Azərbaycanlının“zibil” təfəkkürü

Azərbaycanlının“zibil” təfəkkürü
24 iyun 2014
# 10:22

Kulis.Az fəlsəfə elmləri doktoru Həsən Quliyevin “Arxetipik azəri: mentalitetin simaları” kitabından bir hissəni təqdim edir.

Zibil

Mədəniyyət və zibil: bizim adi dünyaduyumumuzda onlar o qədər bir araya sığışmazdırlar ki, adətən bir-birlərini istisna edən hadisələr kimi dərk olunurlar. İnsanlar zibili mədəniyyətin demək olar ki, əvəzi qismində dəyərləndirməyə adət etmişlər. Əslində də mədəniyyət və zibil təbii simbioz qismində sıx bağlıdırlar və onların bir araya sığışa bilməməsi mülahizəsi təəccüb doğurmalıdır.

Real hadisə və anlayış kimi zibil mədəniyyətin məhsuludur və mədəniyyət kontekstindən kənarda yalnız əzəli təbiət mövcuddur ki, onu da zibil mənbəyi hesab etmək ağılsızlıqdır. Zibil yalnız insanın yaşam mühitində mövcud ola bilər, lakin insanın həyat tərzini və spesifik şüurunu mədəni mühit formalaşdırdığına görə zibili onun xüsusi məhsulu hesab etmək olar. İnsanlar kimi mədəniyyət də özünün xüsusi parametrləri ilə xarakterizə olunduğu üçün onların istehsal etdikləri «zibillər»də bir-birindən fərqlənirlər. Zibilin keyfiyyəti (tərkibi, miqyası, ona münasibət, onun utilizasiyasının texnologiyası və s.) mədəniyyətin özünəməxsusluğundan asılıdır. Hər bir zibildə onu dünyaya gətirən mədəniyyətin özünəməxsusluğu «gizlənir» və bu mənada zibil onun spesifik çöküntüsüdür.

Arxeoloqlar arxaik mədəniyyətləri alimlər tərəfindən ulu babalarımızın həyat tərzinin «mədəni izi» adlandırılmış məhz qalıq «zibil» vasitəsilə canlandırırlar. Əslində zibil mədəniyyətin inkişafının (kolliziyasının) təbii məhsuludur və bu baxımdan mədəniyyətin kodunu özündə ehtiva edir; arxeoloqlar da zibilin mahiyyətinin açıqlanmasının gedişində mədəniyyətin mahiyyətinin özünəməxsusluğunun dərkinə açar seçirlər. Zibil mədəniyyətin mühüm amili, onun olmasının, yaxud olmamasının göstəricisidir. Hər bir mədəniyyətin (həm diaxron, həm də sinxron planlarda) «zibil siması» mövcuddur: mədəniyyətin kvintessensiyasını təşkil edən hər hansı bir mental ənənənin özünün zibili istehsal etmək və utilləşdirmək texnologiyası mövcuddur.

Bəlkə də buna görə bir mədəniyyətin (mental ənənənin) zibili digər mədəniyyət tərəfindən zibil hesab olunmur. Tez-tez bir mədəniyyətin zibil qismində tulladığı şeyi digər mədəniyyət öz normalarından çıxış edərək «yığır və istifadə edir». Hətta eyni ənənənin hüdudlarında da mədəni mühitin və zibilin bu qəribə simbiozu açıq şəkildə özünü büruzə verir: belə ki, müasir meqapolislərin zibilliklərində insan kütlələri onlara lazım olan «məhsulları» əldə etmək üçün gəzişirlər. Bu şəhər mədəniyyətinin mənzərələrində qabarıq şəkildə zibilə iki cür münasibət özünü büruzə verir: cəmiyyətin bir (elitar) təbəqəsinin nümayəndələri zibillikləri «istehsal edirlər», digərləri isə özlərinin mədəni həyat tərzlərinə uyğun olaraq bu zibildən yenidən istifadəyə kifayət qədər yararlı məhsul «istehsal edirlər».

Mədəniyyətin təbii metamorfozları daxilində zibilin bir şərti keyfiyyətdən digərinə transformasiyası baş verir. Başqa sözlə, «mədəniyyətin güzgüsü» qismində zibilin kolliziyalarında insanların özünəməxsus həyatı və o cümlədən onların mədəniyyətə və zibilə mental münasibəti koloritli şəkildə özünü büruzə verir. Bu mənada tipik «azərbaycanlı zibili»ndə mental həyat tərzimizin bəzi xüsusiyyətlərini açıqlayan mədəni izi üzə çıxarmaq son dərəcə maraqlı olardı. Aydın məsələdir ki, azərbaycanlılar üçün də «zibil mədəniyyətin labüd çöküntüsüdür» formulu qüvvədə qalır. Bu o deməkdir ki, zibilin xarakterinə (obrazına) görə mədəniyyətin egogenezisi və özünəməxsusluğunun mental səbəbləri haqqında müəyyən təsəvvür yaratmaq olar. Yeri gəlmişkən, kriminalistlər analoji şəkildə hərəkət edirlər: cinayət törədilmiş yerin zibilindən onlar cinayətkar və onun hərəkətlərinin səbəbləri və s. haqqında dəyərli məlumat əldə edirlər.

Azərbaycanlıların zibilə münasibətində öz yaşayış sahəsi ilə «yad» ərazi arasında dəqiq sərhədlərin arxetipik demarkasiyası mühüm rol oynayır: bu dünyaların kəsişdiyi yerdə zibil koloritli və qəribə şəkildə diqqəti cəlb edir və bu mənada insan davranışının bir tipik modelindən digərinə keçidinin həssas «barometr»i vəzifəsini yerinə yetirir. Çox güman ki, bu hal onların mental şüurunda zibilə münasibətin iki strategiyasını formalaşdırır: «öz dünyası»nda o bir dəyərlər sistemindən (zibil fəlsəfəsindən), «yad dünya»da isə digərindən çıxış edə bilər. Zibilə bu ikili münasibət sərhəddə dəqiq şəkildə öz əksini tapır: «ev zibili» çox sakitcəsinə yad sahəyə, məsələn, küçəyə süpürülüb atıla bilər, burada o, zibil hesab olunmur. Zibilin evdə və yenə həmin zibilin küçədə olması eyni şey deyil, çünki situativ kontekstlər (zibilin düşdüyü mühit) prinsipial olaraq fərqlidir.

Adi Azərbaycan kəndini xəyalımızda canlandıraq: bütün ölkələrdə dinamik şəkildə yeniliklərə meyl edən şəhər həyatı ilə müqayisədə kənd həyatı daha mühafizəkar və ənənəvidir. Kənddə zibilə spesifik münasibət kənd mənzərəsində açıq-aydın nəzərə çarpır. Evlər xarici aləmdən özünkü və yad arasında sərhəd funksiyasını yerinə yetirən yüksək, dəfolunmaz hasarla ayrılmışdır. Zibil özəl aləmlər arasındakı məkana – hamının «yad» ərazi hesab etdiyi küçəyə atılır. Divar «öz aləmi»ni yad şeylərdən (kənar baxışlardan, təcavüzdən, zibildən və s.) mühafizə edir: divar ətraf mühitin təmizliyinə meyl edən özəl həyatın kolliziyasının tapmacasına çevrilir. Həyat evin daxilində zibili istisna edir (süpürüb atır), onun divarın arxasında mövcudluğu isə heç kimi narahat etmir: küçədəki zibil hamı tərəfindən sosium (fövqəlşəxsi, deməli yad) yaşam mühitinin atributu kimi dərk olunur. Buna görə də ən qəribə şey sərhədin o tayında başlayır: hamı öz zibilini «sahibsiz ərazi»yə süpürüb atır və başdan-başa zibillə örtülmüş bu ərazi xarakterik landşafta çevrilir.

Hasar mədəni həyatın şüurun paradiqmalarının (dünyanın mənzərəsinin) iki arxetipik modelinin təmasının simvolu qismində çıxış edir – özəl xeyir (təmizlik) dünyası yad şər (zibil) dünyadan hasarla müdafiə olunur. Hər gün hamı öz evində qayda-qanun yaratmaqla – zibili süpürüb küçəyə atmaqla məşğuldur. Bununla yanaşı divar zibilin evə qayıtmaq imkanını istisna edir və eyni zamanda o bu dünyalar arasında qarşılıqlı münasibətlərinə nəzarəti həyata keçirir. Gündəlik həyat bir aləmdən digərinə səyahətlərlə (keçidlərlə) səciyyələnir və zibil də analoji səyahətlər edir, analoji metamorfozalara məruz qalır). Buna görə də iki aləm arasında qalmış azərbaycanlı öz evinin təmizliyi üçün gündəlik mübarizə aparır: arxetipik baxımdan o daim zibili yad əraziyə süpürüb atmağa məhkumdur. Nəticədə onun arxetipik şüurunda fövqəlşəxsi (yad) mühitin mənzərəsi ilə assosiasiya yaradan xüsusi «zibil obrazı» formalaşır. Zibilin yanaşı (divarın dibində) olması yad aləmin – daim murdar stixiyanın yaxınlıqda olmasından xəbər verir.

Tipik bakılı qadının hərəkətlərini təsəvvür edib başa düşməyə çalışaq. Onun həyatının böyük bir hissəsi qapalı evin hüdudlarında keçir. O səhərdən axşama kimi evin daxilində səliqə-sahman yaratmaqla məşğuldur və buna görə də tez-tez zibildən yaxa qurtarmaq problemi ilə üzləşir. Problem arxetipik şəkildə həll olunur: zibil də, xalçaların tozu da birbaşa küçədən keçənlərin (yadların) başına tökülür. Onun hərəkətləri arxetipik səciyyə daşıyır, buna görə də yoldan keçənlər tərəfindən normal qarşılanır (onu da qeyd edək ki, yoldan keçən simasında olmaq o qədər də xoşa gələn deyil).

Onun davranışını mədəniyyətsizlik hesab etməyə bizim heç bir əsasımız yoxdur. Onun yoldan keçənlərə qərəzli mənfi münasibət bəsləməsini də güman etmək düzgün deyil. Onun fəal şüurunda bunlardan heç biri yoxdur. Sadəcə olaraq o, gündəlik vəzifəsi çərçivəsində adi «öz» evini zibildən təmizləmək mərasimini yerinə yetirir: arxetipik şəkildə kor-təbii olaraq ev zibildən təmizlənir – onu evdən kənar tullayırlar. Zibilə dərk olunmamış münasibətdə iki səbəb – evini təmiz saxlamağa meyl və zibilin murdar stixiya qismində «yad» əraziyə süpürülüb atılması özünü büruzə verir. Kənar müşahidəçi onun hərəkətlərində şüurlu səbəblər – təmizkarlıq və işgüzarlıq, təkəbbürlülük və nifrət, firavanlıq və bolluq görərək onun davranışını müxtəlif şəkildə şərh edə bilər. Əslində isə o qeyri-şüuri şəkildə «həmişə belə olub, hamı bu cür hərəkət edir» prinsipindən çıxış edir. Onun davranışında açıq şəkildə zibildən xilas olmağın arxaik texnologiyası özünü büruzə verir. Hər bir azərbaycanlının mental təhtəlşüurunda real hərəkətləri idarə edən «zibil arxetipi» gizlənir. Buna görə də kor-təbii (qeyri-şüuri) şəkildə zibil mənzildən süpürülüb küçəyə atılır.

Şəxsi yaşayış mühitinin belə qəribə «zibil» çərçivəsinin mənzərəsi azərbaycanlının ekoloji dünyaduyumu haqqında kifayət qədər yanlış təsəvvür yaradır. Qərb adamı üçün təbiət həmişə mədəni missiyasının obyekti qismində təsəvvür olunur və təbiətin durumu onun mədəniyyətinin göstəricisi rolunu oynayır. O daim öz mədəniyyətinin normalarını bütün ətraf mühitə (təbiətə) tətbiq etməklə məşğuldur və mühitin təmizliyi ilə hamıya öz mədəniliyini nümayiş etdirmək istəyir. Əsl Qərb hadisəsi qismində ekologiya (texnoloji) mədəniyyətin inkişafının nəticəsi və onun ətraf mühitə tətbiqidir. Qərb adamı mühiti öz mədəni standartlarına uyğun şəkildə dəyişdirir; bu baxımdan o, təbiətə münasibətdə daha ekspansivdır (təcavüzkardır).

O öz mədəniyyətinin missioner vəzifəsinin əsiridir və buna görə də hətta əldəyməmiş təbiəti də onun mədəniyyətlə bağlı təsəvvürlərinə uyğun gəlməyənə qədər vəhşi hesab edir; qalan hər bir şeyi o, mədəniyyətdən yayınma kimi dərk edir. Buna görə də zibil əhatəsində batan Azərbaycan kəndinin yaxud şəhər məhəllələrinin mənzərəsi ona «başqa» (qəribə, qeyri-mədəni, hətta vəhşi) görünür. Belə bir mənzərə Qərb adamının ekoloji hissini sarsıdır və onu bu hadisəni (arxaik vəhşiliyin rudimentini) aradan qaldırmağa təhrik edir. Qərb ekoloji mədəniyyəti normalarının güclü təsiri altında olan «mutant» azərbaycanlılar da demək olar ki, belə bir hiss keçirirlər.

Lakin azərbaycanlı üçün onun «zibil» mühiti tipik həyat tərzinin təbii məhsulu kimi görünür və o heç bir narahatlıq hiss etmir. O, evinin dövrəsindəki zibildən əzab çəkmir, çünki yaşayış mühitinin keyfiyyəti haqqında o tamamilə fərqli təsəvvürlərə malikdir. Zibili süpürüb hasarın o tayına atmaqla o özünü kifayət qədər mədəni (zibildən mühafizə olunmuş) hiss etmək üçün münasib mühit yaradır. Onun dünya mənzərəsində təbiət və xüsusilə də vəhşi təbiət mövcud deyil: təbiət «özünkü» və «yad» simbiozundan ibarət tipik yaşayış mühitinin tərkib hissəsidir. O, təbiəti və mədəniyyəti üz-üzə qoymur – öz kəndini (evini) mədəniyyətlə, ətraf mühiti isə vəhşi təbiətlə eyniləşdirmir. Təbiət və mədəniyyət müxtəlif dəyərlər sisteminə (özünkü-yad) aid edilmişlər və zibilə münasibət də həmçinin onun hansı dünyada yerləşməsindən asılıdır: zibilin «səyahətləri»nin vektoru öz evindən küçəyə tərəf yönəlmişdir.

Süpürülüb küçəyə atılan zibil mental şüur tərəfindən təbii landşaftın bir hissəsi kimi dərk olunur. Evin təmiz içi və «çirkli çölü vahid mühitin özünkü-yad parametri üzrə bir-birindən ayrılmış iki kəsmini təşkil edir. Söhbət daxilinin (özəl evinin) və xaricinin (sosial məkanın) vəhdətini təşkil edən ümumi yaşayış mühitindən gedir: onların dualizmi zibilə ikili münasibəti formalaşdırmışdır.

Xarici müşahidəçi nöqteyi-nəzərindən evin ətrafındakı «zibil» arası kəsilmədən zibildən xilas olmağa proqramlaşdırılmış şəxsi həyatın mövcudluğundan xəbər verir, daxili müşahidəçi mövqeyindən isə hasarın o tayındakı zibil təbii landşaftın – yaşayış mühitinin bir hissəsi kimi dərk olunur. Zibilin kolliziyalarının qəribəliyi münasibətlərin müxtəlifliyindən doğur. Azərbaycanlı zibilin tam utilizasiyası texnologiyasını işləyib hazırlamır, o sadəcə olaraq zibili «kənarlaşdırır», daha doğrusu, öz dünyasının hüdudlarından kənarda transplantasiya edir. Müəyyən mənada o, zibili təbii mühitinə qaytrır. Lakin yaşayış mühitinə belə bir münasibət onun mental şüurunda təbiətə açıq şəkildə etinasızlıq və yaxud mühitin ekologiyasının qəsdən pozulması kimi təsbit olunmur.

Zibilə ikili münasibət o dərəcədə dayanıqlıdır ki, spesifik arxetip haqqında danışmağa imkan verir. Azərbaycanlı zibili evin astanasından kənara ona görə atır və evinin ətrafında zibilə ona görə dözür ki, onun sələfləri bu cür hərəkət etmişdilər və özünkülər də belə yaşayırlar. Buna görə «özünkülər»dən heç kəs zibilin süpürülüb küçəyə atılması mərasiminin normallığını şübhə altına almır. Hər kəs ayrı-ayrılıqda və hamı bir yerdə analoji şəkildə hərəkət edirlər və nəticədə ümumi (sosium) «zibil» koloriti yaranır: ənənəvi yaşayış mühiti yad zibillə haşiyələnmiş «özünkülərin təmiz» dünyalarının mozaikasını təşkil edir. Hər bir kəsin təhtəlşüurunda zibili küçəyə tullamağa vadar edən «zibil» arxetipi gizlənmişdir.

Bu fərziyyə dolayısı ilə azərbaycanlının şəhərdə də özünü «kəndli sayağı» aparmasında sübuta yetirir. Şəhərdə o öz şəxsi həyatını kənd ssenarisinə uyğun modelləşdirir çoxmərtəbəli evdə özünü kənddəki kimi aparır. Fərq yalnız üfüqi kənd arxitektonikasının şaquli şəhər arxitektonikası ilə əvəz olunmasındadır. Lakin şəxsi həyatının təşkilində və zibildən yaxa qurtarmaqda şəhərlinin davranışı kəndlininki ilə eynidir: ekoloji baxımdan şəhər mənzili kənd evi kimi fəaliyyət göstərir. Mənzilin divarları iki həyat sahəsini bir-birindən ayıran iki həyat sahəsidir: bu tərəfdə öz mənzilinin təmiz içidir, o biri tərəfdə (pilləkən meydançası, giriş və s.) yad ərazi başlanır.

Mənzilin daxilində təmizliyin gözlənilməsinə cavabdeh ekoloji duyum işə düşür, xarici aləm (pilləkən meydançası yaxud küçə) isə yad ərazidir və süpürülüb atılan zibil ətraf mühitin təbii atributuna çevrilir. Şəhərli öz evinin astanasındakı zibili sadəcə olaraq görmür, çünki bu, sosium mühitinin təbii fraqmentidir: evdən kənarda o «başqa» (yad) mühitdədir və orada zibilin mövcudluğunun onun şəxsi evinə dəxli yoxdur. O, evinin içindəki zibillə küçədəkini eyni ekoloji meyar əsasında dəyərləndirmir.

Əgər belə olmasaydı, çox güman ki, «zibil əhatəsi» anlayışının özü də meydana gəlməzdi. Evin daxilində nə isə zibil qismində təsbit olunur və buna görə də süpürülüb küçəyə atılır, evdən kənarda isə bu artıq zibil yox, təbii mühitin elementidir. Siqaret kötüyü evin döşəməsinə yox, pəncərədən, yaxud nəfəslikdən küçə səkisinə atılır: mənzildən küçəyə «uçarkən» o, metamorfozaya uğrayır: zibil mühitin bir hissəsinə çevrilir. «Daxili hiss» nəyi isə evin içində zibillə eyniləşdirir, lakin həmin şey «xarici hiss» tərəfindən küçədə ətraf mühitin normal fraqmenti kimi dərk olunur.

Zibilin belə bir metamorfozası müxtəlif mədəniyyətlərdə müşahidə olunur: bəzən nə isə müəyyən bir mədəni kontekstdə zibil kimi, başqasında «qeyri-zibil» kimi (məsələn, daş yaxud ot meşədə və mənzilin döşəməsində) dərk olunur. Təmizliyin və zibilin şərtiliyi həyat tərzindən və mədəniyyətin kontekstindən qaynaqlanır. Nə isə zibil qismində küçəyə atılır, ətraf mühitin fraqmentinə çevrilir və kimsə tərəfindən işə yaraya biləcək əşya kimi götürülür. İtalyanlar yeni il gecəsi ərəfəsində bütün köhnə şeyləri küçəyə atırlar; tipik azərbaycanlılar demək olar ki, hər gün bu cür hərəkət edirlər. Əlbəttə ki, azərbaycanlı «zibil»i təbii landşaftın elementlərindən fərqləndirə bilirlər. Lakin onun üçün evində zibilin olmaması daha böyük önəm kəsb edir.

Mənzilin divarları, yaxud kənd bağının hasarı yanında onun şəxsi həyatı və məsuliyyəti sona çatır: o tərəfdə isə başqa cavabdehlik hissi tələb edən xarici yad ərazi başlayır. Küçədəki zibilin özəl həyatın mədəniyyətinə heç bir aidiyyəti yoxdur. Buna görə də heç kim heç kimi yaşayış mühitinə qarşı qeyri-ekoloji münasibətə görə məzəmmət etmir.

Lakin bəzən azərbaycanlılar öz hərəkətlərini bir qədər sərf-nəzər etməklə bu cür davranışı aradan götürə biləcəklərini düşünərkən son dərəcə yanılırlar. Əslində onların xəbəri yoxdur ki, «zibil» arxetipi onun təhtəlşüurunda gizlənmişdir və oradan onu idarə edir: buna görə də hərəkətləri çox zaman kor-təbii instinktiv xarakter daşıyır. Azərbaycanlı hər yerdə və həmişə dünyanı (sosiumu və təbiəti) özünkünün və yadın vəhdəti kimi nəzərdən keçirir: evdə yaxud çimərlikdə, meşədə (istirahət zamanı) yaxud öz bağında o bu ikili hissdən çıxış edərək hərəkət edir. O, meşədə yaxud çimərlikdə elə dincəlir ki, sanki hansı isə «hasar» onun şəxsi istirahət yerini ətraf ərazidən ayırır: süfrədə və onun ətrafında təmizlik hökm sürür, yeyib-içməyin qalıqları isə haraya gəldi atılır, süfrənin hüdudlarından kənarda yiyəsiz ərazi – mədəni yeyib-içməyin sahəsi başlayır. Öz evində və bağında isə o özünü tamam başqa cür aparır.

Arabir bəzi (qərbsayağı tərbiyə almış) azərbaycanlıların beyninə belə bir fikir gəlir ki, yaşayış mühitinə ənənəvi münasibətdə kökü kəsilməli, ya da heç olmasa dəyişdirilməli bir anomaliya mövcuddur. Başqa mədəniyyətlərin nümayəndələri ilə təmaslar intensivləşdikcə bu şübhələr də artır: narahatlıq və pərtlik hissi güclənir. Belə bir mutant zibildən yaxa qurtarmağın modelinin qeyri-normal olmasını başa düşür, lakin tam mənada anlamır ki, evin ətrafındakı zibil landşaftını şüurda qərarlaşmış arxetip «yaradır».

Buna görə də onun şüurunda yetərli ekoloji duyum formalaşdırmaqdan ötrü bu arxetipə açar tapmaq və hansı yolla isə onu dəf etmək lazımdır. Bunun üçün isə bizi arxetiplərin göstərişlərinə tabe olmağa məcbur edən mentalitetimizin həmin xüsusiyyətləri haqqında müəyyən təsəvvürə malik olmaq lazımdır.

Əgər hər bir kəsdə yalnız evinin yox, bütün ətraf mühitin təmizliyi üçün cavabdehlik hissi formalaşdırmaq mümkün olsaydı, problemi həll etmək olardı... Əgər bunu həyata keçirmək mümkün olsaydı, hər bir kəs öz kəndini, küçəsini, məhəlləsini və s. «öz aləmi» kimi dərk edərdi və onun təmizliyinin qayğısına qalardı. Hələlik isə azərbaycanlı böyük dünyaya (kəndə, şəhərə) baxışını özəl mənzilinin üfüqü ilə müəyyənləşdirir və ətraf mühitin durumu üçün məsuliyyət hissi keçirmir. Ona küçənin, kəndin, şəhərin təmizliyindən ötrü «vətənpərvər» məsuliyyət hissi aşılamaq çətindir, çünki bütün bunları onun şüuru «özünkü, şəxsi» kimi dərk etmir.

Əgər «öz dünyası»nın sərhədlərini küçəyə, kəndə, şəhərə qədər genişləndirmək mümkün olsaydı, problem sadələşərdi. Yalnız bu halda o, vətəninə, onu əhatə edən mühitə «özəl mənzili» kimi baxa bilərdi. Yalnız bu halda hər bir kəs arxetipik şəkildə böyük yaşayış mühitinin təmizliyinin qayğısına qalardı: onda kənddə yaxud şəhərdə zibilin mövcudluğu narahatlıq doğurardı və onu kənara «süpürüb tullamaq ehtiyacı yaranardı. Bu məqamda belə bir sual ortaya çıxır: bəs bu zibili haraya tullamaq olar? Onda zibilin ekoloji utilizasiyasının kollektiv strategiyasını işləyib hazırlamaq haqqında fikirləşmək olardı. Kənd, yaxud şəhər məhəlləsi hamı üçün «öz» mühitinə çevriləndə və hamı bir yerdə onları zibildən təmizləyəndə zibildən yaxa qurtarmağın başqa vasitələrinin axtarılmasının ilkin şərtləri barəsində düşünmək olardı.

Azərbaycanlı Qərb ekoloji mədəniyyətinin rasional dəlillərini dərk etməyə hazır deyildir. Bu dəlilləri qəbul etmək üçün mentalitetin bəzi parametrlərini «özünkü-yad» simbiozu (mutasiyası) baxımından islah etmək lazımdır. Mahiyyət etibarilə söhbət zibilin utilizasiyasının yeni sistemi əsasında ekotərbiyənin «mentalitet strategiyası»nın qurulmasından gedir. Başlanğıc üçün zibil arxetipinin fəaliyyətini nizamlayan aparıcı amilləri üzə çıxarmaq vacibdir. Sonra yeniləşmiş «zibil fəlsəfəsi»nə ekoloji davranış normalarını «calamağ»a cəhd göstərmək olar. Azərbaycanlılar üçün «haralısan?» arxetipinin mühüm əhəmiyyəti var; müəyyən səyin nəticəsində onun energetikasını həyat tərzinin islahına yönəltmək olar.

Məsələn, ekoloji baxımdan münasib nümunəvi şəhər və yaxud kənd (Lahıc, Zaqatala və s.) modelini tapmaq və yaxud yaratmaq olar və bütün informasiya kanalları vasitəsilə geniş miqyaslı «haralısan?» müsabiqə-kampaniyasına (yaxşı reklam, mükafatlar, festivallar və ekoloji aksiyalarla) rəvac vermək olar. Yeri gəlmişkən, bəzi ölkələrdə hər il müxtəlif nominasiyalar üzrə belə müsabiqələr keçirilir.

«Haralısan»ın zəminində zibil arxetipinin sıxışdırılmasını işləyib hazırlamaq olar. Hər hansı bir kənd, yaxud şəhər «ən mədəni və təmiz» adına layiq görülən kimi onların hamısında məsuliyyət hissi oyanar: bəziləri üçün «haralısan?» təmizliyin (gözəlliyin), digərləri üçün təhqirin simvolikasına çevrilər. Ənənəvi azərbaycanlı «vətəni»nin xoşagəlməz şəkildə təmsil olunduğu tədbirlərə son dərəcə ağır reaksiya verir. Əgər müsabiqə tədbirləri ilə məqsədyönlü şəkildə «zibil» arxetipi vasitəsilə «haralısan?» arxetipini «əzişdirsələr», «öz» kəndinin, şəhərinin, regionunun durumu üçün məsuliyyət hissinin oyanmasına ümid bəsləmək olar. Kifayət qədər bacarıqla təşkil olunmuş işin sayəsində mental-ekoloji effektiv ssenarisini işləyib hazırlamaq mümkündür.

Digər yazılar:

Azərbaycanlıların yekəqarınlıq sevgisi

Azərbaycanlıların tualeti niyə çirkli olur?

Qızın gəlinə çevrilməsində iştirak edənlər

Kişilər niyə evdən qaçır?

# 3402 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert baş tutub

09:31 27 noyabr 2024
Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
# # #