Dodağını öpən ah, saçlarımı daradı

Dodağını öpən ah, saçlarımı daradı
29 may 2014
# 13:35

Kulis.az şair Nurafizin şeirlərini təqdim edir.

***

Ömür dərs otağı... tərs oxutdular,
...əlim boş, nəfsim tox, əsəbim tarım.
Görən, neçə dəfə sinifdə qaldım,
Nəyə yaradı ki oxuduqlarım?!

Səbrimin altında sular kimiydim,
Söz-söz, misra-misra sızmaq öyrəndim.
Ömrümün hər günü yazı lövhəsi
Bəxtimin diliylə yazmaq öyrəndim.

Mən dərdi qanımla əzbərləmişəm,
Göstər qrupunu, sevib oxuyum.
Məni öz dilimdə oxuyan yoxdu,
Gəl sən dərd dilinə çevir, oxuyum!


***

Sınıxmış gümanların
Saralmış çöhrəsi nəm.
Dualar da yorulub,
Tablamır qəhrə sinəm.

Bu yığval dediyinin
Nəymiş mənnən qərəzi?
Yorulmuş təbəssümü
Çəkəmmir boş tərəzi.

Gümanım da köhnəlib,
Dözümü-tabı sınıb.
Nəynən örtüm təptəzə
Dərdlərin qapısını?!

***

Səsim ağrı geyəli
İçim ayaqyalındı.
Gümanlar sığal çəkdi,
Çölüm yaman alındı

Yenə tərs inadla
Öz üstümə yeridim.
Fikrin ayağı altda
Sükut kimi əridim.

Güvənc yerləri çat-çat,
Tanrı niyə görmədi.
Yeyib doydum ömrümü,
...nağıl dadı vermədi.

***

Çölümü sıxır qınaqlar,
Sevələr təki adamı.
Ömrümü yorub sınaqlar,
İçimi-fikir edamı.

Ölən günün piri-səbrim,
Ağı deyir diri səbrim!
Biri-ürək, biri-səbrim,
Qar döyür iki odamı.

Çölüm-içim dərdə eynən,
De, ovudum könlü nəynən?
Gedəmmirəm daha göynən,
“Daha yer çəkir adamı”.

***

Ayrılıq sıxdı məni,
Durulub şehə döndüm.
Qəm kilidli dodaqda
Bir əlçim “eh”ə döndüm.

Yol eydirdim içimə,
Özümə qarşı gəldim.
Ağrıdan əla aldım,
Yenə də naşı gəldim.

Çox üz verdim nazına,
Dərd üzümə ağ çıxdı.
Tənhalığın qapısı
Dörd tərəfdən açıqdı.

HƏR DUAMLA GÜN DOĞUR

Yorulmuş səs boydadır
Sənə çatmayan yolum.
Bir doğmalıq boyuna
Tamarzı qalıb qolum.

Yığılıb iç-içə göy,
Görüntüsü gözəcən.
Hər duamla gün doğur
İçimdən son sözəcən.

Dəniz udan gileyim
Ayrılığa tən, həyan.
Bir misralıq sükutun
Sahilində tənhayam.

ƏLLƏRİM DÜYÜN TUTUB

Əllərim düyün tutub
Ciblərimin ahından.
Düşmən daha mərd imiş
Məni yıxan yaxından.

Fikrim ocaq söndürsə...
Vaxt ehtiyac qoxuyur.
Gümanımın daş üzü
Soyuq nəğmə oxuyur.

Sükutuma çat salıb
Ağrının yaddaşıyla.
Əllərimi ovutdum
Gözlərimin yaşıyla.

ÇÖLÜMDƏ YER QALMADI

Xatirəmdən bağ salıb
Gözləyirdim bar yığım.
Gördüm ki, çox yaxında
Gizlənib uzaqlığım.

Özümlə oynamağa
Əl vermir daha yaşım.
Mən gizlənən tərəfdə
Məni satır yaddaşım.

Eh, vaxtım çatacaqmı
Payımı gözləməyə?
Çölümdə yer qalmayıb
İçimi gizləməyə.

VAXTIN ÜZÜ SOYUQDU

Yaddaşımın həniri
İsitdikcə sözümü,
Fikir boyu payladım
Damla-damla özümü.

Yadda qalan havanın
Geri dönməyi müşkül.
Sığındığım ətəyin
Kərəminə min şükür!

Ömür nə quraq keçir,
Gözlərimdə su yoxdu.
İsti-isti dur oyna,
Vaxtın üzü soyuqdu.

***

Bilsəydim ayrılıqdır,
Öpərdim gözlərindən.
Xalq mahnısından.

Gözlərindən öpərdim,
Deyirsən ayrılıqdır.
Haçalanan yol ağzı
Umudum boşa çıxdı.

Gözüm gözünə baxıb
Özünü çox aradı.
Dodağını öpən ah
Saçlarımı daradı.

Kipriyinin ucundan
Yol saldı ayrılıqlar.
Gəl öpüm gözlərindən,
Onsuz da ayrılıq var.

BAŞINI DİK TUTAN BƏNÖVŞƏLƏR

Havalar soyuyur...
Dava-dava oynayır uşaqlar,
Bakıda havalar soyuyur.

Yurd deyə-deyə
çox şeylərə qarışıb başımız,
eybimizi yuya bilmir
göz yaşımız.

İlk dəfə
yaranışdan bu yana
bənövşələr başını
əyə bilmir torpağa.
Yalandan başımızı
əysək də yerə, qağa,
həqiqət çox acıymış.

Xəcalətdən başını
dik tutan bənövşələr
Şuşadan Bakıya
uzanan darağacıymış...

# 4863 dəfə oxunub

Oxşar xəbərlər

Ədəbi mükafatlar nə  üçün təsis olunur? - Mətanət Vahid

Ədəbi mükafatlar nə üçün təsis olunur? - Mətanət Vahid

15:15 9 oktyabr 2026
"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." -  "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

"Hindli həyatını məhz Qərb formasında nəql etmək..." - "Gecəyarısı uşaqları"nı niyə oxumalıyıq?

12:00 9 oktyabr 2026
“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər