Kulis.az Elvin Bakiroğlunun “Leyla gülü” hekayəsini təqdim edir.
Qoca satıcı dükanın arxa tərəfinə keçib şitilləri seçəndə Sevər vitrindəki dibçəklərin yarpaqlarını oxşayırdı. Hər toxunuşda, ona elə gəlirdi ki, əli insan əlinə dəyir. Daha çox qadın əlinə bənzəyən yarpaqlarla hər təmasdan qəribə bir həzz duyurdu. Bu həzzi o, heç həqiqi qadın əlinə toxunanda belə hiss etməmişdi. Çiçəklərlə qadınlar arasında müqayisə aparmağı da elə buna görə sevmirdi. Onun fikrincə birincilər ikincilərdən daha təmiz və müqəddəsdi. Həm də çiçəklərdə vəfasızlıq deyilən şey yoxdu axı – baxsan, bağ olacaq, baxmasan, günah özündədi. Amma bir tərəfdən qadınlardan da bir yolluq üz döndərmirdi. Ona görə ki, əgər bir gün təşbeh qurmağa məcbur qalsaydı çiçəklərə qadınlar qədər yaraşan başqa bir canlı tapa bilməyəcəkdi.
Qoca axtardığı şitili artıq tapıb gətirmişdi. Üzünü Sevərə tutub ağır-ağır dilləndi:
- İrezina gülüdü.
- Nə zina? - Sevər qaşlarını düyünləyib soruşdu.
Qoca ağırlığını pozmadan lakin bu səfər daha uca səslə İrezina gülü deyə təkrarladı.
- Qəribə adı varmış, çiçək açacaq?
- Yox, çiçək açmır, ancaq çiçək kimi enli və xallı yarpaqları var.
- Xallı? - Sevərin marağı bir az da artdı.
- Bu gülün yarpaqlarında qara xalları olur, yarpağının öz rəngi bənövşəyidi. Bir növ bənövşəyi leoparda oxşayır.
Sevər həyəcanlanmağa başladı:
- Bənövşəyi leopard? İlahi, nə gözəl! Bənövşəyi mənim ən sevdiyim rəngdi.
Gözünü qocanın əlindəki şitilə zilləyib onun necə boya atacağını, otağının pəncərəsinə yaraşıq verəcəyini, hər baxanda kefini açacağını xəyal elədi və qətiyyətlə cavab verdi:
- Mən bunu alıram!
Qoca şitili sellofana büküb cavan oğlana uzadanda bərk-bərk tapşırdı ki, gülə hər gün su verməyi unutmasın, İrezinanın suya tələbi çoxdu, onu bir gün susuz saxlamaq öldürməyə bərabərdi. Bir də tez-tez sevib əzizləsə pis olmaz, qayğı belə güllər üçün sudan daha çox vacibdi. Sevər qocanın sözlərini ağlının bir küncünə yazdı və pulu ödəyib uzaqlaşdı. Bir otaqlı evinə çatana qədər yol boyu götür-qoy elədi. İrezinanı hara qoysun?
Pəncərəyəmi, eyvanamı? Eyvana qoysa, başıboş pişiklər əzə bilərdilər. Üstəlik, həşəratlar da var. Gül hələ çox körpədi. Ən yaxşısı otağa, pəncərənin düz ortasına, o biri güllərin yanına qoymaqdı - taltsianka və kaktusun arasına. Talstiankanın suya tələbi azdı, kaktusun, ümumiyyətlə suyla arası yoxdu. Hər gün suladığı güllərin çoxu eyvandadı. Fikrini dəyişdi. İrezinanı suyu sevən güllərin yanına qoysa daha yaxşı olardı. Onu kənar qüvvələrin təsirindən qorumaq üçün üstünə və ətrafına karton sərmək o qədər də çətin olmaz. Düşündüyü kimi də elədi. Əvvəlcə saxsı qabı isti suyla yudu, sonra yarım saat isti suda saxladı ki, içində kif qalmasın.
İrezinanı saxsı qaba əkəndən sonra eyvanda onun üçün rahat və hündür bir yer düzəltdi. İrezina digər güllərin ikinci mərtəbə qonşusu oldu. Onu o biri güllərin düz ortasına yerləşdirdi. Elə yerləşdirdi ki, hər yerdən görmək mümkün olsun. Hətta otağının pəncərəsindən baxanda belə asanlıqla tamaşa eləyə bilsin. Bunun üçün o, bir neçə dəfə otağa girib çıxdı və görüş məsafəsinin dəqiqliyindən əmin oldu. Eyvana girib-çıxanda ehtiyatla davranırdı. Hər yer gülüydü. Eyvanda dibçək əlindən tərpənmək olmurdu – ətirşahdan tutmuş süsənə qədər, əzvaydan tutmuş aqavaya qədər. Ani bir hərəkət hər hansı bir gülə xətər yetirə bilərdi. Əgər belə bir şey olsaydı Sevərin ətindən ət kəsilərdi. O, bütün güllərini öz doğma balası kimi sevirdi. Heç birini o birindən ayırmırdı. Onun üçün bütün güllər əzizdi, bütün güllər Tanrının şahanə əsəridi. O, bu əsərlərin qulluğunda durmaqdan zövq alır, onlara təzim edirdi.
Sübh tezdən oyanan kimi Sevərin ilk işi gülləri sulamaq olurdu. Bu, onun həyat fəlsəfəsi idi. Hər səhər olduğu kimi bu səhər də o, güllərə nəvaziş göstərir, hər birinin qayğısına qalırdı. Dibçəklərin arasında kəpənək kimi uçurdu. Bəli, məhz uçurdu. Ayaqları yerdən üzülürdü. Növbə İrezinaya çatanda xeyli dayandı. Uzun-uzun tamaşa elədi. Kənardan baxan Sevərin nəfəs almadığına and içə bilərdi. Xeyr, Sevər nəfəs alırdı, ancaq bu dünyada yox, öz xəyal aləmində. Öz aləmində o, indi yalnız bir surəti görürdü: İrezinanı.
Bu sima ona çox tanış gəlirdi ancaq tanıya bilmirdi. Bu gül maqnit kimi hər şeyi içinə çəkirdi. Ona baxmaq Tanrıya inanmaq kimi bir şey idi Sevər üçün. Sevgi idi ona baxmaq. Qəflətən İrezinanın yarpaqlarından biri uzanıb Sevərin əlindən tutdu və onu özünə çəkməyə başladı.
Sevər nə baş verdiyini anlamayaraq dəhşətə gəldi. Qeyri-ixtiyari onun da əli gülə sarı uzandı. Artıq İrezinanın simasında o, Leylanı görürdü. Artıq o, Leylanın əlindən tutmuşdu. Üzünü Leylaya tutub niyə belə elədin, niyə? – deyə təkrar-təkrar soruşdu.
Leyla susurdu. Yalnız əlini geri çəkmədi. Sevər onun əlindən ən son nə zaman tutduğunu xatırlamağa çalışdı, ancaq xatırlaya bilmədi. O, indi tamam tərki-dünya olmuşdu. Ətrafdakı güllərin heç biri gözünə görünmürdü, bircə Leyladan başqa, Leyla gülündən başqa.
- Leyla gülü? - öz-özünə təəccübləndi və qəfil əlini İrezinadan çəkib geri sıçradı. Tər içindəydi. Üzünün tərini silib dərindən nəfəs alandan sonra artıq özünə - bu dünyaya qayıtmışdı. İrezinanın Leylaya - sevdiyi qıza çevrildiyini anlayıb sərxoş adamlar kimi yersiz qəhqəhə çəkməyə başladı. Bu gülüşü filmlərdəki mənfi qəhrəmanların kobud və iyrənc gülüşünə də bənzətmək olardı. Sevərin içinə sanki şeytan girmişdi və sanki indi qəhqəhə çəkən adam Sevər yox, şeytanın özüydü. Bu şeytan İrezina gülünü onun gözündə Leyla gülünə necə çevirmişdisə, Sevərin huşu başından getmişdi.
O, əməlli-başlı inanmağa başladı ki, bu güldə qəribə bir sehr var. Həm də qəti əmin oldu ki, bu gül Leyla gülüdü.
O gündən sonra Sevər İrezina adını unutdu. Hətta bəndənizə də bu adı işlətməyi qadağan elədi. O, Leyla gülünü hər gün daha çox sevməyə başladı, eynən Leylanı sevdiyi kimi.
Artıq özünü tənha və unudulmuş hiss etmirdi. Sevdiyi qız yanındaydı və onu heç vaxt atıb gedə bilməyəcəkdi. Çünki onun bütün ipləri Sevərin əlindəydi. Sevər hər gün saatlarla onunla danışır, içini tökür, durmadan suallar yağdırırdı.
Günlər ötdükcə Leyla boy atır, əlləri – yarpaqları uzanırdı. O eyvandakı güllərin arasında bir şah əsəriydi.
Sevər qulluq zamanı ona daha çox vaxt ayırır, torpağını təmizləyir, suyunu verir, uzun-uzadı yarpaqlarını oxşayır, gövdəsini sığallayırdı. Böyüdüyü üçün onu iplə eyvanın tirinə pərçimləmişdi.
Leyla gülünə olan sevgisi onun gözünü bağlamışdı. Digər güllərlə maraqlanmır, hətta onlar yoxmuş kimi rəftar edirdi. Bir gün o, lap ağını çıxardı. Bütün gülləri eyvandan yığışdırıb hamısını qonum-qoşuya payladı. Onsuz da heç birinin rəngi-ruhu qalmamışdı. Küsmüşdülər sanki.
Leyla indi eyvanın bütün hakimiyyətini əlinə keçirmişdi. İndi nəinki eyvanda, hətta evdə ondan başqa gül qalmamışdı. Sevər üçün bu dünyada ondan başqa gül yoxuydu. Onun fikrincə yer üzündə bircə Leyla gülü qalsaydı, yenə dünyanı cənnətə çevirmək mümkünüydü.
Gecənin bir aləmi Sevər yuxusunu qarışdırdı. Qorxunc bir kabus gördü. Gördü ki, Leylanın yarpaqları onun boğazına dolanıb, onu boğur. Sevər qışqırmaq istəyir, ancaq ağzını aça bilmir. Ha çırpınır Leylanın əlindən xilas olmur, eləcə çarəsiz susub qalır. Son nəfəsini sevdiyi Leyla gülünün qoynunda verməyini gözləyir, amma heç onu da bacarmır. Gözlərindən axan yaşlar Leylanın üstünə düşdükcə, gül bir az da böyüyür və onu daha möhkəm sıxır. Ağrıdan yaranan göz yaşları ona yeni bir ağrı kimi geri qayıdırdı. Bu kabusun səhəri Sevər gözlərini açanda fırtınalı boz havanın şahidi oldu. Yerindən dik atılıb eyvana sarı qaçdı. Leyla o qədər böyümüşdü ki, dibçəyinə sığmırdı. Külək əsdikcə gövdəsi yellənir, yarpaqları havada bayraq kimi dalğalanırdı.
Sevər yuxulu-yuxulu eyvana atılan kimi tirə bağladığı ipə ilişdi. İp dartıldı. Leylanın dibçəyi dığırlanıb eyvanın hündürdə gül üçün düzəldilmiş taxçasının düz ucunda dayandı. Sevər ipi unudub özünü irəli atdı. O, irəli atıldıqca Leyla bir az da yuvarlandı. Küləkli, toz-torpaqlı havada birtəhər ipdən azad olan Sevər Leylaya sarı cumdu.
Əllərini uzatdı, bu an şiddətli külək qopdu, Leyla eyvandan üzü aşağı düşürdü ki, Sevər tullanıb gülün yarpaqlarından yapışdı. Leyla havada Sevərin barmaqlarının ucunda sallana qalmışdı. Külək şiddətini artırırdı. Ağırlıq Sevərin qollarını yormağa başlayırdı.
O, gülü havada bir az yelləyib qəfil hərəkətlə yandakı kondisionerin üstünə ata bildi. İstədiyi kimi də alındı. İndi eyvandan sallaşıb gülü ordan rahat götürmək olardı. Eyvanın çöl hissəsinə tərəf keçdi, bir əliylə eyvanın tirindən tutub o biri əlini Leylaya uzatmaq istədi, alınmadı. Göz gözü görmürdü. Ayağını divardakı oyuğa yerləşdirdi. Yorulmuşdu. Bir qolla asılı qalmaq işini çətinləşdirirdi. Bir ayağı havadaydı. Leylanı gözündən kənara qoymamağa çalışırdı. Oyuq yeyilməyə başladı. Əlini bir daha uzadanda ayağı sürüşdü. Başı gicəlləndi, gözləri yumuldu.
Yerə dəyəndə hələ sağıydı. Nəfəsi kəsilməmişdi. Ta ki, Leyla gülü sinəsinə düşənə qədər…