Sevgilisinə 12 bıçaq zərbəsi vuran K

Sevgilisinə 12 bıçaq zərbəsi vuran K
7 may 2013
# 10:30

Kulis.az məşhur rejissor Cavid Təvəkkülün hekayəsini təqdim edir.


K qarşısındakı rənglərə baxdı, dünyanın bütün rəngləri masanın üstündəydi. Rənglər K-nın üzünə baxırdılar, onun üzündə, gözündə canlanırdılar. K çəkəcəyi rəsmi bilirdi, amma keçmişi izn vermirdi ona.


K əsəbiləşdi bir anın içində, masanın üstündəki rəngləri dağıtdı, kənara atdı, masanı aşırtdı, qışqırdı, ağladı, yeni doğulmuş körpələr kimi inildədi, yerə yıxıldı, qıvrıldı, ora bura sürüşdü, içi yanırdı, daxilində bir cəhənnəm vulkanı püskürürdü sanki. Yerdə dağılmış rənglərə qarışdı K. Onun üzünə bədəninə paltarına hopdu rənglər, rəngarəng qəribə bir məxluqa çevrilirdi K, dünyanın bütün rəngləri qalib gəlmişdi ona.


K sakitləşdi, yavaş-yavaş gözlərini açdı, ətrafına baxdı, hər yerdə iri həcmli müxtəlif rənglərlə dolu qablar gördü, qırmızı, qara, mavi, yaşıl, çəhrayı…

K baxışlarını yuxarı dəyişdi, beton tavana baxırdı. Q-nı gördü tavanda, o yuxarıdan aşağı ona baxırdı, üzündə təbəssüm, gözündə yaş. K-nın yadına sevişdikləri düşdü, dostunun emalatxanasında ay işığı altında sevişdikləri, bir-birlərinə sarılıb öpüşmələrini, ilahi bir hisslərin, ehtirasların soyuq rənglərini xatırladı. Q-nın xəfif sızıltıları, açıq pəncərədən eşidilən şəhər səs küyü qulaqlarında səsləndi. Onlar sevişirdilər, onlar xoşbəxt idilər, onlar qayğısız idilər, onlar yaşayırdılar.


K Q-nın yanaqlarını ovcunda tutub gözlərinə baxıb “Səni sevirəm” dedi. Q baxışlarını çəkdi, utandımı, çəkindimi, ya bunun sonunun olmadığınımı anladısa heç nə demədi, ayağa qalxıb paltarını geyinməyə başladı. K onun kürəklərində iri qanadları gördü, sevindi, sevincdən gözləri güldü, ürəyində nələr düşündü, xəyallar qurdu.

K yerdə rənglərə boyanmış vücudunu unutmuşdu, gözləri tavanda idi, yaş axdı yanaqlarına. Təlatümlər indi onun içindəydi, amma sakit və hüznlü, lal.

K onun rəsmini çəkdiyi gündən aşiq olmuşdu ona, bunu dəqiq bilirdi, özünə yer tapa bilmədiyindən, heç kimlə görüşmək istəmədiyindən, evə getmək istəmədiyindən, ondan olan uşaqları görmək istəmədiyindən hiss eləmişdi ki, o Q-nı sevir. Gecə saatlarına kimi şəhər küçələrini gəzirdi ,heç nə yarada bilmirdi, rənglər qaçırdı ondan, hər gördüyü xanımı Q-ya bənzədirdi, kafedə tək oturub özüylə baş-başa qalanda da kənarda əyləşmiş cütlüyə baxırdı, ona elə gəlirdi ki, qonşu masadakı bəylə oturan xanım Q-dı, sükan arxasında harasa gedəndə ona elə gəlirdi ki, yol kənarında dayanan xanım Q-dı, marşrutda arxada başını pəncərəyə söykəyib əyləşmiş fikrə dalmış qızı da Q-ya oxşadırdı, K dəli olurdu sanki.


Evə gəldi qapını açdı, dəhliz qaranlıq idi, işığı yandırdı və elə o an dəhlizə yığılmış ailə üzvləri və dostlar, qəfildən yüksək səslə “happy birthday to you” oxumağa başladılar, K diksindi. K-nın həyat yoldaşının gözlərində sevinc vardı, əlindəki iri tortusa ona tərəf uzatmışdı, iki az yaşlı qızı əllərini əllərinə vurub qışqırışırdılar, dostlarsa əl çalırdılar, hamı ona sevgi nümayiş etdirirdi.


K ağlamaq istədi, amma özünü saxladı, bu gün onun doğum günü olduğunu unutmuşdu, süni təbəssümlə əvvəl yoldaşını, sonra övladlarını öpdü.


İri masa arxasında yeyib içirdilər, K-dan başqa hamı xoşbəxt idi. Həyat yoldaşı ona baxıb gülümsəyəndə də Q-nın ona baxdığını sanırdı, içində əsəbiləşirdi, reallığı dərk edib əsəbiləşirdi. Ətrafında hamıya nifrət edirdi və birdən qışqırdı.

“Rədd olun,hamınız rədd olun…”

İri masa arxasında tək qaldı.

K yatağında uzanmışdı, guya yatmağa hazırlaşırdı, həyat yoldaşı da yataq paltarında sakit, heç bir söz demədən gəlib uzandı. K onun tərəfə baxmadı. Həyat yoldaşı arxasını ona çevirdi, K yanında uzanan xanımına baxdı və özündə cəsarət topladı. “ Mən başqasını sevirəm” K-nın bu kəlməsi onun həyat yoldaşı üçün gözlənilməz oldu, amma o özünü itirmədi “Çıx get” deyə bildi.

K gözlərini tavandan çəkdi, asta hərəkətlərlə ayağa qalxdı, yavaş- yavaş çəkəcəyi tabloya yaxınlaşdı, ağ iri kətana baxdı, yerdəki dağılmış rəngləri yığdı. Palitrasında rəngləri qarışdırdı və ilk cizgiləri işlədi.

Onlar K-nın avtomobilində gedirdilər, ikisi də susmuşdu, radiodakı, həzin musiqi onları danışmağa qoymurdu. Gecənin qaranlığı və sükut, sevgi sakitliyi, dəniz kənarı yol, küləkli hava, amma içəri isti idi. Q pəncərəni açdı avtomobilini içinə soyuq dəniz küləyi daxil oldu, Q-nın saçları yelləndi. Saçlarının dağılmasından Q-nın yalnız gözləri görünürdü, üzü saçlarıyla bağlanmışdı. Q ehtiras və sevgi dolu baxışlarla K-ya baxırdı.


“Mən də səni sevirəm” deyə Q dilləndi, K bu an ən xoşbəxt adam idi, “Amma biz bir yerdə ola bilmərik” Q kiçik pauzadan sonra təkrar etdi. K soldu.


K avtomobili Q-nın yaşadığı binanın qarşısında saxladı, Q sanki düşmək istəmirdi,vaxtı uzadırdı.


“Sabah…” K dillənmək istəyəndə Q onun sözünü kəsdi “Yox… Sabah yox…Biri günü də yox…ümumiyyətlə yox…”. K susdu heç nə demədi.


Q qapını çırpıb getdi.


K dəniz kənarında avtomobilin işıqları altında küləkli soyuq havada sarı qumun üstündə oturmuşdu, gecə dəniz görünmürdü küləyin səsi də imkan vermirdi ki, dənizi eşitsin, o bura tez-tez gələrdi.
Q-nın gözləri tavana dirənmişdi, onun sol gözündən yaş axdı, amma üstündə onu “zorlayan” əri bunu görmürdü. Q bədəniylə burada idi ruhu balıq olmuşdu, balıq olmaq istəyirdi, sulara qovuşmaq keçidi qəlbindən. Q ərinin boşalıb kənara çəkildiyini də heç hiss etmədi.

K dənizə baxırdı.


Dənizdən Q çıxıb ona tərəf gəlirdi. K qorxdu, cəld hərəkətlə yerindən qalxıb avtomobilə qaçdı və oradan aralandı. K yol boyu bunun nə olduğunu anlamağa çalışdı, çalışdı.

K əsərini çəkirdi. K əziyyət çəkirdi. K nifrət edirdi özünə. K sevirdi. K yaratmaq istəyirdi. K əbədi yatmaq istəyirdi.

Q səhər evdən çıxıb həkimə gəldi, bir neçə gün idi özünü yaxşı hiss etmirdi.


”İki həftəlik” həkim xanımın bu sözləri Q-ya az sonra çatdı, gah sevindi gah kədərləndi, anlamadı sevinir, ya kədərlənir.


Q “iki həftəliyin” atasının kim olduğunu bilirdi.

Q iki həftəliyi məhv etdirdi.

Q –nın yadına K-nın çəkdiyi tablo düşdü. K dostunun emalatxanasında Q-nı qucaqlayıb ona yeni çəkdiyi rəsmi göstərdi.

“Bunu sənə ithaf etmişəm” deyib K tablonun üstündəki örtüyü kənara atdı. Q mənzərədən çaşdı, o rəsmdə dənizdən çıxan özünü gördü, ətrafında da kiçik balıqlar, amma balıqların üzləri adam sifətləri idi. Biri onun əri, biri iş yoldaşı, biri rəfiqəsi, K-nın həyat yoldaşı, K-nın dostu və müxtəlif tanış üzlər. Q bu rəsmdən qorxdu, əsəbiləşdi, qışqırdı.


“Sən özünü nə sayırsan, nə hiss-hiss salmısan, saxtadır sənin hisslərin, sən uşaq deyilsən…” deyib Q cəld hərəkətlərlə, arxasına baxmadan otaqdan çıxdı. K susdu və rəsmi yandırdı.

K dostunun sərgisində tək idi. Adamlar rəsmlərə baxaraq gəzişirdilər, sərginin ilk günü idi. K kənarda heç kimin fikir vermədiyi bir əsərin qarşısında dayanmışdı. K susurdu. Qanadlar onu susmağa vadar etmişdi, rəsmdəki mələksiz qanadlar. K bu qanadlarda qəribə bir magiya hiss edirdi, qəribə bir cazibə onu çəkirdi bu ağ və qara rəngli qanadlara.


“Salam” kəlməsi K-nı ayıltdı.

“Necəsən?” deyə K-nın keçmiş həyat yoldaşı ikinci dəfə dilləndi. K çönüb keçmiş həyat yoldaşını və yanında televizorda seyr etdiyi gic bir psixoloqu gördü. K başıyla “normal” bildirdi.

“Tanış ol… Ərimdi…” deyə K-nın keçmiş həyat yoldaşı dilləndi. K bir az çaşdı, amma özünü o yerə qoymadı. K-nın keçmiş həyat yoldaşı süni təbəssümlə onun qulağına yaxınlaşdırdı dodaqlarını.
“Onda səndən iridi” deyib K-dan aralandı və yeni ərini çəkib arxasınca apardı. Getdilər. Arxalarına da baxmadan. K susurdu. K onların arxalarıyla baxırdı. Utandı K.

“Ayrıl” deyə K dilləndi.


Q başıyla “Yox” bildirdi.

Araya sükut çökdü.


“Bəs neyləyək? Bunun axrı necə olacaq?” K sakit idi.

Q susurdu.

“Mən səni sevirəm. Mən səni paylaşmaq istəmirəm…” K susmaq bilmirdi.


Q siqaret yandırdı.

“Sən gah elə danışırsan gah da belə, mən bilmirəm neyləyim” K səs tonunu azmaz qaldırdı.
Q K-nın gözlərinin düz içinə baxdı, o onu sevirdi, amma ərini qoyub gedə bilməzdi. Q K-ya deyə bilməzdi ki, mən onu ata bilmərəm, mən onu yox səni sevirəm, amma mən məcburam.

Q susdu.

K əsərini çəkirdi. K çəkdiyi əsəri sevirdi. K çəkdiyi əsərdə əsəbini və sevgisini görürdü. K rənglərlə oynayırdı.

Onlar sənət səslərinin fonunda sevişirdilər, bir-birlərinə sarılmışdılar.


Q ayağa qalxdı və K onun kürəklərində mələk qanadları görmədi, amma həmişə bu qanadları görərdi, bu gün görmədi...

“Mən sənsiz yaşa bilmirəm”,-K kədərli baxışlarla Q-ya baxdı və dilləndi.


Q istədi ona desin ki, o bu gün əriylə danışmaq fikrindədir, amma demədi onun əvəzinə əyilib onun dodaqlarından öpüb gülümsündü.


K heç nə başa düşmədi, əsəbiləşməyə başladı, içində murdar bir məxluq oyanırdı.

“Bunun axrı necə olacaq?” K əsəbi soruşdu.


Arxası K-ya olan Q çiyinlərin çəkdi.


K-nın gözlərində sevgi nifrətə çevrildi, cəld və aqressiv ayağa qalxdı.


12 bıçaq zərbəsi vurmuşdu Q-ya...

K əsərini çəkirdi. K ağlayırdı. K uşaqlaşmışdı. K sevirdi. K kimi ikinci sevə biləcək bir adam yoxdur.

Bir neçə dəqiqə havada qaldı.


Bu vaxt otağa Q-nın əri daxil oldu.

Q –nın əri havada qalmış K-nı xilas elədi. Q-nın əri yerdə qanın içində qalmış Q-ya baxdı.

K gözlərini Q-nın ərinin qucağında açdı.

Qorxdu K. Ağladı K. Sevdi həyatı K.

Qışqırdı, ağladı, yeni doğulmuş körpələr kimi inildədi, yerdə qıvrıldı, ora bura sürüşdü, içi yanırdı, daxilində bir cəhənnəm vulkanı püskürürdü sanki, lüt bədəni qana boyanmışdı, qanın içində idi.


Q –nın əri K-nı sakitləşdirirdi. K Q-nın ərinə yalvarırdı, nə dediyini anlamırdı, Q-nı sevdiyini, hər şeyə nifrət etdiyini deyirdi.

K Q-nın ərini tanımırdı.

Adam onu sakitləşdirdi, ayağa qaldırdı onu, stulda otuzdurdu, Q-nın cəsədinə baxdı, oturub əsən titrəyən, al qanın içində yeni doğulmuş uşağa bənzəyən K-ya tərəf çöndü.


“Yeni Q yaradacaqsan..!” deyə adam dilləndi.

K çaşdı. K nə deyəcəyini bilmədi, anlamadı.

Adam düz K-nın gözlərinin içinə baxırdı.

K əsərini tamamlayırdı, o əsərinə vurulmuşdu, sevginin ona yaxınlaşdığını hiss edirdi.


K həyəcanlı idi. K son ştrixləri edib kənara çəkildi və öz əsərinə baxdı.
Aman insan, yaman insan...

Elə bu vaxt dəmir qapı peyda olub açıldı və Q-nın əri daxil oldu.
Q – nın əri asta addımlarla K-ya yaxınlaşdı, düz onun gözlərinin içinə baxdı.


K susurdu.

Onlar ikisi də insan ölçülərindən böyük olan əsərin, qarşısında dayanmışdılar.


Q –nın əri susdu və sonuncu dəfə K-ya baxdı.

K bütün cizgiləriylə Q-nın eynisini yaratmışdı, saçları, həyatdan küsmüş gözləri, bir daha onu öpməyəcək dodaqları, bir daha onu sığallamayacaq barmaqları, xırda alın cizgilərini...


Bu K-nın ən mükəmməl əsəri idi.

Q –nın əri sağ əlini tabloya yaxınlaşdırdı və Q sol əlini ona uzadaraq tablodan çıxdı.

Q K-ya baxdı əvvəl, yüngül təbəssümlə güldü onun üzünə. K havalanırdı sanki, dəli olacaqdı elə bil, amma nə isə anlamış kimi susdu və gözlərindən bir damla göz yaşı çıxdı.

Q K-ya yaxınlaşmadı. Q-nın həyat yoldaşı onu çəkib arxasınca apardı.


Q adamın ardıyla gedərək K-ya baxırdı, üzündə yüngül təbəssümlə.

Q və adam ordan çıxdılar.

K arxası üstə yerə yıxıldı, qışqırdı, ağladı, yeni doğulmuş körpələr kimi inildədi, qıvrıldı, ora-bura sürüşdü, içi yanırdı, daxilində bir cəhənnəm vulkanı püskürürdü sanki.


Və bir an sakitləşdi, hər şeyi başa düşdü, başını qaldırıb tavana baxdı. Tavan üstünə gəlirdi K-nın.


Tavanda xırda bir deşikdən mavi səmanı gördü.

Günəş şüaları altında yağışı qəbiristanlıqdakı insanlar ilk dəfə görürdülər, güclü bir yağış başladı, adamlar yağışdan gizlənmək üçün qaçdılar, müxtəlif qəbirlərə dəyərək oradan uzaqlaşmağa çalışırdılar. İnsanlar, müxtəlif qəbirləri tapdalayaraq gizlənirdilər isti yağışdan.


K rəssam emalatxanasına bənzər yerə nəyinsə bərk dəydiyini eşitdi, bir neçə dəfə, uzandığı yerdən qalxmağa heç cəhd də etmədi.


K susdu. K gözlərini yumdu. K qorxdu. K sevindi. K sevdi.

Yağış bitdi. Göy qurşağı göründü. K –nın həyat rəngləriydi bu rənglər.

# 3268 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
#
#
# # #