Tanınmış tənqidçi Əsəd Cahangirin yenicə çapdan çıxan, esse, məqalə, ədəbi təhlillər və məruzələrdən ibarət «Kim yatmış, kim oyaq?» kitabı Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində müzakirəyə çıxarılıb.
Müzakirədə Kamal Abdulla, Nizami Cəfərov, Afaq Məsud, Tehran Əlişanoğlu, Rəhilə Qeybullayeva, Tahirə Məmməd, Salam Sarvan, Ənvər Əhməd, Etimad Başkeçid, Elxan Zal Qaraxanlı, Şərif Ağayar, Elnarə Akimova, Qan Turalı, Mirmehdi Ağaoğlu, Cavid Zeynallı, Kəramət Böyükçöl və başqaları, o cümlədən Yaradıcılıq fakültəsinin tələbələri, “Yazıçı” nəşriyyatının nümayəndələri iştirak ediblər.
Canlı müzakirələr, gərgin polemikalar şəraitində keçən tədbiri Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı aparıb. E. Tofiqqızı Əsəd Cahangirin yaradıcılığı, ədəbi-ictimai mühitdə mövqeyi haqqında danışıb və müzakirəyə qatıldıqlarına görə toplaşanlara təşəkkür edib.
Əsəd Cahangir: «Bu, mənim ilk kitabımdır»
Tədbirdə ilk söz alan Əsəd Cahangir Mahmud Kaşğari poetikası haqqında monoqrafiya və yazıçı Anarla bağlı əsərindən sonra sayca üçüncü olan bu məqalələr toplusunu «ilk kiabım» olaraq adlandırdı: «Məsələ kəmiyyətdə deyil və hesab edirəm ki, əvvəlki kitablarımdan fərqli olaraq, burada mənim obrazım görünür. Ona görə də bu kitabı «ilk kitabım» olaraq dəyərləndirirəm».
Ə.Cahangir tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək, müzakirə boyu vaxtaşırı söhbətə qatılacağını söylədi.
Nizami Cəfərov: “Ən uğursuz tələbəm”
AMEA-nın müxbir üzvü Nizami Cəfərov çıxışında dedi ki, Əsəd Cahangir onun tələbələri içərisində ən uğursuzudur: «Çünki yeganə tələbəmdir ki, bu vaxta qədər elmi ad almaq üçün müdafiə etməyib».
Ancaq Əsəd Cahangiri tələbələrinin həm də ən uğurlusu saydığını söyləyən N.Cəfərov bunu müəllifin çoxşaxəliliyi, məhsuldarlığı və elmi-ədəbi mühitdə qəbul olunması ilə izah etdi: «Əsəd Cahangir şübhəsiz ki, səviyyəli tənqidçi, səviyyəli ziyalıdır. Onun üçün mövzu məhdudiyyəti yoxdur… Öz düşüncəsi, öz modeli, fikir sxemi var. Əsədin məqalələri ayrı-ayrılıqda bir kitabdır. Bu mənada onun məqalələrinin bir yerdə çapı fundamental kitabdır və onu təbrik edirəm. Əsəd bizim ədəbi düşüncəmizə, mədəniyyətimizə xeyir verən müəllifdir və arzu edirəm ki, onun çoxlu əsərləri çıxsın, çünki belə kitabların hamımıza xeyri var».
Afaq Məsud: “Əsədin hər məqaləsi hadisədir”
Yazıçı Afaq Məsud Əsəd Cahangirin elmi, akademik, nəzəri bilikləri ədəbi ifadə fövqündə qələmə aldığını düşündüyünü söylədi: «Bu baxımdan onun hər bir məqaləsini böyük zövqlə oxuyuram və bu kitabı da o qəbildən hesab edirəm».
Əsəd Cahangiri gənc ədib və tənqidçilər üçün məktəb saydığını söyləyən A. Məsud müəllifin Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirdiyini söylədi: «Əsəddən yeni-yeni maraqlı kitablar gözləyirik. Əsədin hər məqaləsini maraqla gözləyirik. Onun hər məqaləsi hadisədir.»
Sonra Ənvər Əhməd, Professor Tahirə Məmməd, Şərif Ağayar, Günel Eyvazlı, Seyid Ramin kitabın məziyyətləri haqqında danışdılar və bildirdilər ki, kitabın ədəbi prosesdə əhəmiyyəti böyükdür.
Kamal Abdulla: “Mən böhtana qarşı niyə dözümlü olmalıyam?”
Kamal Abdulla öz çıxışında kitabın bütövlükdə alındığını və onun məziyyətlərini qeyd edəndən sonra bunları bildirdi: “Bu kitabda mənim yazdığım “Yarımçıq əlyazma” əsəri haqqında ara-sıra tənqidi qeydlər olduğu üçün hər bir müəllif kimi mənim də öz mətnimi müdafiə etmək hüququm var. Adətən, məni tənqidə dözümsüzlükdə günahlandırırlar. Bu, gülüncdür. Mən axı tənqidə niyə dözümlü olmalıyam və ümumiyyətlə, tənqidə dözümlülük nə deməkdir? Əlbəttə ki, mən öz əsərimi müdafiə etməliyəm! Məsələn, Əsəd Cahangir yazanda ki, “Yarımçıq əlyazma”da ənənəvi tarixi əsər üçün səciyyəvi olan xüsusi kolorit yoxdur, mən buna nə etiraz edə bilərəm? Necə başa düşübsə, onu da yazıb. Bununla razılaşa da bilərəm, razılaşmaya da bilərəm. Bu sözlər Əsədin düşüncəsinin məhsuludur. Və mən demirəm, heç vaxt da demərəm ki, Əsəd gərək bunu belə yazmayaydı. Onun bu kimi başqa qeydləri də var. Amma o zaman ki, tənqidçi romanda olmayan bir şeyi uydurur və onu əsərə və müəllifə qarşı ittihama çevirir, bu yerdə müəllif də məcbur olur ki, desin, tənqidçi ona böhtan atır, yalan deyir.
Əsəd yazır: “Kamal Abdullaya görə, istər Dədə Qorqud, istərsə də Şah İsmayıl insandır və hər bir insan kimi təbii qüsurlara malik ola bilərlər.(...) Şah İsmayıl... kənddən gəlmiş gənc şairlə cinsəl münasibətə girə bilər.»
İndi mən soruşuram: Əsəd romanda Şah İsmayıl surəti ilə bağlı bu dediklərinə sübut üçün bir cümlə, hətta bir eyham göstərə bilərmi? Göstərə bilməz! Belə bir şey əsərdə yoxdur!!!
Əgər tənqidçi belə bir sifətdə qarşımızda zühur edirsə, o zaman belə tənqidçiyə dözümsüzlükdən başqa nə nümayiş etdirmək olar?! Bu cür böhtan və yalan Əsəd Cahangirə qətiyyən yaraşmır.
Başqa bir yerdə tənqidçi yazır ki, mən Şah İsmayılı bu romanda aşağılamışam. Yenə yalandır! Bu barədə bir nümunə göstərmək mümkün deyil. Mən öz romanımı Şah İsmayıla məhəbbətlə yazmışam. Oxucu bunu duymaya bilməz!
Və yaxud, tənqidçi yazanda ki, mənim məntiqim bu romanda antidini səciyyə daşıyır, bunu nə ilə sübut edə bilər? Və mən bu cür böhtançı və qaragüruh ittihamlara dözümsüz olub neyləməliyəm?”
Kamal Abdulla daha sonra dedi: “Əsəd Cahangirin bu kitabında ayrı-ayrı yazıçılardan məqalələr var ki, onlar təqdir olunasıdır və bu bir daha onu göstərir ki, Əsəd Cahangir öz yazıçısından, özünə doğma yazıçılardan yazanda müvəffəq olur. Əksinə, tənqidçi doğma ədəbi məkanından kənarda ədəbi demoqogiyaya yuvarlanır; ədəbi demoqogiya isə yalana və bəzən böhtana aparıb çıxarır”.
Əsəd Cahangir: «Yarımçıq əlyazma» - ilk postmodernist romandır
Söylənən iradlara cavab vermək istədiyi üçün söz alan Əsəd Cahangir yazıçının dindar olub-olmamasının meyar kimi götürülmədiyini bildirdi: «Mən faktı konstatasiya etmişəm, orda ittihamçı rolunda deyiləm. Mən yalnız sizin timsalınızda (müraciət Kamal Abdullaya edilir! ) müasir insanın induvidual Allah axtarışlarını vermişəm və bu, tamamilə normaldır. İntellekt, savad, məsələn, Kamal Abdulla kimi müasir insanda həm də eqoizm yaradır və o artıq başqasının fikrinə tabe olmaq istəmir. Məsələn, deyir ki, Allah varsa, onu özüm tapıb, ona inanacağam, heç bir yolgöstərən, peyğəmbər mənə lazım deyil. Antidini səciyyə deyəndə məhz bunu nəzərdə tutmuşam. (Kamal Abdulla replika atır: “Harda demişəm, buna aid bircə fakt varmı, o faktı səsləndirə bilərsənmi?”)
Əksinə, mən «Yarımçıq əlyazma»nı Azərbaycan ədəbiyyatında ilk postmodernist roman hesab edirəm.
Qan Turalı: “İnsan nə qədər intellektual olsa, onun buraxdığı səhvlər də dərin olur”
Daha sonra Elxan Zal Qaraxanlı, Elnarə Akimova, Rafael müəllim və başqaları çıxış edərək, Əsəd Cahangiri müasir ədəbi tənqidin əsas sütunlarından və gənc yazarlara yol göstərən ədəbiyyatşünaslardan biri hesab etdiklərini və kitabı çox yüksək dəyərləndirdiklərini bildirdilər. Tənqidçi Elnarə Akimova «Kim yatmış, kim oyaq» kitabında dünya ədəbi tənqidi meyarlar səviyyəsində məqalələr toplandığını xüsusilə vurğuladı.
Professor Rəhilə Qeybullayeva isə ümumiyyətlə, tənqidi məqalələrdə mətnə istinad olunmasının vacibliyini önə çəkdi. Romana baxış zamanı tənqidçilərin mətndən kənara çıxmalarını və mətndə olmayan faktlar əsasında düşüncə qurmalarını və nəticə çıxarmalarının yanlış olduğunu söylədi.
Yazıçı Qan Turalı çıxış edərək bildirdi ki, Əsəd Cahangir peşəkar ədəbiyyatşünasdır: “Amma məsələ bundadır ki, insan nə qədər intellektual olsa da, nə qədər dərin olsa da onun buraxdığı səhvlər də bir o qədər dərin olur. Məsələn Əsəd bəy deyir ki, postmodernizmi Azərbaycana gətirənlərdən biri də mənəm. Doğrudan da ilk vaxtlarda 2005-ci ildə Əsəd bəyin İlya İlyinin “Postmodernizm: dövrün ruhi situasiyası” əsəri tərcümə və təhlili ilə birlikdə Azərbaycan jurnalında dərc olunmuşdu. Əsəd bəy orda deyir ki, postmodernizm köhnə mətnləri yenidən oxuyur. Amma arxasınca yazır ki, postmodernizmin məqsədi Quranın mənasını təzədən açmaqdı. Bu artıq qeyri-elmi yanaşmadı. İstənilən fəlsəfə ensiklopediyasını vərəqləyən adam postmodernizmin həqiqətə monist yanaşmanın əleyhinə olduğunu görür. Postmodernizmə bu qədər bəsit, naşı qiymət vermək olmaz.
Natiq tənqidçi etikası barədə də danışdı: “Əsədin xarakterində tənqidçi etikası baxımından qəbul etmədiyim bir şey var. Əsəd Azərbaycan ədəbiyyatının bir çox mühüm nümunələrini, Azərbaycan ədəbi prosesində iştirak edən aktiv şəxsləri kənara qoyub özü üçün xırda fiqurları göyə qaldırır. Sanki bununla tənqidçiliyin patriarxlığını elan edir: “Nə olsun ki, siz yazırsız, mən istədiyim adamı göyə qaldıraram”. Bu cür tənqidçiliyi biz çox görmüşük, indi nə o tənqidçilər qalıb, nə də onların göyə qaldırdığı maklatura”.
Əsəd Cahangir Qan Turalının dediklərinə cavab olaraq dinin hər şeyin fövqündə olduğunu, onun insanın mahiyyətini dindən kənarda düşünməyin mümkün olmadığını bildirdi.
İki saatdan artıq davam edən təqdimat mərasiminin sonunda Əsəd Cahangir çıxış edərək tədbirdə iştirak edənlərə, xüsusilə də Kamal Abdullaya dərin təşəkkürünü bildirdi.