Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlim və xalçalar” beynəlxalq sərgisinin açılış mərasimi olub.
Kulis.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunub.
Tədbirin əvvəlində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova salamlama nitqi ilə çıxış edib.
Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Rusiya Federasiyası Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov, BMT-nin Cenevrə bölməsi baş direktorunun müavini Lidiya Qriqoryeva, “365 ART” qalereyasının təsisçisi Olqa Daniel çıxışlarında dəvətə görə təşkilatçılara təşəkkür edib və sərgiyə böyük marağı qeyd edərək, onun unikal mədəni təşəbbüs kimi əhəmiyyətini vurğulayıblar.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova layihə haqqında ətraflı danışıb. “Bu gün Azərbaycan xalçasına həsr olunmuş qeyri-adi sərgi açılıb. O, xalçaçılığın bütün qaydalarına və düzgün naxışlara uyğun yaradılan, lakin müxtəlif texnikada işlənmiş Azərbaycan xalçasını təqdim etməsi ilə seçilir. Burada həm peşəkar sənətçilər, həm də uşaqların əsərləri təqdim olunur. Bu, uşaqlar üçün böyük təcrübədir, çünki onlar rəssam olmağı planlaşdıran yaradıcı şəxslərdir. Gələcəkdə onlardan hər hansı biri xalçaçı olarsa, çox şad olarıq.
Ümumilikdə, sərgi COP29 tədbirinə həsr olunub, çünki bu gün bütün azərbaycanlıların və Azərbaycanı sevən insanların nəbzi birlikdə vurur. Biz çox şadıq ki, sərgi böyük maraq doğurub”, - deyə Əminə Məlikova vurğulayıb.
Sərginin məqsədi müasir rəssamların Azərbaycan xalqının qədim adət-ənənələrinə əsaslanan əsərləri ilə tamaşaçıların diqqətini iqlim dəyişikliyi ilə mübarizənin, sağlam həyat tərzinin, ekoloji problemlərin həllinin və ətraf mühitin mühafizəsinin vacibliyinə cəlb etməkdir.
“İqlim və xalçalar” sərgisində Azərbaycan xalça sənətindən və onun ənənəvi naxışlarından ilhamlanan Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan məşhur rəssamların əsərləri nümayiş olunub. Sərgiyə gələnlər məşhur rus aktrisası, rejissor, rəssam, müğənni və teleaparıcısı Natalya Boçkaryovanın “Odda yarananlar” adlı birgə işini seyr ediblər. Burada, həmçinin Nort Park Universitetinin professoru Nnenna Okore (Çikaqo), meksikalı rəssam Pedro Sezar Peralta, rəssam, “YARAT” Müasir İncəsənət Mərkəzinin və “CHELEBI” brendinin təsisçisi Aida Mahmudova, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhməd, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslı, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov, Təranə Əliyeva və Bilgəhdəki 11 nömrəli inteqrasiya təhsilli internat məktəbinin şagirdlərinin əsərləri təqdim olunub. İnternat məktəbi şagirdlərinin işləri yun, metal, bioplastik, cuna, lif, taxta qırıntıları, tullantı və digər materiallardan hazırlanıb.
Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi Texnologiyalar Bölməsində Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının dəzgahdan kəsilməsi mərasimi olub.
Sərgi noyabrın 30-dək davam edəcək.