Biz Mikayıl Müşfiqi necə tanıyırıq? Hec şübhəsiz ki, bizə necə tanıtdırılırsa elə. Bəs necə tanıtdırılır? Əlbəttə ki, olduğunun əksi şəklində. Nə ücün hec şübhəsiz ki, olduğunun əksi şəkilində? Çünki, hər kəs öz inqilabi simasından məhrum edilərək simasızlaşmış, zərərsiz bir formada cəmiyyətə təqdim və təlqin olunmalıdır. Nərimanovdursa o, hökmən inqilabi kimliyindən məhrum edilməli, tərki-silah olunmalı və ondan sonra cəmiyyətə bəsit bir yazıcı, zərərsiz maarifçi kimi təqdim olunmalıdır. Mikayıl Müşfiq də bu qəbildən tərki-silah olunanlardan, simasızlaşdırılanlardandır.
Gənc nəsil Müşfiqi “ yenə o bağ olaydı “ şerinə çəkilmiş saysız-hesabsız kliplərdən, ancaq bu dar çərçivədən baxaraq tanıyır, əslində isə tanımır. Müşfiqi bizə romantik, kol dibində qızla qaçdı- tutdu oynayan, sevdiyi qızın belini qucaqlayan yüngülbeyin bir gənc tipajında təqdim etməyə çalışırlar, çünki onun bu şəkli burjua rejimi üçün təhlükəsizdir. Müşfiq bu şəkli ilə mübarizədən, inqilabi dəyərlərdən uzaqdır. Onu KİV bizə “ qırmızı imperiyanın qanlı pəncəsində “ tələf olmuş, yarından hələ doymamış yanıq bir aşiqin məhv olmuş nakam sevgi simvolu kimi təqdim edir. Tez-tez deyirlər “ Müşfiq sevgi şairi olub”, bu sözün ardından başlanır “yenə o bağ olaydı”, baxmaqdan gözümüz, qulaq asmaqdan qulağımız mazol olub, sanki Müşfiq bundan başqa heç nə yazmayıb. Sən demə bədbəxt gənc libido azarına yoluxubmuş, elə işi-gücü sevdiyi qızın xəyalları ilə mazaqlaşmaq olub. Müşfiqin bu ampluada təqdimatı bir mənalı olaraq saxtakarlıq, şairin xatirəsinə hörmətsizlikdir.
Bəs əslində ictimaiyyətdən gizlədilən, cəmiyyətə antikommunist kimi sırınmağa calışılan əslində isə Müsavata və musavatcılığa nifrət edən, 1938-ci ildə müsavat əksinqilabi terror təşkilatlarının güdazına gedən alovlu bir proletar şairi Mikayıl Müşfiq kim idi ?
Məlumat üçün deyək ki, 1908-ci ildə Bakıda ziyalı ailəsində doğulmuş və hələ 6 yaşında olarkən hər iki valideynini itirərək yetim qalan və nənəsinin himayəsində yaşayan Müşfiqin qısa həyatını şərti olaraq iki mərhələyə bölmək olar: Birinci mərhələ sosialist inqilabından əvvəlki, ikinci mərhələ isə Sovet hakimiyyəti illəri. Bu bölgü heç də təsadüfü və ancaq bizim subyektiv istəyimizdən irəli gəlmir, bu o bölgüdür ki, Müşfiq özü bunu belə təsnif edirdi, 28 aprel inqilabını özünün yenidən doğuluşu, yenidən yaranışı kimi xarakterizə etməklə.
Mən əzilən bir sinfin hayqıran,
Haqq bağıran sədasından yarandım.
Ölümlərin pəncəsində hıçqıran
Məzlumların nəvasından yarandım.
Və bu başa düşüləndir. Çünki Müşfiqin 1918-20-ci illərə, yəni Müsavat-ingilis qaraguruhunun ağalığına təsadüf edən ömür payı tam bir fəlakət idi. 11-12 yaşları olanda Müşfiq küçədə siqaret sataraq ailəsini və özünü dolandırardı. Hətta belə nəql edirlər ki, Müşfiq ilk şerlərini bədahətən küçədə siqaret sata-sata deyərmiş, amma nə olsun Məhəmməd Hadi kimi nəhəng filosof şairi cır-cındır içində küçədə diləndirən Müsavat rejimi yetim kimsəsiz Müşfiqə hansı xoşbəxt gələcəyi vəd edəcəkdi ki?
Və elə də oldu, istedadlı yeniyetmə Müsavatın 23 aylıq oyuncaq hakimiyyəti dönəmini küçədə siqaret satmaq və zərərli siqaret vərdişləriylə başa vurdu. Başqa sözlə Müşfiqin Müsavatdan ”qazancı ” siqaret oldu. 1920-ci il aprel sosialist inqilabı bütün uşaqlar kimi yetim, küçələrdə qalmış binəva Müşfiq üçündə bir ümid qığılcımı oldu. Sovet hökuməti bütün uşaqlar kimi Müşfiqi də oxutdu, ona ali təhsil verdi, şöhrətin qapılarını taybatay onun üzünə acdı. Müsavat zamanı küçədə siqaret satmaqla dolanan yetim Müşfiq sosialist inqilabından az sonra çox gənc yaşlarında şöhrətin zirvəsinə çıxdı. Bəlkə də kimlərsə deyəcək buna görə sovet hökuməti yox, Müşfiq öz istedadına borclu idi? Hə istedad çox şeydir, amma heç də hər şey deyil. Müsavat zülmətində biz çox istedadların söndüyünü, küçələrdə diləndiyini, siqaret satıb dolandığını gördük, amma Sovet hakimiyyətinin istedadlar üçün yaratdığı şərait onları küçələrdən alıb yaradıcılıq saraylarına, universitet dəhlizlərinə gətirib çıxardı. 1930-35-ci illərdə 22-25 yaşı olan Müşfiqin sovet hökuməti hesabına 10 kitabı işıq üzü gördü. Bu gün saçı-saqqalı ağarmış şairlər var ki heç iki kitabı da nəşr olunmayıb. Müşfiqin yaşında onun qədər kitabı nəşr olunmuş ikinci bir şair olmayıb, Azərbaycanda. Sovet hakimiyyəti Müşfiqə bunları verdi, bəs Müsavat nə etdi?
Mühacirətdə xarici xüsusi xidmət orqanlarına şpionluq qarşılığında aldıqları qrant pullarının bir hissəsinə Azərbaycanda minlərlə terror hadisələri törətdilər və bu azmış kimi Azərbaycanda məşhur şairlərin, yazıcıların şerlərini özlərinin əksinqilabi məcmuələrində “işıqlandırmaq” və bu şerlərə özlərindən sətiraltı , gizli əksinqilabi məzmunda şərhlər verməklə sözügedən şəxsləri DTK-nın şübhəlilər siyahısına salmağa müvəffəq oldular. Bunlardan biri də Müşfiq idi. Gənc şair Müsavat təxribatının güdazına getdi, onun üzünə durub əksinqilabçılıqda suçladılar. Üzə duranlar kimlər idi, Müsavat təxribat şəbəkəsinin ifşa olunmuş üzvləri.
Qulaqlarının dibindən bir sillə acılan kimi bülbül kimi cəh-cəh vurub başlayırdılar şairləri şərləməyə. Müşfiq və bəzi ziyalılar bu qəbildən Müsavat təxribatının güdazına getdilər, hansı ki, bu gün bu təxribatçılar bizə milli simalar, liderlər kimi təqdim olunurlar.
37-də Müşfiqlərin axırına çıxanların mənəvi ardıcılları, çox böyük mənəviyyatsızcasına ondan antikommunist büt qayırmağa çalışırlar, amma boşuna, çünki sizin kimi cızma-qaraçılardan əvvəl sovet hakimiyyəti proletar şairi Müşfiqə bəraət qazandırmışdır.
Müşfiqin işini düzgün aparmayan müstəntiqlərdən biri elə 1938-ci ildə həbs olundu, digərləri isə daha sonra cəzalarını aldılar. 1966-cı ildə Müşfiqin həyat yoldaşı olmuş Dilbər xanımın “Müşfiqsiz illər” kitabı çap olundu, Müşfiqin abidəsi qoyuldu, yaradıcılığı təkrar-təkrar nəşr edildi. Şerləri məktəb dərsliklərinə salındı, başqa sözlə proletar şairi Müşfiq vicdan bayquşlarının timsalında “bəraətçilərə” möhtac deyildir. Olsun ki, Müşfiq çox az yaşadı, cəmi 29 il, lakin çənəsi yerə dəyənəcən yaşamış bəzi “şöhrətlərdən” daha şöhrətli və daha şərəfli bir ömür yaşadı. Hər halda 100 yaş yaşayıb küçədə siqaret satmaqdansa, 29 yaş ŞAİR kimi yaşamaq daha üstündür.
28 APREL (Mikayıl Müşfiq)
***
Mən əzilən bir sinifin hayqıran,
Haq bağıran sədasından yarandım.
Ölümlərin pəncəsində hıçqıran
Məzlumların nəvasından yarandım
. ***
İnsan oğlu, uzaqlaşma, gəl yaxın;
Başqa yoldan alınmasın sorağın.
Bir günəşin, bir məsləkin, bir aşqın
Ən həqiqi mənasından yarandım.
***
Yeni eşqi, yeni zövqü yaratan,
Yeni dünya qurmaq üçün can atan,
Yeni sazın tellərini çınlatan
Beynəlmiləl havasından yarandım.
Kommunist.biz