Gürcü qızının göndərdiyi bir milyon

Gürcü qızının göndərdiyi bir milyon
25 avqust 2014
# 11:00

Kulis.Az yazıçı Azər Qismətin “Diana Baqrationi” hekayəsini təqdim edir.

hekayə

...Fevralın soyuğu canımda qaldığından yayın bürküsündə ağlıma gəldi ki, kirayə qaldığım mənzilə yağ qızdırıcısı alım. İş yoldaşım dünən avtobusda deyirdi ki, varlılar da belə edirlər, yayın malını qışda, qışınkını yayda alırlar. Varlıların dərdi özlərinə qalsın, bir-iki manat qabağa düşməyə yaxşı üsul idi.

Evin sahibəsi yaşlı olduğundan dəqiqəbaşı xəstələnirdi, verdiyim kirayə haqqını yaxınlıqdakı topdansatış aptekdən dərmanlar alıb içirdi. Onun öskürəyi ölən adamın ruhu təki divarı dəlib otağımda rəqs edirdi. Arvadımla uşaqlarım o öskürəklərə öyrəncəli idilər. Ağır, xırıltılı, üzücü öskürəklərini eşidə-eşidə işlədiyim Fizika İnstitutunda heç bir irəliləyişin olmayacağını düşünüb elə az məvaciblə öləcəyimə əmin olurdum.

Yağ qızdırıcısı haqda düşünürdüm ki, sahibəmin öskürəyini adladıb yuxular dəryasına atılım. Ayağımı meşənin ətəklərindəki xəzəllərə qoyub xışıldatmağım yuxumun ilk kadrları oldu. Həyat yoldaşımın yuxulu-yuxulu “Telefonu götür” deməsi məni meşədən otağa gətirdi.

Gürcü dilində səs. Qadın səsi. Həyat yoldaşım dikəldi ki, yəqin, gizli sevgilimdir. Bu, neçə illər səsini eşitmədiyim Diana idi. Qısa sorğu-sualdan sonra bildim ki, qondarma deyil, Diananın özüdür! Tələbə yoldaşım Diana... Mobil nömrəmi ona Tiflisdəki Pedaqoji Universitetdə - vaxtilə kursumuzda oxuyan Vano vermişdi. Diana sabah Bakıya gələcəkdi. Burda 3 gün qalıb İsrailə uçacaqdı.

Siqaretimi yandırdığım kibritdən balıq iyi gəlirdi:

- Bəlkə bu kibriti küknardan yox, çay dibində bitən qamışdan düzəldirlər?!

- Söz arasına söz qatma.... kim idi? - deyə həyat yoldaşım üzümə baxdı.

- Diana.

- Amma demə ki, tuneldə öldürülən Diana.

Gecə qəhvə içməyin yeri olmasa da, içdim. Əslində onun gəlməsi qanımı qaraltmırdı. Sabah kirayə haqqını qoca sahibəmə verməsəm, Diananı şəhərdə gəzdirib otel üçün nömrə də sifariş edə bilərdim. Əgər ağbirçək razılaşsaydı.

Ertəsi gün Diana ilə İçərişəhəri gəzəndə şad idim. Ağbirçək sahibəm hər şeyi başa düşüb gülümsəmişdi. Amma öskürək içində.

- Mən minarəyə qalxmaq istəyirəm.

- Sinəndə xaç... və məscidin minarəsi... Heç bilmirəm o çömbələn yaşlı molla nə deyər...

Yaşlı molla sevindi ki, minarəyə xristian qalxır. Özü də gözəl mələk. Sanki Tanrı bu məscidin üzərinə canlı mələk göndərmişdi. O, çox gözəl idi. Molla dedi ki, dizimə duz yığılmasaydı, özüm pilləkənlərin yolunu göstərərdim, Allahın evi hamıya açıqdır.

Aşağıdan yuxarı baxdıqca onun necə xoşbəxt olduğunu görürdüm. Gözlərini yumub qollarını geniş açması aşağıdakı turistləri də minarəyə qalxmağa həvəsləndirirdi.

Aşağı düşüb qəmbər daşların üstüylə üzüyenişə gedən molla çağırıb qulağıma bir söz pıçıldadı:

- Molla qulağına pıçıldadı ki, bu qəşəng qızla niyə evlənmirsən?

Gülümsədim. Ona İçərişəhərin hamamlarından danışdım. Diana biləndə ki, hər məhəllənin başında hamam tikilib, dedi ki, siz hamınız təmizsiniz.

Onun gəlməsi, getməsi, həyat yoldaşımla, uşaqlarımla tanış etməyim, kirayə yaşadığım rütubətli mənzilimdə çay içməsini xatırlayıb illərimi yola verdim, getdikcə ağaran saçlarıma sığal çəkdim. Gündəlik qayğılar dumanında o, hərdən yadıma düşürdü: canlı mələk.

Sahibəmsə öldü. Qəbiristanlıqda bir yekəpər oğlan özünə əl qatıb kobud səslə göstərişlər verəndə, bildim ki, oğlu varmış. Anasının evini adına keçirib sənədləşdirməsi iki aya qədər çəkdi. Satış üçün elan vermişdi. Ola bilsin hər gün Allaha dualarımıza rəğmən ev hələ satılmırdı. Evin satılmamasına sevinən gecələrin birində həyat yoldaşımın yenə “Telefonu götür” deməsi ilə əlimi çarpayının yanındakı dolaba uzatdım.

Yenə gürcü dili otağa yayıldı. Yenə Diana idi. Səsi qadınlaşmışdı. Dedi, sabah Rüstəm adlı kinorejissorun ofisinə gedərsən.

Ofisdə rejissorun təkidi ilə bir qədəh konyakı başıma çəkib Ukrayna şokoladından dişlədim. Rüstəm seyfi açdı, ordan bir diplomat çıxarıb qarşıma qoydu. Məsləhət bildi ki, ikinci qədəhi də başıma çəkim. Etiraz etmədim. Sonra diplomatı açdım. Diplomat pulla dolu idi. Saymadım. Rejissor qulağıma pıçıldadı: “Yarım milyondur!”. Üçüncü qədəhi də doldurub içirtdi ki, başıma hava gəlməsin.

Zəng səsi. Kinorejissor dəstəyi uzatdı: “Dianadır”.

- Sən o pula iki oğluna da ev alarsan. Özünə dağlar arasında – mənzərəli yerdə imarət tikdirərsən. Arzuladığın balıq gölünü də sala bilərsən. Mərhum sahibənin qəbir daşını mərmərdən düzətdirərsən. Mənim Nyu-Yorkdakı Xeyriyyə Fondum xərçəng xəstəliyi olan uşaqlara yardım edir. Sizin respublikadan da o cür uşaqları qəbul etməyə hazıram. Rüstəmə demişəm, sənə Şamaxıdan iki hektar üzüm bağı alsın. Ondan çəkdiyin çaxırı kiçik çəlləklərə süzüb kəndə gələn turistlərə hədiyyə edərsən: Bu, həmişə mənim arzum olub, nə olar onu sən gerçəkləşdir. Pulun bir hissəsini isə banka qoyarsan ki, faizi gəlsin... Etibarlı bank olsun... Təşəkkür etmə. Bütün bunları sənin təmiz ürəyinə görə edirəm. Axı demişdim ki, siz hamınız təmizsiniz. Və sonda. Neçə illər əvvəl o qoca molla sənin qulağına nə pıçıldamışdı?

- Qoca demişdi ki, xristian qız məscidin minarəsinə elə sevinclə qalxdısa...

- Qalxdısa nə?

- Deməli, o, dünyanın ən varlı adamlarından biri olacaq.

# 2334 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #