Kulis.az fəlsəfə elmləri doktoru Həsən Quliyevin “Arxetipik azəri: mentalitetin simaları” kitabından bir hissəni təqdim edir.
Yemək kultu
Hava, su, qida həyatın vacib atributlarıdır. Lakin yemək ayini mədəniyyətlə sıx bağlıdır və onun kolliziyalarından asılıdır. Buna görə də yemək kultunun (mədəniyyətinin) ənənə ilə müəyyənləşən mental çalarlarının mövcudluğunu etiraf etmək lazım gəlir. Bu mənada yemək ayini (yeri gəlmişkən, ət kultu ilə) azərbaycanlıların mentallığının mühüm parametrlərindən birinə çevrilmişdir; bu ayin digərlərindən fərqli olaraq zamanın sınağından çıxmağa nail olmuşdur və yemək ayininin həyat təminatı mexanizminə pərçimlənməsini bununla izah etmək olar.
Başqa xalqlarda olduğu kimi azərbaycanlılarda da yemək mədəniyyəti ənənənin tərkib hissəsinə çevrilmişdir; onda açıq şəkildə qonaqpərvərlik, yeyib-içməyə meyl, qoç kultu və s. özünü büruzə verir. Bundan əlavə bir sıra assosiasiyalar yemək mədəniyyəti ilə sıx bağlıdırlar; yemək kultu köklüyün müsbət, arıqlığın mənfi obrazının yaranmasında mühüm rol oynamışdır.
Ola bilsin ki, buna görə azərbaycanlının görünüşündə qarın arxetipik baxımdan ən gözəgəlimli yer hesab olunur: «qarınqulu» sözü bunu koloritli tərzdə ifadə edir. «Qarnın» parametrləri tipik müsbət, yaxud mənfi nüfuzun əldə olunmasında mühüm rol oynayır. Bir qayda olaraq qarnın miqyası (həcmi) şəxsin yemək ayinlərində tez-tez iştirak etməsindən xəbər verir. Bu isə onun hörmətə layiq olmasına dəlalət edir. Azərbaycanlılar bir qayda olaraq qonağı (yad adamı) ağlına, yaxud geyiminə (bu ikinci növbədə nəzərə alınır) görə yox, ilk növbədə qarının formasına və ölçülərinə görə qəbul edirlər; qarından ətrafa tipik ünsiyyət mühiti yaradan mental enerji yayılır. Bədənin «həcmli-dolu» konfiqurasiyası ilə ətrafdakıların yanında nüfuz sahibi olmaq qat-qat asandır; qarın xarici görünüşün xoşagələnlik, yaxud xoşagəlməzlik dalğaları yayan nahiyyəsidir.
Heç də təsadüfi deyildir ki, yekə həcmli qarın üzərində bükülmüş amiranə və güclü əllər azərbaycanlının sevimli pozasıdır. Belə bir görünüşlə azərbaycanlı özüdənrazılıq, alicənablıq, qayğısızlıq ifadə edir. Bu isə ətrafdakıları ona hörmətlə yanaşmağa vadar edir. Öz görünüşü ilə ətrafdakılarda rəğbət oyada bilməyənlər ağır vəziyyətə düşürlər; arıq adamlar yetərsizlik (arıqlıq) kompleksindən əzab çəkirlər və müxtəlif vəziyyətlərdə özlərinə mənfi münasibətə məhkumdurlar.
Arıqlıq mənfi assosiasiyalar doğurur; arıq adamın ətrafdakıların qeyri-iradi rəğbətini qazanmağa çox az şansı olur. Kök adam tez nəzərə çarpır və adamlar qat-qat tez bir zaman ərzində ona hörmətlə yanaşmağa başlayırlar. Arıq adam isə mental ovqatın müqavimətini dəf etməyə məhkumdur. Görünür məhz bu səbəbdən xalq lətifələrində və nağıllarda arıqlar mənfi personajlar (hambal, dilənçi və s.) qismində çıxış edirlər; ənənə «köklüyə» müsbət münasibət bəsləyir, «arıqlar»ı isə yetərsiz tiplər hesab edir.
Azərbaycanlılar lap uşaq yaşlarından nəslin nüfuzlu nümayəndəsi olmağı arzu edirlər və ana südü ilə belə bir sadə həqiqəti dərk edirlər ki, bu məqsədə nail olmaq üçün bir sıra başqa keyfiyyətlərlə yanaşı əsas komponenti köklük olan gözəgəlimli görünüşə malik olmaq lazımdır. Onlar uşaqlıqdan başa düşürlər ki, arıq olmaq ayıbdır və eyni zamanda sısqa adamın ətrafdakıların rəğbətini qazanması çətin məsələdir.
Deməli, gözəgəlimli görünüş sahibi olmaq üçün çoxlu və yaxşı yeməlisən ki, özün sevinə biləsən, düşmənlərin isə paxıllıqdan gözü çıxsın. Azərbaycanlının həyat formulu belədir: yaşamaq üçün yemək yox, tez-tez yeyib-içmək məclislərində iştirak edib gözəgəlimli görünüş əldə etməyə nail olmaq. Onlar bu formulla dünyaya daxil olurlar və həyatlarının ən yaxşı anlarını yemək kultuna həsr edirlər. Onlar yeyib-içməyi o dərəcədə çox istəyirlər ki, gündəlik qidalanmağı ətli xörəklərlə zəngin qonaqlığa çevirməyə hazırdırlar.
Süfrə xüsusi kultdur: məclis öncədən elan edilir, qonaqlar dəvət olunurlar və ailə var gücüylə məclisə hazırlaşır. Məclis qonaqların dərəcələrinə uyğun masa arxasına yerləşdirilməsi ilə başlanır. Nüfuzlu tamada səsli-küylü məclisi idarə edir. Ayin zamanı ən yaxın gələcəkdə təşkil olunacaq yeyib-içmək məclisinin planı müzakirə olunur. Yeyib-içməyi elə təşkil etmək lazımdır ki, hamı boğazına kimi yesin – qarın bir növ məst olsun. Məhz doymuş qarın vasitəsilə məclisin uğurlu sonluğu dərk olunur. Bu hədsiz doyma hissi uzun müddət yadda qalır – iştirakçıların hər birinin yaddaşında məclisdən şirin bir xatirə həkk olunur. Əgər azərbaycanlıdan ömrünün ən xoş anlarını xəbər alsan, o çox vaxt yeyib-içdiyi məclisləri yada salır; onun yaddaşında qarın dolusu yediyi anlar özünə daha möhkəm yer tapır. Yeyib-içməyin aşıb-daşdığı məclis ona kosmik keyf verir və o, cənnət ekstazının nirvanasına dalır. Qəlbə və idraka yol tez-tez bol süfrə atmosferinə qərq olan qarından keçir. Azərbaycanlının arzusu əməlli-başlı yeyib-içib canını tapşırmaqdır.
Əgər azərbaycanlı dincəlməyə (məsələn, dağlara) yollanırsa, o gəzib-dolanmaq, yaxud təbiətin gözəlliyindən həzz almaq imkanı haqqında fikirləşmir; onun bütün düşüncələri və hissləri təşkil olunacaq yeyib-içmək məclisi ətrafında fırlanır. Adama elə gəlir ki, təbiətlə təmasda azərbaycanlı heç olmasa bir anlığa romantikə çevrilib bütün varlığı ilə başqa həyat tərzinin – istirahətin stixiyasına dala bilər. Lakin dərhal onda istirahətin arxetipik obrazı baş qaldırır; o bütünlüklə özünü gözlənilən yeyib-içmək məclisinə kökləyir, təbiət isə yalnız tipik istirahət üçün fon rolunu oynayır.
Evə qayıdandan sonra o istirahət zamanı istifadə etdiyi zəngin ət xörəklərindən, hazırlayıb ləzzətlə yediyi dadlı kababdan, bulaq suyunda dəmlədiyi ətirli çaydan və s. danışacaq. Amma, o, qoyub gəldiyi zibil, ətrafa səpələdiyi yemək qalıqları haqqında bir kəlmə də olsun söz deməyəcək; belə şeylər arxetipik yaddaş tərəfindən qeydə alınmır. Azərbaycanlı təbiətin gözəlliyi haqqında çox az düşünür və onun qayğısına qalmır.
İstirahətdə əsas məsələ yaxşıca yeyib-içməkdir. Yalnız bu şəkildə hamını istirahətin həqiqətən yüksək səviyyədə keçdiyinə inandırmaq olar. Əgər o, yüzlərlə kilometr məsafəni qət edib əməlli-başlı yemədiyini etiraf etsə, adamlar onu başa düşməzlər. Uzaq məsafəyə yollanmaq, amma ləzzətlə yeməmək tipik azərbaycanlılar üçün tamamilə mənasız bir şeydir. Yalnız arxetipik baxımdan anormal (sarsaq) adam, təbiətin gözəlliyindən həzz ala bilər.
Hər hansı bir istirahətə (dağlara seyrə çıxmağı, dəniz səyahətini və s.) yalnız qrafikinə yemək ritualı daxil etməklə haqq qazandırmaq olar. Gözəlliyi qarnın ovqatı ilə hiss edən və dəyərləndirən azərbaycanlıların fəlsəfəsi belədir. Həyatla bağlı onlar bir əsas məsələni həll etməli olurlar – ya tox və kök olmaq, ya da ac və arıq qalmaq.
«Qarınqulu» sözü belə bir həyat fəlsəfəsini dəqiq ifadə edir. Lakin bu passiv yox, fəal və estetik cəhətdən yetərli, qarına qulluğu xüsusi bir sənətə çevirən köləlikdir. Bədən (qarın) yalnız ona görə daim yeyib-içmək məclislərinə meyl edir ki, qəlb arxetipik baxımdan onun həsrətindədir. Buna görə də əgər azərbaycanlının qəlbinə yol axtarmaq istəyirsənsə, onun qarnının qayğısına qalmaq vacibdir; şərqlisayağı qəşəng yedizdirilmiş tox adamın qəlbi mehriban ünsiyyət üçün açıq olur. Azərbaycanlılar dadlı yeməklər yemək (huşunu itirənə qədər keyf çəkə-çəkə) – öz varlığını yemək ayinləri ilə doydurmaq üçün yaşayırlar. Onlar üçün hər hansı bir yeyib-içmək məclisi baş qəhrəmanı ət olan nağıl dünyasına qərq olmaq deməkdir. Azərbaycanlılar daim arzulayırlar ki, onların həyatı nağıllardakı qırx gün, qırx gecə davam edən keyf məclislərinə bənzəsin və hər bir belə məclis dadlı xatirələrin qaynağı kimi yaddaşında həkk olunsun.
Belə bir təəssürat oyana bilər ki, azəbaycanlılar doymaq bilməyən acgözdürlər yaxud daim acından ölürlər. Bunu ehtimal etmək ciddi səhv olardı. Yemək ayininin başqa bir səbəbi var. Yeməyin arxetipik obrazı estetik və kollektiv orgiya ilə assosiasiya edilir.
Buna görə də azərbaycanlı yeyib-içmək prosesini mərasimə çevirməyə çalışır. Onun üçün sadəcə aclığını yatırtmaq yox, qidaya təbii meyli bayram məclisinə çevirməkdir. Bu varlı azərbaycanlıların həyat tərzində koloritli şəkildə özünü büruzə verir; tez-tez təşkil olunan yemək-içmək məclisləri onların var-dövlətlərinin ən yaxşı simvolu rolunu oynayır.
Onlar üçün hər bir yemək ayini ənənəyə sadiqliklərinin, səxavətli olmaqlarının, həyatlarının dolğunluğunun və s. nümayiş olunması üsuludur. Belə ayinlərlə şöhrət reytinqi yüksəlir, çünki ənənə nüfuzluluğun dərəcəsini yemək-içmək məclislərində iştirakın sayına görə müəyyənləşdirir. Buna görə də hər bir kəs həyatını yemək ayinləri ilə doldurmağa çalışır. Şübhəsiz ki, varlılar buna daha asanlıqla nail olurlar; onların həyatı arasıkəsilməz keyf məclislərində keçir.
Azərbaycanlının əhval-ruhiyyəsi yemək-içmək məclisindən çox asılıdır. Əgər o gözəl keyf məclisi təşkil edə bilmirsə, qəm dəryasına batır. Yeyib-içmək məclisinin atmosferində hər şeyi yaddan çıxarmaq olar, lakin məclisin özünü heç cür yaddan çıxarmaq olmaz, çünki həyatın ən gözəl anını xatirədən silmək qeyri-mümkündür. Azərbaycanlı yeyib-içmək üçün dünyaya gəlmişdir, lakin onun yeməyə meyli təkcə qarnın instinktiv tələbatını ödəyən fizioloji səbəblə müəyyənləşmir. Yeyib-içmək səmimi söhbətlərlə, ünsiyyətin doğurduğu sevinclə, deyib-gülməklə, keçmişə xoş səyahətlərlə, poetik ekspromtlarla və s. ilə müşayiət olunan xüsusi ruhi prosesdir.
Yemək ayini tipik həyat tərzinin öz estetikası və praqmatik fəlsəfəsi ilə bir yerdə mühüm komponentidir. Hər bir ayin insan təbiətinin arxetipik cizgilərinin vakxanaliyasına çevrilir.
Azərbaycanlıları başa düşmək üçün yemək ayininə dalmaq və yorğunluqdan – toxluqdan maksimum məst olmağı dadmaq lazımdır. Lakin bu da bir həqiqətdir ki, tipik azərbaycanlılar çox nadir hallarda yorulurlar.
Belə hesab olunur ki, şərqlilər yeyib-içməyə böyük əhəmiyyət verirlər. Bu təəssürat «şərq şirniyyatı və ədviyyatı, şərq mətbəxi» və s. təsəvvürlərlə əsaslandırılır. Həqiqətən də, Şərqdə yeməyi sənətə çevirmişlər. Buna görə də burada yeməyin kaloriliyi və qidalılığı ilə kifayətlənməyib dadlı yeməyin köməyi ilə həyatın gözəlliyini dadmaq – yeməyi estetik ayinə çevirmək istəyirlər.
Bu sahədə onlar poetikcəsinə bacarıqlı, zərif, başlıcası isə emosionalcasına mehribandırlar. Yemək-içmək məclisi olmayanda azərbaycanlılar özlərinə qapıla, sərbəstliklərini itirə, hər şeydən şübhələnə və hətta məkrli ola bilərlər. Lakin süfrə stixiyası onları tamam dəyişdirir – onlar mehriban, xoşxasiyyət, gülərüz, səmimi və s. insanlara çevrilirlər. Düzdür, masanın arxasında azərbaycanlılar acgöz görünürlər – onlar yorulmaq bilmədən iştahla yeyir, sərbəst şəkildə laqqırtı vurur, şənlənirlər.
Şərqlilər ümumiyyətlə tələsmirlər. Süfrə arxasında olanda isə tələsmək onlara qəti şəkildə yaddır, çünki belə hesab olunur ki, yeyib-içməyə sərf olunan vaxt ömrün ən qiymətli anlarıdır. Yaddaşda koloritcəsinə məhz bu epizodlar həkk olunurlar. Heç də təsadüfi deyildir ki, miflərdə və nağıllarda personajlar çox tez-tez sürəkli, minimum üç gün üç gecə, amma yaxşı olar ki, qırx gün qırx gecə davam edən yeyib-içmək orgiyalarına qərq olurlar. Şərq yalnız bu cür dincəlir, azərbaycanlılar isə yemək nöqteyi-nəzərindən tipik şərqli olmaq istəyirlər.
Arxetipik azərbaycanlı hər gün evə bir yekə yağlı tikə ət gətirməlidir; ətsiz gün ömürdə iz qoymur. Həyatın dəyəri əsas elementi ət olan süfrələrin sayı ilə ölçülür. Ətsiz gün yetərli deyil, məclissiz keçən zaman yetərsiz həyatın simptomudur. Bütün qalan məsələlər ikinci dərəcəlidirlər. Ət süfrəsinə meyl yemək kultunun əsasını təşkil edir; ola bilsin ki, ət bolluğu ehtirası yemək-içmək estetikasının yaranmasına səbəb olmuşdur. Bu mənada fərz etmək olar ki, qarından (və ətdən) estetik baxımdan zəngin və dadlı süfrəyə kökləyən son dərəcə güclü arxetipik impulslar gəlir; ət süfrəsi azərbaycanlıları şairə çevirir – təxəyyül (qəlb) və bədən (qarın) xüsusi kult mühitinə düşürlər ki, bu da onların simbiozunun yaranmasına səbəb olur.
Ətlə birlikdə azərbaycanlılar mental baxımdan qəlblərini və bədənlərini vəcdə gətirən ab-həyat qəbul edirlər; onlar fərəhli və şən, mehriban və və səxavətli, poetik və müdrik, səmimi və sədaqətli olurlar. Lakin bu ovqat məclis qurtarana kimi davam edir. Bəlkə də, məhz buna görə onlar məclisin mümkün qədər uzun müddət ərzində davam etməsini istəyirlər. Süfrə arxasında və süfrədən kənarda olan azərbaycanlı iki müxtəlif adamdır; onların arasındakı məsafə yeyib-içmək məclisində yoxa çıxır və qarşılıqlı münasibətlər yaxın vaxtlarda məclisin təşkil olunmasını nəzərdə tutmursa, daha da böyüyür. Arxetipik azərbaycanlının qəlbi yalnız onun qarnı fəal şəkildə süfrə orgiyası ilə doyuzdurulandan sonra dünyaya açılır; qəlb ətin təsirindən əriyir və bütün bədən təbəssümə, səxavətə çevrilir.
Belə yemək-içmək orgiyaları nə qədər çox olsa, dostlaşmaq şansı bir o qədər çox artır. Qonağı doyana qədər yedirt və yalnız ondan sonra onun niyyətini öyrənməyə, onun qəlbinə yol tapmağa çalış – bu, azərbaycanlının əsas həyat prinsipidir. Kollektiv (dostlarla birlikdə) süfrə orgiyalarında iştirakı unutmaq insanın ünvanına söylənən ən ağır mənəvi məzəmmətlərdən biridir. Özününküləri unutmaq – onları qonaq çağırmamaq kişiyə layiq hərəkət deyil.
Hər bir kəs ət əldə edə bilməli və tez-tez qonaqlıq təşkil etməlidir; bunlarsız xoşbəxtlik kosmosunu təsəvvür etmək olmaz. Ət əldə edə bilməyən azərbaycanlı heç nəyə yaramır, məclis orgiyalarında iştirak etməmək ondan da pisdir. Belə bir adam tədricən hörmətdən düşür və sosiumla əlaqəsini itirir. Əgər o ət əldə edə bilmirsə, deməli onun ağlı, bacarığı və s. də yoxdur. Onunla danışmağın mənası yoxdur. Axı hər hansı bir ciddi söhbət (ünsiyyət) üçün məclis təşkil olunmalıdır – adət belədir.
Söhbətin ciddiliyinin dərəcəsi və məclisin «miqyası» arasında gözə görünməyən birbaşa əlaqə mövcuddur. Bu isə arxetipik şüurun yemək ayini atmosferində daha yaxşı işlədiyini fərz etməyə imkan verir.
Digər yazılar:
Azərbaycanlıların tualeti niyə çirkli olur?