Haradasa oxumuşdum ki, bəşəriyyətin tarixi elə insanın özünə bənzəyir. Əvvəlcə uşaqlı çağı, keçid dövrü, sonra müdriklik və qocalıq, nəhayət keçmişə qovuşub əriyərək itmək. Çoxları belə düşünür ki, indi bəşəriyyət qlobal şəkildə taun kimi yayılan əxlaqi böhran çağını yaşayır. Halbuki bu “böhran” əbədi bir mövzudur. İnsan cəmiyyətinin təşəkkül tapmağa başladığı çağlarda da bəşəriyyətin ən böyük qayğısı mərhəmət hissinin itməsi olub. Gələcək haqda kədər və həyəcanla düşünmək üçün həmişə səbəb tapılır.
Tanınmış filosof Karl Yaspers ötən əsrin mənzərəsini belə təsvir etmişdi: “Texnika insanı əhatə eləyən gündəlik həyatı radikal şəkildə dəyişdirib, əmək fəaliyyəti sahəsi zorən kütləvi istehsal mühitə keçib, bütün mövcud olanları hərəkətə gətirib hansısa texniki mexanizmə, Yer kürəsini isə nəhəng fabrikə çevirib. Bununla da insanı tamamən öz kökündən ayırıb, həmin vəziyyət bu günə kimi davam edir. İnsan vətəni olmayan və ənənələrini itirən Yer sakininə dönür. Xeyirxahlıq və öyrənmək əzmi zəifləyib. Dövr simasını dəyişdikcə dağıdıcı xarakter alır”.
Fransız yazıçısı və eksiztensialisti Alber Kamyunu ən çox düşündürən də bu idi. O, bütün əsərlərində insanın yadlaşmasının, özgələşməsinin fəlsəfi-psixoloji mexanizmini açmağa çalışırdı. Onu çox vaxt Əlcəzair xalqı üçün heç nə etməməkdə ittiham edirdilər. Kamyunun müasiri, fransız yazıçısı və jurnalisti Olivye Todd “Alber Kamyu. Həyat” kitabında bununla bağlı çox ciddi məqamlara aydınlıq gətirir:
“Kamyu Tələbələr Evində Stokholm Universitetinin müəllim və tələbə kollektivi ilə görüşdü. Tələbə xorunun ifa etdiyi təbrikdən sonra diskussiya başladı. Kamyu mühazirədən çox müzakirəyə üstünlük verirdi. Tələbələrin Əlcəzairlə bağlı kəskin suallarına o, belə cavab verdi:
- Mən həqiqətən bir il səkkiz ay susmuşam, ancaq bu, o demək deyil ki, mən heç nə etməmişəm. Mən həmişə demişəm ki, Əlcəzair xalqının hüquqlarını tanımaq, ona əsl demokratiya şəraitində yaşamaq üçün imkanı vermək lazımdır. Əgər biz bunu etməsək, Əlcəzair və fransız xalqları arasında nifrət o dərəcədə böyüyəcək ki, artıq ziyalıların bircə nümayəndəsi belə daha böyük ədavətə səbəb olmadan bu məsələyə müdaxilə edə bilməyəcək”.
Çıxışın sonunda Kamyu belə bir ifadə işlədir: “Mən ədalətə inanıram, lakin mən ilk növbədə ədaləti deyil, anamı müdafiə edəcəyəm”.
Məhz bu ifadə əlcəzairlilər tərəfindən yanlış anlaşıldı. Kamyu fikrini bəlkə də dəqiq ifadə edə bilməmişdi, lakin təəssüf ki, bu fikri kontekstdən çıxaranlar oldu. Olivye Todd yazır ki, Kamyu kimi adamlarda – Əlcəzair sakinlərində, cənublularda anaya bağlılıq əbədi hisdir. Ədalət isə zamandan, siyasi quruluşdan, partiya dünyagörüşündən, mövcud qanunlardan asılı olan dəyişkən anlayışdır. Kamyu öz oğulluq məhəbbətini ilk növbədə ağılsızlığa, divanəliyə qarşı qoymaq istəyirdi. Lakin bir çox əlcəzairli və “mütərəqqi” xadim bu ifadəni başqa cür yozdu: “mən dünyaya gətirən qadının əmin-amanlığı Əlcəzairin yerli əhalisinin taleyindən vacib və əzizdir”. Bəziləri isə bunu lovğalıq hesab elədi, yəni yazıçı anasını və milyonlarla əzab çəkən əlcəzairlini tərəzinin bir gözünə qoyur.
Kamyu sonralar bu cümlənin uzun-uzadı izahını verməli olmuşdu. Bu sözləri də nə vaxtsa Kamyu yazıb və onun yanlış anlaşılması da məhz bu fikirlərin nəticəsidir: “İnsanlar hansısa insanın özünə inanmaqdansa, onun haqqında yaranmış təsəvvürə inanmağı daha üstün tuturlar”.
Kamyunun atası müharibədə həlak olmuşdu, o, uşaqlıqdan həyatın bütün acılarını görmüşdü. Dünyaya göz açandan kasıblıq və rəzalət görmüş yazıçıya acı həyatın hədiyyəsi gənc yaşında tapdığı vərəm xəstəliyi idi. Kamyu özünün dediyi kimi azadlığın nə demək olduğunu Marksın əsərlərindən deyil, səfalətin özündən öyrənmişdi.
Bu günlərdə Kamyunun “Çöküş” romanını oxudum. Çox ağır, olduqca çətin həzm olunan əsərdir. Əsərdə süjet xətti yoxdur, şüur axını formasında yazılıb. Kamyu insanın çarəsizliyini o qədər dəhşətli ifadələrlə təsvir edir ki, bu müdhiş həqiqət önündə susmaqdan başqa çıxış yolu qalmır. Roman keçmiş vəkil Klamansın yağışlı gecədə bir qızın özünü körpüdən atmasını seyr etməsiylə başlayır, bu hadisə əsərin bütün künc-bucaqlarına işıq salır. Bu hadisənin fonunda Kamyu insanın çöküşünü təsvir edib. Bu çöküş qəfildən baş vermir, cəmiyyətin qanunları bu çöküşü qaçılmaz edir. Birinci şəxsin dilindən yazılmış əsərdə qəhrəman öz vəziyyətini bu cür izah edir:
“Məhəbbət və mənəvi təmizlikdən cana doyaraq nəhayət, qərara gəldim ki, hələ ehtiyatda əxlaqsızlıq var - bu, əslində mükəmməl şəkildə məhəbbəti əvəz edir...”
İnsan kamil məxluq deyil. Hər bir insanın içində yaxşılıqla pislik yanaşıdı, hansının hansını üstələməsi konkret situasiyalardan asılıdır. İnsan öz mahiyyətindən qaçdıqca öz içində batır. Kamyu bunu dahiyanə şəkildə Klamansın timsalında anbaan göstərir. Klamansın faciəsi əslində bütün insanlığın faciəsidir. Bu cür ağır mətnlərdə insan həyatın ağır suallarına çox asanlıqla cavab tapa bilir.
İnsan o həddə gəlib çatır ki, artıq azadlıq, həyat, ölüm, günah hissi, bütün dəyərlər öz mənasını itirir. Bu, təkcə XX əsr insanının deyil, bütövlükdə insanın qüsurudur.