Qızların bəylər üçün ilk hədiyyəsi

Qızların bəylər üçün ilk hədiyyəsi
27 may 2014
# 10:31

Vaqif Bayatlı Odərin yeni “Bəy atlı şeirlər” kitabı çapa hazırlanır.

Kulis.az kitabdan bir neçə şeiri təqdim edir.

Min illər də ötər, amma

Tanrım, yenə, yenə

bütün qadın barmaqları

tikiş tikən anlar

onlara göylərdən kiminsə

baxdığını duyar, anlar

Harda tikiş tikən qadın, qız görəndə

mən uşağa dönmək,

onların ayaqları altına yıxılmaq istəyirəm,

onların iynə batan barmaqlarını,

hətta iynələrini min illərin analarının

min illərdi ağrıyan barmaqlarıtək

üfürüb ovutmaq istəyirəm.

Min illərdi tikiş tikmək qədər,

qırılmış düyməni tikmək qədər,

nəyisə nəyəsə bərkitmək,

birləşdirmək qədər doğma duyğu yox,

min illərdi qızların bəyləriyçün ilk hədiyyəsi

onların qırılmış düymələrini tikmək,

onları daha çox dimdik, şahanə görmək,

həm də heç vaxt ayrılmayan o düymələrlə

özlərinə, evlərinə daha çox bağlamaq olub.

Bilirəm, sevgili iynəm, düyməm mənim,

min illərdi elə sevəndə də kişilər

xəncərlə, gülləylə, hayla, küylə,

qadınlarsa daha çox tikdikləri iynəylə,

bərkitdikləri düyməylə,

üzlərini qoyduqları göylə sevərlər.

Min illər ötər, amma yenə, yenə

bütün qadın barmaqları tikiş tikən anlar

onlara iynələrin, düymələrin,

həm də göylərin baxdığını duyar, anlar.

Napoleonun qlobusları

O hələ Alp dağlarını yəhərtək

Avropanın belinə basıb

çapan kozır tuzikən,

bütün kozır dövlətlərin

kozır krallarını fərələşdirən

lovğa fransız xoruzuykən,

həm də güzgü xəstəliyinə tutulmamışkən –

yəni qarnının aşağılarını döngəsiz, tinsiz,

atının belindənsə bütün dünyanı

teleskopsuz, durbinsiz görürkən,

dəli Rusiya qarışıq bütün Avropanı

bir böyük toyuq hini sayır,

dövlətləri bir hinin toyuqlarıtək

qabağına qatır,hala gətirirdi.

Ancaq qarnı qlobuslaşdıqca,

dünya qlobusu şəklində

ancaq öz qarnını görür,

qarnını qucaqladıqca

tutduğu torpaqları –

qucaqladığı dünya qlobusunu itirirdi.

Tanrım, əzabı qıymırsan

heç bir fikrə, heç bir sözə

Tanrım, özün duydurdun bu sirri, –

hər alın yazısı bir Tanrı şeiri,

hər alın yazısı bir Tanrı şeiri,

Həm də duydurdun,

bəndələrə yazdırdığın sevincə

bəndədən də çox sevinirsən özün,

bilirəm, İlahi sevinci belə ola bilər ancaq –

sevindirdiyi bəndədən

daha çox sevinir Tanrı özü,

Duyuram, qazandığımız əzab da yenə

bizdən çox əzab verir Sənin özünə,

Həm də sözlərə əzab verəndə duyuram,

o an sözdən çox, əzab veririk Sənin özünə,

duyuram, sən tək insanlara yox,

əzabı qıymırsan, hətta heç bir fikrə, sözə,

həm də o fikirləri, sözləri

dünyanın ən gözəl, ən dadlı əzablarıyla

əzabsız yazdıra-yazdıra bizə.

Yaşamaq çox kiçik hərflərlə

Bəzən hər yerdə idarə edənlər sözünü

çox kiçik hərflərlə yazmaq,

hərdən də hətta bu sözü asmaq istəyirəm.

Ancaq sözü necə asmaq olar?!

Həm də görürəm bunu yazarkən,

bütün sözlər qəmli-qəmli baxırlar mənə –

dostumuzun beyni dəbərib yenə.

Məni bağışlayın, sözlər,dostlar,

Sizi çox incitdim ömrüm boyu,

əslində, adam özünü öldürməkdən yazanda da,

hətta özünü asanda da tək özünü asmır,

özünün həm hökm verəni,həm tamaşaçısı,

həm cəlladı, həm də qurbanı olur,

həm də hətta ölümü düşünərkən sözlərə əzab verir,

ancaq özünü asıb, özünə ölüm fərmanı vermək,

həm də özünün cəlladı olub günaha batmaq,

üstəlik də sözlərə də əzab vermək,

həm də kimlərinsə hökmüylə asılıb

hökm verənləri də, asanları da cəllad eləmək,

günaha batırmaq hamısı zor, hətta günah,

elə ona görə də özünü öldürməyin

bircə əbədi yolu qalır həmişə ancaq –

yaşamaq hələ,

yaşamaq çox kiçik hərflərlə.

"Eheyy! Göyüzünün o üzündəkilər! Kimsiniz?"

Göyüzünün o üzünə qonub göyüzünün bu yüzünü dinləyən şair

Vaqif Bayatlı Odər.

525.az

# 3456 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər