Dərsliklərdə plagiat iddiası: Məşhur hekayə niyə beş fərqli müəllifin adı ilə yayımlanıb?

Dərsliklərdə plagiat iddiası:  Məşhur hekayə niyə beş fərqli müəllifin adı ilə yayımlanıb?
28 oktyabr 2026
# 12:00

Son günlər təhsil və ədəbiyyat ictimaiyyətini silkələyən ən böyük qalmaqallardan biri dərsliklərimizdəki müəlliflik hüquqlarının kobud şəkildə pozulması və plagiat iddialarıdır.

Şair və müəllim Səhər Əhmədin ictimailəşdirdiyi bu faktlar sadəcə bir-iki hekayənin kimin adına yazılması məsələsi deyil, bu, bütövlükdə dərslik siyasətimizin, tərtibat mexanizmlərinin və gələcək nəsillərə ötürülən dəyərlərin böhranıdır.

Məsələnin ciddiyyəti Səhər Əhmədin kiçik bir araşdırmasından sonra ortaya çıxıb. Belə ki, dərslikdə “Altun” nəşriyyatının direktoru, eyni zamanda dərslik tərtibatçısı Rafiq İsmayılovun imzası ilə təqdim edilən “Bilirdim ki, gələcəksən” hekayəsi Zəfər Günü ərəfəsində “Xalq qəzeti”ndə çap olunmaq üçün hazırlanıb. Lakin qəzetin redaksiyası çapdan öncə apardığı araşdırma zamanı maraqlı bir vəziyyətlə qarşılaşıb. Məlum olub ki, eyni hekayə Azərbaycanda Rafiq İsmayılovdan başqa daha dörd fərqli müəllifin adı ilə müxtəlif vaxtlarda yayımlanıb.

Ölkənin ən ciddi və köklü mətbuat orqanlarından birinin dərslik müəllifinə inanmayaraq əsəri qəzetdə müəllifsiz vermək məcburiyyətində qalması, əslində, problemin miqyasını göstərən ən kəskin detaldır.

Səhər Əhmədin də Kulis.az-a açıqlamasında qeyd etdiyi kimi, dərslik yazarına qarşı yaranan bu inamsızlıq fonunda əlavə araşdırmaya bəlkə də ehtiyac qalmamalı idi. Lakin proseslər fərqli istiqamət alıb.

Səhər Əhməd

Plagiat iddiaları ictimailəşdikdən sonra Rafiq İsmayılov iddiaları və ittihamları rədd edərək mübahisə doğuran hər üç hekayənin özünə məxsus olduğunu bəyan edib. O, müdafiə arqumenti kimi bildirib ki, dərslikdə öz adına çox sayda əsər olduğuna görə hekayələrdən birini xalası oğlu Arif Əliyevin təxəllüsü ilə rəsmiləşdirib.

Lakin bu açıqlama faktlarla toqquşanda ciddi ziddiyyətlər yaradır. Birincisi, Rafiq İsmayılovun “Arif Əliyevin adı ilə vermişəm” dediyi hekayə beşinci sinif dərsliyində tamam başqa bir şəxsin – Şəhla Zahidovanın imzası ilə gedib.

İkincisi və ən əsası, Səhər Əhmədin apardığı araşdırmalar nəticəsində məlum olub ki, eyni hekayə hələ 2008-ci ilin sentyabr ayında ingilisdilli mətbuatda "Today is a beautiful day and I cannot see it" ("Bu gün gözəl gündür və mən onu görə bilmirəm") başlığı altında dərc olunub. Əsər həmçinin Türkiyədə də yayımlanıb.

Altun" nəşriyyatına rəhbərlik edən QIZIL ADAM...

Rafiq İsmayılov

İngilisdilli orijinal mətnlə portalda "Arif Əliyev" imzası ilə yayımlanan mətn tamamilə eynidir. Dərslikdə "Şəhla Zahidova" imzası ilə gedən versiyada isə sadəcə mətnə müəyyən əlavələr edilib. Hətta bu hekayənin məzmunu əsasında illər əvvəl "YouTube" platformasında xüsusi videoçarxlar da hazırlanıb.

Özgəsinin əməyini gah xalaoğlunun, gah da başqa bir şəxsin adına rəsmiləşdirmək isə hüquqi müstəvidə müəllif hüquqlarının pozulması, mənəvi müstəvidə isə oxucuya və şagirdə hörmətsizlikdir.



***

Bəs Səhər Əhmədi bu məsələnin üzərinə belə israrla getməyə vadar edən nə idi? Müəllif bunu hansısa qurumu hədəfə almaq cəhdi kimi qiymətləndirmir. O, sadəcə olaraq, cəmiyyət qarşısında yalançı vəziyyətinə düşməmək, şər və böhtan atan adam kimi görünməmək üçün öz haqlı mövqeyini faktlarla sübut etmək istədiyini bildirir. Rafiq İsmayılovun "bunları mən yazmışam" deməsi Səhər Əhməd üçün qəbuledilməz bir hədd olub.

Bu nöqtədən etibarən məsələ şəxsi zəmindən çıxaraq ictimai bir xarakter alıb. Səhər Əhməd açıq şəkildə bəyan edir ki, kitablar artıq çap olunub, tədris edilib. Məqsəd yalnız cəmiyyəti və aidiyyəti qurumları məlumatlandırmaqdır.

Elm və Təhsil Nazirliyi məsələyə münasibət bildirərək qeyd edib ki, qanunsuz istifadə faktı (plagiat) təsdiqlənəcəyi təqdirdə dərsliyin qrifinin vaxtından əvvəl ləğv edilməsi mümkündür. Bununla bərabər, nazirlik bu faktların təsdiqlənməsinin onların səlahiyyət çərçivəsində olmadığını da vurğulayıb. Yəni top artıq müəllif hüquqları və hüquq-mühafizə orqanlarının meydanındadır.

***

Səhər Əhmədin cəsarətli çıxışı heç bir rəsmi qurumdan açıq dəstək görməsə də, sosial şəbəkələrdə rezonans yaradıb. TikTok, Facebook və Instagram-da yayılan videolara qısa müddətdə 300-400 min arası baxış gəlib, 2000-dən çox şərh yazılıb.

Bu rəqəmlər sadəcə statistik göstərici deyil. Şərhlərdə yüzlərlə valideyn və müəllimin “ürəyimizdən tikan çıxartdınız” deməsi, cəmiyyətdə dərsliklərlə bağlı illərdir yığılıb qalan narazılığın, qəzəbin ifadəsidir. İnsanlar dərs keçərkən çəkdikləri əziyyətdən sözün əsl mənasında qan ağlayırlar.

Dərslik sadəcə bir kitab deyil, o, dövlətin təhsil siyasətinin güzgüsüdür, hər evə, hər ailəyə daxil olan bir sənəddir. Rafiq İsmayılov "Altun" nəşriyyatının rəhbəri ola bilər, lakin bu, ona dövlət dərsliklərində monopoliya yaratmaq, xarici mətnləri anonimləşdirib özününküləşdirmək haqqı vermir. Valideynlər arasında həkimlər, alimlər, filoloqlar var. Bu savadlı təbəqənin qarşısına saxta imzalarla, plagiat əsərlərlə çıxmaq və “burda mənəm, Bağdadda kor xəlifə” prinsipləri ilə hərəkət etmək uşaqları doğma dildən və ədəbiyyatdan uzaqlaşdırmaqdan başqa bir işə yaramır.

***

Araşdırma zamanı diqqətçəkən ən vacib məqamlardan biri dərsliklərin növünə görə fərqlənən problemlərdir. Səhər Əhməd açıqlamasında çox peşəkar bir fərq qoyur: "Azərbaycan dili" dərsliklərindəki mətnlərin keyfiyyəti, ideyası və tərbiyəvi əhəmiyyəti ilə bağlı problem yoxdur. Problem o mətnlərin kimin adına rəsmiləşdirilməsində, gənc və istedadlı yazarların əməyinin mənimsənilməsindədir.

Məsələn, gənc uşaq ədəbiyyatı yazarı Nurlana Məmmədlinin hekayələri dərsliklərə salınsa da, müəllifin adı qeyd edilməyib. Sovet dövründə Zahid Xəlil kimi yazıçılara verilən dəyər və hörmət bu gün niyə gənc yazarlara verilmir? Öz mətnini dərslikdə görən, lakin adını tapmayan bir gənc yazar hansı motivasiya ilə yenidən uşaq ədəbiyyatı yaradacaq?

Ədəbiyyat dərsliklərinin vəziyyəti isə daha acınacaqlıdır. Burada mətn seçimi tamamilə bərbad haldadır. Qaydalara görə, dərsliyə mətn ya müəllifin böyüklüyünə (imzasına), ya da əsərin öz bədii gücünə görə salınmalıdır. Lakin bizdə bu meyarlar işləmir. Müasir ədəbiyyatdan mətnlər dost-tanışlıqla, qohumbazlıqla seçilir. Tərtibatçılar öz tanışlarına "vətənpərvərlik mövzusunda nəsə yaz, dərsliyə salaq" deyə sifariş verirlər. Sifarişlə yazılan süni, pafoslu mətnlərin isə heç bir bədii dəyəri olmur. Halbuki Qarabağ döyüşlərindən bəhs edən, general Polad Həşimov və digər qəhrəmanlarımız haqqında yazılmış onlarla mükəmməl, canlı, sənədli publisistik yazılar var. Lakin bu həqiqi əsərləri araşdırıb tapmaq dərslik müəlliflərinin ya tənbəlliyinə, ya da şəxsi maraqlarına qurban gedir.

***

Ədəbiyyat dərsliklərindəki digər fundamental xəta janr seçimi və yaş psixologiyası ilə bağlıdır. Xalq ədəbiyyatında onlarla zəngin janr olduğu halda, 5, 6 və 7-ci sinif dərslikləri sanki əfsanələrin inhisarındadır. Məsələn, 5-ci sinif dərsliyində 5-6 əfsanə yer alır və uşaqlara "əfsanə haqqında layihə hazırla" və ya "əfsanə yaz" kimi absurda varan tapşırıqlar verilir.

Əfsanə qədim, ibtidai təfəkkürün məhsuludur. Bu günün hiperaktiv, rəqəmsal, qısa və vizual məlumatlara öyrəşmiş uşaqlarından antik dövrün təfəkkür tərzini tələb etmək, onlara əfsanə yazdırmaq pedaqoji fəlakətdir. Bu problemin kökündə kadrların yaş və dünyagörüşü problemi dayanır. Ədəbiyyat dərsliklərinin aparıcı müəllifi, Pedaqoji Universitetin Metodika kafedrasının müdiri Soltan Əliyevin 70-ə yaxın yaşı var. Yarım əsr əvvəlin metodikası ilə formalaşmış bir mütəxəssisin Z və Alfa nəsillərinin zövqünü oxşaması, onların dinamikasına uyğun mətn seçməsi praktiki olaraq qeyri-mümkündür.

***

Bəs çıxış yolu nədir? Təkliflər aydın və tətbiqi mümkündür:

Müəllif hüquqlarına qeyd-şərtsiz hörmət: Xarici ədəbiyyatdan tərcümə olunan mətnlərin mütləq şəkildə orijinal müəllifinin adı qeyd edilməlidir. Plagiat və anonimləşdirməyə son qoyulmalıdır.

Gənclərin prosesə cəlbi: Dərsliklər üçün mətnlər qapalı qapılar arxasında dostlara sifariş verilməməli, tələbə və gənclər arasında açıq esse və mətn müsabiqələri keçirilməlidir. Gənclər müasir uşaqların dilini daha yaxşı bilir.

Fərqli düşüncəyə yer vermək: Səhər Əhmədin çəkdiyi Rusiya təcrübəsi çox ibrətamizdir: "Cırcırama və qarışqa" təmsilini fərqli təhlil edən beş yaşlı uşaq "axı bu dünyaya nəğmə oxuyan cırcıramalar da lazımdır" deyərək yüzillik tabuları qırır. Bizim dərsliklər də uşaqlara tabu yox, fərqli düşünmək, tənqidi təhlil etmək imkanı verməlidir.

Şəxsi maraqların təcridi: Dərsliklərdən özünüreklam və tayfaçılıq vasitəsi kimi istifadə edilməsi qadağan olunmalıdır.

# 129 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

"Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır..." - Con Lokkun sitatları

13:00 28 oktyabr 2026
“Mercury Prize”  mükafatının qalibi açıqlandı

“Mercury Prize” mükafatının qalibi açıqlandı

12:30 28 oktyabr 2026
Coşqun Xəliloğlu  Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

Coşqun Xəliloğlu Beynəlxalq Mahmud Qaşqari Hekayə Müsabiqəsinin qalibi oldu

12:27 28 oktyabr 2026
Dreykə qarşı müəlliflik hüququ iddiası geri götürüldü: “Janice STFU” işi hələlik bağlandı

Dreykə qarşı müəlliflik hüququ iddiası geri götürüldü: “Janice STFU” işi hələlik bağlandı

12:00 28 oktyabr 2026
21-ci əsrin ən yaxşı rok mahnısı seçildi

21-ci əsrin ən yaxşı rok mahnısı seçildi

11:40 28 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:20 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər