Kulis.az yazıçı Xalid Kazımlının “Özünü girov götürən atanın faciəsi” hekayəsini təqdim edir.
Mən o filmə təsadüfən baxmışdım.
Pultla telekanalları vərəqləyəndə istər-istəməz hər kanalda 3-4 saniyə saxlayırdım, hansı verilişin getdiyini anlamağa çalışır, çevirirdim.
Əgər filmin verildiyi telekanala rast olarkən üç saniyəlik zaman kəsiyində “Kaspi” (film rus dilindəydi) sözünü eşitməsəydim, ötüb keçəcəkdim. Çoxu bir-birinə bənzəyən, qanlı-qadalı, tapançalı, dinamitli Hollivud filmlərinə baxmağa çoxdan təhəmmülüm yoxdur. Xüsusilə də belə filmlərin son səhnələri – müsbət qəhrəmanın minlərlə adamı ölümdən qurtarması – yalnız rişxənd doğurmağa yarayır.
Qulağıma əvvəlcə bir, sonra ikinci dəfə “Kaspi” sözü dəydi, qürub edən günəşin fonunda dəniz mənzərəsi gördüm və pultun düyməsi üstündəki barmağım boşaldı. Ekranda bir çox filmlərdən tanıdığım məşhur aktyor da vardı. Dazbaş kişiydi, adı dərhal yadıma düşmədi. Bəs o hara, bizim Xəzər hara? Maraq yarandı.
Mən baxmağa başlayanda film artıq 10 dəqiqədən artıq idi başlamışdı. Amma mən ona sona qədər baxdım. Sonradan dəqiqləşdirdim ki, o filmin adı “Qumdan və dumandan ev”dir (House of Sand and Fog).
O film İran şahı Pəhləvinin yaxın adamı, polkovnik Məsud Əmir Biraninin özünün və ailəsinin faciəsindən bəhs edirdi. Ölkəsindən məcburən didərgin düşdükdən sonra uzun illər ağır işlərdə çalışan Birani nəhayət, topladığı pulla Kaliforniya sahillərində ev alır. Onun yenicə aldığı ev vaxtilə, şahın dövründə Xəzər sahilində - ya Ənzəlidə, ya da Mazandaranda tikdirdiyi evə bənzəyir deyə polkovnik yeni evindən çox məmnundur.
Aktyorun da adını sonradan öyrəndim: Ben Kinqsli. Onu da öyrəndim ki, bu aktyor özü britaniyalı olsa da, atası qucaratdır, adı da Rəhmətulla olub. Doğularkən aktyorun özünə Krişna Pandit Bxanci adı veriblər. Sonradan ona Ben deyiblər və o, Ben adıyla da dünya şöhrəti qazanıb.
O filmdə mənə ən çox təsir edən, duyğusal ovqata kökləyən bir epizod vardı. Ben Kinqslinin həmin epizodda oynadığı rol bəlkə də dünya kino sənətinin ən ölməz, ən təsirli, ən möhtəşəm tragik epizodlarından biridir. O epizoda bənzəyən bir olay isə uzun illərdən sonra öz ölkəmizdə, Bakıda yaşandı. Bu da eyni dərəcədə təsirli bir olay idi.
Filmdəki hadisə ilə telefon vasitəsilə şahidi olduğum hadisəni bir-birinə bağlayan cəhət ata fəryadıydı. Eyni hayqırtı, eyni kədər, eyni əlacsızlıq...
Filmdə polkovnik Biraninin oğlu İsmayıl Kaliforniyadakı evin, həmin o Xəzər sahilindəki evə oxşayan mülkün güdazına gedir. Polis işçisi olan bir nəfər polkovniki silah gücünə notariat kontoruna aparmaq istəyir ki, o, evi öz köhnə sahibinə, polislə birgə yaşayan qadına qaytarsın. Bu zaman 15 yaşlı yeniyetmə İsmayıl qəhrəmanlıq etmək, polisə müqavimət göstərmək istəyir və onun açdığı atəşlə ağır yaralanır. İsmayılı ambulansla xəstəxanaya aparırlar. Birani-Kinqsli ambulansın dalınca üst-başı, əli qanlı halda, dəli kimi, “oğlumu verin, İsmayılımı verin” deyə-deyə qaçır. Nəhayət, o gəlib xəstəxanaya çatır, dəhlizdə dizlərini yerə atır, üzünü göylərə tutur, Allaha yalvarır, hər şeyini verəcəyini, heç nədə gözü olmadığını deyir, təki oğlu ölməsin. Ancaq ağır yaralanan İsmayılın həyatını xilas etmək mümkün olmur. Dünya polkovnikin gözündə qaralır və o, artıq Xəzər sahilindəki evə oxşayan həmin evin onun həyatını puç etdiyi qənaətinə gəlir, evinə qayıdır, sarsılmış, ruh halı pozulmuş arvadına öldürücü dozada yuxu dərmanı verir, sonra da özünü sellofan torba ilə boğub öldürür.
Mənim şahid olduğum epizodda da azyaşlı oğulun ölməsi, atanın fəryadı, intihara cəhdi, keçirdiyi şok nəticəsində qol qoyduğu əməl vardı.
Bu olay barədə xəbər redaksiyaya təxminən 11 radələrində gəldi. Redaksiyaya öz mobil telefonundan zəng edən bir kişi ağlaya-ağlaya, hündürdən hayqıra-hayqıra deyirdi:
- Oğlumu.... öldürdülər oğlumu.... Körpə balamı əlimdən aldılar... həyatımı məhv etdilər...
Əməkdaşımız onun mobil telefonunun nömrəsini (adamın konturu bitmək üzrəydi) aldı, nə baş verdiyini öyrənmək üçün qayıdıb ona zəng vurdu.
Məlum oldu ki, Tofiq adlı bu şəxs Naxçıvandan xəstə balasını, 5 yaşlı oğlunu Bakıda xəstəxanalardan birinə gətirib. Orada nə qədər pul-para istəyiblərsə, Tofiq verib, nə qədər dərman deyiblərsə, alıb, amma bir saat öncə soyuqqanlı şəkildə yaxınlaşıb, heç nə olmamış kimi, ona oğlunun öldüyünü deyiblər və Tofiq sarsılıb. Üstəlik, həkimlər oğlu ölmüş atadan əlavə xərclər tələb ediblər və deyiblər ki, ödəniş olduqdan sonra oğlunun meyitini təhvil ala bilər. Bundan sonra o, tamam çılğınlaşıb.
- Özümü girov götürmüşəm... Eşidirsiz? Girov götürmüşəm özümü... – Tofiq xəttin o başında qışqırırdı və onun səsi dinamiki açılmış telefon vasitəsilə otağa yayılırdı, - yaxınlaşan olsa, özümü öldürəcəm.
Bir əməkdaşımız onu dilə tutdu, digəri körpə oğlu ölən atanın özünü girov götürməsi barədə sayta informasiya yazdı. Söhbətdən, dilətutmalardan məlum oldu ki, Tofiq bir su şüşəsini ortasından sındıraraq onun ülgüc kimi iti uclarını öz boğazına, yuxu damarına dirəyib və tələb edir ki, media qurumları onun faciəsinə diqqət yetirsinlər.
- Oğlumu versinlər...- o, qışqırırdı. – Öldürdülər.... balamı pula görə öldürdülər, pul az olduğuna görə öldürdülər. Mən oğlumu istəyirəm. Versinlər oğlumu...
Adamın dərin şokda olduğu aydın idi. Hiss olunurdu ki, onun ətrafına xeyli adam da yığışıb. Orada polislərin olduğu da bilinirdi. Çünki o, hərdən “polis yaxın gəlsə, boğazımı kəsəcəm” deyirdi. Belə vəziyyətdə hər an onun əlindən xəta çıxa bilərdi. Əməkdaşımız ona deyirdi ki, dilindən çıxanların hamısı anındaca sayta yazılır, bu saat bütün ölkənin onun faciəsindən xəbəri var, qoy o, butulka sınığını boğazından aralasın və tələblərini səsləndirsin.
Tofiq hayqırırdı:
- Ta nə tələbim olacaq? Oğlumu öldürüblər. Körpə balamı əlimdən alıblar. İndi meyitini də özümə vermirlər. Mən oğlumu istəyirəm! Başqa şey istəmirəm! Heç yaşamaq da istəmirəm! Bircə oğlumu versinlər!!!
Faciəyə düçar olaraq özünü girov götürmüş atanın aksiyası barədə tezliklə başqa saytlar da yazdılar. Jurnalistlər hadisə yerinə getdilər və hadisə yerindən xəbər yaydılar. Müxbirimiz xəbər verirdi ki, artıq hadisə yerinə xəstəxananın rəhbərliyindən, eləcə də polis idarəsindən gələnlər var və onlar dərdli ataya söz verirlər ki, onun bütün tələbləri yerinə yetiriləcək, uşağın ölümündə günahı olanlar varsa, mütləq cəzalandırılacaq.
Yarım saat ərzində əməkdaşımızla birbaşa telefon rabitəsində qalan və ürəyi bu saat partlayacaqmış kimi danışan, içini tökən, ağlayan Tofiq, nəhayət, yumşaldı, kallaşmış səsi ilə:
- Heç nə istəmirəm, balamı versinlər, təyyarəylə aparmağıma icazə versinlər, götürüm, çıxıb gedim bu xarabadan - dedi və görünür, aldığı cavabdan məmnun qalaraq telefonu qapatdı.
Bir neçə saatdan sonra nazirlik baş vermiş hadisə ilə bağlı açıqlama yaydı. Həkimlərin günahı yoxmuş, uşağın xəstəliyi ağırlaşıbmış, müalicə vaxtı keçirilibmiş. Daha sonra məlumat verilirdi ki, vəfat edən uşaqla bağlı zəruri sənədləşdirilmə işi aparıldıqdan sonra meyit sahibinə təhvil verilib və tələb olunan ünvana yola salınıb.
O əhvalatın axşamı hələ də bu mövzuda danışan həmkarlarımız deyirdilər, Allah göstərməsin, bir insanın yaşaya biləcəyi ən böyük faciə körpə və ya cavan oğlunun ölməsidir. Dostlardan biri isə olaya çox soyuqqanlı yanaşdı, dedi ki, özünü girov götürən ata əslində artistlik edirdi, özünü öldürməzdi.
Ancaq yox, onun “oğlumu istəyirəm” fəryadında artistlik yox idi. Bu cür durumlarda artistlik etmək mümkün deyil. Hətta inanıram ki, aktyor Ben Kinqsli də əli, üstü-başı qanlı halda küçədə dəli kimi ambulansın arxasınca qaçan polkovnik Biraninin obrazını yaradanda da artistlik etməyib, özünü o atanın yerinə qoyaraq eyni hissləri yaşayıb.
O olayın üstündən iki ildən çox keçib. Tofiq oğul dərdini unutmuş olmaz, amma yarasının üstü qaysaqlanmış olar. İndi o, yəqin ki, övlad itkisinin yaratdığı acını ürəyinin bir köşəsində qara xal kimi gəzdirir.
Kim bilir, bəlkə də o, nə vaxtsa “Qumdan və dumandan ev” filminə baxmış olsaydı, Biraninin “oğlumu istəyirəm” hayqırtısından sarsılar, öz başına bənzər faciə gələndə, sellofan torba axtarardı...