Vasif Süleyman
Darmacalda olanda belə, mümkün olduğu qədər, mütaliəmi axsatmıram. Son vaxtlar zamansızlıq ucbatından oxumalı olduqlarımın bir çoxunu gecikdirirəm.
Amma istedadlı şair dostumuz Faiq Balabəylinin “Bayıldan bayıra” kitabı adlı ilk nəsr kitabını oxumağı ləngidə bilmədim. Bir neçə il əvvəl onun “Kəsilməyən həyəcan fiti” adlı publisistik kitabını da beləcə həvəslə oxumuşdum. Tək səbəbi müəllifin kitabı şəxsi müşahidələri əsasında, hadisələrin birbaşa iştirakçısı olaraq yazması idi. Eynilə “Bayıldan bayıra” kitabı kimi…
“Qanun” nəşriyyatında işıq üzü görən “Bayıldan bayıra” kitabı Faiq Balabəylinin ilk və bəlkə də sonuncu nəsr kitabı olacaq (əslində arzulamıram sonuncu olsun, çünki Faiq Balabəyli poeziyada olduğu kimi, nəsrdə də böyük sözə sadiqdir) deyə bilmərəm. Amma kitab haqqında demək istədiklərimin olduğunun fərqindəyəm.
Bu kitabda cərəyan edənlərin çoxunun Faiqin müşahidəçisi olduğunu bilirəm (Zamanın dolaylarını həmişə mərdliklə adlayan Faiq Balabəyli bir zamanlar bu dolayların birində amansızcasına ilişib qalmışdı. Bu amansızlıq “Bayıldan bayıra” kitabının yazılmasına vəsilə oldu. Bilmirəm, buna görə o amansız dolaya təşəkkürmü edim… Bir oxucu olaraq). Amma “Bayıldan bayıra”nı yazıb-ərsəyə gətirmək üçün o mənzərəni illərlə dayanıb müşahidə etmək yetərli deyil. Ona həm də yazar ürəyi, yazar eşqi lazımdır.
Kitabda Faiq Balabəylinin “Lənətlənmiş həyat” povesti və hekayələri yer alıb. Povest dövri mətbuatda çap olunduğundan əvvəlcə hekayələrini oxudum. Çünki illər öncə oxuduğum povestin qəhrəmanı Mamedin başına gələnlər, suçu olmadığı halda dəfələrlə məhbus həyatı yaşaması və çəkdiyi zülümlər hələ də yaddaşımdadır.
Mentalitetə uyğun edilən cinayət”, “Masallı Mamed”, “Baxışın ürək parçalayan həyatı”, “Təbrizli dustağın xəstəliyi” və digər hekayətləri intizarsız oxumaq mümkün deyil. Faiqin qəhrəmanları - “Lənətlənmiş həyat” povestindəki Məmməd də, hekayətləri ürək sökən dəllək Abgül də, Xosrov dayı da, Kəlçə ayamalı Rüstəm də, Hilal kişi də onlara Yaradanın verdiyi zaman kəsiyinin – ömrün bir hissəsini AZADLIQdan uzaqda keçirənlərdir. Burdakı hekayətlərin ən maraqlı tərəfi ondadır ki, ön sözün müəllifi İlqar Fəhmıni yazdığı kimi, yazıçı öz qəhrəmanlarını anlamağa, hətta bəzən də haqq qazandırmağa çalışır.
“Mentalitetə uyğun edilən cinayət”in qəhrəmanı Hilal kişi hekayətini danışdığı həmsöhbətinə - yəni müəllifə hər şeyi olduğu kimi danışır: “Bir nəfərin qəssab dükanları vardı, həm də çoxlu qoyun-quzusu. Kəsdiyimiz çörək gözümü tutsun, yalan deyirəmsə, onun öz qoyunlarını özünə satırdım. Dostlaşmışdıq. Mən tutulanda kədərləndi, dedi ki, sən mənim çörək ağacım idin”. Təsəvvür edin, bunu danışan mal-qara oğurluğu üstündə həbs olunan Hilal kişidir.
“Lənətlənmiş həyat” povesti haqqında ayrıca danışmaq olar. Amma… “Bayıldan bayıra” gedən yolların nə zamansa bayırdan Bayıla da aparmağı var. Hər bayırdan Bayıla gedən də “Bayıldan bayıra” deyib kitab bağlamır. Bu, kitabı oxuyandan sonra gəldiyin ilk qənaət belə olur. Sonrakı qənaətlərin nə olduğunu demək Faiqin mənim kimi coxsaylı oxucularının bu kitabı oxumaq haqqını əlindən almaq kimi olar.