Sərhədçinin tapılan iti... - Hekayə

Sərhədçinin tapılan iti... - Hekayə
18 avqust 2019
# 14:01

Kulis.az Əvəz Qurbanlının “Sərhədçinin tapılan iti” adlı hekayəsini təqdim edir.

(18 avqust - Sərhəd Qoşunlarımızın yaranması günü münasibətilə)

***

- Dayan, neynirsən!

Naryad yoldaşının qəfil bağırtısından çaşmış gənc sərhədçi tez geri dönüb baxdı.

- Düş o təpədən yerə, tez ol!

- Burdan ətraf yaxşı görünür, ora baxmaq istəyirdim, - deyə sərhədçi əli ilə qarşı tərəfi, tikanlı məftillərin arxasındakı meşəni göstərdi.

- Düş dedim sənə, düş, düş! – baş sərhəd naryadı az qala ağlayırdı, - düş ordan!

Hələ də nə baş verdiyini anlamayan kiçik naryad əsgər Hüseynli, ağacların arasında “gizlənmiş” təpəcikdən enərək, baş naryad, kiçik çavuş Qocalının yanına gəldi.

Baş naryad yeni xidmətə başlamış əsgərin sual dolu baxışlarını gözündə qoydu. Başını cevirib təpəcikə, sonra yenidən əsgərə baxıb “gedək” dedi...

Sərhədçilər yenə öz yollarına, öz dilləri ilə desək, “marşrutlarına” davam etdilər.

***

Sərhəd marşrutu – sərhədçilər üçün təyin edilmiş xidmət sahəsinə deyilir. Sərhədçilər bəlli vaxtlarda iki, ya da üç nəfərlik naryadla sərhədin müfafizəsinə çıxırlar. Sərhəd naryadının tərkibi baş və kiçik naryadlardan ibarət olur. Baş naryad xidmətinə əsasən təcrübəli əsgərlər təyin edilir. Axı baş naryad həm dövlət sərhədinin, həm də sərhəd naryadının təhlükəsizliyinə birbaşa cavabdehdi.

Kiçik çavuş Qocalı da təcrübəli sərhədçilərdən olduğu üçün baş naryad xidmətinə çıxmışdı. O, dəfələrlə sərhəd pozucularını yaxalamışdı, qanunsuz qaçaqmalın ələ keçirilməsində onun böyük əməyi olmuşdu. Qaçaqmalçılar da Qocalını yaxşı tanıyırdılar. Yaxşı tanıyırdılar deyəndə ki, onun əlindən lap zara gəlmişdilər.

Əlbəttə, bütün bunları kiçik naryad Hüseynli də bilməmiş deyildi; xidmətə yeni başlasa da köhnə sərhədçilər ona zastavanın yaxın keçmişi haqda çox şey danışmışdılar. Bütün bunları beynində dolandıran Hüseynliyə baş naryadın bayaqkı hərəkəti çox qəribə gəlmişdi.

***

Aradan günlər keçdi. “Təpəcik əhvalatı”nın sirri Hüseynlini rahat buraxmırdı. Lakin o, kiçik çavuş Qocalıya yaxınlaşıb, baş verənləri onun özündən soruşmağa cürət etmirdi. Axırda Hüseynli qərara gəldi ki, bu barədə köhnə əsgərlərin birindən soruşsun. Elə də etdi.

Zastavada köhnə sərhədçilərdən “Pələng” ləqəbli biri vardı. O da Qocalı kimi çox sərhəd əməliyyatlarından uğurla çıxmışdı. Hüseynli “Pələng”in yanına gəldi, məsələni ona danışdı. İşin nə yerdə olduğunu başa düşən “Pələng” fikirli-fikirli başını yellədi, sonra zastavanın girişindəki şlaqbaumun dəmirinə söykənib danışmağa başladı...

- Qocalı ilə eyni vaxtda xidmətə çağırılmışıq, eyni gündə də bu zastavaya gəlmişik. Bir dəfə Qocalını sərhəd naryadından qayıdanda dilxor gördüm. Səbəbini soruşdum. Dedi ki, meşədə yaralı bir it tapıb. İtin bədənində zolaq şəklində yaralar varmış. Çox güman, meşədə vəhşi heyvanlara rast gəlib. “İt elə yazıq-yazıq zarıyırdı ki, ürəyim dözmədi. Rəisdən icazə alıb geri qayıtmalıyam”, dedi. Çox çək-çevirdən sonra rəis iki silahlı sərhədçi ilə birgə Qocalının meşəyə qayıtmasına icazə verdi.

Bir azdan onlar qayıtdılar, yaralı iti də özləri ilə gətirmişdilər. İt yaralı olsa da əzəmətli görkəmi vardı, həm də şək qulaqlarından hiss olunurdu ki, “ovçarka” cinsi ilə qarışığı var. Deyəsən rəisin də yaralı itə yazığı gəlmişdi. Tez göstəriş verdi, sərhədçilərin fermasından baytar həkimi çağırdılar. Baytar itin qan itirdiyini, ancaq yaşaya biləcəyini dedi və müalicəyə başladı.

Qocalı itə şəxsən özü qulluq edirdi. Artıq üç həftədən sonra it əməlli-başlı dəyişilmişdi. Xeyli yaxşılaşmış, özünə gəlmişdi. Sərhədçilər əvvəlcə iti “Toplan” deyə çağırırdılar. Qocalının isə bu addan xoşu gəlmirdi. “Toplan yox, Tapılan çağırın onu”, deyirdi. Qocalının fikrincə, “Tapılan” adı “Qaplan” kimi əzəmətli səslənir.

Beləcə, meşədən tapılan itin adı elə “Tapılan” qaldı. Tapılan Qocalıya elə öyrəşmişdi ki, bir an onu gözündən qoymurdu. Naryada gedəndə də onunla gedirdi. Gecə də gəlib kazarmanın ağzında yatardı. Zastava Tapılan üçün doğma bir yer olmuşdu.

Bir gün maraqlı hadisə baş verdi: yaxınlıqdakı kəndin sakini uzaqdan iti görüb tanıdı. Zastavaya gəlib “bu mənim itimdi, verin aparım” deyə itini rəisdən tələb etdi. Qocalı isə sakitcə: “Gör gedirsə, apar” dedi. Maraqlısı bu idi ki, Tapılan keçmiş sahibini tanısa da sərhədçilərdən ayrılmaq istəmədi. Keçmiş sahibini pərt yola saldı...

***

Bir ilin söhbətidi, elə təxminən bu vaxtlar olardı. Səhərə yaxın, sərhəddə əvvəlcə xəbərdarlıq fişəngi, sonra atışma səsləri eşidildi. Zastava ayağa qalxdı, “Həyəcan” qrupu tez hadisə yerinə yollandı. Mən də o qrupda idim. Məlum oldu ki, silahlı qaçaqmalçılar sərhədi pozmaq istəyiblər. Lakin əsgər Qocalının rəhbərliyi ilə səcur sərhədçilərimiz buna imkan verməyiblər. Pozuculardan ikisi yaxalandı, qalanları isə qaçıb gizlənə bildilər...

Nə isə, sözüm onda deyil. Ara sakitləşəndən sonra Qocalı baxdı ki, Tapılan yoxdu. Hamımız narahat olduq. Hər yeri ələk-vələk elədik. Yiyəsindən heç vaxt kənar gəzməyən Tapılan sanki yoxa çıxmışdı.

Artıq hava açılmaqdaydı. Birdən bizim olduğumuz yerdən xeyli aralıda güllə səsi, sonra da it zəngiltisi eşitdik. Cəld ayağa qalxıb səs gələn tərəfə götürüldük. Təxminən iki yüz addım kənarda, tikanlı məftillərin yaxınlığında Tapılanın qan içində, yad bir itlə ölüm-dirim savaşına girdiyini gördük. Tapılan dişlərini yad itin düz boğazına keçirmişdi. Maraqlı idi ki, yad itin bədəni hər tərəfdən sarınmışdı. Sən demə, qaçaqmalçılar narkotiki itin bədəninə bağlayıb, üstünü də möhkəm sarıyıblar ki, görünməsin.

Heydən düşmüş itlərin niyə boğuşduğunu yalnız indi başa düşmüşdük. Ələ keçirdiyimiz pozucular da sonralar bizim düşündüyümüzün doğruluğunu təsdiqlədi.

Deməli, qaçaqmalçılar sərhəd naryadının diqqətini yayındırmaq üçün sərhədi iki istiqamətdən pozmalı imişlər. Planlarına görə, onların bir qrupu səs-küy salaraq bizim diqqətimizi cəlb edəcək, digər qrup isə başqa istiqamətdən narkotiki keçirməyə çalışacaqmışlar.

Lakin o cür atışma səsləri, hay-küy, qıy-qışqırığın içində, həmin ərazidən xeyli aralıda sərhədi pozmaq istəyən digər qrupun hərəkəti Tapılanın gözündən yayınmamışdı. Uzun müddət sərhədçilərlə birgə gəzib-dolaşan ayıq it təhlükəni hiss edərək, ləngimədən o tərəfə götürülüb. Tapılanın narkotik yüklənmiş iti gözlənilmədən yaxalayaraq boğması cinayətkaların planını pozub və onlar bu “mərdimazar” iti cəzalandırmaq istəyiblər. Güllə Tapılanın qarın nahiyəsini tutmuşdu. Biz çatanda xeyli qan itirməsinə baxmayaraq, cəsur it öz düşmənini buraxmaq istəmirdi. Heç “qaçaqmalçı” itin vəziyyəti də yaxşı deyildi: Tapılan demək olar ki, onun nəfəsini kəsmişdi.

Amma elə ki, cəsur it bizi gördü, rəqibinin boğazını buraxdı, hərəkətsiz halda yerə yıxıldı. İt diqqətlə sahibinə baxırdı: Sanki ölüm ayağında belə, öz vəzifəsini yerinə yetirmiş qəhrəman kimi davranırdı sərhədçi iti... Həmin anlarda Tapılanın sərhədçi sahibini – Qocalını deyirəm - görəydin! Çox təsirli səhnə idi, heç danışılası deyil. Ağlamaqdan güclə saxlamışdıq özümüzü...

***

Həmin gün sərhədçilər üçün uğurlu əməliyyat günü kimi yadda qalacaqdı: sərhəd pozucuları və narkotik ələ keçmiş, Dövlət Sərhədinin təhlükəsizliyi şərəflə qorunmuşdu. Dövlətimiz sərhədçilərin bu fədakarlığını yüksək qiymətləndirəcək, əsgər Qocalı da mükafatlandırılacaq, kiçik çavuş rütbəsi və “İgidliyə görə” medalı alacaqdı. Lakin bütün bunlar Tapılanın ölümündən sonra baş verəcəkdi...

***

Bəli, sərhədçilərin Tapılan iti aldığı yaradan öldü. Qocalı itdən yana çox üzülmüşdü. Hərə bir yandan təsəlli verirdi. Bir dəfə də mən ona ürək-dirək verməyə çalışdım: “Bir itdən ötrü bu qədər kədərlənmək olmaz” dedim. Cavabında Qocalı mənə baxdı, baxdı və Seyyid Əzim Şirvaninin itlə bağlı yazdığı hansısa bir beytini dedi. Düzdü, şeirə-zada o qədər marağım yoxdu, amma o beyt məni yaman tutmuşdu...

Hə, indi gələk o “təpəcik” əhvalatına.

Tapılan öləndən sonra Qocalını zastavaya gətirə bilmirdik. Bükülüb oturmuşdu itin cəsədinin yanında. Axırda uşaqlardan kimsə dedi ki, iti basdırmaq lazımdı. “O it deyil... onu basdırmaq yox, dəfn etmək lazımdı” – Qocalı dilləndi. Hamı bir-birinə baxdı. Əsgərin bu “bəyanatı” heç bir adət-ənənəyə, dini qaydalara sığmırdı.

Biz tərəddüd içindəydik; qərara gəldik ki, Qocalını tək buraxaq. Belə də etdik. Sərhədçi öz cəsur itini sərhəd marşrutunun yaxınlığında, ağaclıqdakı balaca bir təpədə ehtiramla “torpağa tapşırdı”. Sonra bizə baxdı, əli ilə təpəciyi göstərib nəsə demək istədi, deyə bilmədi...

***

“Pələng”in bu uzun əhvalatından əsgər Hüseynli çox təsirlənmişdi. Təpəciyə - Tapılanın basdırıldığı yerə çıxmaqla, kiçik çavuş Qocalının ruhuna necə toxunduğunu yalnız indi başa düşmüşdü. O, özünü bu anlarda dünyanın ən günahkar bəndəsi sayırdı; ürəyində özünü qınayır, kiçik çavuşun halına acıyırdı. Amma əsgər Hüseynlinin tərəddüd etdiyi bir məqam da vardı və o, qeyri-ixtiyari olaraq, bu məqamda düşündüyünü dilə gətirdi:

- İtin basdırıldığı yeri müqəddəs saymaq görəsən nə qədər doğrudu?

Bunu deyəndən sonra kimsə əlini Hüseynlinin çiyninə vurdu. Geri dönəndə qarşısında Qocalını gördü. “Vətən torpağının hər qarışı müqəddəsdi, o ki qaldı sərhəd ola”, - dedi Qocalı.

Bütün bunlardan sonra düşünməyə yox, yalnız hönkürtü ilə ağlamağa, ürək boşaltmağa ehtiyac qalırdı. Hüseynli bunu yaxşı başa düşürdü. Ona görə də təkliyə çəkilmək üçün fürsət axtarırdı. Lakin...

- Tapılan, Tapılan!

Qəfildən zastavanın sakitliyini pozan səs hamını həyəcanlandırdı. Bu səs oxucuya tanışdı: o, Tapılanın keçmiş sahibi olan kənd sakini idi. Yenə gəlmişdi. Ancaq bu dəfə it aparmağa yox. Əksinə, özü ilə it, daha doğrusu, balaca küçük gətirmişdi. Kənd sakini üzünü Qocalıya tutub dedi:

- Bu, Tapılanın qardaşıdı. Hə, yəni doğma qardaşı. Anası təzə küçükləyib. Bax, görürsən, qulaqları da onunkuna oxşayır. Gətirdim ki...

Kənd sakini də qəhərlənmişdi, sözünü sona çatdıra bilmədi. Hamı qeyri-ixtiyari kiçik çavuş Qocalıya sarı döndü. Onun reaksiyası çox önəmli olacaqdı deyə...

İnsan xarakteri çox mürəkkəbdi; hadisələr, mahiyyətindən asılı olaraq, insanda fərqli reaksiyalar doğurur. İndi də belə oldu: sərhədçilər uzun müddətdən bəri bəlkə də ilk dəfə Qocalının dodaqlarında təbəssüm gördülər...

...Həyatın fəlsəfəsini kompleks şəkildə düşünmədən hadisələrə verilən istənilən qiymət yanlış ola bilər; insan bəzən zamanın kiçik bir kəsimində həyatda baş verənləri qəbul etmir, onu ədalətsizlik sayır. Kompleks yanaşdıqda isə, hər itəni mütləq bir tapılanın əvəz etdiyinin şahidi olur...

# 3409 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #