Kulis.Az Ramil Əhmədin bu günlərdə çap olunacaq "Zaman tuneli" kitabından seçmə şeirləri təqdim edir.
Uşaqlar
Uşaqlar,
bilməzsiniz olmadığınız evin səssizliyini...
Siz olmayan evlərin
sükutunun dərinliyindən
heç Məlikməmməd də çıxa bilməz.
Bilməzsiniz
sizə həsrət qalanların
evdə pişik saxlamasının ağrısını.
Qonşuda bir qadın var
dibçəkdəki güllərinə
qızım deyir, pişiyinə oğlum...
***
Uşaqlar,
siz olmayan evlərdə
televizorda heç vaxt
cizgi filmi göstərmirlər.
O evlərin nağılında
kişi qadından utanır,
qadın da kişidən.
O evlərin nağılında
bir-birini sevmirlər,
bir-birlərinə öyrəşirlər.
O evlərin nağılında
nə işıq gələn tərəf var,
nə də it hürən...
O evlərin nağılında
ancaq kişi dodaqlarının işğalı altında
qalır bir qadının döşləri...
Gözlərindən süd axır,
bəlkə də, hər ağlayanda,
kim bilir...
Uşaqlar,
siz olmasanız,
kişilər ata olmaz,
qadınlar ana...
Adəm üçün
Adəm, oxuyursansa bu şeiri,
istəyirəm biləsən ki,
biz yaşamırıq:
min ildi
sənin bir qadına
uduzmağının bədəlini ödəyirik
ömür deyilən bu şeylə...
Adəm,
şikayət ərizəsi deyil bu,
rahat ol.
Varsa, o biri dünya,
yəqin, ruhsan indi.
Nə bilim,
bəlkə, sən də min ildi yenidən doğulursan
başqa-başqa bədənlərdə.
Min ildi sən də söyürsən Adəmi,
özün olduğunu bilmədən...
Adəm, üzülmə,
təsəlli ver özünə.
De ki, eyni bezin qırağıyıq biz kişilər.
De ki, siz də olsaydınız mənim yerimdə, eyni şeyi edərdiniz.
De ki, qadınlar bir-sıfır hesabıyla öndədir həmişə.
De ki, cənnət bir qadının dişlədiyi almanın yarısına belə dəymir.
Ürəyin nə istəyir de, Adəm,
yetər ki, rahat ol, üzülmə.
Bircə öpüşlük
Adamlarla gizlənqaç oynayır güllələr,
kim yaxşı gizlənsə, o da sağ qalır...
Qadınlar kişilərini qısqanırlar
onların alnından öpən mərmilərə.
Çünki yaxşı tanıyırlar kişilərini,
bilirlər ki,
bircə öpüşlük canları var onların...
Üçü birində
Gedir bir qadın –
bətnində körpəsi,
kürəyində ayağını itirmiş əri,
bir sümükdür, bir dəri.
Bəlkə, qiyamətdir?
Yox, bu, qadın işi deyil!
İlahi komediya,
bəşəri faciədir,
şeytani bir sənətdir!
Baxmayın yaşımın azlığına,
yaxşı tanıyıram o qadını,
kürəyindəki Kişini,
bətnindəki balanı:
çölündə ümidsiz ümidlərini,
içində arzularını daşıyan
Məryəm xalanı.
Bir vaxt o kişinin yerini salardı ürəyində.
Bəs indi nə işi vardı kürəyində?
Qadın sol əlini sıxıb bətninə,
nəsə deyir şeytan körpəsinə.
Sağ əlini ərinin əlində unudub,
Allahı unutduğu kimi...
Kişi utanır olmayan ayaqlarından,
olmayanlar olanlardan daha çox utandırır adamı...
Hönkürtüsü yayılır içinə,
ağlayır için-için,
islanır qadın,
islanır uşaq,
islanır küçə,
islanır gündüz,
islanır gecə...
Gedir bir qadın –
bətnində körpəsi,
kürəyində ayağını itirmiş əri...
Bir qadın gedir,
bətnindəki uşaq da
addımlayır atasının yerinə...
Qadının canında gizli bir üşütmə:
– Sabah deməzlərmi,
bu körpənin ayaqları kimdəndir?
Qadın
getdi....getdi....getdi...
gedir....gedir....gedir...
gedəcək.....gedəcək...
Və sonra o qadın,
bətnindəki uşaq,
kürəyindəki kişi
gecənin qaranlığına qarışacaq.
– Əlahəzrət Tarix müəllim,
üçadamlıq yer varmı
tozlu bir küncünüzə tolazlanacaq?
– Var, əlbəttə, var,
amma sizin Məryəminiz
bu dəfə İsanı yox,
İudanı doğacaq!
Kapitalizm
Əvvəlcə
Hollivud ssenarili,
ağlamalı, kədərli bir film çəkmək.
Kinoteatrlarda biletini bizə satmaq.
Öz pulumuzla bizi ağlatmaq.
Sonra göz yaşlarımızı şüşələrə doldurub
üstünə “Soyuq halda için” yazmaqdır
kapitalizm.
Not:
Burada sizin reklamınız ola bilər(di)...