Bir gün olur itirərsiz Vaqifi...

Bir gün olur itirərsiz Vaqifi...
26 dekabr 2017
# 16:48

Ramiz Göyüşov

Son zamanlar dövri mətbuatda, sosial şəbəkələrdə Ağa Məhəmməd Şah Qacar və müxtəlif dövrlərdə İrana şahlıq etmiş bir sıra şahların ideallaşdırılması meylləri tez-tez yer alır. Konkret tarixi faktlar uydurmalarla, psevdopatriotik miflərlə əvəz olunur, “ideal şah” obrazı kodlaşdırılır, oxucuların, sosial şəbəkə istifadəçilərinin şüuru ilə manipulyasiya edilir. Amma yüz illər ərzində artıq milli dəyərə və milli simvola çevrilmiş Azərbaycanın ədəbiyyatının klassikləri riyakarlıqla, cahilcəsinə aşağılanır, onların həyatı, yaradıcılığı tarixi, ictimai-siyasi kontekstdən çıxarılaraq nadancasına təftiş edilir. Bu gün yerindən duran, Səməd Vurğunun yaradıcılığından, Ağa Məhəmməd Şah Qacardan, Vaqif dövrünün tarixindən o qədər də səhih məlumatı belə olmayan istənilən şəxs, müxtəlif mövzular ətrafında müsahibələrində böyük şairimiz Səməd Vurğunu ittiham edirlər, ona çamur atmaqdan çəkinmirlər. Düşmənlərimizin pusquda durduğu bir zamanda, lap kiminsə hər hansı nöqsanı olsa belə tariximizi təftiş etmək, artıq klassikləşmiş, tarixiləşmiş, xalqın, nəsillərin yaddaşına köçmüş şəxsiyyətlərimizi bu və ya digər şəkildə günahlandırmaq, ittiham etmək, bəzən təhqirlərə də keçmək düşmənlərimizə mövzu, əsas vermək deyilsə bəs nədir?

Bu yaxınlarda (2017-ci il iyunun 19-da) Bakı Dövlət Universitetinin “Mənbəəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “Teleqraf.com” saytına verdiyi müsahibəsini təəccüb və təəssüf hissi ilə oxudum. Hətta müsahibəyə qəribə bir başlıq da seçilmişdi: “Vaqifin edamına sevinirəm, Şah İsmayılın divanı isə...”.

“Mən Vaqifin öldürülməsinə heç də təəssüf eləmədim, sadəcə tarixçi kimi düşündüm ki, nə yaxşı cəzasını aldı.”

Əgər tarixçi tarixi şəxsiyyətlərə, tarixi hadisələrə belə “şəxsi” psevdoemossional münasibət bəsləyirsə onda sadə oxucunu niyə qınayaq. Görəsən 300 il bundan öncə qarışıq bir zamanda yaşayıb-yaratmış bir şairin ölümünə sevinmək etik baxımdan nə dərəcədə ədalətlidir?

Əvvəlcə istədim fikir verməyim. Lakin Anar müəllimin 31 Mart soyqırımı ərəfəsində Binəqədi rayonu ərazisində yerləşən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədbirdə, bu müsahibədə təkrar olunan fikirlərini xatırlamasaydım, bəlkə də bu qeydləri yazmazdım. Məsələnin məğzi oxuculara aydın olsun deyə, Anar İsgəndərovun müsahibəsindən bir hissəni təqdim edirəm:

“Sual: Tariximizdə qaranlıq qalan mərhələlər çoxdurmu?

Cavab: Kifayət qədər...

Sual: Bəs niyə yazılmayıb? Səbəb nə olub?

Cavab: Ədəbiyyatçılar imkan verməyib ki, tarixçilər tarix yazsın. Böyük Səməd Vurğun “Vaqif ” əsərini yaratdı. Təbii ki, bunu yerlisi üçün etdi. Amma fəxr edəcəyimiz Ağa Məhəmməd Şah Qacarı(?) elə günə qoydu ki, mən uşaq vaxtı ona nifrət edirdim. Vaqifi isə sevirdim.

Zaman keçdi, tarix oxudum və gördüm ki, Şah Qacar Azərbaycanın ən qüdrətli hökmdarlarından biri olub. Vaqifin fəaliyyəti isə çox dəhşətli idi, cəzasını da çəkdi. Cıdır düzündə oğlu ilə birlikdə faciəvi şəkildə öldürüldü.

Mən Vaqifin öldürülməsinə heç də təəssüf eləmədim, sadəcə tarixçi kimi düşündüm ki, nə yaxşı cəzasını aldı. Onun Qarabağdakı fəaliyyətini bir tarixçi kimi oxuduqdan sonra hər şey mənə aydın oldu.

Və Nəriman Nərimanov böyük şəxsiyyət olub. Amma “Nadir Şah” əsərini yazdı. İslam dünyasına istənilən tərəfdən baxanda Nadir Şah zirvədir. Nərimanov tarixçilərə icazə vermədi Nadir Şahı yazsınlar. İmkan vermədi və özü biabırçı əsər yazdı.”

Anar İsgəndərov “tarixi təfəkkür” ilə “filoloji təfəkkür”ü müqayisələndirərək “filoloji təfəkkür”ün gətirdiyi fəsadları belə “əsaslandırır”:

“O xalq ki, filoloji təfəkkür sahibidir, həmişə faciələrlə üz-üzə gəlir... tarixi təfəkkür sahibləri isə həmişə tarixdən nəticə çıxardırlar.

Bədii təfəkkürlə xalq heç vaxt dövlət qura bilməz.

Şeirlə xoş bir məclisi yola vermək olar, tarixi yox.

O, xalq ki, tarixi təfəkkürə malikdir, heç vaxt işğal altına girmir. Filoloji təfəkkürə malik xalq isə çox uzağa gedə bilməz. Çünki o göz yaşı axıtmağa hazırdır. Bax bu dəhşətlidir.”

Sual olunur. Əvvala XVIII əsrdə hansı “filoloji təfəkkür”dən söhbət gedə bilərdi? İkincisi saraylarla şeirlərin səslənməsi, divan ədəbiyyatının üstün mövqeyə malik olması hansı hökmdarın dövlət idarəçiliyinə, fatehliyinə mane olub?

Fikrimin təsdiqi üçün tarixdən bir-iki misal gətirirəm. Qüdrətli Azərbaycan Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətainin şair kimi yaradıcılığı ona hökmdarlığından az şöhrət gətirməyib və bildiyimiz qədər şairliyi dövlətin idarə olunmasında maneçilik törətməyib.

Türkiyə Cümhuriyyətinin Baş bakanı rəhmətlik Bülənd Ecevit maraqlı şeirlər yazdı-bu, onu Kıbrıs türklərinin soyqırımdan xilas etməsinə mane olmadı.

Son illər qardaş Türkiyənin iqtisadi inkişafı prezident Rəcəb Təyib Ərdoğanın adı ilə bağlıdır. O, həm də poeziya bilicisi kimi tanınır, gözəl şeirlər söyləyir.

Bununla belə bu yazıda mənim məqsədim heç də Anar İsgəndərovun psixoloji,fəlsəfi kateqoriyalar olan “tarixi və filoloji təfəkkür” barədə araşdırma aparmaq fikrində deyiləm. Baxmayaraq ki, bu fikirlər kifayət qədər mübahisə doğuran məsələdir.

Mən bir oxucu kimi tarixçinin, milli şeirimizin və ədəbi dilimizin banilərindən biri olan Molla Pənah Vaqif haqqında dediyi ədalətsiz və haqsız, mövqeyinə münasibətimi bildirmək qərarına gəldim.

Müəllifə xatırlatmaq istədim ki, 2017-ci il Molla Pənah Vaqif ilidir. Böyük şairin anadan olmasının 300 ili tamam olur və bu münasibətlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və UNESKO-nun qərarı ilə respublika və dünya səviyyəsində qeyd edilir, TÜRKSOY-un qərarı ilə bu il “Vaqif ili” elan edilmişdir.

Ölkə başçısının Sərəncamında deyilir: “M.P.Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir... Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.”

Bu yazıda mən öz əsərlərində Molla Pənah Vaqif haqqında dəyərli məlumatlar vermiş bir çox “filoloji” və “tarixi təfəkkür” sahiblərinin - Mirzə Fətəli Axundovun, “Qarabağnamələr”in müəlliflərinin, Qasım bəy Zakirin, Aşıq Valehin, Salman Mümtazın, Firudin bəy Köçərlinin, Adolf Berjenin, Həmid Araslının, Yusif Vəzir Çəmənzəminlinin, Səməd Vurğunun, Araz Dadaşzadənin, Aqil Abbasın, Nizami Cəfərovun... adlarını minnətdarlıqla xatırlamaqla sözü salnaməçilərimizə verirəm:

“Vaqif kamal, ədəb və elm sahibi bir sima idi. Əgər Çinin fəsalət səhrasının ahusu onun səlis təbinin sünbülüstanında pərvəriş tapan qəzəllərin maralı ilə bərabərlik iddiası etsə, tamamilə səhvdir.

Əgər bəlağət bədəxşanının ləli onun sinəsinin xəzinəsində toplanmış parlaq beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında xəcalətindən qızarsa, tamamilə düzgündür.”(Mirzə Adıgözəl bəy).

“Mərhum İbrahim xanın özü bəslədiyi, çalışqanlıqları və rəşadətlərinə görə dövlət və rəiyyət sahibi etdikləri başqa bəylər və evində olan qulluqçular və dövlət işlərinə baxan adamları da məşhurdurlar.

Əvvəl mərhum Axund Molla Pənah idi ki, o, əqli, tədbiri və kamalı ilə məşhurdur. İranda və Türkiyədə böyük şöhrət qazanmışdır. Təxəllüsü Vaqif idi. Onun türkcə yazdığı şeirləri ağızlarda deyirlər və dillər əzbəridir...”(Rzaqulu bəy Mirzə Camal)

“Məşhur Axund Molla Pənah bir sahibi-kəmal və müddəbir və təcrübəli və şair və xoşməqal adam idi. Əsli Qazax camaatından idi, amma gəlib Qarabağda İbrahim xanın hüzurunda izzət və şöhrət və xüsusiyyət hasil etmişdi ki, xanın ondan kənar məsləhəti olmazdı. Onun vəziri və mötəmidi idi. Və hər ümuri-hökumət və qeyridə Axund Molla Pənahın tədbiri və müşavirəsi ilə rəftar edərdi. Hər necə düşmüşdüsə, ona yaxşı inanıb etimadi-külli etmişdi ki, hamı övlad və əqrəbalarından artıq onun xatirinə və hökuməti mənzur edirdi. Və külli-ixtiyarın ona vermişdi.” (Mir Mehdi Xəzani )

Göründüyü kimi, “tarixi təfəkkür”ün daşıyıcıları da Molla Pənah Vaqifə istər şair kimi, istərsə də dövlət adamı kimi yüksək dəyər vermişlər.

Yusif Vəzir Çəmənzəminli “Molla Pənah Vaqif” məqaləsində təəssüf hissi ilə yazır: “İndiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır! Yazılanlarda tarixi materiallarla bərabər bir çox uydurucu şeylər də var. Bunun başlıca səbəbi ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir.

Halbuki, Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var.

...Vaqif haqqında çox yazmaq olar. Bu məsələnin həllini ədəbiyyatçılarımıza tərk edirəm.

Məncə, Vaqifi dövrü ilə qavramaq üçün dərin bir tədqiqat lazımdır.

Adolf Berjenin (fransız mənşəli rus Qafqazşünası -R.G.) topladığı qalın cildlər, rus müəlliflərinin Qafqaz istilasına dair yazdıqları tarixi əsər və xatirələr, İran müəllifləri tamamilə tədqiq olunmamış qalır. Vaqifin Tiflisə getməsi, Yekaterinanın İbrahim xana və Vaqifə hədiyyə göndərməsi şübhəsiz ki, Tiflis və Leninqard (Sankt-Peterburq R.G.) arxivlərinin materiallarında iz buraxmışdır. Bunlar tapılıb meydana çıxarılmalıdır... Bu sahədə tarixçilərimiz və ədəbiyyatçılarımız əl-ələ işləməlidirlər.”

Əslində böyük yazıçının bu təklifləri, arzuları Anar İsgəndərov və digər tarixçilərə bir ismarışıdır və hələ də qüvvəsində qalır.

Heç kəsə sirr deyil ki,Qorqudşünaslıq, Nizamişünaslıq, Füzulişünaslıq və s. sahələr humanitar fikrimizin mühüm istiqamətləridir. Bu baxımdan Vaqifşünaslıq əslində, tarixin indiki dönəmində Azərbaycançılığın, Qarabağşünaslığın ən gərəkli bölmələrindən biridir. Fikrimcə burada ədəbiyyatçılarla yanaşı tarixçilər, dilçilər, etnoqraflar, memarlar və hərb tarixi üzrə mütəxəssislər birgə işləməlidirlər.

Yusif Vəzir Çəmənzəminli “Qan içində” və ya “İki od arasında” tarixi romanını yazmaqla əslində Vaqifə əbədi və ədəbi bir abidə qoydu.

Əlbəttə Vaqifə qoyulmuş ən möhtəşəm abidələrdən biri də Səməd Vurğunun “Vaqif” dramıdır. Maraqlıdır və qəribədir ki, bu gün daha çox hallandırılan və ittiham olunanlar da elə Molla Pənah Vaqiflə Səməd Vurğundur. Və dərd orasındadır ki, “XX əsr şairini bəyənməyənlər, açıq və ya gizlin tənqid edənlər onun ustadına - XVIII əsr şairinə də (Molla Pənah Vaqifə - R.G.) hücum etməkdən çəkinmirlər”(Nizami Cəfərov).

Professor Anar İsgəndərov müsahibəsində bir məqama da toxunur. İnana bilmrsən ki, bu fikirlər bir professorun dilindən çıxıb:

“Böyük Səməd Vurğun “Vaqif” əsəri yaratdı. Təbii ki, bunu yerlisi üçün etdi.”

Səməd Vurğunun “Vaqif” dramının yazmasından 80 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu tənqid yenə də var. Özü də bu tənqid sağlam olsa nə vardır ki. Və bu əsassız tənqidin nümayəndəsi təkcə Anar İsgəndərov olsa, dərd yarıdır... Belə yanaşma ilk növbədə Səməd Vurğun yaradıcılığının mahiyyətini, təşəkkül və formalaşma mərhələlərinin məlumatsızlığından irəli gəlir. Təəssüflə etiraf etməliyik ki, mədəniyyətimizin və tariximizin öyrənilməsində geniş yayılmış səhvlərdən biri də odur ki, bəzi qələm sahibləri bizdən iki min il, iki yüz il, yüz il öncə yaşamış insanları bu günə gətirərək bizim kimi düşündüyünü güman edirlər. Bu qətiyyən belə olmamalıdır.

“Tarixi mövzulara müraciət xalqımızın qəlbində həqiqi milli iftixar hissinin qüvvətlənməsi ilə əlaqədardır. Onun (Səməd Vurğunun R.G.) Vaqif mövzusuna bu qədər həvəs göstərməsini və özünün əsas qəhrəmanını Azərbaycan tarixinin ən dramatik bir dövründə götürməsini təsadüfi saymaq olmaz.

“Vaqif” xalq dramıdır. Onu gücü ilk sətirlərindən ta son sətrinə qədər ifadə etdiyi xalq ruhundadır. Səməd Vurğunun poetik dühası Vaqifi heç də Molla Pənahlıqdan çıxardıb, zamanı və məkanı məlum olmayan mücərrəd və simvolik bir şəxsiyyətə çevirməmişdir. Bu bədii cəhətdən məharətlə ümumiləşdirilmiş bir surət olmaqla bərabər, həm də konkret tarixi bir şəxsiyyətdir.”(Mehdi Hüseyn)

“Vaqif” dramının yazılması səbəbləri şairin qardaşı Mehdixan Vəkilovun və əsərin rejissoru Adil İsgəndərovun xatirələrində ətraflı yazılmışdır.

Səməd Vurğunun molla Pənah Vaqif mövzusuna müraciət etməsində yumşaq desək yerliçilik axtarmaq fikrimcə sağlam təfəkkürdən uzaqdır. İstər-istəməz belə bir sual da yaranır: “Bəs Səməd Vurğuna qədər və ondan sonra Molla Pənah Vaqif şəxsiyyətinə müraciət edənlər haralı idi?

Mehdixan Vəkilov yazır:

...“Vaqif” dramını Səməd Vurğun təxminən 3-4 həftə ərzində heyrətləndirici bir sürətlə yazıb qurtardı. 1938-ci ildə “Vaqif”in səhnədə oynanılması sənət aləmində fövqəladə bir hadisə kimi qarşılandı. Az vaxt içində bütün pyes tamaşaçıların dilinin əzbəri oldu.”

Bu il böyük alimimiz, akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” adlı sanballı monoqrafiyası işıq üzü gördü. Bu mükəmməl filoloji araşdırmada böyük şairin dünyagörüşü, sənətkarlığı, dili, üslubu tarixi-bioqrafik kontekstdə sistemli şəkildə təqdim olunur.

Akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” əsərində Anar İsgəndərovun “Niyə Səməd Vurğun Vaqif şəxsiyyətinə müraciət edib?” sualına ətraflı və çox tutarlı cavabı var:

“XVIII əsr sənətkarının yaradıcılıq, şəxsiyyətində nə hikmət vardır ki, XX əsrin milli sosialist (kommunist) şair-mütəfəkkirini məftun etmişdi?

Səbəb yalnız o idimi ki, Səməd Vurğun da Vaqifin doğulduğu... böyük söz sənətkarı kimi püxtələşdiyi mahalda, etnoqrafik məkanda dünyaya gəlmişdir? Əlbəttə yalnız bu deyildi....

...Heç şübhə etmirik ki, əgər Səməd Vurğunun Vaqifə elmi təhlilə çətin gələn bu cür intəhasız məhəbbəti olmasaydı, XVIII əsrin böyük şairi sovet dövründə bu qədər rahat qəbul oluna, bu qədər populyarlaşa bilməzdi.”

Nizami Cəfərov fikirlərini davam etdirərək yazır: “Səməd Vurğunun Vaqifə önəm verməsi, bir tərəfdən onun ruhundan doğulması ilə bağlı idisə, digər tərəfdən ədəbi estetik ideyaların təsdiq edilməsi ilə əlaqədar idi. Yəni, müxtəlif istiqamətlərdən tənqidə məruz qalan şair sübut etmək istəyir (və demək olar ki, edir) ki, onun poetik üslubu kifayət qədər mötəbər köklərə malikdir ki, bunun da birincisi Vaqif yaradıcılığıdır.”

Sual yaranır: Bəs hardadır Anar müəllimin dediyi tarixi təfəkkür sahibləri? Nə idi onların qarşısını kəsən, mane olan? Niyə bu vaxtadək Vaqifə və onun dövrünə aid tarixi araşdırma aparıb, bircə barmaq tarixi arayış belə yazmayıblar?

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin məlum Sərəncamındakı bir fikri tədqiqatçıların, Vaqifşünasların diqqətinə bir daha yönəltmək istəyirəm: “Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdəndir.”

Vaqifə qədər Azərbaycan poeziyasının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi nəhəng nümayəndələri olsa da, etiraf etmək lazımdır ki, Vaqif kimi təmiz Azərbaycan (türk) dilində yazan şairimiz olmamışdır və məhz elə bu səbəbdən Vaqif bir məktəb yaratmış və Onun dili “şirin dilli” poeziyamızın cövhərini, şeirimizin mayasını təşkil edir.

Mirzə Fətəli Axundovdan üzü bəri onun haqqında yazan bütün istedad sahiblərindən tutmuş, ölkə Prezidenti möhtərəm İlham Əliyevə qədər onu qeyri-adi poeziyasını etiraf etməklə, onun poetik ruh sahibi olduğunu, onun bir məktəb yaratdığını (öyrətmə yox, məhz poeziya məktəbi, poeziya üslubu yaratdığını) fəxrlə vurğulayır.

Yazının bu yerində Görkəmli ədəbiyyatşünas alim Rüstəm Kamalın ritorik sualıni təkrarlamalı oluram: “Görəsən Molla Pənah olmasaydı ədəbi dilimizin taleyi necə olardı? Kimdən başlamalı olardıq - Seyyid Əzimdən, Abbasqulu Ağa Bakıxanovdan, Mirzə Şəfidən...?”

Ədəbiyyatımızın böyük sevdalısı Salman Mümtaz haqlı olaraq yazırdı: “Ərəbcə, farsca dərin bir məlumat və fövqəladə bir istedada malik olan bu nadir sima vəzir olduğu halda, yenə elə, xalqa yanaşmış və elə şeirlərini də tamamilə öz doğma ləhcəmizdə söyləmişdir. Cavanşir sarayı Vaqifi deyil, Vaqif sarayı mənimsəmiş və dilimizə və ədəbiyyatımıza çox böyük xidmətlər göstərmişdir”.

Badi-səba, bir xəbər ver könlümə,

Ol güli-xəndanım neçün gəlmədi?

Xəyalım şəhrini qoydu viranə

Sərvərim, sultanım, neçün gəlmədi.

Və ya

Vaqifəm, görmüşəm bir türfə didar,

Çəkərəm görməyə bir də intizar,

Hər kəsin dünyada bir qibləsi var,

Mən də yönüm sənə sarı tutmuşam.

Və yaxud

Yenə məni yanar-yanar odlara,

Dağılmış ayrılıq saldı, sevdiyim!

Mən ha getdim möhnət ilə, dərd ilə,

Can sənin yanında qaldı, sevdiyim!

Ol Xədicə haqqı, Səkinə haqqı,

Xeyrənnisə haqqı, Əminə haqqı,

Kəbə, Məkkə haqqı, Mədinə haqqı,

Dərdin də Vaqifi aldı, sevdiyim!

Dilimizin, ləhcəmizin və ruhumuzun bu incilərini oxumaq və təkrarlamaq istəyirsən. Bu misraların şəhdi-şəkəri hələ zaman-zaman ruhumuzu qidalandıracaqdır.

Akademik Nizami Cəfərov demişkən: “...Vaqifin (və Səməd Vurğunun) “şirin dili” bütün maneələrə rəğmən, müasir Azərbaycan ədəbi dilini formalaşdırdı, müasir ədəbiyyatın, elmin, publisistikanın ifadə-ünsiyyət vasitəsinə çevrildi, tarixin qırılmağa hesablanmış bağları (xronologiyası) bərpa edildi...

Səməd Vurğun Vaqifi nə dərəcədə müasirləşdirdisə, Vaqif də Səməd Vurğunu o səviyyədə tarixiləşdirdi.”

Böyük Səməd Vurğun da bu dilin gücünü, sehrini dahi fəhmi həssaslığı ilə dərk etmiş, onu özünə bir mayak seçmişdir. Səməd Vurğun üçün Vaqifin “şirin dili” dilimizin adı və obrazıdır.

Axıtdım alnımın incə tərini,

Yanmadım ömrümün iki ilinə.

Rusiya şeirinin şah əsərini,

Çevirdim Vaqifin şirin dilinə.

Vaqifin şeirlərini oxuduqca bu dilin poetik sehrinə, duyğularımızın ifadə gücünə, mənaqurma poetikasına vurulursan. Məhz Vaqifin dili bu xalqı böyütmək imkanına malikdir. Bu dildə danışmağınla, Azərbaycanlı olmağınla fəxr edirsən, sən qürur duyursan ki, sənin dilin dünya xalqlarından birinin dili olmaqla, böyük bir xalqın dilidir. Sənin xalqının milli-mənəvi dəyərləri var, öz mədəniyyəti və nəhayət öz ədəbiyyatı var və nə qədər xoşbəxtsən ki, sənin ədəbiyyatın, poeziya səltənətin bu dildə yaradılır, bu dildə yazılır. Sənin dilin dünya miqyasında öz yeri, öz sözü, öz nüfuzu olan müstəqil və qüdrətli bir dövlətin dilidir.

Doğrudan da, bu bir möcüzədir. Bir xanlığın vəziri olasan, saray (divan) şeirinin içində olasan, xalqın ruhunu qoşmada ,müxəmməsdə bu səviyyədə dilləndirə biləsən!

Təbiidir ki, Vaqifin yaradıcılığı və fəaliyyəti barədə söhbət açarkən onun yaşadığı dövrdən danışmamaq mümkün deyildir. Onun bütün həyatı xanlıqlar dövrünə düşdüyü üçün qısaca olaraq o dövr barədə də fikirlərimi bölüşmək istədim.

Əlbəttə tariximizin xanlıqlar dövrü Azərbaycan tarixinin faciələr, qırğınlar, dağıntılar, aclıqlar, xəstəliklər, səfalətlərlə dolu ibrətli bir hissəsidir. Dəhşətlisi budur ki, bu faciələrin çox hissəsini özümüz öz başımıza gətirmişik, özümüz özümüzə qəmin kəsilmişik, özümüz öz kökümüzü məhv etməyə, həris, acgöz olmuşuq. Yadellilərlə mübarizədə birləşmək əvəzinə, əksinə bir-birimizi məhv etmək üçün elə həmin yadellilərlə ittifaqa girmişik. Gah ruslarla, gah gürcülərlə, gah farslarla, gah da türklərlə ittifaqa girərək ən gözəl qızlarımızı kəniz, ən igid oğlanlarımızı zaval (girov) verərək öz sülalə, tayfa hakimiyyətimizi, şəxsi hakimiyyət maraqlarımızı qorumağa, saxlamağa çalışmışıq. Öz hakimiyyətimizi qorumaq üçün xanlarımız bir-birinə qənim kəsilib, bir-birinin nəslini, kökünü məhv edib. Hətta bu yolda öz doğmalarının başına min oyunlar açmış, gözlərini çıxartmış, boynunu vurdurmuş, müxtəlif işgəncələrlə edam etməkdən belə çəkinməmişlər.

Düşüncələrimin təsdiqi üçün dəyərli tarixi əsərlər müəllifi, yazıçı-publisist, millət vəkili Aqil Abbasin “Batmanqılınc” romanından bəzi sitatları bu yazıya daxil etməyi gərəkli saydım.

Aqil Abbas yazır: “İranda sülalələr arasında gedən qanlı savaşlar bu zavallı ölkəni qaynar qazana döndərmişdi... Ucsuz-bucaqsız İran imperiyası parça-parça olaraq, 20-yə qədər müstəqil xanlıqlara, kiçik feodal dövlətlərə bölünmüşdü. Bu kiçik feodal dövlətlərsə, bir-birinin ətinə yerikləyirdi... Əhali rəzil vəziyyətə düşmüşdü. Bu qurtarmaq bilməyən davalar, axıdılan nahaq qanlar, dəhşətli qardaş qırğını insanları insanlıqdan çıxartmışdı... Ölkənin kələfi dolaşmışdı. Hakimiyyət iddiasında olan kəslər bu kələfi açmağa çalışmaqdansa, öz ağılsız cəngavərlikləri ilə onu daha da dolaşdırırdı... Azərbaycan xanlıqları qılıncları birləşdirmək və boş qalmış İran taxt-tacına yiyələnmək, vahid bir dövlət yaratmaq haqqında deyil, bir-birilərinin torpaqlarını ələ keçirmək barədə düşünürdülər. Biri digəri ilə birləşib üçüncünü əzməyə, üçüncü də başqa bir müttəfiq tapıb, başqa birisini məhv etməyə can atırdı. Özləri də intizarla gözləyirdilər ki, görən İranda şah kim olacaq – Qacar, yoxsa Lütvəli xan, ya başqa birisi. Elə bil ki, bunların alnına yazılmışdı ki, tarix boyu İran şahlarına tabe olsunlar, onların sözü ilə oturub dursunlar... Bu xanların gücü vardı, qüdrəti vardı, amma siyasəti yox idi. Ümumiyyətlə, bu xanlar həmişə siyasətdən uzaq olmuşdular...”

Aqil Abbas xanlıqlar dövründə müharibələrin, çəkişmələrin acı nəticələrini səciyyələndirərək yazır:” Qarabağda İbrahim xan elə bilirdi göydə Allahdı, yerdə o! Şirvanda Mustafa xan Gəncədə Cavad xan! Bu xanların allahı bir idi, özləri ayrı, torpaqları, camaatı bir idi, başları üstündə dalğalanan bayraqları, əqidələri ayrı. Bu ayrılıqlar yıxdı Azərbaycanın evini.”

Böyük Məmməd Araz demişkən:

Məndən ötdü...

Bunu dedi Şəki xanı.

Bunu dedi Bakı xanı,

Bunu dedi İbrahim xan,

Fətəli xan, Kəlbəli xan...

Qəza ötsün məndən, –dedi,

Ötən kimi “mən- mən” dedi:

“Mən-mən” dedi bir ölkədə

Nə qədər xan.

Onlar “mən-mən” deyən yerdə

Sən olmadın Azərbaycan!

Səndən ötən mənə dəydi,

Məndən ötən sənə dəydi.

Səndən, məndən ötən zərbə

Vətən, vətən sənə dəydi...

Milli dövlətçilik təfəkkürünün formalaşmasında, poetik üslubların inkişafında xanlıqlar əhəmiyyətli(xüsusən Qarabağ xanlığı) rol oynasa da Azərbaycan xanlarının pərakəndə fəaliyyətlərinin nəticəsi idi ki, onlar zaman –zaman yadellilərin hücumlarına məruz qalırdılar.

Azərbaycan torpaqlarına göz dikənlərdən biri də Ağa Məhəmməd Şah Qacar idi. Əslən Azərbaycanlı olmasına, Səfəvilər imperiyasını bərpa etmək iddiasında olmasına baxmayaraq onun Qarabağ xanlığına hücumu bu ərazidə qanlar tökməsi, qırğınlar törətməsi tarixi faktdır.

Tarixi mənbələrdən məlumdur ki, 1782-ci ildə İran xanədanında Qacarlar sülaləsinin bünövrəsini qoyan (Qacarlar 1925-ci ilə qədər İranda hakimiyyətdə olmuşlar) İran şahlarının tarixində “Axta Şah” kimi adlandırılan Ağa Məhəmməd Şah Qacar kifayət qədər ziddiyyətli bir şəxsiyyətdir.

Fikri-zikri, niyyəti İran şahlığının əzəli sərhədlərini bərpa etmək və genişləndirmək olan Ağa Məhəmməd Şah Qacar Şuşaya 3 dəfə hücum edib:

1794-cü ildə o, İbrahimxəlil xandan itaət etməyi, bu məqsədlə də oğlunu girov göndərməyi tələb etdi. Lakin İbrahim xandan rədd cavabı aldıqdan sonra, onun üzərinə 8 min nəfərlik qoşun göndərdi. İbrahim xanın tərəfdarları Qacarın qoşununu Əsgəran qalasının yanında qarşıladı və məğlub edərək qovdu.

Qacar Şuşaya ikinci dəfə 1794-cü ilin yayında hücum etdi. İbrahim xandan son dərəcə qəzəblənmiş Qacar Şuşa üzərinə 85 min nəfərlik qoşun yeritdi. İran qoşunları Şuşanı almaq üçün dövrün ən müasir silahlarından və bunun üçün xaricdən gətirilmiş və təlim keçmiş döyüşçülərdən istifadə edirdilər. Daşaltı çayının sol tərəfində Şuşanı top atəşinə basdıran Qacarın cəhdləri heç bir nəticə vermir. Nəhayət, o əsəbləşərək, İbrahim xana məktub göndərir. Molla Pənah Vaqifin də Qacarla ilk qiyabi qarşılaşması bu zaman baş verir. Qacar məktubda yazmışdı:

Zi-məncənəq-fələk səg-fitnə mibarəd,

To əbləhanə girift miyan-Şişə qərar.

(Fələyin mancanağı fitnə daşını sənin üstünə yağdırır, sən isə axmaqcasına Şişənin içində (qalanın) gizlənmisən).

İbrahim xan Qacarın məktubuna cavab yazmağı Vaqifə həvalə edir. Vaqif məktubu oxuyaraq, onun arxasına yazır:

Gər nigahdari-mən anəst ki, mən midanəm,

Şişəra dər bağəli-səng nigah midarəd.

(Məni qoruyub saxlayan mən tanıdığımdırsa, inanıram ki, O, Şişəni daşın içində də qoruyar.)

Səməd Vurğun bu tarixi epizodu “Vaqif” dramında belə səhnələşdirmişdir:

“... Sərkərdə (daxil olur):

Şahım qayıtmışdır bizim elçilər.

Qacar: “Oxu gör nə yazır Qarabağ xanı!”

Vəzir: “Şahım! Bu şeirdir bəs cavab hanı?”

Qacar: “Oxu deyirdin ki, şairləri var,

Yəqin ki, cavabı mənzum yazmışlar!”

Vəzir (həyəcanla oxuyur):

“... Göydən başımıza odlar da yağsa,

Bu ellər baş əyib, xar ola bilməz.

Mayam turş ayrandır, zatın qırıqdır,

Söyüd ağacında bar ola bilməz.

Basma ayağını bizim torpağa,

İlandan, əqrəbdən yar ola bilməz.”

Qacar 33 gün mühasirədən sonra Şuşanı ala bilməyib, geri döndü və Tiflisi talan etdi.

1797-ci ilin yazında Ağa Məhəmməd Şah Qacar yenidən artıq üçüncü dəfə böyük bir qoşunla Şuşaya hücum etdi. Şəhər 1795-ci ildəki mühasirədən, quraqlıqdan qarət və talanlardan, aclıq və xəstəliklərdən özünə gələ bilməmişdi. Belə bir vəziyyətdə qalanın müdafiəsini 1795-ci ildəki kimi təşkil edə bilməyəcəyini hiss edən İbrahimxəlil xan yardım gətirmək adıyla ailəsi ilə birlikdə Şuşanı tərk edərək, Car-Balakənə - qohumlarının yanına pənah gətirdi.

Başsız qalmış şəhərə Qacar müqavimətsiz daxil oldu.

Bir daha qayıdıram Anar İsgəndərovun müsahibəsinə. O deyir:

“Amma fəxr edəcəyimiz Qacarı elə günə qoydu ki, mən uşaq vaxtı ona nifrət edirdim.”

Qacarın zalım və zülumkar olduğunu təsvir edən bu yazıda misallar gətirdiyim təkcə Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun deyildi.

Aqil Abbas yazır:” …şahənşahın bitib tükənməz qəzəbini yalnız və yalnız su yerinə axacaq al-qan sakitləşdirə bilərdi. O, məsləyinə doğru uzanan bu çətin yolu meyitlərin üstündən keçib gedə bilərdi və heç uf da deməzdi. Və bu, elə beləydi. Əsrin qəddarlığı Qacarın xasiyyətilə birləşir və onu daha da sərtləşdirir, qaniçən edirdi.”

Tarixçilərin və salnaməçilərin demək olar ki, mütləq əksəriyyəti onun zülmkarlığını təsvir etmişlər. Onun vuruş meydanlarında, səltənət ətrafında müvəffəqiyyətləri artdıqca, insanlara nifrəti, qəzəbi, kini də getdikcə dərinləşirdi. Tarixi mənbələrdən məlumdur ki, o, hakimiyyət uğrunda mübarizədə qardaşlarından birinin gözlərini çıxartdırmış, o birini isə namərdcəsinə öldürmüşdü.

İran şahı Kərim xan Zənddən intiqam almaq üçün onun sümüklərini qəbirdən çıxartdıraraq, taxtın önündə ayağının altında basdırmışdı ki, hər gün onu tapdalasın.

İndi isə Qacardan mərhəmətli və ədalətli böyük Azərbaycan hökmdarı obrazı yaradılır, Molla Pənah Vaqif isə Qarabağ xanlığının ruslara satılmasında ittiham edilir.

Tarixçi olmasam da bəzi məntiqi qənaətlər ortaya çıxır.

Əgər Azərbaycanın Rusiya tərkibinə daxil olmasından söhbət gedirsə, o zaman Azərbaycan deyilən məmləkət yox idi. Və əgər söhbət Qarabağ xanlığından, onun Rusiya təbəəliyini qəbul etməkdən gedirsə:

- Vaqif elə bir külli ixtiyar sahibi deyildi ki, xandan icazəsiz qərar qəbul edərək bu işə razılıq verə. Çünki o zaman Azərbaycan ərazisində ən böyük xanlıq bütün ölçülərdə Qarabağ xanlığı idi ki, bu xanlığın da başında yenə də Azərbaycan xanları arasında ən böyük nüfuza sahib olan İbrahim xan idi və yalnız o, bu qərarı qəbul edə bilərdi .

- Bəs Azərbaycanın digər xanlıqlarını Rusiyanın tərkibinə daxil olmasını kim müəyyənləşdirdi? Bəlkə bunun da günahkarı və ya səbəbkarı Vaqif idi? Bəs onda Quba xanı haqqında niyə susuruq?

- 1797-ci ildə Vaqif Məmməd bəy Cavanşir tərəfindən edam edildikdən sonra İran şahlığı ilə münasibətləri yaxşılaşdırmaq xatirinə, hətta öz sevimli qızı Ağabəyim Ağanı Fətəli şaha hərəm, oğlu Əbülfət bəyi zaval göndərdikdən sonra, yenə də Rusiya ilə ittifaqı möhkəmləndirirsə, sonradan qaynı-erməni Cümşüdün xəyanətkarcasına satqınlığı nəticəsində rusların Şuşadakı nümayəndəsi mayor Lisaneviç (bu o Lisaneviç idi ki, 1804-cü ildə Gəncədə Cavadxanı və oğlu Hüseynqulu ağanı da qətlə yetirmişdi) tərəfindən ailəliklə qətlə yetirilirsə və bundan sonra İbrahim xanın oğlu Mehdiquluxan ruslarla ittifaqa sadiq qaldığını bildirirsə, bunundamı günahkarı M.P.Vaqif idi?

(Qarabağ xanlığı uğrunda nə qədər qəhrəmanlıq və şucaət gostərməsinə,nə qədər qorxmaz ,hiyləgər və cəngavər olmasına baxmayaraq tarix heç bir zaman Vaqifin qətlinə görə Məmməd bəy Cavanşiri bağışlamayacaq və gələcək nəsillər onu nifrətlə yad edəcəkdir.

Nə qədər zülmkar, rəhmsiz və qəddar olmasına baxmayaraq hətta Qacar Molla Pənah Vaqifə qıymamışdı.

”Qacar Vaqifə də şairliyinə və əhali arasında böyük nüfuza malik olduğuna görə toxunmamışdı. Amma xanlığın vəziri, dövrün əvəzsiz şairi nəinki Qarabağda, eləcə də bütün Azərbaycanda, Rumda, İranda böyük hörmət sahibi olan Molla Pənah Vaqif bu ağsaqqal vaxtında öz evində dustaq edilmiş, qapısına gözətçilər qoyulmuşdu. “(Aqil Abbas)

Ancaq bu gün az qala ozamankı Qarabağın xilaskarı kimi təqdim olunan Batmanqılınc Məmmədbəy Cavanşirsə nə qədər qənirsiz gözəl olsa da, “bir atdan düşüb, o birisinə minən” bir qadına görə və ya əmisi İbrahim xanının yerinə göz dikdiyinə görə, onun tərəfdarı, uzun illər Qarabağ xanlığına sədaqətlə xidmət etmiş, M.P.Vaqif kimi bir kamal və mərifət sahibini, nəhəng tarixi şəxsiyyəti oğlu Qasım ağa ilə birlikdə edam , evini isə vəhşicəsinə talan etdirərək, bütün əlyazmalarını məhv etdi.

“Demək olar ki, bütün həyatını yeniyetməlik illərindən başlayaraq, yazı-pozuya həsr etmiş bir insanın bir cümlə və ya misra yazısının (əlyazmasının R.G.) qalmaması Molla Pənah Vaqifin taleyinin, bəlkə də ən böyük paradoksu idi ”(Akademik Nizami Cəfərov)

Əslində “toy-bayramdır bu dünyanın əzabı” deyən şairin faciəsi idi.

Və nəhayət 1813-cü ildə Rusiya ilə İran arasında gedən uzunmüddətli müharibədən sonra məğlub olaraq, indi Azərbaycan deyilən məmləkətin iki yerə bölünməsinə qol çəkən tərəflərdən biri – Qacarlar sülaləsinin görkəmli nümayəndəsi Abbas Mirzə Qacarın Azərbaycanın ikiyə bölünməsinə qol çəkməsinin, razılıq verməsinindəmi günahkarı M.P.Vaqif idi?

Bəs necə oldu ki, 1813-cü il və 1828-ci il müqavilələrindən sonra 1925-ci ilə qədər (yüz ildən çox müddət ərzində İranda şahlıq tacını daşıyan həmin o milliyyətcə azərbaycanlı dediyimiz Qacarlar bu 100 ildə niyə heç olmasa bircə dəfə (belə tarixi məqamlar tarixdə olmuşdur) yarıya bölünmüş Azərbaycanı birləşdirməyə cəhd etmədilər?

Beləliklə qeydlərimi tamamlayaraq belə qənaətə gəlirəm ki, bəlkə də, tarixin o “yanlışlığı” nəticəsində Azərbaycanın heç olmasa bir hissəsi – Şimali Azərbaycan ozamankı Rusiyanın tərkibinə daxil olub sonradan müstəqilliyimizi elan etdik, daha sonra bərpa etdik.

Əgər biz də Cənubda yaşayan qardaşlarımız kimi İranın tərkibində qalmış olsaydıq çox güman ki, əlifbası, dövləti, dövlət dili olmayan bir kəsim kimi İranın tərkibində yaşayacaqdıq.

İndi bizim “Azərbaycan” deyilən müstəqil və qüdrətli dövlətimiz, dövlət dilimiz, öz paytaxtımız, ordumuz, bayrağımız, himnimiz, prezidentimiz var. Və mən bu yazıya cənab Prezidentimiz İlham Əliyevin məşhur ifadəsini daxil edirəm:

“Azərbaycan tarixin bütün dövrlərində heç vaxt indiki kimi güclü, qüdrətli və müstəqil olmayıb.”

Son olaraq Molla Pənah Vaqifə və böyük Səməd Vurğuna qara yaxanlara sadə bir şeyi xatırlatmaq istəyirəm. Molla Pənah Vaqif şəxsiyyəti və yaradıcılığı tarixin müxtəlif dönəmlərində, müxtəlif ictimai-siyasi proseslərində zamanın sərt, amansız sınaqlarından çıxaraq, 300 ildir ki, yaşayır.

Bu 300 ildə çox oxuyanlar və yazanlar gəldi –getdi. Ancaq heç kim Vaqif kimi tarixləşmədi, simvollaşmadı.Necə ki,

“Hər oxuyan Molla Pənah Vaqif ola bilməz.”

Eləcə də:

Heç vaxt axar sular durğun olmadı,

Alovlu ürəklər yorğun olmadı,

Çoxu Vurğun oldu xalqa, Vətənə,

Ancaq Vurğun kimi, vurğun olmdı.

Molla Pənah Vaqifin cismani yoxluğundan ötən 220 il ərzində onun şəxsiyyətinə və yaradıcılığına müxtəlif səviyyələrdə yüksək dəyər verilmişdir.

Qalxacaq, şairin bir gün heykəli,

Bizim Qarabağın Cıdır düzündə ,

Vaqif canlanacaq onun özündə.

deyən böyük Səməd Vurğunun arzu-diləyini gerçəkləşdirən, böyük azərbaycanlı,Ulu Öndər Heydər Əliyev Vaqifin 265 illik yubileyi günlərində Şuşada, Cıdır düzündə onun qətlə yetirildiyi yerdə, qəbrinin üstündə məqbərə ucaldaraq, 1982-ci ildə qarlı-şaxtalı bir qış günündə onun təntənəli açılışını etdi.Bu hadisə Böyük Öndər tərəfindən Vaqif fenomeninə verilən yüksək dəyərin nümunəsi idi. Və mən əminəm ki, zaman gələcək Ulu Öndərin Vaqifə ucaltdığı məqbərə onun davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən bərpa ediləcəkdir.

# 4523 dəfə oxunub

Oxşar xəbərlər

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

"Elə bil qorxa-qorxa" pyesi haqqında - Zəhra Həşimova

21:00 25 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
#
#
# # #