Vaqif Səmədoğlunun qızı ilə söhbəti

Vaqif Səmədoğlunun qızı ilə söhbəti
3 dekabr 2014
# 17:55

Xalq şairi Vaqif Səmədoğlunun qızı Nigar Vəkilova atası ilə söhbət edib...

Kulis.az həmin söhbəti təqdim edir.

Bu söhbət barədə düşünəndə gözləmirdim ki, o mənim üçün bu qədər ağır olacaq. Fiziki olaraq özünü çox yaxşı hiss etməyən insanı suallarımla narahat etmək istəmirdim. Bizim ətrafımızda zaman sabun köpüyünə bənzəyirdi və mən sanki o köpüyün içərisində oturmuşam kimi qorxurdum ki, bu köpük partlayacaq və Vaqif Səmədoğlu ilə söhbətimiz sona çatacaq. Dostlarının onu çağırdığı kimi "Vaqulya"dan nəisə çox vacib olan bir şeyi soruşmaq imkanının qaçmasından qorxurdum. Vaqulya... Öz, yaşına baxmayaraq, o, sosial şəbəkə və forumların aktiv istifadəçisidir, "Lirik" adı altında yazır və 5000-dən çox dostu var. Özünün dediyi kimi: "Çay məclisi qurmaq və onların hamısı ilə söhbət etmək üçün stadion axtarıram".

- Bilsəydin, necə ova getmək istəyirəm. Ancaq hardan biləsən, axı sən heç vaxt ovda, özü də mənimlə olmamısan. Mənimsə prinsipim var - ova qadın və uşaqları götürməmək. Eh, prosesə hazırlıq və prosesin özü nəisə qeyri-adi sirliliyə oxşar bir şeydir. Talvar qurmaq və ya kiçik çadır hazırlamaq, primus ya da qaz plitəsini yandırmaq, yeməyi isitmək, yaxud hazırlamaq, içmək, yüngülvari yemək və uzanmaq. İndi mobil telefona görə bununla çətindir. Təsəvvür edirsən, yalnızlığın ləzzətini aldığın vaxt arvad zəng edir: "Tez gələcəksən? Yaxşı" (ironiya ilə). Ancaq hərdən xüsusilə, yaralı dovşanın qışqırdığını eşitmək çox qorxuludur. Ceyran öldürmüşəmmi? Bağışla, əzizim, ancaq prokuror suallarına mən cavab vermirəm (gülür). İndi mənə ov etməyə nə mane olur? Nə ovlayacam? (gülür). Əlbəttə ki, gülməlidir, ancaq mənə yaşım yox, yaşayış yeri olaraq mənim bədənimi seçən xəstəlik mane olur. Hər şey yaxşıdır! Xəstəlik barədə danışmayacağıq, söz verirəm, narahat olma. Ancaq xəstə olduğumu bilən kimi bilirsən nə etdim? Gitara aldım.. Yadındadır gitarada necə ifa edirdim? Bəs royalda? İndi isə get-gedə daha da çətinləşir, barmaqlarımı hiss etmirəm. Ancaq buna baxmayaraq, bu yaxınlarda ingilis olan kitabımın təqdimatında royalda əla ifa etdim. Sadəyəm, elə deyilmi? (gülümsəyir)

Sentyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ədib, Xalq Şairi, ictimai xadim Vaqif Səmədoğlunun 75 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib. Tədbir çərçivəsində həmçinin yubilyarın ingilis dilində nəşr edilmiş şeirlərindən ibarət toplusunun da təqdimatı keçirilib. Kitabın tərtibçisi, "Azərbaycan international" jurnalının baş redaktoru xanım Betty Blair Vaqif Səmədoğlu yaradıcılığı haqqında təəssüratlarını bölüşüb. O zaman, həmin gecə yorğunluğun öhdəsindən gələrək, royal arxasına keçdim... Əla ifa edir!.

Təəccüblü deyil... Bülbül adına musiqi məktəbini bitirdikdən sonra gənc Vaqif Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur, onu bitirdikdən sonra Moskva dövlət konservatoriyasında uzun təcrübə illəri başladı. Moskvadan Bakıya qayıtdıqdan sonra o, konservatoriyada dərs deyirdi.

- Hə... Qocalıq, qocalıq... Yadıma düşdü, cavan vaxtı bir dəfə küçədə əfsanəvi, ancaq artıq yaşlı xanəndə Xan Şuşinskiyə rast gəldim. Ona yaxınlaşdım, salamlaşdım və soruşdum: işlər necədir, o gözlənilməz bir cavab verdi: əclaflıq qocalıqdan yaxşıdır. Yaxşı gəl, davam edək.

- Deyirlər ki, təbiət dahilərin uşaqları ilə istirahət edir. Ancaq bu halda əksinə baş verdi. Sən xalq şairinin oğlusan, öz yaradıcılıq yolunu çəkmək ağır deyildimi?

- Xoşbəxtlikdən təbiət heç vaxt istirahət etmir. Elə insanın ürəyi də... O, istirahət üçün dayansa, bizim sonumuzdur. Mən təbiətdən bic oldum və poeziyada atamı təkrarlamadım. Öz yolumu seçdim. Yəqin ki, elə buna görə, Vaqif Səmədoğlu oldum. Əks halda, ədəbiyyatda heç nəyə nail olmazdım. Yəqin ki, hansısa restoranda fortepianoda caz ifa edirdim. Elə birdəfəlik caz xəstəliyinə tutuldum.

Vaxt vardı ki, bir neçə il ərzində yerli televiziyada "Caz həvəskarları klubu" verilişini aparırdı. Əminəm - musiqini seçsəydi, o istedadlı pianoçu, cazmen qala bilərdi. Ancaq zaman bütün suallara cavab verir. Zaman ona cavab verdi ki, yarımçıq musiqiçi olmaqdansa, musiqi ilə yaşamaq daha yaxşıdı. Seçim ədəbiyyatın xeyrinə edildi.

- O vaxt, 50-ci illərdə caz qadağan olunmuş musiqi idi, Bakı da keçmiş İttifaqda orijinal - Amerika cazını etalon hesab edirdi. Rafiq Babayev o zaman əsl Amerika cazı ifaçısıydı. Biz kinofilmlər əsasında caz ifa etməyi öyrənirdik, bizim hamımızda caz ifaları olan plastinkalar var idi. Bəzən gündə bir neçə dəfə dostum Vaqif Mustafazadə ilə eyni filmə baxırdıq. Sonra onların və ya bizim evimizə vaxt itirmədən yadda qalan melodiyanı ifa etməyə qaçırdıq. Vaqiflə biz eyni məktəbdə oxuyurduq və az adam bilir ki, cazdan əlavə, Vaqif əla meyxana deyirdi. Biz - mən, Vaqif, dostum və şair Rafiq Zəka Sabir bağında öz meyxana demək bacarığımızı nümayiş edirdik. Daha sonra isə sifarişləri ilə bunu etdiyimiz qala "avtoritetləri" bizə kinoya, dondurmaya, piroqa pul verirdilər. Həmin Vaqif bizi məşhur alverçilər - Xiyar və Yaşarla tanış etmişdi. Gülmə! Bu uşaqlar əsl stilyaqa idilər və bizə də stilli görünməyə kömək edirdilər - "deşikli çəkmələr", əlavə cibli mütləq 4 düyməli gözəl köynəklər, parlaq rəngli geniş qalstuklar. Rənglərə görə bu qalstukları "cəngəllikdə yanğın" adlandırırdılar.

Bax, məni də xatirələr keçmişə apardı. Bəzən məni qayğıların, dərdin, xəstəliyin olmadığı ora qayıtmaq hissi bürüyür. Fioletov küçəsi, 6-da olan doğma dördüncü mərtəbəyə, valideynlərimin cavan, canlı və sağlam olduğu xoşbəxt dünyaya düşmək istəyirəm. Yeri gəlmişkən, atam heç vaxt bizim işlərə qarışmırdı. Bəli, o, mənim və qardaşımın stilli görünüşünə fikir verirdi və yəqin ki, düşünürdü ki, biz qadağan olunmuş musiqiyə qulaq asırıq, ancaq bu barədə narazılığını heç vaxt ifadə etmirdi.

Ata... O, rus dilini çox yaxşı bilirdi. Yüngül ləhcə ilə danışırdı. SSRİ yazıçılarının ikinci qurultayında heç kimin köməyindən istifadə etmədən yazdığı poeziya barəsində məruzə etdi. Anam isə çox gözəl və ağıllı qadın idi. Bir dəfə mağazaya girəndə oradan çıxan qadın ona dedi:

- Mənim yolumu niyə kəsirsiniz?

- Mən sənin üçün qara pişik deyiləm, Səməd Vurğunun arvadıyam! - anam dedi.

Bilirsən xatirələrin gözəlliyi nədədir? Onların əlçatmazlığında...

Bir küçə var şəhərimdə,

sakit, qısa bir küçə...

Yetmiş addım o yana,

yetmiş addım bu yana.

Bir siqaret

o yana,

bir siqaret

bu yana...

- Vaqif Səmədoğlunun şeirləri... Onlar elə gözəl və hərdən elə ağırdırlar ki, mən onları eşidəndə və ya yalnızlıqda oxuyanda sanki yun şalla üstümü örtürlər. Yalnızlıq həmişə mövcud olub və bu o deməkdir ki o lazımdır?

- Dünya böyükdür, əzizim mənim, ancaq bəzən oturmağa, istirahət etməyə yer tapılmır. Bilirsən, mənə elə gəlir ki, ən qorxulu yalnızlığı uşaqlar hiss edirlər. Yeri gəlmişkən, öz uşaqlarınıza tez-tez onlara olan sevginiz barədə deməlisiniz. İnsan tək olanda da özüylə birlikdədir, yalnız deyil. Yaradıcı adamlara, xüsusilə yazıçılara, yalnızlıq lazımdır. O, onun mövcudluğunun arealıdır, öz düşüncə yuvasından çıxma zamanı, xatirələr, sözlər, səslər və obrazlarıdır. Əsas odur ki, özünü itirməyəsən. Özünü itirərək, biz bir-birimizi tapa bilərik. Hər kəsin öz yalnızlığı var və heç kəsin yalnızlığının dəqiq təsviri yoxdur - o, rəqəmlərlə nişanlanmayıb, onun formulası yoxdur, demək ki, həlli də yoxdur.

Telefon nömrələri

oxşamaz bir- birinə.

Amma hamısında

insan səsi.

Pis günlər

oxşamaz bir-birinə:

birində özün susarsan,

birində telefon.

- Bəs sevgi?

- Sevgi... Onun da heç bir fiziki və ya tibbi əsası yoxdur. Sevginin gücü səni yalnızlıqdan azad etməkdədir. Yəni, əgər sevirsənsə, sevilirsən də. Belə deyilsə, onda zaman birgə yalnızlıqdır və ondan azad olmaq lazımdır. İllüziyalar lazım deyil, sadəcə getmək lazımdır. Bu dünyada bütün ayrılıqlar "Salam" sözündən başlayır". Əgər ailədə sevgi yox olursa, burada tək bir çıxış var - dağılışmaq lazımdır... Bəzən bu qərarı qəbul etmək əzab verir, ancaq Tanrı ilə ayrılıq daha pis ola bilər. Ancaq yadında saxla - ehtiraslı sevgi tez sönən alovdur. Sevgi alovsuz yanmalıdır və sönməməsi və boğulmaması üçün daimi oksigen çıxışı olmalıdır. Təmiz hava ilə isə indi hər yerdə problem var. İndi hətta sevginin də ekologiyası çirkləndirilib.

Gözlərim jurnal stoluna sataşır, onun üzərində səliqəli şəkildə çoxlu alışqanlar, bir neçə külqabı, ucu iti yonulmuş karandaşlar, təsbehlər yerləşdirilib. Otağın küncündə gitaralar, portsiqarlar var. Həmişə belə olub. Ancaq nədənsə məhz indi bu məni maraqlandırdı - nə üçün?

- Nə üçün? Adətdən, ya da sadəcə istəkdən. Əvvəllər ancaq bir alışqandan istifadə edirdim, indi onlardan çoxdu. Tək bu stolun üstündə 5 dənəsi var. Təsbehlər gör, necə gözəldirlər, hər bir əhval-ruhiyyəyə uyğun. Bu yaxınlarda özümə təzə pulqabı aldım. Təzə adətim peyda olub - 50 qəpikliklər toplamaq, sonra onları sevdiyim insanlara vermək. Qəribədir, hə? Amma mənim xoşuma gəlir. Bax, indi onlardan sənə hədiyyə etmək istəyirəm. Götür və mübahisə eləmə!

- Çox sağ ol. Bəs özün mübahisə edirsən?

- Yox mənim əzizim, nəyə lazımdır axı? Mübahisədə düşmənçilik yaranır. Buna görə də çoxdandır ki, özümdən başqa heç kimlə mübahisə etmirəm. Həmsöhbətlərim anlayışlı insanlardır, sənə də bunu arzu edirəm. Hətta dostum var ki, saatlarla susaraq, söhbət edə bilirəm. Bilirsən, dünyada elə şeylər var ki, onlar barəsində hətta özünlə belə danışmamalısan. İlk növbədə əlçatmayan istəklər. Nə mənası var axı? Arzulamaq olar, ancaq o da qədərində. Bilmək lazımdır ki, səndə alınacaq. Mən çoxdan öz istəklərim və imkanlarım arasında dəqiq sərhəd qoymuşam, onları pozmuram. Bunun məğlubiyyət olduğunu hesab edirsən? Hə, nə olsun? Yaxşı,qoy bu mənim məğlubiyyətim olsun, bəs onda qalib kimdir? Tanrıya uduzmaq ayıb deyil.

- Həyatda nə dəyişib?

- Başım qardan ağ olub. İllər keçdikcə başıma belə bir dərd gəldi - cavabların sayı azaldı, onlardan bəziləri yox oldu, ancaq eyni zamanda dəhşət çoxlu sayda suallar yarandı. İndi öz həyatımı sualların cəngəlliyində yaşayıram. Orada heç kim sənə cavab demir, heç kim sənin əlindən tutub, işığa doğru aparmayacaq. Cavanlıqda mənə dəstək olan, özümü güclü hiss etməyimə səbəb olan cavablar - heyif ki, onlar yoxdur. Bütöv triumf! Sualların tam qələbəsi! Və indi mən sonsuz suallarla qarşı-qarşıya qalmışam.

- İnsanlarda başa düşmədiyin nəisə varmı?

- Kədərlənməyi bacarmamaları və qaranlığa düşən kimi kibrit yandırmaq adəti. Yaşadığım illərin yüksəkliyindən deyə bilərəm ki, təbiətdə heç nə daha asan və aydın olmağa başlamır. Əksinə. Öz həyatın, yaşanmış illər və günlər barədə düşünərkən belə sual yaranır: - İlahi, o nə idi?

Mən görürdüm ki, o bir az yorulub və ona həyatının ən xoşbəxt günü barədə son sualı vermək qərarı verdim.

- Elə bir gün olmayıb! Xoşbəxt gün həddindən çoxdur. Sevinc, uğur anları olur. Daimi xoşbəxtlikdə olmaq ağır, psixi nasazlıqdır. Əzizim, bir az yoruldum, gəl mən bir az istirahət edim, sonra yenə danışarıq, olar?

Bitdi! Mənim sabun köpüyüm partladı, söhbətimizin sakitliyi sona çatdı. Çıqqıltı və sankti lenti geri çevirdilər və hər şey starta qayıtdı. Daha sonra biz bir qədər daha oturduq, onun evində içməyi sevdiyim ətirli tünd çay içdik, söhbət etdik və güldük. Bir neçə dəfə nəzərim onun danışdıqlarından daha çox maraqlı şeyi qeyd edə biləcək diktofona düşdü. Ancaq mən bunu etmirdim, bu heç kimin heç vaxt doldura bilməyəcəyi xoşbəxtlik anlarını heç kimlə bölüşmək istəmirdim. Mənə hədiyyə edilən qəpikləri isə mütləq evdə kiçik bir qutuya qoyacaq, ola bilər, allah qoysa, sənin yaşında olanda mən də onları öz sevimli insanlarıma hədiyyə edəcəm.

Buro247.az

# 1452 dəfə oxunub

Oxşar xəbərlər

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

"Qorxuram ki, o da ərə gedəndən sonra..." - Qadınlar niyə yaza bilmir?

12:00 27 noyabr 2024
“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #