Ciddi ədəbiyyat nəyə deyirsiz?

Ciddi ədəbiyyat nəyə deyirsiz?
5 mart 2014
# 13:20

Hər sahədə olduğu kimi, ədəbiyyatda da inkarçılıq, bəyənməzlik baş bəlasıdır. İndiki zamanın ədibləri bütün dövrlərdə sələflərindən bəhrələnə-bəhrələnə onları inkar ediblər. Gün gəlib, inkar edilmək növbəsi onlara da çatıb.

Dövrümüzdə bu tendensiya daha da aktuallaşıb. İndi nəinki 30, 40, 50, 100, hətta 300, 500 il əvvəlin şah əsərlərini də müasir meyarlarla qiymətləndirib asanlıqla inkar edirlər. Bəzən ifrata varıb “o əsərlər yerli-dibli olmasaydı, ədəbiyyat heç nə itirməzdi” deyirlər.

Problem hansısa ədibləri və ya əsərləri inkar etməkdə, yamanlamaqda deyil, ondadır ki, öz yazdıqlarının şedevr olduğunu iddia, ədəbiyyat tarixində bu cür əsərlərin analoqu olmadığını güman edənlər demək olar ki, ədəbi janrların da hamısını inkar edir, səliqəli şəkildə qatlayıb qırağa qoyurlar.

Məsələn, söhbət uşaq ədəbiyyatından düşür. “Dahilər”dən biri dərhal deyir: “Ağzınızda uşaq ədəbiyyatı deyirsiniz, ciddi ədəbiyyat deyil”.

Söz macəra romanlarının üstünə gəlir. Trafaret cavab hazırdır: “Ciddi ədəbiyyat nümunələri deyil, onlar əyləncə üçün yazılıb”.

Bəs detektiv romanlar? “Onlar ciddi oxucu kütləsi üçün deyil”. Hətta detektiv əsərlərin oxucularına yuxarıdan aşağı baxmaq kimi şakər də var.

Satirik-yumoristik əsərlərdən söz düşərsə, rəy budur: “Oxumaq olar, amma ciddi ədəbiyyatçılar içində satiriklərin yeri yoxdur”.

“Fantastik əsərlər sırf fantaziya məhsuludur, həyatiliyi yoxdur”.

“Memuarlarda bədiilik azdır, faktların birtərəfli konstatasiyası var, nə bilmək olar ki, müəllif öz sözünün göyçəyini yazmayıb”.

“Tarixi əsərlərdə mötəbərlik azdır, o dövrlərdə heç də indiki təfəkkür tərzi ilə düşünməyib, müasir leksikonla danışmayıblar”.

“Qoşma, gəraylı, müxəmməs, qəzəl köhnə dövrlərin poetik janrlarıdır, ölüb gedib, indi heç kim belə yazmır. Müasir şeirdə əsas məsələ forma deyil, məzmundur, fikirdir”.

“Alleqoriya, təmsil janrı da arxaikləşib. İndi sözü dolandırmadan, birbaşa demək tələb olunur. Təmsillər despotların tam hökmran olduğu vaxtların populyar janrıydı, indi Avropada oturub nə təmsil yazacaqsan? Ciddi görünməz”.

Ta nə qaldı? Hansı janr qaldı ki, ona ağız büzülməsin?

Hələ əsərlərin mövzuları ayrıca mübahisə mövzusudur.

Dominant rəy belədir: Məhəbbətdən yazmaq dövrü keçib. Bu mövzuda Şekspir və Füzuli yazıb, işi bitiriblər. Hazırda sevgi romanları xüsusi bir janra çevrilib və ciddi ədəbiyyat sayılmır.

Tənha, psixikası pozulmuş manyaklardan yazmaq bica işdir. Faletti “Mən öldürürəm”i yazıb, söhbəti bağlayıb.

Bəlkə qorxunc mafiyalardan yazmaq olar? “Xaç atası” yazılıb, bundan artıq nə yazmaq olar?

Varlı təbəqə ilə kasıb zümrənin insanları arasındakı ziddiyyətlərdən saysız-hesabsız əsərlər yazılıb, yenidən bu mövzuya qayıtmaqla oxucuya yeni bir şey demək olmaz.

Hazırda dünya üzərindki dövlətlərin üçdə ikisində müstəbidlər hökm sürsə də, bu mövzuya da damğanı Markes “Patriarxın payızı” ilə vurub.

Seks, narkotik maddələr, ər-arvad xəyanəti mövzusu pozğunluğu təbliğ edir, o mövzuda yazmaq ciddi ədiblərin işi deyil.

Beləliklə, əl dəyməmiş mövzu da yoxdur. Nə üz tutulası janr qalıb, nə təzə-tər mövzu, nə örnək götürüləsi klassik ədib, nə sitat gətiriləsi şedevr əsər.

Bir sıra qələm adamları bu cür yaza-yaza, danışa-danışa söhbəti absurda qədər aparıblar. Ümumilikdə mənzərə belədir. Yalnız kiçik, xırda istisnalar var. Bu cür ədəbiyyat xiridarları yalnız özlərini ixtisaslaşdığı janrı ciddi sayır, yalnız özlərinin və dostlarının qələmə aldıqları əsərləri oxuyur, bəyənirlər.

Onlara baxa-baxa yazı yazmaq, fikir bildirmək öyrənmiş gənclər ilk yazıları çap olunandan, qulaqları ilk tərifli söz eşidəndən sonra ilk işləri özlərindən əvvəlki nəsillərin yaradıcılığını inkar edənlərin özlərini inkar etmək olur.

Bu xüsusda belə ibrətamiz hadisə danışırlar. Bu hadisə sovet vaxtı olub. 3-4 şair qatarla Bakıdan Naxçıvana gedirmişlər. Bekarçılıqdan yolda ölkənin yaxşı ədiblərinin siyahısını tutmağa başlayırlar. Bir-bir hamını çıxdaş edirlər, siyahıda cəmi üç nəfər qalır – məhz qatarda yol gedənlər. Yekun razılıq əldə olunandan sonra şairlərdən biri dəhlizə çıxır. O çıxan kimi kupedə qalan iki şairdən biri o birinə deyir: “Bunun da adını siyahıdan sil, bir qəpiklik yazı-pozusu yoxdur”.

Əslində, yazılı mətnlərin hamısını oxumaq və hamısını sevmək lazımdır. Ən dəyərsiz hesab edilən əsərin də işində mütləq nəsə var.

# 3106 dəfə oxunub

Oxşar xəbərlər

Kinomuzu xilas edəcək 3 körpü - Əli İsa Cabbarov

Kinomuzu xilas edəcək 3 körpü - Əli İsa Cabbarov

17:00 20 sentyabr 2024
Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

Harada ana dilimdə danışılırsa... - Gülyaz Əliyeva

15:25 20 sentyabr 2024
Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
# # #