olduğunu heç kəs bilmirdi, heç özü də deməzdi, bircə onu deyərdi ki, körpəni hələ bətnində olarkən lənətləmişdi və göyə də, yerə də, bu göyü-yeri yaradanın özünə də nifrət yağdıraraq, öz bətnindən rədd eləmişdi .”)
Atası Eliaxunun da Varavvadan zəhləsi gedirdi, oğlunun gözünün üstündəki çapıq Eliaxunun bıçağının zərbəsindən qalmışdı, ancaq Varavva daha cəld tərpənib onu öldürmək istəyən atasını cəhənnəmə yollamışdı...
Bax belə, Varavva məhz nifrətdən törəmişdi, quldurluq edən, insanları talayan və öldürən yaramazların əhatəsində böyümüşdü və yəqin buna görə, elə müəllifin yazdığı kimi, onun içində heç bir insan sevgisi-filan yox idi. Və elə həm də yuxarıda sadaladığımız bu səbəblərdən Varavva Allaha inana bilməzdi, Varavvaya görə, əgər Allah vardısa, bu qədər qeyri-insanilikləri, pislikləri götürməməli, bunlara dözməməliydi, insanların başqa insanları bir su içimi kimi qətl etməsinə, birinin digərini ac, çılpaq qoymasına, haqqını yeməsinə göz yummamalı, onun atasının anasını zorlamasına imkan verməməliydi və ən əsası, Varavvanın saysız-hesabsız cinayətlərini bu günə qədər bağışlayıb yeni cinayətlər törətməsinə şərait yaratmamalıydı.
Necə olur ki, Allah “Sənin oğlunam” deyib insanları bir-birini sevməyə səsləyən Nazaretli İsanın, Varavva kimi insan qanına yerikləyən bir quldurun əvəzində çarmıxa çəkilməsinə razı olur, cinayətkarın təzədən insanların arasına buraxılmasına heç bir etiraz-filan eləmir, belə Tanrımı olar?
Varavvanın Tanrıya sevgisizliyinin, inamsızlığının kökündə elə bunlar dururdu, uzun illər, anadan olandan insanlardan sevgisizlik görməsi və özünün də bu sevgisizlik içində böyüməsi, yaşaması onu korlamışdı, sonradan, İsanın onun əvəzində çarmıxa gərilməsi Varavvanın həyat haqqında indiki baxışlarında müəyyən tərəddüdlər yaratsa da, bunlar onun dünyagörüşünün dəyişməsində, insanları və Tanrını sevməsində yetərli olmamışdı, şübhələri yenidən Varavvanı insanlara nifrətə sürükləmişdi.
Varavvanın Gonbulca ilə münasibəti tam fərqli nöqtədən güc alırdı, Gonbulca əxlaqsız qadın da olsa, Varavvanı sevirdi, qısqanırdı, ürəyinin dərinliyində ona insani hisslərlə yanaşırdı, ancaq Varavva bunu dərk eləmirdi, dərk eləyə bilmirdi və bunu dərk eləmək Varavvadan ötrü qeyri-mümkün bir şeydi, nifrət qazanında bişmiş, insanlara inamsızlıqdan və nifrətdən başqa heç bir duyğusu olmayan Varavva başqa cür ola bilmirdi, onu Gonbulcaya heç də sevgi-filan bağlamırdı, sadəcə, onu bir müddət bu qadının yanından uzaqlaşmağa qoymayan əsasən heyvani ehtiras idi.
Varavva başqa insanlarla da elə bu cür, özünə lazım olan bir alət kimi davranırdı.
Varavva həyatının sonundə yenidən sevgisizliyinin (həm də inamsızlığının) qurbanına çevrilir, özü də bilmədən elə başa düşür ki, Romanı İsanın tərəfdarları yandırır, bu işdə onlara köməklik etmək istəyir, əslində isə bu, Sezara İsa tərəfdarlarına divan tutmaq üçün bəhanə kimi lazımdı.
Varavva Tanrı və insan sevgisindən bixəbər olduğundan qanmır ki, “bir-birinizi sevin” deyən İsanın ardıcılları insanlara nifrət eləyə, şəhəri odlaya, başqalarına zərər vura bilməzlər.
O, anlamır ki, Tanrını, İsanı sevmək elə insanları sevməkdir, Tanrını həqiqətən sevənlər insanları incitməyə qol qoymazlar, şəhəri yandırmaqla İsaya deyil, imperator Sezara xidmət edir və beləliklə, ömrü boyu altını çəkdiyi insan sevgisizliyinin cəzasını bu dəfə də ayrı cür alır.
(“Sonra onları çarmıxa apardılar. İki-iki zəncirlədilər. Varavvayla bir zəncirə bağlanmağa adam qalmadı və o lap axırda, təkbaşına gedəsi oldu. Təsadüfən belə alınmışdı. Təsadüfən bir də elə alındı ki, onu ən uzaq xaçda çəkdilər çarmıxa. Xeyli adam vardı və hər şey bitənədək çox çəkdi. Bütün bu müddət ərzində çarmıxdakılar bir-birinə təsəlli verirdilər. Varavvaya isə təsəlli verəcək bir kimsə yox idi....Artıq xaçdakılar da canını tapşırmışdı. Bircə Varavva sağ idi. Onu daim qorxudan ölümün yetişdiyini hiss edəndə, üzünü zülmətə çevirdi və ona müraciət edirmiş kimi pıçıldadı: Ruhumu sənə tapşrıram ”).
İsa peyğəmbər Qolqofada çarmıxa çəkilərkən Tanrısı (sevgi) ilə danışırdı, Varavva isə Romada eyni cür qətl edildiyində üzünü zülmətə tutmuşdu, onun nifrətdən yoğrulmuş, sevgisiz və Tanrısız ruhunu qəbul edəcək final da elə bu idi, zülmət (nifrət).
Baxmayaraq ki, Tanrı Varavvaya ruhunu insanlara sevgiylə yenidən islah etmək üçün neçə şans vermişdi; onu Qolqofada çarmıxdan qurtarmışdı, Tanrını və insanları sevən Dovşandodağı ona yoldaş göndərmişdi və o, qadının öz inamı yolunda faciəli ölümünü öz gözləri ilə görmüşdü, İsa vurğunu Saakla eyni zəncirə bağlanıb uzun müddət birlikdə yaşamışdılar və s.
Lagerkvistin bir də elə bu Tanrı və insan sevgisindən və sevgisizliyindən danışan “Mariamna” (1967) povesti var. Qəddarlığı ilə ad çıxarmış kral İrodun sevdiyi, özünə arvad elədiyi, makkavey xalqının qızı Mariamna haqqında. Povestdə təsvir edilir ki, kral İrod heç vaxt inanmadığı Tanrıya dəbdəbəli bir məbəd ucaltdırırdı və məqsədi heç də oradaTanrıya ibadət eləmək, Onun sevgisini qazanmaq deyildi, bununla insanlar arasında bir az da şöhrətlənmək, adını əsrlərlə yaşatmaq, ölməzlik qazanmaq istəyirdi. Arzulayırdı ki, taxtına ədalətsizliklə sahibləndiyi çar Solomonun şöhrətini geridə qoysun, bu tikinti ilə Romanın məşhur məbədlərini gölgədə buraxsın.
(Tarixi mənbələrə görə, kral Böyük İrod (və ya I İrod), Roma İmperatorluğunun Yəhudi əyalətinin kralı, eramızdan əvvəl 74/73-cü ildə doğulub və eramızdan əvvəl 4-cü ildə ölüb. Doğrudan da, onun I və II Mariamna adlı arvadları olmuşdu. İrodun qara şöhrəti əsasən, İncildəki “Məsumların qətli” hekayətinə əsaslanır, lakin, I İrod həm də tarixdə bir memarlıq dahisi kimi tanınır. National Geographic Channel onun haqqında çəkdiyi sənədli filmdə eyni zamanda iddia edir ki, İrod, tarixdə ən çox nifrət edilən şəxslərdən biriydi, şeytandı, qana susamış insan qatiliydi.)
Arvadı Mariamnanın ürəyi, İroddan fərqli olaraq, insanlara sevgiylə doluydu və bir müddət İrodun qəddar əməllərinə azacıq da olsa, mane olmağı bacarmışdı, özü İrodu sevməsə də İrodun ona bəslədiyi sevgidən yararlanıb insanlarla qayğılanır, onların İrodun cəhənnəmə döndərdiyi həyatını azca da olsa yüngülləşdirməyə çalışırdı.
(“Mariamnaya, həqiqətən də, məbəd gərək deyildi. İbadət onun batinində idi və o, ürəyi istəyən vaxt dinləyə bilirdi onu.”)
Ancaq elə bir gün gəlib çatdı ki, İrod Mariamnadan da şübhələndi, nahaqdan düşündü ki, Mariamna çar İrodun qəddar düşməni, öz doğma makkavey xalqı ilə əlbir olub çarın arxasından işlər çevirir və çar şübhələrinə son qoymaq üçün zahirən özünə bənzəyən bir qatili pulla tutub onun əliylə Mariamnanı qətl etdi.
Kral İrod da Varavva kimi ölümdən dəhşətli dərəcədə çox qorxurdu, həm də özündən həddən artıq müştəbehdi, fikirləşirdi ki, bu taxt-taca yüksəlibsə, deməli, özü elə bir Allahdır, ona görə də, Allah kimi əbədi olmalıdır, adi insanlar kimi öləri olması fikri onda hədsiz qıcıq yaradırdı, bunu ədalətsizlik sayırdı və bu hikkəsini digər insanları öldürtməklə bir növ sakitləşdirir, soyudurdu.
(“Və o, Mariamnaya bənzəmirdi. Məbədsiz yaşaya bilən Mariamnaya...O, başqa cür idi. O İrod idi. O, kral idi. Həşəmətli kral İrod və budur, indi ölümə məhkum idi. Tənha, hamı tərəfindən tərk edilmiş halda ölürdü, biz də elə öləcəyik. Çünki, ölümlə üz-üzə hamımız tənhayıq, hamımız tərk edilmişik. O da ölürdü, bizim öləcəyimiz kimi ölürdü.”)
Sonradan ağızdan-ağıza dolaşan əhvalatlarda tez-tez xatırladılırdı ki, pisliklərinə görə, İrodun bədənini iyrənc qurdlar didib dağıtmışdı. Lakin daha ciddi mənbələr çarın xroniki böyrək çatışmazlığından öldüyünü təsdiq edir.
...Varavva və İrod hər ikisi ölümdən heyvani bir vahiməylə qorxub hürkürdülər, tək-tənhaydılar, ancaq ölüm haqqında fikirləşəndə riqqətə (pis mənada) gəlirdilər, hər ikisi insanlara nifrətlə yanaşır və Tanrıya inanmırdılar. Yalniz İrod az müddət də olsa, Mariamnanı (insanı) sevmiş və bu da onunla nəticələnmişdi ki, həmin qısa zaman kəsiyində mərhəmətli davranmış, Mariamnanın təsiri və təkidiylə bir çox insanlara şəfqətlə yanaşmışdı.
...Yazının başlığındakı suala isə hər kəs özü cavab verməlidir...
... Çünki...” çünki, ölümlə üz-üzə hamımız tənhayıq, hamımız tərk edilmişik. ”
Çünki...həşəmətli, özünü Allah gözündə görən kral İrod da öldü... ”o da.... bizim öləcəyimiz kimi ölürdü...tənha, hamı tərəfindən tərk edilmiş halda ölürdü, biz də elə öləcəyik...”
...Bütün bunlar onda həm də o demək olur ki, biz Tanrını eləcə Sevgi də adlandıra bilərik, bu zaman heç də səhv etmiş olmarıq...